Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri həmişə böyük maraqla izlənilir. Bu, ölkəmizin son illərdə iqtisadi qüdrətinin daha da artması, Azərbaycanın Avropaya və dünya birliyinə sürətli inteqrasiyası ilə əlaqədardır. Azərbaycan beynəlxalq aləmdə sayılıb-seçilən, söz sahibi olan, iqtisadiyyatın sürət tempinə görə lider dövlətlərdəndir. Təsadüfi deyildir ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür.
Ötən illərdə dünyanı ağuşuna almış maliyyə və iqtisadi böhranın Azərbaycanın dinamik inkişafına ciddi təsir göstərə bilməməsi də ölkəmizə olan marağı xeyli artırıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Ukraynaya səfəri də aydın göstərdi. Dövlət başçımızın Ukraynaya rəsmi səfərindən bir neçə gün əvvəl həmin ölkənin Milli Telekompaniyasına, "Profil-Ukrayna" jurnalına və "Den" qəzetinə verdiyi müsahibə böyük maraqla qarşılanmışdır. Müsahibədə səfər zamanı Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlığı baxımından hansı məsələlərin müzakirə olunacağı, Hökumətlərarası Komissiyanın iclası, neftin nəqli ilə əlaqədar Asiya dəhlizi ideyasının mahiyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yaxın perspektivdə hansı təkliflərə üstünlük verilməsi, Ukraynanın bu məsələdə rolunun nədən ibarət olacağı və digər zəruri məsələlərə toxunulur.
Azərbaycan və Ukrayna xalqlarının qədim tarixi ənənələri vardır. Bu isti münasibətlərin kökləri yüzilliklərdən xəbər verir. İki ölkə arasındakı münasibətlər daim sabit və səmimi olub. Uzun illər ərzində əsası qoyulmuş ənənələr bu gün də davam etdirilir. Xüsusilə hər iki ölkə müstəqillik əldə etdikdən sonra qarşılıqlı əlaqələr və ikitərəfli əməkdaşlıq daha da inkişaf etdirilmişdir. Son illər Azərbaycan-Ukrayna münasibətləri daha da yaxşılaşdırılmış, birgə işçi qrupu və dövlətlərarası komissiyalar xeyli fəallaşaraq hər iki ölkənin mənafeyinə xidmət edən çoxlu məsələlər üzərində işləmişdir. Azərbaycan enerji daşıyıcıları, yanacaq-energetika kompleksi istiqamətində qarşıya çıxan məsələlərin həllində dost ölkəyə daim diqqət və qayğı göstərmişdir. Onu da qeyd edək ki, energetika siyasəti ilə bağlı məsələlər həmişə dostluq və qarşılıqlı fayda əsasında öz həllini tapmışdır. Bu əlaqələrin, dostluq münasibətlərinin daha sıx tellərlə bağlanması, əməkdaşlığın genişləndirilməsi üçün yeni ideyaların və imkanların reallaşdırılması baxımından Azərbaycan Prezidentinin Ukraynaya səfəri böyük məna daşıyırdı. Nəzərə almaq lazımdır ki, hazırda Xəzər dənizi və Qara dəniz hövzələrinin regional əməkdaşlığını Azərbaycan və Ukraynanın xüsusi rolu olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu fakt da dövlət başçımızın rəsmi səfərinin böyük maraq doğurmasına stimul yaradan əsas amillərdəndir.
Ukraynaya səfəri ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən bu rəsmi səfərin mahiyyətindən söhbət açan Azərbaycan Prezidenti demişdir: "Bizim ikitərəfli əlaqələrimiz uğurla və dinamik şəkildə inkişaf edir, qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Ölkələrimiz uzun illər boyu, praktiki olaraq müstəqillik əldə etdikdən dərhal sonra çox sıx qarşılıqlı əlaqə saxlayır, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq genişlənir və çox yaxşı perspektivlər vardır. Ukrayna bizə çox yaxın və dost ölkədir. Bu cür ənənələri, artıq formalaşmış ikitərəfli münasibətləri nəzərə alaraq hesab edirəm ki, bu səfər mühüm rol oynayacaqdır. Əminəm ki, səfər çərçivəsində biz ikitərəfli münasibətlərin geniş gündəliyini bir daha nəzərdən keçirəcək, əlaqələrimizin gələcək inkişaf yollarını müəyyən edəcəyik".
Azərbaycan Prezidenti iqtisadi inkişaf sahəsində qarşılıqlı fəaliyyət məsələlərinin, xüsusən də maliyyə və iqtisadi böhrandan sonrakı dövrdə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq demişdir: "Biz iki ölkənin potensiallarından istifadə etməklə bir-birimizi çox fəal tamamlaya, bir-birimizi dəstəkləyə bilərik. Bizim iqtisadiyyat bir-biri ilə rəqabət aparmır. Ümid edirəm ki, ölkələrimiz arasında həm ikitərəfli, həm regional formatda fəal əməkdaşlıq xətti, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət xətti təsdiqlənəcəkdir".
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev bu fikirləri səfər ərəfəsində Ukraynanın tanınmış kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində səsləndirmişdir. Yüksək səviyyədə keçən prezidentlərin təkbətək görüşündə, habelə Ukraynanın Baş naziri ilə görüşlər zamanı əsas mövzu iki ölkə arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdirilməsi olmuşdur. Qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi, hər iki ölkə iqtisadiyyatının güclənməsi üçün yeni ideya və imkanların mövcudluğu da gündəmdə olmuşdur. Xəzər dənizinin şərq sahilində yerləşən qonşu ölkələrin neftinin Azərbaycan ərazisindən keçməklə Ukrayna bazarlarına nəqlinin mümkün variant olduğu bildirilmişdir.
Azərbaycan Prezidentinin səfərinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Ukrayna Prezidenti Viktor Yanukoviç iki ölkə arasında münasibətlərin inkişaf edərək bu səviyyəyə çatdırılmasında müdrik şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətini yüksək qiymətləndirmişdir. V.Yanukoviç demişdir ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın təməli məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ona görə də Ukrayna xalqı bu dahi insanın xatirəsini qəlbində əbədi yaşadacaq. O qeyd etmişdir ki, ağır günlərdə Heydər Əliyevin Ukrayna iqtisadiyyatına göstərdiyi kömək heç vaxt xatirələrdən silinməyəcək. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirdiyini bildirən V.Yanukoviç qeyd etmişdir ki, bu kurs ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfələrini verməkdədir. Bu istiqamətdə atılan hər bir addım bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Azərbaycan və Ukrayna nümayəndələrinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı siyasi əlaqələri həmişə yüksək səviyyədə olmuşdur. Belə mötəbər tədbirlərdə həmişə Ukrayna Azərbaycanı, Azərbaycan isə Ukraynanı dəstəkləmişdir. Ukrayna Azərbaycanın haqq işini daim müdafiə etmiş, ərazi bütövlüyünə hörmətlə yanaşmış, ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın dövlət başçısının mövqeyinə tərəfdar olduğunu bildirmişdir. Məlum olduğu kimi, Azərbaycan tərəfi münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllində israrlıdır.
İki ölkə nümayəndələrinin bir-birini beynəlxalq səviyyədə dəstəkləmələri 2008-ci ildə BMT-nin Baş Məclisində də özünü göstərdi. Həmin vaxt bu mötəbər qurumda işğal edilmiş ərazilərdə vəziyyət haqqında qətnamə irəli sürüləndə səsvermə zamanı Ukrayna Azərbaycanın tərəfində olduğunu bəyan etdi. Bu fakt da iki ölkə arasında əlaqələrin sıx tellərlə bağlanmasından xəbər verir.
Bəzi siyasilərə elə gəlir ki, Azərbaycanla Ukrayna arasındakı münasibətlərin son vaxtlar daha da yaxşılaşdırılması, yanacaq-energetika kompleksi ilə bağlı ətraflı müzakirələr aparılması, neft və qaz nəqli marşrutlarının şaxələndirilməsi məsələsi Ukraynada yeni siyasi komandanın hakimiyyətə gəlişindən sonra sürətlənib. Təbii ki, bu fikirdə olanlar yanlış düşünürlər. Çünki Viktor Yanukoviç hökumətə başçılıq etdiyi dövrdə də iki ölkə arasında fəal əməkdaşlıq mövcud idi. 2006-cı ildə V.Yanukoviçin böyük nümayəndə heyəti ilə Azərbaycana səfəri və bu səfər zamanı gələcək qarşılıqlı iqtisadi fəaliyyət üçün çox əhəmiyyətli və vacib məqamlar nəzərdə tutulmuşdu. Əməkdaşlığın geniş müstəvidə davam etdirilməsi isə qarşılıqlı inamın və etimadın nəticəsidir. Ukrayna Prezidentinin hakimiyyətdə olduğu dövrdə Azərbaycan Prezidenti ilə üç dəfə görüşməsi və ikitərəfli münasibətlərin perspektivlərini geniş müzakirə etmələri də dostluq münasibətlərinin dərin köklərinin olmasından xəbər verir.
İki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi və beynəlxalq aləmdə bir-birini yüksək səviyyədə dəstəkləmələri Ukrayna-Azərbaycan dostluğunun sarsılmaz və əbədi olmasından irəli gəlir. Heç bir qüvvə bu münasibətlərə xələl gətirə bilməz.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.