Prezident İlham ƏLİYEV: Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın

Ermənistanın işğalçı dövlət olması Münxen Təhlükəsizlik Konfransında da bəyan edildi

Almaniyada  keçirilən 52-ci Münxen Təhlükəsizlik Konfransı əsasən mühacir böhranına həsr olunmuşdu. Bununla yanaşı, qaçqın böhranı və terrorizmlə mübarizə də tədbirin əsas mövzularından olmuşdur. Həmçinin dünyada təhlükəsizlik böhranı, məhdud imkanlar, beynəlxalq intizamın zəifliyi məsələləri də 52-ci Münxen Təhlükəsizlik Konfransında müzakirə obyektinə çevrilmişdi.Tədbirdə beynəlxalq təhlükəsizlik siyasəti sahəsində səlahiyyətli 50 ölkədən təxminən 600 qonaq iştirak etmişdir. İştirakçılar arasında 70-dən çox XİN başçıları və müdafiə nazirləri də olmuşdur. Bu göstərici konfransın böyük əhəmiyyət kəsb etməsindən xəbər verirdi. Münxen konfransı 1963-cü ildən NATO Ölkələri Müdafiə Şurasının iclası kimi keçirilməyə başlanıb. Hazırda bu konfrans dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi beynəlxalq diskussiya forumuna çevrilib. Azərbaycan Prezidentinin də bu mötəbər tədbirdə iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.

Tədbirə sədrlik edən Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger konfransın açılışında  müasir münaqişələrin dövlət sərhədlərini aşdığını diqqətə çatdırmışdır. O, Suriyadakı müharibəni nümunə kimi qeyd etmişdir: “Bu, artıq regional müharibə olmaqdan çıxıb. Məhz Suriya müharibəsi II Dünya müharibəsindən indiyədək olan ən böyük qaçqın böhranına səbəb olub”.

V. İşingerin sözlərinə görə, qaçqın böhranı fonunda bəzi dövlətlərdə artmaqda olan millətçilik meyilləri narahatlıq doğurur və bundan yeganə çıxış yolu qlobal əməkdaşlıq və həmrəylikdir.

Məlum olduğu kimi, Azərbaycan da 23 ildən artıqdır ki, qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində həm Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız, həm də işğal olunmuş Azərbaycan ərazisinin 20 faizindən didərgin salınmış, ümumilikdə 1 milyondan artıq insan 24 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətindədirlər. Öz ata-baba ocaqlarından didərgin salınmış günahsız insanların doğma yurdlarına qaytarılması ilə əlaqədar nüfuzlu beynəlxalq qurumlar müvafiq qətnamələr qəbul etsələr də, Ermənistan tərəfi bu sənədlərə və beynəlxalq hüququn norma və prinsiplərinə hələ də hörmətsizlik göstərir, qəsb etdiyi Dağlıq Qarabağ və ona bitişik 7 rayonu bu vaxta qədər işğaldan azad etmir. Təəssüf ki, beynəlxalq birlik bu ədalətsizliyə hələ də göz yumur.

Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı böyük əhəmiyyət kəsb etmişdir. İlk növbədə ona görə ki, bu tədbirdə dünyada baş alıb gedən qaçqın böhranı və terrorizmlə mübarizə müzakirə obyekti olmuşdur. Azərbaycan terrorizmdən ən çox əziyyət çəkən ölkələrdəndir. Hələ Sovet İttifaqının hökmranlıq etdiyi dövrlərdə Ermənistan terror birləşmələri Azərbaycana qarşı vandal aktları törətmiş, SSRİ-nin süqutundan sonra  dünyada baş alıb gedən ikili standartlar və millətlərarası ayrı-seçkilik işğalçı Ermənistanın terror aktları törətməsinə daha geniş şərait yaratmışdır. Dünyada özünü  demokratiyanın və insan haqlarının müdafiəsinin tərəfdarı kimi göstərən beynəlxalq təşkilatların və dünya birliyinin Ermənistanın həyasızlığına göz yumması terror şəbəkəsinin daha geniş vüsət almasına şərait yaratmışdır. Son illər dünyada baş alıb gedən terror hadisələri Ermənistan kimi terror yuvası olan dövlətlərin cəzasızlığının nəticəsidir. Məhz bunun nəticəsidir ki,  Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu tədbirlərin əsas müzakirə obyekti qaçqın və məcburi köçkün problemidir. Konfransa sədrlik edən Volfqanq İşingerin dediyi kimi, Suriya müharibəsi regional müharibə olmaqdan çıxıb. Əgər Ermənistanın işğalçılıq  və etnik təmizləmə siyasətinin qarşısı vaxtında alınsaydı, bu gün Avropa mühacir yuvasına  çevrilməzdi və beynəlxalq birlik də bundan əziyyət çəkməzdi. Dünya birliyinin Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini görməzliyə vurması  dünyada münaqişə ocaqlarının sayını getdikcə çoxaltmış, miqrantların sayı daha da artmış və Suriya müharibəsi regional müharibə çərçivəsindən çıxmışdır.

Konfransın sədrinin səsləndirdiyi bir fikrə diqqəti cəlb etmək istərdik: “Qaçqın böhranı fonunda bəzi dövlətlərdə artmaqda olan millətçilik meyilləri narahatlıq doğurur və bundan yeganə çıxış yolu qlobal əməkdaşlıq və həmrəylikdir”. İndi ondan soruşmaq istərdik. Ermənistanın 24 illik hərbi təcavüzünə qarşı niyə bu vaxta qədər qlobal əməkdaşlıq və həmrəylik nümayiş olunmayıb? Axı, bu ölkənin işğalçılıq siyasətinin cəzasız qalması digər münaqişə ocaqlarının da alovlanmasına rəvac vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi bir sıra görüşləri diqqətə çatdırmaq istərdik.  Dövlət başçımızın Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Avropa  İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han, “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz, Almaniya iqtisadiyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele, ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre, “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni  Kasperski ilə və digər görüşləri ölkəmiz üçün böyük əhəmiyyət kəsb etmişdir. Çünki həmin görüşlərdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dövrdə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, hazırda ölkəmizdə xarici şirkətlər üçün sərmayə qoyuluşu, onların uğurlu fəaliyyəti üçün hər cür şərait  yaradılıb. İlk növbədə Azərbaycanda davamlı ictimai-siyasi sabitlik hökm sürür.  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu  istiqamətə yönəldilməsinin vacibliyi vurğulanmış, Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmləndirilməsi, iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu, terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından da yaxşı perspektivlərin diqqəti cəlb etdiyi bildirilmişdir.

Dövlətimizin başçısı, həmişə olduğu kimi, bu dəfə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu problemin yaranma səbəbləri və həllinin bu vaxta qədər uzanmasının səbəbləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Məhz ona görə də Ermənistanın işğalçı dövlət olması Münxen Təhlükəsizlik Konfransında da bir daha təsdiqini tapdı. “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı Ermənistan XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında Prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirmiş və Ermənistanın işğalçılıq siyasətini hələ davam etdirməsini faktlarla bəyan etmişdir. Dövlətimizin başçısı Ermənistan diplomatına sərt cavab verərək, Azərbaycanın Ermənistanı yalnız işğalda günahlandırdığını bildirmişdir: “Ermənistan insan haqları, prezident və parlament seçkilərinin saxtalaşdırılması və digər məsələlərdə Avropa Parlamenti tərəfindən tənqid olunur”.

Ermənistanın hərbi təcavüzü davam etdirdiyini, atəşkəs rejimini mütəmadi olaraq pozduğunu,  o cümlədən, qonşu dövlətin ərazisinin 20 faizini işğal etdiyini dünyanın ən  nüfuzlu beynəlxalq qurumları tərəfindən də təsdiq olunduğunu Ermənistan diplomatının diqqətinə çatdıran dövlətimizin başçısı demişdir: “Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının  Azərbaycan dərhal və qeyd-şərtsiz torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub.

Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkəyə qarşı siyasətinizin nəticəsidir.  İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın".

Dövlət başçısı bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında demək olar ki, heç bir ekoloji nəzarət həyata keçirmir: “20 ildən çoxdur ki, biz Ermənistanın işğalından əziyyət çəkirik. Torpaqlarımızın 20 faizi işğal olunub. İnsanlarla yanaşı, təbiət də bundan əziyyət çəkir. Çünki bu ərazilər beynəlxalq nəzarətdən kənarda qalıb, meşələr qırılır. Bütün bunlara son qoyulmalıdır”.

Prezident İlham Əliyev ölkəmizin ərazisinə daxil olan su mənbələrinin qonşu ölkələrdə yarandığını, bunun müəyyən təhlükələr törətdiyni bildirmişdir. Ermənistanın təcavüzü nəticəsində meşələrin məhvi ilə bağlı qanunsuz fəaliyyətlər həyata keçirildiyi, su mənbələrinin bilərəkdən  çirkləndirildiyi də konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

Dövlətimizin başçısı bildirmişdir ki, Avropa Şurasının müvafiq qətnaməsində Ermənistan tərəfindən Sərsəng Su Anbarının blokadada saxlanılması, Azərbaycan əhalisinin bu su mənbəyindən istifadə edə bilməməsi bəyan edilib. Avropa Şurasının Sərsəng Su Anbarı ilə bağlı qəbul etdiyi qətnamə Ermənistanın üzərinə öhdəlik qoyub ki, onlar daha məsuliyyətli olsunlar. Dövlətimizin başçısı bir daha vurğulayıb ki, işğala son qoyulmalıdır. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda hər şey məhv edilib. Ermənistan isə status-kvonun saxlanmasına çalışır.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə aparıcının suallarını cavablandıran dövlətimizin başçısı ölkəmizin sürətli inkişafı, dünyanı maliyyə iqtisadi böhranın bürüdüyü, neftin ucuzlaşdığı bir dönəmdə həyata keçirilən antiböhran siyasəti, Ermənistanın təcavüzkarlıq siyasətindən əl çəkməməsi, beynəlxalq hüquq normalarına hörmətsizliyi barədə ətraflı məlumat vermişdir.

Ermənistanla əməkdaşlıq yaradılması məsələsinə münasibət bildirən dövlətimizin başçısı demişdir: “Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə, birinci addım torpaqların işğaldan azad edilməsidir, sonra isə biz əməkdaşlığa başlayacağıq”.

Tədbirlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransın “Hədsiz böhranlar, dünya nizamını pozanlar, köməksiz müdafiəçilər: dünya nizamının vəziyyəti” mövzusunda müzakirələrin aparıldığı tədbirdə iştirak etmişdir. NATO-nun baş katibi Yens Stoltenberqin, Rusiyanın Baş naziri Dmitri Medvedevin, Fransanın Baş naziri Manuel Valsın, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerin, ABŞ-ın dövlət katibi Con Kerrinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin və digər nüfuzlu şəxslərin iştirak etdikləri tədbirdə, əsasən, beynəlxalq təhlükəsizliyə yönələn təhdidlərin qarşısının alınması, dünyanın münaqişə ocaqlarındakı vəziyyət və bu təhlükələrdən xilas yolları müzakirə olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə Münxen Təhlükəsizlik Konfransının gənc liderləri sırasında müzakirələrin gedişini izləyib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında