Qlobal media və ksenofobiya: reallıqlar, çağırışlar

Hər bir ailədə xoş, səmimi rəftar ruzi-bərəkəti artırır. Qiybət, kin-küdurətdən isə heç kəs bu vaxta qədər fayda görməyib.  Ölkələr, dövlətlər də belədir. O yerdə ki, ayrı-ayrı xalqlar, fərqli dinlər, etnik qrupların üzvləri arasında hörmət, inam var, orada rifah və tərəqqi sürətlənir.  İrqi, dini ayrı-seçkilik, ksenofobiya, müstəsnalıq iddiaları, əksinə, bəlalar törədir.

Dünyada son illər münaqişə və qarşıdurmalar, ağır zorakılıqlar kəskin artıb. Bu barədə, təbii ki, qlobal mediada xəbər və şərhlər də çoxalıb. Son vaxtlar isə qaçqınlar, ksenofobiya mövzusu KİV-in gündəmini zəbt edib. Narahatlıq doğuran həm də odur ki, ürəkağrıdan belə hallar həmin ölkələrin ictimaiyyətinə çox vaxt millətçi, təhrikçi rakursdan təqdim edilir.  Belə yanaşma, əsas missiyası bəşəri, humanist dəyərləri qorumaq olan müasir mediaya  heç də başucalığı gətirmir. Görünən budur ki, KİV, təəssüf ki, hazırda böyük güclərin korporativ maraqlarının  alətinə çevrilir. Bu, beynəlxalq jurnalistikanın prinsip və ənənələrinə tamamilə ziddir.

 

Tarixə qısa nəzər

 

Bilmirəm, bu fakt bu gün nə qədər əlamətdar hal sayıla bilər ki, dünyada ilk çap qəzeti müasir Avropada məhz insan haqlarını, o cümlədən söz, ifadə, media azadlığını qoruyacağını bəyan edən Avropa Şurasının yerləşdiyi Strasburq şəhərində 1609-cu ildə  işıq üzü görüb. O zaman bu şəhər indiki kimi Fransanın deyil, Almaniyanın ərazisində yerləşirdi və almanlar bu gün də dünyada ilk çap qəzetini buraxmaları ilə fəxr edirlər.

Ötən dörd əsr ərzində əksər qəzet və jurnallar, onların ardınca meydana çıxan irili-xırdalı informasiya agentlikləri, XX əsrin əvvəllərindən isə aralarında bir neçə onillik zaman fərqi ilə yaranaraq çox sürətlə populyarlıq qazanan radio və televiziyalar, əsrin sonlarına yaxın dünyanı “qlobal kənd”ə çevirən internet jurnalistikası, nəhayət, son illər sürətlə genişlənən sosial şəbəkələr üçün milli və dini ayrı-seçkiliklər, ksenofobiya mövzusu hər zaman aktual olub.

 Bunun nədən qaynaqlandığı bəllidir. Belə ki, KİV “məhsulları”nın istehlakçıları – oxucu, dinləyici, tamaşaçı və izləyici üçün milli kimlik, mənəvi-əxlaqi dəyərlər barədə xəbər və yazılar, videosüjet və şərhlər daim böyük maraq kəsb edir. Bu mövzu geniş oxucu və tamaşaçı auditoriyasını özünə cəlb edə bilir, nəticə etibarilə KİV rəhbərliyinin kommersiya maraqlarını da təmin edir.

Tarix boyu mətbuatda milli hissləri istismar etmək cəhdləri olub. Napoleon cəmiyyətdə qəzetlərin səfərbəredici gücünə yaxşı bələd idi. Demişdi ki, dörd nüfuzlu müxalifət qəzeti böyük bir ordudan çox iş görə bilir. Amma hələ özünü Fransa imperatoru elan etməzdən əvvəl Napoleon o dövrün “dikbaş” qəzetlərini ya ağır vergilər, ya da başqa bəhanələrlə bağlatdırırdı. Siyasi iradəsinə tabe etdiyi qəzetlərdə isə yürüş edəcəyi xalqlar və dövlətlər barədə kəskin tənqidi yazılar dərc etdirirdi.

Almaniyanı vahid dövlətə çevirməzdən əvvəl bu ölkədə  “idarəolunan mətbuat” yaratmağa nail olmuş Otto fon Bismarkın nəzarətində olan qəzetlərdə “dəmir kansler”in siyasi rəqibləri və düşmənləri kəskin qəzəb və nifrininə tuş gəlirdilər. Həmin şəxslər başqa millət və dinlərin təmsilçiləri olduqları halda, daha ağır və aşağılayıcı sarkazmın hədəflərinə çevrilirdilər.  Hitlerin mənfur irqçi təbliğatını idarə edən  Göbbelsin və yaxud İtaliya diktatoru Mussolininin adlarını çəkmək belə ikrah doğurur.

Lakin elə təsəvvür yaranmasın ki, mətbu söz tarix boyu yalnız millətçilik, dini ayrı-seçkilik, ksenofobiya təbliğatı ilə məşğul olub. Mütərrəqqi mətbuat təşəkkül tapdığı ilk gündən başlayaraq xalqlar arasında hər zaman dostluğu, qardaşlığı, bərabərliyi təbliğ etməyə çalışıb. İşıqlı və fədakar qələm sahibləri tərəfindən dünyanın hər yerində bu sahədə böyük faydalı işlər görülüb. Onlar çox vaxt ciddi  təzyiqlərə məruz qalıblar, amma doğru sözü yazıb çap etdirməyi özlərinə borc biliblər.   

 

Müasir KİV-də
nələr baş verir?

 

İkinci cahan savaşından sonra dünyanın bir çox ağıllı siyasət və dövlət adamları yeni dağıdıcı müharibələrin baş verməməsi, bəşəriyyəti zorakılıqlara sürükləyən milli ədavət və şovinizmə son qoyulması üçün BMT-ni və onun çox sayda təsisatlarını yaratdılar. Ümid edirdilər ki, yeni dünya düzəni  kiçik ölkələri, onların xalqlarını bundan sonra hegemon dövlətlərin təxribat və təcavüzlərindən qorumağa kömək edəcək.

 Bəyan olunan arzu və məramlar, ilk baxışda çox cəlbedici idi. Bütün dünyada söz, ifadə azadlığını, insan hüquqlarını qorumaq, azad mətbuatın təşəkkül tapmasına nail olmaq!  KİV-də ksenofobiya, şovinizm təbliğatı yolverilməz sayılırdı. Buna təhrik edənlərə qarşı cəzalar vəd olunurdu.

Lakin bu gün hətta “oturuşmuş demokratiya”ya sahib olduqlarını iddia edən dövlətlərdə belə media sivil, humanist, bəşəri dəyərlərin carçısı funksiyasını yerinə yetirə bilmir. Parisdə nəşr olunan “Çharlie Hebdo” jurnalı hansı haqla dünya əhalisinin az qala dörddə birinin etiqad etdiyi İslam dininin peyğəmbərini təhqir edən karikatura dərc edir və bunu söz və ifadə azadlığı kimi qələmə verir. Üstəlik, fərqinə də varmır ki, bununla da yüz milyonlarla müsəlmanın dini heysiyyatına toxunub. Sonra həmin redaksiyada ağır terror hadisəsi baş verdi. Bütün dünya, o cümlədən müsəlman dövlətləri bunu pislədi. Əlbəttə, terrorla, o cümlədən İslam dinini gözdən salan radikallarla qətiyyətlə  mübarizə aparılmalıdır. Eyni zamanda, insanları terrora, qisasçılığa vadar edən səbəblərin aradan qaldırılması barədə də düşünmək lazımdır! 

Yaxud, son illər Suriyada cərəyan edən zorakılıqlar səbəbindən bu ölkənin əhalisinin az qala üçdə biri qaçqına çevrilib. Təkcə 2,2 milyon nəfər Türkiyəyə pənah aparıb. Bir milyondan çox ərəb Avropa ölkələrinə üz tutub. Adətən, başqalarına humanizm və insan hüquqlarından “dərs deyən” bir çox Qərb dövlətlərinin liderləri qaçqınları ölkələrinin heç kandarına belə buraxmaq istəmirlər. KİV isə öz hökumətlərinin bu sahədəki humanist prinsiplərlə bir araya sığmayan siyasətini dəstəkləyir.

Bu günlərdə Almaniyanın məşhur “Bild” qəzetində iki qaçqın ərəbin və bir türkün, guya bir alman xanımını zorladığı barədə sensasiyalı məlumat yayıldı. Xəbər dərhal digər qəzetlərin manşetlərində də yer aldı. Ksenofobiya təbliğatına uyan minlərlə yerli sakin dərhal küçələrə axışaraq müsəlman qaçqınların Avropadan qovulmasını tələb etdi. Hadisədən bir neçə gün keçəndən sonra məlum oldu ki, “zorakılığa” məruz qalmış rus mənşəli alman xanımı bu hadisəni özündən uydurub.

Media öz qara piarını şüuraltı olaraq insanların beyninə yeritmişdi. Bundan sonra artıq əsl həqiqət isə heç kimə lazım deyildi. Qəzet və jurnallar bir müddətdən sonra yeni zorakılıq faktlarının “ovu”na çıxacaqlar.  Sirr deyil ki, hədəfdə ən çox müsəlman qaçqınlar, eləcə də türklərdir. Niyə məhz türklər? Ona görə ki, bu dövlətin regionda ədaləti bərqərar etməyə çalışması, sadəcə, hansısa qüvvələri qıcıqlandırır.

 

Gözləntilər...

 

Beynəlxalq jurnalistika bu gün öz tarixi prinsip və dəyərlərinə sadiq qalaraq bəşəri dəyərləri müdafiə etməyə borcludur. Dünyanın hər yerində olduğu kimi, ABŞ-da da vaxtaşırı milli, dini, etnik zəmində ağır insidentlər baş verir. Lakin bu ölkənin həm çap mətbuatı, həm də vizual mediası belə hallara, bir qayda olaraq, sırf dövlətçilik maraqlarından yanaşır, onları doğuran səbəblərin qarşısının alınması üçün cəmiyyəti düzgün məlumatlandırmağa çalışır.

Amerika dövlətinin ilk qurucuları – Corc Vaşinqton, Con Adams, Tomas Cefferson, Benjamin Franklin və başqaları, daha sonrakı dönəmdə ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln, 1960-cı illərdə Martin Lüter Kinq kimi görkəmli ictimai-siyasi xadimlər burada ayrı-ayrı xalqların və dinlərin nümayəndələrinin dinc və sərbəst şəraitdə yaşamaları və yeni, daha sivil və tolerant dəyərlərə sahib olmaları üçün danılmaz xidmətlər göstəriblər. Yeri gəlmişkən, adlarını qeyd etdiyim şəxslərin çoxu mətbuatla birbaşa bağlı olublar, gözəl publisistika nümunələri yaradıblar.

Birləşmiş Ştatlar mətbuatı, həqiqətən, kiçik istisnalar nəzərə alınmasa, milli və dini məsələlərdə daha mütərəqqi mövqelərdən çıxış edib. Ümumi fikir belədir ki, Amerikanın bu gün dünyanın ən qüdrətli dövlətinə çevrilməsində bu amil də böyük rol oynayıb. Bu günlərdə,  ABŞ-da prezident seçkiləri kampaniyasının qızğın çağıdır. Qaçqın problemi də bu gün ölkə mediası üçün əsas mövzulardandır. İŞİD bir müddət əvvəl San-Bernardino şəhərində (Kaliforniya ştatı) ağır qətliam törətdi. Prezidentliyə namizəd, milyarder Donald Tramp tələb etdi ki, bundan sonra müsəlmanları Amerika Birləşmiş Ştatlarına buraxmasınlar. ABŞ-ın siyasi elitası birmənalı olaraq bunu pislədi. Üstəlik, Prezident Barak Obama bu günlərdə Baltimorda məscidi ziyarət edərək amerikalı müsəlmanlarla həmrəy olduğunu nümayiş etdirdi.

Burada  bir təzad müşahidə olunur. Belə ki, ABŞ dövləti daxildə milli məsələlərin həllində sivil, hüquqi prinsipləri qorumağa çalışsa da, xarici siyasətdə, təəssüf ki, bu məsələdə çox vaxt mübahisəli mövqe sərgiləyir. Bu zaman insan haqları, media azadlığı, digər demokratik prinsiplər gözardı edilərək hər şey “milli maraqlara” qurban verilir. Bu, reallıqdır və bunu inkar etmək, görməmək mümkün deyil!

Xoşbəxtlikdən, Azərbaycan tarixən dünyada ayrı-ayrı xalqlar və dinlərin birgə dinc şəraitdə mövcud olduğu ən azad, tolerant ölkələrdən biridir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, tolerantlıq xalqımızın həyat tərzinə çevrilib.  Bu, bizim tarixi nailiyyətimizdir. Sivil dünya tolerantlığın Azərbaycan modelini qəbul edir. Qərb və Şərqin bu gün ən ünlü siyasətçiləri və görkəmli elm və mədəniyyət xadimləri də bunu etiraf edirlər. 

Yadımdadır, 2006-cı ildə Bakıda “Beynəlxalq Rusiya kitabı” günləri keçirilirdi.  Tədbirə təşrif buyuranlar arasında dünya şöhrətli yazıçı Çingiz Aytmatov da vardı. Böyük nasir bu sətirlərin müəllifinə  eksklüziv müsahibə verərkən Azərbaycan xalqının tarix boyu çox zəngin mədəni sərvət yaratdığını xüsusi vurğuladı. Dedi ki, yalnız belə zəngin mədəniyyətə sahib olan millətlər başqa xalqların adət və ənənələrinə  hörmətlə yanaşa bilərlər.

Azərbaycan mediası ənənəvi olaraq  mədəni dəyərlərin, vətənpərvərlik hisslərinin təbliğində “qızıl qayda”ya –  başqa xalqların tarixinə, adət və ənənələrinə hörmətlə yanaşmaq prinsipinə əməl edir. Türkləri “cəllad və qaniçənlər” kimi təqdim etməyə çalışan erməni təbliğatından tam fərqli olaraq, bizim ölkənin KİV-ində millətçiliyi qızışdırmaq halları heç vaxt olmayıb.

 

Son söz əvəzi

 

Uşaqlığım kənddə keçib. Xatırlayıram ki, erkən yazda kəndimizə  qaranquşlar uçub gəlirdilər və deyilənlərə görə, yalnız xoş rəftar və  mehribanlıq hökm sürən evlərin eyvanlarında yuva qurar, balalarını yemləyərdilər. Biz uşaqlar yurdumuza “qonaq gələn” qaranquşlara və başqa quşlara, təbii ki, daş atmazdıq, bu, günah sayılırdı.

Taleyin hökmü ilə yad ölkələrdə yaşamağa vadar olan insanlara sayğı göstərmək lazımdır. Bu, humanizmdən və böyük mədəniyyətdən irəli gələn çox qiymətli dəyərdir. Ksenofobiya, milli, dini dözümsüzlük isə nifaq və təfriqələrə səbəb olur. Qələm əhli milli, dini, etnik mövzuları işıqlandırarkən həssas olmalı, cəmiyyətdə sivil dəyərlərin, multikultural ab-havanın bərqərar olmasına çalışmalıdır.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında