Şimali Koreya rejimi yenə də beynəlxalq aləmə meydan oxumaqdadır

Bu il yanvar ayının əvvəlində Şimali Koreya rejimi ölkədə hidrogen bombasının sınağının uğurla həyata keçirilməsi ilə bağlı məlumatı böyük təmtəraqla, rəsmən beynəlxalq aləmə bəyan etdi. Bir neçə gün öncə isə bu ölkənin uzaq mənzilli ballistik raketinin köməyi ilə Yerin süni peykinin kosmik fəzaya çıxarılması barədə rəsmi dairələr növbəti bəyanat verdilər.

Artıq xeyli müddətdir ki, Koreya yarımadasında gərgin vəziyyət hökm sürməkdədir. İki qonşu dövlət - Şimali və Cənubi Koreya müharibənin başlanması təhlükəsi ilə üzləşmişlər. Əslində, bu iki dövlətin arasında müharibə vəziyyəti hələ 1953-cü ilin iyunundan bəri davam etməkdədir.

1950-53-cü illərdə baş vermiş ilk müharibə kövrək barışıq sazişinin imzalanması ilə  başa çatmışdır. Öncə onu qeyd edək ki, indiki gərginlik şəraitində Şimali Koreya rejimi artıq açıq-aşkar qonşu Cənubi Koreyanı, Yaponiyanı, hətta, bu ölkələrin yaxın müttəfiqi sayılan ABŞ-ı belə  raket-nüvə müharibəsi ilə  hədələyir. Rəsmi Pxenyan bu istiqamətdə siyasi addımlar da atmaqdadır. Belə ki, ölkə parlamenti Şimali Koreyanı  nüvə dövləti elan etmiş və iki dövlət arasında mövcud barışıq barədə sazişin qüvvədən düşdüyünü beynəlxalq aləmin diqqətinə çatdırmışdır. Rəsmi Pxenyan Cənubi Koreya, bütövlükdə isə ABŞ başda olmaqla, bu ölkənin yaxın müttəfiqləri ilə faktiki olaraq ultimatum, güc tətbiq etmək dili ilə danışmaqdadır.

Qeyd edək ki, Şimali Koreyanın nüvə silahı və orta-uzaq mənzilli paketlərin sınaqları istiqamətində həyata keçirdiyi bugünkü fəaliyyət, əslində,  BMT Təhlükəsizlik Şurasının hələ 2006-cı ilin oktyabrında rəsmi Pxenyanın raket-nüvə proqramı ilə əlaqədar qəbul etdiyi qətnaməyə ziddir. 2009-cu ilin aprelində isə ballistik raket vasitəsilə kosmosa süni peyk buraxılmışdır. Bir sözlə, rəsmi Pxenyan hələ də beynəlxalq aləmə meydan oxuyur.

Aydın məsələdir ki, Şimali Koreya kimi aclıq və səfalət, iqtisadi böhran içində olan bir ölkə təkbaşına beynəlxalq aləmə meydan  oxumağa cürət etməzdi. Bəzi xarici ekspertlərin fikrincə, indiki şəraitdə rəsmi Pxenyanın nüvə-raket silahına istinad edərək Koreya yarmadasında, bütövlükdə isə regionda müharibə təhlükəsi ilə bağlı yaratdığı  süni ajiotaj, əsasən iki mühüm amil - daxili və xarici siyasi amillərlə əlaqədardır. Hər iki amil bir-biri ilə  sıx surətdə bağlıdır. Daxili siyasi amil dedikdə Şimali  Koreyadakı əsasən indiki  hakim rejimin vəziyyəti və gələcək taleyi nəzərdə tutulur. İqtisadi fəlakət həddinə gəlib çatan Şimali Koreya tərəqqi və rifah içində olan Cənubi Koreya ilə bilərəkdən bütün istiqamətlərdə münasibətləri korlamağa və pozmağa çalışır. Çünki aclıq və yoxsulluqdan əziyyət çəkən Şimali Koreya əhalisi üçün cənubdakı soydaşlarının normal həyat tərzi bir nümunədir.

Siyasi baxımdan, Şimali Koreya nə qədər qapalı bir ölkə olsa da, zaman keçdikcə regionda, bütövlükdə isə beynəlxalq aləmdə gedən  mütərəqqi proseslər istər-istəməz bu ölkənin də  həyatına öz təsirini göstərə bilər. Bu səbəbdən də təşviş və vahimə içində olan Şimali Koreyadakı rejim öz ömrünü mümkün qədər uzatmaq naminə raket-nüvə müharibəsinə başlamaq təhlükəsi ilə beynəlxalq aləmi təhdid edir. Bu hərbi təhdidlər həm də siyasi şantaj xarakteri daşıyır. Belə ki, bütün bunların müqabilində Cənubi Koreya, eləcə də, ABŞ başda olmaqla, Qərbdən, beynəlxalq təşkilatlardan külli miqdarda yoxsul əhali  üçün rəsmi Pxenyan ərzaq və digər çoxişlənən məhsullar almaq ümidindədir.

Qeyd edək ki, belə siyasi kurs  əksər avtoritar rejim tərəfindən vaxtilə  həyata keçirilmiş çox təhlükəli və avantürist məqsəd daşıyır. Əgər Pxenyandakı  kommunist rejiminin banisi sayılan  Kim İr Sen və onun oğlu Kim Cen İr əvvəllər azacıq da olsa belə bir  siyasətdən yararlana bilirdilərsə, beynəlxalq aləmdə hökm sürən indiki şəraitdə  onların varisi sayılan Şimali Koreya lideri Kim Cen Inın faydalana biləcəyi çox müşkül görünür.

Rəsmi Pxenyanı təxribat xarakterli  siyasət yürütməyə sövq edən digər bir mühüm xarici amil isə  əsasən Moskva ilə Pekinin Şimali Koreyadakı hakim rejimə uzun illərdən bəri göstərdikləri  hərbi-siyasi  və iqtisadi dəstəklə bağlıdır. Belə ki, 1948-ci ildə yarımadanın şimalında  Koreya Xalq Demokratik Respublikası yarandıqdan sonra keçmiş SSRİ və ÇXR rəsmi  Pxenyanın sədaqətli müttəfiqləri olaraq qalıblar. Elə Şimali Koreyanın raket-nüvə silahına sahib olmasında da Moskva ilə Pekinin rolu çox böyük olmuşdur. Rusiya və Çin özəl geosiyasi maraqları baxımından daim Şimali Koreyadakı rejimin xidmətindən müxtəlif situasiyalarda faydalanmağa çalışmışlar. Həmin proseslər bu gün də davam etməkdədir. Çox güman ki, son vaxtlar Yaxın və Orta  Şərqdə cərəyan edən mürəkkəb proseslərin fonunda Moskva ilə Pekin rəsmi Vaşinqtonun diqqətini bu vacib regiondan yayındırmaq üçün rəsmi Pxenyanın yardımı ilə Uzaq Şərqdə növbəti dəfə gərginlik  ocağı yaratmağa çalışırlar. Əgər rəsmi Pxenyan Rusiya və Çinin dəstəyini almasaydı, belə amiranə surətdə  beynəlxalq aləmə meydan oxumağa cürət etməzdi.

Ancaq çətin ki, Moskva ilə Pekinin bu niyyətləri baş tutsun. ABŞ və onun yaxın müttəfiqlərinin mövqeləri həm Yaxın və Orta Şərqdə, həm də Uzaq Şərqdə çox möhkəmdir. İndiki şəraitdə Koreya yarmadasında Pxenyan rejiminin təxribat xarakterli siyasəti ucbatından hər hansı bir  münaqişənin başlanması sonda Şimali Koreyanın darmadağın edilməsi və bu rejimin çökməsi ilə nəticələnə bilər. Onu da qeyd edək ki, Şimali Koreya hakimiyyətinin raket-nüvə silahından istifadə  etməklə müharibəyə başlamaq təhdidləri  ilə beynəlxalq aləmi şantaj etməsi bir daha onu göstərir ki, belə idarəolunmaz avtoritar rejimlərin kütləvi qırğın silahlarına (ilk növbədə nüvə-raket silahına) malik olması dünyaya böyük təhlükədir və buna yol vermək olmaz.

Elxan RZAYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında