Həmsədrlərin danışıqları inhisara almasına qarşı hər zaman alternativlər var

Son dövrlər siyasi dairələrdə ən çox müzakirə olunan mövzu Minsk qrupunun həmsədrlərinin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları inhisara alması və bunun mövcud status-kvonun saxlanmasına xidmət etməsi ilə bağlı vəziyyətdir. Azərbaycan tərəfi bütün səviyyələrdə həmsədrlərin fəaliyyətindən narazılığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, münaqişənin hazırkı vəziyyətdə dondurulmuş şəkildə saxlanılması xalqımızın maraqlarına uyğun deyil və biz bununla barışmayacağıq. Danışıqlar prosesinin məntiqi nəticə ilə yekunlaşmamasının bir sıra səbəbləri vardır ki, bu xüsusda danışıq aparan tərəflərin islamafob meyilləri də özünü açıq-aydın göstərir.

Digər tərəfdən, həmsədrlər münaqişə ilə bağlı nəinki ATƏT, ümumilikdə bütün digər platformalarda adicə müzakirələrə belə dözümsüz yanaşır, öz məqsədlərinə uyğun müdaxilə etməyə çalışırlar. Bu günlərdə AŞPA-da müzakirəyə çıxarılan qətnamələrlə bağlı həmsədrlərin müdaxiləsi hadisələrin real axarına ciddi təsir göstərmişdir.

Bu baxımdan Ermənistanla həmsədrlərin mövqeyi üst-üstə düşür. Hər dəfə Azərbaycan tərəfindən həmsədrlər fəaliyyətsizlikdə ittiham olunduqda Ermənistan tərəfi münaqişənin bu formatda həllini alqışladıqlarını bildirirlər. Belə görünür ki, Ermənistanda həmsədrlərin işlərinə verilən qiymət fəaliyyətsizlik səviyyəsi ilə bağlıdır. Yəni real nəticə üçün heç bir addımın atılmaması əsas meyar kimi götürülür.

Həmsədrlər danışıqlar prosesini nə qədər inhisara almağa çalışsalar belə, artıq Azərbaycanın ədalətli mövqeyinin əks olunduğu böyük bir beynəlxalq hüquqi əsas yaranmışdır. BMT, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA, Qoşulmama Hərəkatı, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində sənədlər qəbul olunmuşdur.

Azərbaycan həmsədrlərin və Ermənistanın münaqişənin ancaq Minsk qrupu formatında aparılması ilə bağlı son bəhanəsini də anlayışla qarşılamağa hazırdır. Əgər yeganə platforma olaraq bu qrup götürülürsə belə onda ən azı Minsk qrupu üzv dövlətləri tam tərkibdə məsələyə öz münasibətlərini bildirmək imkanına malik olmalıdırlar. Minsk qrupunun tərkibində isə tərəflərdən və həmsədrlərdən əlavə Almaniya, Polşa, Türkiyə, Belarus, Finlandiya və İsveç də vardır. Bu dövlətlərdən hər birinin münaqişə ilə bağlı proseslərə münasibət bildirmək imkanı olmalıdır. Xüsusən də nəzərə alsaq ki, hazırkı format 20 ildir nəticəsiz davam edir.

Bu ideyalar Azərbaycanda səfərdə olan İsveçin xarici işlər naziri Marqot Vallström tərəfindən də səsləndirilmişdir. O bildirib: “Prosesin əsas iştirakçısı həmsədrlərdir. Lakin münaqişənin sülh yolu ilə həlli üçün iş görməliyik. Beynəlxalq hüququn ərazi bütövlüyü, zorakılığın artmaması və xalqların öz müqəddəratını təyin etməsi kimi prinsipləri nəzərə alınmaqla problemin həllinə nail olmalıyıq. Ola bilər ki, daha geniş tərkibdə görüşə ehtiyac yaransın. Biz bu təklifi veririk, bu görüşə də hazırıq”.

Minsk qrupunun əsas vəzifəsi danışıqları aparmaqdır. Lakin hazırda onlar daha çox münaqişə ilə bağlı başqa müstəvilərdə aparılan müzakirələrin qarşısını almaqla məşğuldurlar. Yaxşı olardı ki, həmsədrlər öz qüvvələrini bu kimi işlərə deyil, birbaşa öz vəzifə borclarına yönəldərdilər.

Ərəstü HƏBİBBƏYLİ,
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Xarici əlaqələr şöbəsinin müdir müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında