Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra həmin vaxt ölkəyə rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi, hələ də sovet rejiminin təsirindən ayrılmamaları, yaranmış tarixi şansdan istifadə edə bilməmələri müstəqilliyini yenicə qazanmış Azərbaycanı addım-addım ağır böhranlı vəziyyətə yaxınlaşdırırdı. Digər tərəfdən daxili münaqişələrin, hakimiyyət uğrunda mübarizənin getdikcə daha kəskin xarakter alması vəziyyəti ağırlaşdırırdı. O illəri yaşayanlar həmin hadisələri çox yaxşı xatırlayırlar.
Müstəqilliyimizin ilk illərinin ölkəmiz üçün çox ağır, faciəli, gərgin keçdiyini heç kim unutmayıb. Hakimiyyətdə olanların fəaliyyətsizliyi torpaqlarımızın hissə-hissə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağdan soydaşlarımızın qovulmasına gətirib çıxardı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o dövrdə xalqımızın üzləşdiyi böyük faciələrdən biri oldu. 1993-cü ilin aprel ayında Kəlbəcərin erməni işğalı altına düşməsi nəticəsində faktiki olaraq, biz Dağlıq Qarabağı Ermənistandan ayıran bölgəni də itirdik. Bundan sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi maneə olmuşdur. Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu, daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Xalqın həlledici anlarda düzgün seçim etməsi və müdriklik göstərməsi müstəqil Azərbaycanı düçar olduğu bəladan xilas etdi. Bu seçim ulu öndər Heydər Əliyevə üz tutub onu hakimiyyətə dəvət etmək olmuşdur. Ayrı yolumuz yox idi! Bu seçim Azərbaycanın müstəqilliyinin əbədi olmasına aparan yolun başlanğıcı idi.
O illəri gözlərimiz önündə canlandıranda, əslində, 1993-cü ilin real müstəqilliyimizin ilk ili olduğu aydın şəkildə özünü büruzə verir. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmə inteqrasiya olundu, əlaqələri genişləndi və bugünkü uğurlarımızın əsası qoyuldu.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri, respublikamızın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi qalıb. Bu gün dövlətimizin başçısı İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət, uğurlu islahatlar, qəbul olunan qanunlar həmin illərdə əsası qoyulmuş strategiya çərçivəsində həyata keçirilir. Ölkədə aparılan, getdikcə dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü, qüdrətli bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya tanıdıb.
Son 20 il Azərbaycanda inkişaf, sabitlik dövrü kimi yaddaşlara həkk olunub. Bu illər ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar uğurla icra edilmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu getdikcə artmış, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq qurumlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, güclü enerji potensialı yaradılmış, başqa ölkələrin, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini vermişdir. Eyni zamanda, maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola biləcək səviyyəyə çatmış, güclü, qüdrətli, nizami ordu formalaşdırılmışdır.
Ölkədə daxili sabitliyin bundan sonra da etibarlı şəkildə qorunacağını dövlət siyasətinin prioriteti hesab edən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətindəki fəaliyyəti, insan hüquq və azadlıqlarının qorunması istiqamətində qəbul etdiyi qərarlar, imzaladığı əfv sərəncamları xalqla iqtidar arasındakı sıx birliyin davamlı olmasına böyük zəmin yaratmışdır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur.
“Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır”, – deyən Prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində Azərbaycanın xarici siyasətlə bağlı təşəbbüslərinin gözəl nəticələr verdiyinin, ölkəmizin dünyada söz sahibinə çevrildiyinin, “kosmik ailə”nin üzvü olmasının şahidiyik. Bunu Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə isti münasibətlərimizin yaranması, beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizin həmişə ifadə edildiyi və dəstəkləndiyi də təsdiqləyir.
Son 20 ildə xarici siyasətimizin əsasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanması istiqamətində aparılan işlər təşkil edir. Bu müddət ərzində Ermənistan dünyada işğalçı dövlət kimi tanınmış, nüfuzlu beynəlxalq qurumlar – BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər təşkilatlar tərəfindən qəbul edilən qətnamələrdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənmiş, Ermənistanın isə işğalçılıq siyasətindən hələ də əl çəkməməsi kəskin pislənilmişdir.
Hətta, Avropa Parlamenti tərəfindən “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” qətnaməsinin qəbul edilməsi ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurları təsdiqləyən daha bir tutarlı faktdır. Avropa Parlamenti ölkəmizə qarşı nə qədər qərəzli olsa da, əsil həqiqəti ortaya qoymaq məcburiyyətində qaldı – Ermənistanın işğalçı dövlət olduğunu rəsmən təsdiqlədi. Ən başlıcası isə odur ki, bu nüfuzlu qurumun qəbul etdiyi qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlardan dərhal çıxarılması barədə tələb öz əksini tapmışdır. Qətnamədə “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi” fikrinin təsbit olunması Avropa Parlamentinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləməsindən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin nizamlanmasında ölkələrin ərazi bütövlüyünün yeganə variant olduğu, bununla yanaşı, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin mümkünlüyü barədə mövqeyi bu gün beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir. Həm nüfuzlu beynəlxalq qurumların, həm də qüdrətli dövlətlərin nümayəndələri də, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasını zəruri hesab edirlər. Avropa Parlamentinin qətnaməsində də bu vacib məsələlər öz əksini tapıb. Mötəbər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qaytarılması imkanının təmin edilməsinin zəruriliyi vurğulanmışdır.
Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu gün təkcə Avropada deyil, dünya birliyi tərəfindən də qəbul edilmir. İşğalçı dövlətə dəfələrlə ən yüksək tribunalardan da izah edilir ki, XXI əsrdə qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən təyini-müqəddərat hüququ ilə bəraət verilə bilməz. Dağlıq Qarabağın statusu heç də Ermənistanın istədiyi tərzdə müəyyənləşdirilə bilməz. Bu zaman beynəlxalq hüququn norma və prinsipləri əsas götürülməlidir. Avropa Parlamenti, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar da bildirir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu yalnız bütün əhalinin tam, birbaşa və bərabərhüquqlu iştirakı ilə müəyyən edilə bilər. Bu əhali həm erməni icmasını, həm də azərbaycanlı icmasını əhatə edir. Bundan ötrü öz doğma ata-baba ocaqlarından didərgin salınmış azərbaycanlıların yurd-yuvalarına təhlükəsiz qaytarılmaları üçün şərait yaradılmalıdır. Bu isə Ermənistanın hərbi işğalına son qoyulduqdan sonra mümkündür. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanın ptioritetini bax, bu təşkil edir!
Torpaqlarımızın ermənilər tərəfindən işğalı, münaqişənin bu həddə çatması və hələ də bunun acı fəsadlarının aradan qaldırılmasının bu günə kimi uzadılmasının əsas səbəblərindən biri dünyada baş alıb gedən ikili standartdırsa, digər səbəbi müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Həmin dövrdə hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmiş Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla olmuş, biabırçı hadisələrlə yadda qalmışdı. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər getdiyi zaman, torpaqlarımız işğal olunduğu bir vaxtda bunlar birincilik uğrunda mübarizə aparırdılar. Hər birinin tabeçiliyində olan qeyri-qanuni silahlı birləşmələr, sərhədlərimizi qorumaq əvəzinə, ağalarının göstərişlərini yerinə yetirirdilər. Düşmən isə belə maymaqların və vəzifə hərislərinin qarşıdurmasından istifadə edərək torpaqlarımızı işğal edirdi. Bəzən belə işğallar “sapı özümüzdən olan” vəzifə hərislərinin istəyi ilə reallaşırdı. Onlar düşmənlərimizə işğal üçün şərait yaradır və bununla da bir-birilərini gözdən salmağa çalışırdılar. Daha dərk etmirdilər ki, bu xəyanətin ən böyük zərbəsi xalqa, Vətənə, millətə dəyir. Çünki erməni faşistləri torpaqlarımızı işğal edərkən kəndləri, qəsəbələri, şəhərləri viran qoyur, tarixi-mədəni abidələrimizi məhv edir, soydaşlarımızı amansızcasına qətlə yetirirdilər. Bütün bunlar AXC-Müsavat hakimiyyətinin xalqımıza vurduğu ən böyük və heç vaxt unudulmayan zərbəsi oldu.
Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı da bu məsələyə diqqəti cəlb etmişdir: “Əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi – sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq-mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi”.
Azərbaycanın müstəqillik tarixinin son 20 ilinə, xüsusilə, axırıncı illərə nəzər yetirdikdə bir daha aydın olur ki, bu müddət ərzində görülən bütün işlər, aparılan siyasət ölkəmizi daha da inkişaf etdirmiş, regionun lider dövlətinə çevirmiş, daha da qüdrətli, güclü etmişdir. Ölkəmizdə vətəndaş həmrəyliyinin tam bərqərar olunduğu beynəlxalq ictimaiyyət tərəfindən də dəyərləndirilir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirməklə yanaşı, Azərbaycanın problemlərinin kompleks şəkildə həllinə nail oldu və ölkəmiz dünya birliyinin tanınmış dövlətlərindən birinə çevirdi.
Azərbaycan qarşıya qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləməsi və beynəlxalq aləmdə yüksək reytinq qazanmasına, insan hüquq və azadlıqlarının qorunmasına, tolerantlığa, azad, ədalətli, şəffaf, demokratik seçkilər keçirməsinə, müstəqil mətbuatın inkişafına yaratdığı şəraitə görə əksər ölkələrə nümunədir. Prezidentin xalqın etimadını doğrultmasını, ilk növbədə, verilən vədlərin reallaşması, həyata keçirilən böyük işlər sübuta yetirir.
Bütün bunlar dövlət başçımızın “Mən hər bir azərbaycanlının prezidenti olacağam” bəyanatının sözün həqiqi mənasında təsdiqidir.,
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.