Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Dünya ölkələrini bürümüş qlobal maliyyə-iqtisadi böhran, enerji daşıyıcılarının kəskin ucuzlaşması heç bir ölkədən yan keçməyib. Bunun nəticəsində yaranmış problemlərin  getdikcə dərinləşməsi 2015-ci ildə özünü daha qabarıq şəkildə göstərdi. Bəzi regionlarda iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhranın da  müşahidə olunması vəziyyəti daha da gərginləşdirdi.

Mövcud  münaqişələrin 2015-ci ildə öz həllini tapmaması dünyada  yeni təhlükə ocaqlarının  yaranmasına gətirib çıxartdı. Belə hadisələr bizim  ölkəmizdən də yan keçməmişdir. Təbii ki, belə xoşagəlməz hallar regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, ölkəmizdə müxtəlif sahələr üzrə inkişaf müşahidə olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edilmişdir.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasətin prioritetini sosial istiqamət təşkil edib. Dünyada baş verən maliyyə böhranının, həmçinin,  iqtisadi tənəzzülün Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün zəruri  önləyici addımların atılması özünü əmək haqlarının, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin artırılmasında da göstərdi.

Ötən il əhalinin pul gəlirlərində 5,8 faiz artım müşahidə olunub. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə 34 məktəb, 26 uşaq bağçası tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Son illər ərzində ölkə üzrə müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı 500-ü keçib. Əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün irimiqyaslı layihələr davam etdirilmişdir.

Göründüyü kimi, ötən il yaddaşlarda maliyyə-iqtisadi böhran kimi qalsa da, ölkəmizdə iqtisadiyyatın inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmişdir. Bu proses Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Ölkə başçısının müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən qoruna bilmiş, itkilər minimuma endirilmiş və uğurlu inkişaf dinamikası davam etdirilmişdir. Belə bir çətin və gərgin dövrdə 114 min ailə və ya 500 minə yaxın insan ünvanlı sosial yardımla təmin olunmuşdur. Həmçinin ölkəmizdə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 1,4 milyonu keçib ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.

Qlobal maliyyə-iqtisadi böhran və enerji daşıyıcılarının kəskin ucuzlaşması ilində rəsmi Bakı yenə də mühüm əhəmiyyət kəsb edən  bir sıra  beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.  Xatırladaq ki, Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, yüzdən artıq dövlətin nümayəndəsi – fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, müxtəlif sahələrin aparıcı ekspertləri mədəniyyətlərarası dialoq sahəsində aktual məsələləri fəal şəkildə müzakirə etmişlər. Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü kimi mühüm tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənəvi xarakter alıb. Bununla yanaşı, ötən ilin mayında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının, noyabrda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının və digər mühüm tədbirlərin keçirilməsi  ölkəmizin artıq dünya ictimaiyyətinin diqqətində olan məsələlərin müzakirə edildiyi mərkəzə çevrilməsindən xəbər verir. Belə xoşməramlı tədbirlərin Bakıda keçirilməsi, eləcə də  dövlətimizin başçısının  rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər bütün İslam aləminə nümunədir.

Məlum olduğu kimi, ötən il ölkəmiz  “Böyük İyirmiliyin” Antalyada keçirilən Sammitinə dəvət olunmuşdur. Bu dəvət diplomatiyamızın növbəti uğurudur. Azərbaycanın belə mötəbər bir tədbirə dəvət alması respublikamızın regionda və beynəlxalq birlikdə oynadığı rola, dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə, mühüm iqtisadi məsələlərin həlli sahəsində gördüyü işlərə verilən layiqli qiymətdir. Dövlətimizin başçısının Antalya Sammitində qlobal xarakterli məsələlər barədə Azərbaycanın mövqeyini səsləndirməsi, bir sıra dəyərli təşəbbüslərlə çıxış etməsi ölkəmiz üçün böyük əhəmiyyətə malik hadisə kimi yadda qalmışdır.

Prezident İlham Əliyevin ötən il 20 ölkəyə səfər etməsi, 15 ölkənin dövlət və hökumət başçılarının isə Azərbaycana səfərləri ikitərəfli əməkdaşlığın möhkəmlənməsində, həmçinin ölkəmizin beynəlxalq aləmdə reytinqinin daha da yüksəldilməsində böyük rol oynamışdır. Ümumiyyətlə, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin prioritetini ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Biz  qlobal maliyyə-iqtisadi böhranın dərinləşdiyi məqamlarda da bunun şahidi olduq.

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, bundan bir qədər sonra iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən konfransda, həmçinin, Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirilən görüşdə də yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunmuş və bunun üçün ciddi addımlar atılacağı bildirilmişdir. Ölkə başçısının qənaətinə görə, Azərbaycan xalqı və dövləti analoji məqamlarda güclü iradə nümayiş etdirmiş, belə vəziyyətlərdən ağır itkilərlə çıxmamaq üçün islahatlar dərinləşdirilmişdir. Əsas məqsəd isə Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq olmuşdur.

Ötən illərə nəzər yetirdikdə şahidi oluruq ki, 2008-ci ildən başlayan qlobal maliyyə böhranı dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə böyük ziyanlar vurdu. Dövlətlərin böhranın ziyanlarını önləmək üçün həyata keçirdikləri bir sıra iqtisadi tədbirlər belə, baş verə biləcək zərərlərin qarşısını ala bilmədi. Nəticədə böyük istehsalı olan zavod və fabriklər fəaliyyətlərini dayandırdılar, banklar müflisləşdi, əhalinin yaşam səviyyəsi aşağı düşdü. 

Qlobal maliyyə böhranı postsovet ölkələrinə daha çox təsir etdi. Bəzi ölkələr hətta milli valyutalarında devalvasiya etməli oldu. Bizim də ölkəmiz belə hallarla qarşılaşdı. Belə məqamlarda bəzi işbazlar yaranmış fürsətdən öz maraqları naminə istifadə edərək, dərhal  süni bahalaşmaya əl atdılar. Lakin dövlət başçısının qəti göstərişi belə halların qarşısını aldı. Təxribatçılar, dəllallar və işbazlar bu istəklərinə çata bilmədilər.

Təbii ki, manatın devalvasiyası qaçılmaz idi. Bunun əsas səbəbi isə neftin qiymətinin bir ildə 3-4 dəfə aşağı düşməsi olmuşdur. Bu, təkcə bizim ölkəmizdə baş verməmişdir. Qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən də daha çox devalvasiyaya uğramışdı. Neftin qiymətinin bu şəkildə ucuzlaşmasında, sözsüz ki, siyasi amillər də böyük rol oynamışdı. Respublikamızın rəhbəri bu məsələyə münasibət bildirərkən diqqəti ötən il dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyinə, qanlı toqquşmaların davam etdiyinə cəlb etmişdir. Dövlətimizin başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmış, vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirmişdir. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu deyən Prezident İlham Əliyev, dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli  prosesin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğulamışdı.

Ölkə başçısı qeyd etmişdir ki, Şərqdən Avropaya üz tutan miqrant seli bizdən yan keçsə də, hadisələrin məcrası Bakı üçün təsirsiz ötüşməyib. Regionda vəziyyət həddən artıq ağırlaşmış və Qərbin də müəyyən dairələrinin Azərbaycana qarşı qərəzli, bəzi hallarda isə məntiqlə izah olunmayacaq dərəcədə qeyri-adekvat çağırışları, bəyanatları və açıqlamaları Bakının problemlərini artırmışdır. Buna baxmayaraq, dövlət başçısının düzgün müəyyənləşdirdiyi siyasi strategiya böhranın  acı fəsadlar törətməsinin qarşısını almışdır.

Ümumiyyətlə, baş verəcək hər hansı bir böhranın qarşısını almaq üçün qabaqlayıcı addımların atılması ölkəmizi gözlənilən bəlalardan xilas etmişdir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanın antiböhran yol xəritəsi müəyyənləşdirilmişdir. Təsadüfi deyildir ki, ölkə rəhbəri  görülən bu tədbirləri ümumiləşdirərək bildirmişdir: “Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, konkret proqramla təmin olunmasın. Həm də qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var”.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması ilk növbədə dövlət başçısı İlham Əliyevin düşünülmüş və ciddi elmi əsaslara söykənən müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir.

2009-cu ildə baş vermiş maliyyə böhranını xatırlatmaq istərdim. Həmin il əksər dünya ölkələrində qlobal böhranın güclənməsi ilə müşayiət olundu. O vaxt respublikamızın daxili potensiala əsaslanmaqla həyata keçirdiyi antiböhran tədbirləri dinamik inkişaf tempini qoruyub saxlamağa imkan verdi. Bir sıra yaxın və uzaq ölkələrdə iqtisadi tənəzzülün dərinləşməsinə, maliyyə böhranının kəskin xarakter almasına baxmayaraq, Azərbaycanda ümumi daxili məhsulun 9 faiz artımı müşahidə olundu. Təbii ki, bu, ölkədə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsində baş verdi. Qlobal böhran ötən illərdən başlanmış dinamik inkişaf tempinin sürətini bir qədər azalda bildi, bu da təbiidir. Dünyaya açıq ölkə olan, beynəlxalq iqtisadi-təsərrüfat sisteminə uğurla inteqrasiya edən Azərbaycan qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərindən tamamilə yayına bilməzdi. Əsas nəticə odur ki, qlobal böhran şəraitində bir sıra ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olunub və bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər.

Belə məqamlarda və digər çətinliklərdə sanki pusquda dayanıb fürsət gözləyən radikal müxalifət nümayəndələri, xüsusilə, AXCP sədri Əli Kərimli, adı olub, özü olmayan  Milli Şura kimi əldəqayırma qurumda toplaşan ünsürlər ölkəmizin getdikcə artan nüfuzuna xələl gətirmək üçün hətta, utanıb-qızarmadan erməni lobbisinin də sifarişlərini yerinə yetirirlər. Adlarını azərbaycanlı qoyan, əslində isə, azərbaycançılıqdan çox uzaq olan belə satqınlar qlobal maliyyə böhranının sanki dünyada deyil, yalnız Azərbaycanda baş verməsi barədə rəy formalaşdırmağa cəhd edirlər. Əli Kərimli antiazərbaycan dairələrin təhriki ilə ölkədə çaşqınlıq, qarşıdurma yaratmaq üçün həmişəki kimi  yenə də müxtəlif yalanlar, böhtanlar uydurur, şou göstərir, roldan-rola girir, ermənilərin və onlara himayədarlıq edən qərəzli beynəlxalq təşkilatların ölkəmiz haqqındakı iftiralarını təkrarlamaqla məşğul olur. Son vaxtlar canfəşanlığını bir qədər də artırıb. Lakin unudur ki, müstəqil Azərbaycanın sükanı xalqın etimad etdiyi və güvəndiyi  Prezident  İlham Əliyev kimi intellektual səviyyəli siyasi xadimin əlindədir. Satqınlar və cinayətkarlar unutmamalıdırlar  ki, Azərbaycanı seçdiyi yoldan heç bir qüvvə və təsir ayıra bilməz. İnanırıq ki, dövlətimiz bu sınaqdan da uğurla çıxacaq. Xalqımızın və dövlətimizin sıx vəhdəti, belə məqamlarda güclü iradə nümayiş etdirməsi, həmçinin ölkə başçısının üzaqgörən siyasəti həmişə uğurla nəticələnib.

Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında