Neçə illərdir mətbuatda PKK – Ermənistan əlaqələrinin müxtəlif formaları ilə bağlı yazılır. Düşmən dövlətin qardaş Türkiyənin ərazi bütövlüyünə təhlükə yaratmaq istəyən PKK terror təşkilatı ilə dərin iş birliyinə malik olması, terrorçuların bu ölkədə təlim keçməsi, gizlənməsi barədə səhih məlumatlar verilmişdir.
1974-cü ildə Abdulla Öcalan tərəfindən yaradılan və 1978-ci ildən aktiv fəaliyyətə keçən PKK (Kürd Fəhlə Partiyası) tarixi türk torpaqlarına iddialar irəli sürmüş, terror və silahlı basqınlar təşkil edərək bu günə qədər təqribən 40 min insanın ölümünə bais olmuşdur. Yaradılmasında keçmiş SSRİ və bir sıra Qərb ölkələrinin əli olan bu təşkilatla Türkiyə dövləti illərdir mübarizə aparır. Heç kəsə sirr deyil ki, bu gün PKK kartı siyasət aləmində qardaş ölkəyə qarşı siyasi və hərbi hədə vasitəsinə çevrilib.
PKK ilə yanaşı, Cənubi Qafqazın böyük həbsxanasını xatırladan və qonşu Azərbaycan ərazisi hesabına mövcud olan və hələ də qeyri-konstruktiv mövqe sərgiləyərək işğal etdiyi Qarabağ torpaqlarını tərk etməyən Ermənistan, nəinki region üçün həm də dünyada sülh və sabitliyin qorunması üçün ciddi əngəllərdən biri hesab edilir. Bu baxımdan Ermənistan və PKK-nın həm Türkiyə, həm də Azərbaycana qarşı birgə hərəkət etmələri günün realığına çevrilmişdir.
Beynəlxalq uydurma erməni iddiaları ilə mücadilə dərnəyinin rəhbəri Göksel Gülbey bu günlərdə sözügedən mövzu ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib: “Ermənistan, işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsində PKK və digər terror qruplarını yerləşdirir və bu məsələdə böyük mənfəət güdür”.
Son vaxtlar Türkiyə güc strukturlarının PKK-ya qarşı apardığı inamlı və uğurlu əməliyyatlar nəticəsində 2 mindən çox terrorçu məhv edilmiş, minlərlə quldur həbs edilmişdir. Aparılan əməliyyatlardan sonra terror təşkilatı rəhbərlərinin bölgədə sıxışdırılması onları çətin vəziyyətə salmış və buna görə də yerdəyişməyə qərar verilmişdir. Bu baxımdan ən uğurlu yer kimi Dağlıq Qarabağ seçilib. G. Gülbey bildirib ki, PKK silahlılarının əsas mərkəzi İraqda yerləşən Qəndil dağı və Dağlıq Qarabağ ərazisidir. O qeyd edib ki, erməni ailələr öz uşaqlarını o bölgəyə əsgər olaraq göndərmək istəmirlər və müxtəlif yollarla bundan yayınırlar. Azərbaycan Ordusunun çox gücləndiyi və hər an öz torpaqlarını işğaldan azad etməsi üçün hazır vəziyyətdə olması erməniləri çox narahat edir. Bu baxımdan Ermənistan PKK silahlılarını bu bölgəyə yerləşdirir.
İndi Ermənistan rəhbərliyi taktiki gedişlər etməklə öz işğalçılıq mahiyyətini bir növ sığortalamaq və ordusuna inamsızlığı PKK silahlıları ilə balanslaşdırmaq istəyir.
Bir məsələni də xatırlatmaq yerinə düşər. Hələ 1993-cü il iyunun 4-də erməni Hnçak Partiyası, ASALA və PKK terror təşkilatları mənsubları Livanın paytaxtı Beyrutda birgə toplantılar keçirmişlər. Elə həmin il yanvarın 6-da Beyrutda iki ayrı kilsədə düzənlənən və Livan Ortodoks Baş yepiskopluğu, Ermənistanın müxtəlif partiya nümayəndələrinin iştirak etdiyi mərasimdə gələcək iş birliyinin müddəaları müzakirə olunmuşdur. Həmin tədbirdə işlədilən bu fikir tədbirin mahiyyətin çılpaqlığı ilə ortaya qoyur:
“Hələlik Türkiyəyə qarşı sakit siyasət yürüdülməlidir. Erməni xalqı getdikcə güclənir və iqtisadi imkanları genişlənməkdədir. İnkişaf etdirilən təbliğat sayəsində bütün dünyada (uydurma) soyqırımı daha yaxşı tanınmağa başlamışdır. Başda ABŞ olmaqla, digər Qərb ölkələri də Qarabağda davam edən müharibələrdə erməniləri haqlı görürlər. Bu fürsəti dəyərləndirmək gərəkdir və Qarabağda savaşan erməni gənclərinə yeniləri qatılacaqlar. Türkiyədə PKK terror təşkilatı ilə edilən mücadilədə iç savaş davam edəcək, Türk iqtisadiyyatı sıfır nöqtəsinə gələcək və vətəndaşlar baş qaldıracaqlar. Türkiyə bölünəcək və kürd dövləti qurulacaqdır. Ermənilər kürdlərlə olan əlaqələrini möhkəmləndirməli və onların mücadiləsini dəstəkləməlidirlər. Bu gün türklərin əlində olan torpaqlar sabah Ermənistanın olacaqdır.”
Bir faktı qeyd etmək yerinə düşər ki, PKK terror təşkilatının Ermənistanda yayım orqanları var. Onlar “Reya Taze” və “Bota redaksiyon” adları ilə fəaliyyət göstərirlər. Qəzetlərin PKK terror təşkilatı nəzarətində olması, kiril əlifbası ilə PKK qruplaşmalarının təbliğatını apardığı sirr deyil. Bu qəzetlər Türkiyə və Avropadan gələn PKK terror mənsubları arasında yayımlanır.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.