“Jewish Journal”: Xocalı soyqırımı müasir Avropa tarixinin ən dəhşətli faciəsidir

Erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində on minlərlə dinc əhali vəhşicəsinə qətlə yetirilmiş, ömürlük şikəst olmuş, soydaşlarımızın ev-eşikləri, qəsəbələr, kəndlər, şəhərlər yandırılmış, tarixi-mədəni abidələr viran edilmişdir. Ermənistan silahlı qüvvələrinin və erməni terror qruplaşmalarının törətdikləri soyqırımı faktlarından biri də  öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilən ən ağır cinayət kimi tanınan Xocalı faciəsidir.

Xalqımızın  böyük faciələrindən biri olan Xocalı soyqırımından 24 il keçir. Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi bu kütləvi qətliamda – Xocalı faciəsində 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuşdur. 1275 dinc sakin girov götürülmüş, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil, 475 nəfər şikəst olmuşdur. 8 ailənin bütün üzvləri amansızlıqla öldürülmüşdür. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir.

Bu soyqırımına dünya  birliyinin indiyədək laqeyd yanaşması ikili siyasətin, riyakarlığın bariz nümunəsidir. Çünki bəşər tarixində Xocalı soyqırımına bənzər dəhşətli faciələr nadir hallarda baş verib. Əgər dünya birliyi bu faciə ilə əlaqədar təcavüzkara qarşı hər hansı bir tədbir görmürsə, o zaman  onların insan hüquqlarından danışmağa mənəvi haqları çatmır. Baxmayaraq ki, bir çox diplomatlar Xocalı faciəsi üzrə beynəlxalq tribunal yaratmaqla, bu faciəyə görə cavabdeh olanların cinayət məsuliyyətinə cəlb edilməsi barədə təkliflər səsləndiriblər, nəticədə isə, həmin təklifi irəli sürənlər çox ciddi təqiblərlə üz-üzə qalıblar.

Üç il əvvəl Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında “Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması” adlı məruzə ilə çıxış edən Moldova ombudsmanı Aureliya Qriqoriunun başına açılan oyunlar hər birimizin yadındadır.  Moldovalı vəkil elə Ermənistan parlamentində ermənilərin gözlərinin içinə baxa-baxa əsl həqiqəti dedi – erməniləri “işğalçı” adlandırdı. Həmin beynəlxalq tədbirdə Aureliya Qriqoriu demişdir: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalıdakı soyqırımını ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır”. Hətta zalda əyləşən forumun bir sıra iştirakçıları moldovalı həmkarını alqışlamışdılar.

Düzdür, bu hadisədən sonra Aureliya Qriqoriu hətta öz ölkəsində də ciddi təzyiqlərlə üzləşdi, ancaq dediklərindən geri çəkilmədi. Çünki A. Qriqoriu Ermənistan parlamentində bu dövlətin işğalçı olduğunu və Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini deyərkən, konkret faktlara, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmışdı.

Moldovalı xanımın əsaslandığı fakt, qərar və qətnamələrin bəzilərini diqqətə çatdırırıq: BMT Təhlükəsizlik Şurasının 822, 853, 884, saylı qətnamələri, Avropa Şurasının 25 yanvar 2005-ci il tarixli və BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnamələrində  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi göstərilib. Bundan əlavə, ABŞ-ın Massaçusets, Texas, Corciya, Nyu-Meksika, Arkanzas, Tennesi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut ştatlarının, ümumilikdə 20 ştatın qanunverici orqanları Xocalı soyqırımını ermənilərin törətməsi, yüzlərlə dinc əhalinin qətlə yetirilməsi, şikəst olması, itkin düşməsi ilə bağlı qətnamələr qəbul edib. ABŞ-ın 46 senator və konqresmeni dəfələrlə Ermənistanın işğalçı hərəkətlərini, Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış ediblər. Avropa ölkələrinin bir çoxunun parlamentlərində Dağlıq Qarabağ məsələsi müzakirə olunaraq, erməni işğalını pisləyən qərarlar qəbul edilmişdir. Almaniya parlamentinin deputatları Katerina Reyç, Aksel Fişer, Mixael Qlos, Olav Gutting, Marko Vandervitsin, Florian Han, Tomas Baries, Piter Tauber, Aleksandr Funk, Fransa parlamentinin üzvü Natali Qule, Rumıniya parlamentinin üzvü Luçian Militaru, Avropa parlamentinin Rumıniyadan olan deputatı İoan Encin və digərləri Ermənistanın işğalçı dövlət olması, Xocalı soyqırımını törətməsi ilə bağlı açıqlamalar vermiş, işğalçı dövlətin Azərbaycan ərazilərindən çıxması zəruriliyini vurğulamışlar.

Bu yaxınlarda ABŞ-ın Montana ştatı da Xocalı soyqırımını tanıdığı barədə qərar qəbul edib. Artıq Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sayı 20-yə çatıb. Bu isə o deməkdir ki, ölkə ərazisinin 40 faizi sözügedən hadisəni rəsmi  olaraq soyqırımı kimi tanıyıb.

Xocalı soyqırımının tanınması üzrə aparılan proses dinamik və ardıcıl şəkildə davam etsə, habelə, ABŞ ştatlarının əksəriyyəti həmin hadisəni soyqırımı kimi tanısa, Konqres də məcburiyyət qarşısında qalaraq analoji addım atar. Əksər ştatların həmin soyqırımı tanıması ilə belə rəy formalaşacaq ki, ABŞ seçicilərinin çoxu bu sənədi təsdiqləyir və Xocalı hadisəsini soyqırımı kimi tanıyır. Əlbəttə, bu, ölkəmizin  maraqlarına cavab verən müsbət addımdır və diplomatiyamızın uğurudur. Son illər Xocalı soyqırımı ilə bağlı beynəlxalq istiqamətdə həyata keçirilən tədbirlər, bu faciənin araşdırılması üzrə xüsusi beynəlxalq tribunalın yaradılması ilə əlaqədar səsləndirilən fikirlər də ABŞ  Konqresində soyqırımının tanınması ilə bağlı sənədin qəbulu üçün əsasları kifayət qədər çoxaldır. Ona görə də Xocalı soyqırımının Konqres tərəfindən qəbul ediləcəyini istisna etmək olmaz.

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullokun rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərini  26 fevralı “Xocalını Anım Günü” olaraq tanımağa və yad etməyə çağırması, Xocalı qətliamının müharibə dəhşətlərindən biri kimi pislənilməsi, ötən il ABŞ Konqresinin Şimali Karolina ştatından olan üzvü Virciniya Foksun Xocalı faciəsi ilə əlaqədar bəyanatı və bu bəyanatda 1992-ci il fevralın 25-26-da Xocalıda 613 nəfərin qətlə yetirildiyini bildirməsi, faciə qurbanlarının xatirəsinin anılmasının vacib olduğunu qeyd etməsi, konqresmen Stiv Kohenin Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış etməsi və “Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalıda 600-dən çox mülki şəxsin qətlə yetirildiyi” fikrini səsləndirməsi Ermənistanın işğalçı dövlət olması faktının ABŞ-da da bir daha təsdiqlənməsindən xəbər verir. S.Kohenin “Atəşkəsin imzalanmasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, ərazisinin 20 faizi hələ də işğal altında qalıb və bir milyondan artıq azərbaycanlı öz evindən didərgin düşüb” – fikri Ermənistana ABŞ-ın tanınmış ictimai-siyasi xadimlərindən  növbəti ciddi zərbə olub.

Xocalı faciəsinin araşdırılması üzrə xüsusi beynəlxalq tribunalın yaradılması ilə əlaqədar moldovalı xanım A.Qriqoriunun irəli sürdüyü təklif bu prosesləri daha da sürətləndirə bilər: “Hesab edirəm ki, Xocalı soyqırımının araşdırılması üzrə xüsusi beynəlxalq tribunal yaratmaq lazımdır. Çünki cinayətkarların adları bizə yaxşı məlumdur və onlar cinayət törətdiklərini gizlətməyiblər. Hazırda bu məlumatı silməyə çalışırlar ki, məhkəmədə sübut kimi istifadə olunmasın”.

A.Qriqoriu bildirib ki, bu tribunalı yaxın vaxtlarda yaratmaq lazımdır, çünki həmin hadisələrin şahidləri hələ ki həyatdadırlar: “Niyə ermənilər qondarma “erməni soyqırımı” məsələsini, guya, “soyqırımı”n baş verməsindən daha gec gündəmə gətirdilər? Çünki heç bir sübut, tarixi fakt, yazılı sənədlər, jurnalist dəlilləri yoxdur. Biz bilirik ki, Türkiyənin arxivləri açıqdır, tarixçilər işləyirlər və onların arxivlərdə tapdıqları sənədlər təsdiq edir ki, heç bir soyqırımı olmayıb, əksinə, ermənilər türk xalqına qarşı yaramaz hərəkətlər ediblər”.

Faktlar təkcə bununla kifayətlənmir. ABŞ-ın ən aparıcı yəhudi nəşrlərindən biri olan, Los-Ancelesdə fəaliyyət göstərən “Jewish Journal” qəzetində dərc olunan geniş məqalədə Xocalı soyqırımı müasir Avropa tarixinin ən dəhşətli faciələrindən hesab edilib. Məqalədə, həmçinin, bu qətliamla yanaşı, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə də ətraflı məlumat verilib. İsrail Prezidenti Ruven Rivlinin Xocalı soyqırımını BMT-nin Baş Assambleyasında gündəmə gətirməsi, digər dövlətlər və ABŞ-ın bir çox ştatları tərəfindən Xocalı qətliamının tanınması da məqalədə öz əksini tapıb. Bütün bunlar son illər beynəlxalq ictimaiyyətdə Xocalı həqiqətlərinə diqqətin artdığından xəbər verir.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməsi, etnik təmizləmə aparması, terror aktları nəticəsində minlərlə günahsız insanı qətlə yetirməsi və Xocalı soyqırımının beynəlxalq aləmin diqqət mərkəzinə çevrilməsi uğurlu xarici siyasətimizin məntiqi nəticəsidir. Onu da qeyd edək ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral  “Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul etdi. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanmışdır. Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamına əsasən, hər il 26 fevralda saat 17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük qətiyyət nümayiş etdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın  Xocalı soyqırımı ilə əlaqədar beynəlxaql aləmdə apardıqları təbliğat kampaniyası nəticəsində bu faciə dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.

Küveyt dövlətinin vəqflər və İslam işləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlahı də bu barədə danışarkən demişdir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həm 20 Yanvar faciəsi, həm də Xocalı soyqırımı ilə bağlı ölkələrində  kitablar nəşr etdirilmiş, hər il fevralın 26-da Küveytin bütün məscidlərində Xocalı soyqırımı haqqında danışılır və faciə qurbanlarının ruhuna dualar oxunur.

Bakının, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir. 2012-ci il fevralın 26-da Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdu. Yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdilər. Paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Bu, ümumxalq yürüşünü Xocalı soyqırımı ilə bağlı aparılan genişmiqyaslı işin kuliminasiya nöqtəsi də hesab etmək olardı. Bu yürüş xalqımızın həmrəyliyini, öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqlarımızın azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında