Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Bu gün də bu gözəl ənənələr yaşayır. Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Fikrimcə, bu barədə danışan və ya nə isə yazmaq istəyən istənilən azərbaycanlının üzü həm tarix, həm də oxucu, həmsöhbət qarşısında ağdır. Çünki biz tarix boyu həm dini, həm də milli baxımdan özümüzü kimdənsə üstün tutmamış, hamının haqqını tanımışıq. Torpaq bizim olsa da, burada yaşayan hər kəsin vətəndaşlığına hörmətlə yanaşmağı bacarmışıq.
Qətiyyətlə deyə bilərik ki, bu tendensiya və ya ənənə, ayrı-ayrı fərdlərin istəyinə, yaxud, hansısa siyasətə xidmət etməyib. Bu, bizim xalqımıza təbiətin verdiyi üstün keyfiyyətlərdən biridir. Doğrudur, son 150-200 ildə birgə yaşadığımız bədnam qonşularımıza inanıb etibar etməyimiz sonralar bizə çox baha başa gəlib. Ancaq buna baxmayaraq milli-mənəvi dəyərlərimizdən olan təbii multikulturallıq və tolerantlıq hissləri heç zaman heç birimizin təfəkküründən pozulmayıb. Bu məzmunlu tarixi bir faktı yada salaq. Ötən əsrin əvvəlində yaratdığımız Müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli kadrlarımızla yanaşı başqa xalqları təmsil edən deputatlar da çox idi.
Ensiklopediya və dərsliklərdə antik dövr tarixçisi Böyük Pliniyə (onun əsərlərində bizim ölkəmizin adı Kabalaka kimi göstərilir) və milli tariximizdə adı fəxrlə çəkilən sərkərdə Cavanşirin müasiri olmuş Musa Kalankatlıya (o, isə ölkəmizin adını Kavalak kimi yazmışdır) istinadən göstərilir ki, bu diyarda çoxlu sayda xalqların, etnosların və tayfaların nümayəndələri yaşayırlar. Həmin Kabalaka və Kavalakın bugünkü adı Qəbələdir və mən Qəbələdəki tolerantlığın həqiqi Azərbaycan nümunəsi olduğunun canlı şahidiyəm. Hörmətli həmkarlarımız Sevinc Mürvətqızı (“525-ci qəzet”) və Səadət Süleymanovanın (“Modern.az) ayrı-ayrı illərdə hazırladıqları tolerantlığın Qəbələ nümunəsi barədə yazılarını oxuyanda mənim uşaqlıq və gənclik illərimin əksər səhifələri gözüm önündə yenidən canlandı. Çünki milli və dini tolerantlıq həqiqətən bizim həyat normamız idi. Allaha şükür ki, indi də belədir. Kəndimizdə bizimlə yanaşı çoxlu udinlər (kitablarda udi kimi qeyd olunan həmin kəndlilərimiz özlərini udin adlandırırdılar) və ləzgilər yaşayırdı. Ədəbiyyat müəllimimiz Mais Qalustov, rus dili müəllimimiz Aşot Mosesov, sinif müəllimləri Lusya Daşdıyeva, Tamara Zəkəriyyəyeva udin, sinif müəllimləri Gülsüm və Murad Seyidovlar isə ləzgi idilər. 23 yaşıma qədər sakini olduğum Mirzəbəylidə elə bir milli və ya dini tədbir görmədim ki, udinlər və ləzgilər özlərini bizdən ayırsınlar və ya biz onların tədbirlərində iştirak etməyək. Rəhmətə getmiş insan üçün qılınan meyit namazı və Ramazan ayının sonundakı Bayram namazı istisna olmaqla, bütün tədbirləri udinlərlə birlikdə başa çatdırırdıq. Əksər ənənələrimiz isə bir-birinə bənzəyirdi. Burada başqa bir məqamı da yada salmaq yerinə düşərdi. Belə ki, bu gün əhalisinin sayı 103 mindən çox olan Qəbələ rayonunda say etibarilə 85 faizdən çox olan azərbaycanlılardan sonra ikinci yerdə ləzgilər, üçüncü yerdə isə udinlər gəlirlər. Rayonda daha bir neçə azsaylı xalqlar da vardır. Məhz bu qəbildən olan çoxsaylı faklara əsaslanan ümummilli lider Heydər Əliyev demişdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.
Qəbələ haqqında internet resurslarında rast gəldiyimiz materialların birində oxuyuruq: “Etnik baxımdan zəngin bölgələrimizdən biri də Qəbələ rayonudur. Rayonun səfalı, füsunkar təbiəti ilə yanaşı onu səciyyələndirən başlıca amillərdən biri də burada bir çox etnosların, azsaylı xalqların tarixən məskunlaşmasıdır. Rayonun belə yaşayış məntəqələrindən biri də qədim və unikal tayfalardan olan udinlərin məskunlaşdığı Nic qəsəbəsidir. Nic qəsəbəsi Qəbələ şəhərindən təxminən 20 kilometr cənub-qərbdə yerləşir. Kənddə azərbaycanlılarla yanaşı etnik qrup olan udinlər və ləzgilər yaşayır. Əhalinin sayı 4000 nəfərə yaxındır. Udinlərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilib. Bu etnosun əcdadları olan utilər haqqında eramızdan əvvəl V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var. Eramızdan əvvəl I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən söhbət açılıb. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) “Həqiqi tarix” əsərində rast gəlinir. Ptolomeyin (II əsr) “Coğrafiya” əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən - udinlərin yaşadığı göstərilir. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir”.
Yadımdadır, müstəqilliyimizin ilk illərində, daha doğrusu, AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi günlərdə bəzi diletant siyasətçilər udinlərin xaçpərəst olduğunu əsas götürərək, onlara qarşı çağırışlar səsləndirirdilər. O zaman Mirzəbəyli kəndinin tanınmış ziyalılarından olan professor Xalid Əlimirzəyev kənddə çox yaxşı bir çıxış etmişdi. Alim əsaslandırırdı ki, tarixən Günəşə, Aya sitayiş edən udinlər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər və indiyədək öz dinlərini saxlayıblar. Məhz həmin tarixdən alban çarı Urnayr xaç suyuna salınma adətini qəbul edib və xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə çevrilib. Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udinlər Alban kilsəsinə mənsubdur. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra, udinlər yeni xristian ayinlərlə bərabər köhnə adət və ənənələrini də qoruyub saxlayıblar. Məsələn, evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən qalmış ənənədir. Udin xristianlar öz dinini saxlayan Qafqaz Albaniyasının yeganə xalqıdır.
Bu məqamda Aşot müəllimdən şəxsən özümün eşitdiyim bir fikiri yada salmaq istərdim. “Uçitel” (kəndin böyüklü-kiçikli bütün əhalisi onu elə çağırırdı) bir toy məclisində danışırdı ki, biz udinlər siz təciklərə (udinlər bizi məhz elə adlandırırdılar) nisbətən erməni zülmünü daha çox görmüşük. Çünki ermənilər türkün, təciyin torpağını əlindən alıblar, bizim isə kilsəmizi. Biz daha çox zərərdidəyik.
“Uçitel”dən eşitdiyim həmin faktın elmi əsası da hamı üçün əlçatandır. Yəni, tarixi mənbələrdə yazılır ki, Alban kilsəsi VIII əsrdə ərəb xilafətinin icazəsi ilə erməni – qriqorian kilsəsinin tərkibinə daxil edilib. Həmin dövrdə Alban katalikosunun qalmasına baxmayaraq, aktiv olaraq alban - xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi siyasəti gedirdi. Nəticədə, Dağlıq Qarabağda onlar bütövlükdə öz dil və mədəniyyətlərini itirmiş oldular. Qəbələ və Oğuz ərazisində yaşayan udinlər isə öz adət - ənənələrini və dillərini qoruyub saxlaya biliblər. 1836-cı ildə rus pravoslav kilsəsi və Rusiya idarəçiliyi Alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, udin - xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Udin professor Voroşil Qukasyan yazırdı ki, udinlər Azərbaycan xalqının qədim əcdadlarından biri hesab edilir. Onların dili Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib. Onlar Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasının mövcudluğunda başlıca rol oynayan tayfalardan biri idi. Buna görə də Qafqaz Albaniyasının paytaxtları Qəbələ və Bərdə udinlərin tarixən yaşadığı yerlər olub.
Bütün bunlar Azərbaycan tolerantlığının tarixi əsasları barədə söyləmək istədiklərimizin cüzi bir hissəsi idi. İndi isə tolerantlığımızın müasir təzahürləri barədə bir neçə kəlmə yada salaq. Amma, yenə də məhz Qəbələ həqiqətləri üstündə. Mənim doğulub böyüdüyüm Mirzəbəyli kəndində iki alban kilsəsi var idi. Hələ 30-cu illərdə Sovet hökuməti həmin kilsələrin birini məktəb, digərini isə kolxozun taxıl anbarı eləmişdi. Yəni uzun onilliklər idi ki, bizim məscidlərimiz kimi udinlərin dini ibadət yerləri də əllərindən alınmışdı. Respublikamız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin bərabərhüquqlu digər vətəndaşları kimi udinlər də öz dini bayramlarını, ənənəvi mərasimlərini sərbəst və geniş şəkildə qeyd edirlər. Üstəlik 2002-ci ildə əsaslı təmir və bərpa olunan Cotari məbədi udinlərin istifadəsinə verilib. Hazırda Qəbələ rayonunun Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Hamı kimi, mənim də yadımdadır. 2011-ci ilin avqustunda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdı. Məclisdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Orada çıxış edən Alban-udin dini icmasının sədri Robert Mobili tədbir iştirakçılarına və dövlət başçımıza ölkəmizin udin icmasının salamlarını çatdırdı. O, min illərdir Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayan, dünyada fenomen etnos kimi tanınan udinlərin bu gün də öz dini-mənəvi dəyərlərini qoruyub saxladığını bildirdi. Qeyd etdi ki, bu gün Nic tolerantlığın ən gözəl məkanlarından biri kimi tanınır və həm dövlət başçısının, həm də Heydər Əliyev Fondunun Nicdə həyata keçirdiyi tədbirlər ölkənin udin icmasına olan hörmətin bariz nümunəsidir.
Fikrimizcə, Azərbaycandakı multikulturalizm barədə ilkin məlumat vermək üçün bu cümlələr kifayətdir. Həmin anlayışın Azərbaycan nümunəsi barədə dünya miqyasında söz açmaq üçün isə ... dövlət başçımız 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib. Üstəlik, bu il respublikamızda həmin məzmunlu mötəbər beynəlxalq tədbir də keçiriləcək.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.