Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin xüsusi maraq dairəsindədir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Bu il Bakıda mötəbər beynəlxalq tədbir–Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycanın  xarici siyasət sahəsində qazandığı nailiyyətlər ölkəmizin dünya birliyindəki reytinqinin yüksəlməsinə təkan vermişdir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, milli maraqlarımızın qorunması istiqamətində atdığı addımlar xarici siyasətimizin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olmasından, dövlət başçımızın  xalqımızın maraqlarına layiqincə xidmət etməsindən xəbər verir.

Belə səfərlər zamanı dövlət və hökumət  başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə ilk növbədə ölkəmizin milli maraqları, ərazi bütövlüyümüzün təmin olunması, milli-mənəvi dəyərlərimizin təbliği önə çəkilir, Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin bərabərhüquqlu şəraitdə yaşamaları diqqətə çatdırılır. Bütün bunlar respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdır, regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevirir. Bu da  bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin  sayının  getdikcə artmasına müsbət təsirini göstərir.

Azərbaycanın hazırda dünya birliyinin etimad göstərdiyi dövlətə çevrildiyini son illər Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər də təsdiqləyir. Ölkəmizin Mədəniyyətlərarası Dialoq və Ənənəvi Humanitar forumların  keçirildiyi məkana çevrildiyi artıq beynəlxalq aləmdə də etiraf olunur. Belə əhəmiyyətli tədbirlərin Bakıda mütəmadi keçirilməsi ölkəmizə olan inam və etimadın bariz nümunəsidir. Yaxın vaxtlarda  daha bir mötəbər tədbirin—Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının  7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi bir daha təsdiqləyir ki,  bu gün ölkəmiz, ictimai-siyasi sabitliyin davamlı olması baxımından dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Bu, hər bir soydaşımız üçün fəxr və  qürur mənbəyidir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi həm respublikamızda  demokratik ənənələrin inkişafına verilən böyük qiymət, həm də müstəqil dövlətimiz üçün yüksək şərəfdir.

BMT Sivilizasiyalar Alyansının  7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi  barədə qərar 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında  qəbul edilmişdir. Həmin tədbirdə  Azərbaycan hökumətinin BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi təklifi irəli sürülmüşdür.Tədbirdə çıxış edən Bəhreyn, Monqolustan, Səudiyyə Ərəbistanı, Seneqal, Qətər və digər ölkələr Azərbaycanın təşəbbüsünü dəstəkləyərək, bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış və Azərbaycanın foruma layiqincə ev sahibliyi edəcəyinə əminliklərini ifadə etmişlər.

Toplantıda qeyd olunmuşdur ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsinə zəmin yaradan əsas amillərdən biri də 

Prezident İlham Əliyevin son 12 ildə həyata keçirdiyi siyasi strategiyanın prioritetindən birini təşkil etməsidir. Bu siyasətin əsas xəttinin tərkib hissələrindən biri milli-mənəvi dəyərlərimizin qorunması, daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması, habelə multikulturalizmin diqqət mərkəzində saxlanılmasıdır. Müxtəlif dinlərin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Təsadüfi deyildir ki, bu gün Azərbaycan multikulturalizmin, tolerantlığın əsas məkanlarından birinə çevrilib. Bu siyasət, həm  tolerantlığın ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatı ilə elmi cəhətdən əsaslandırılıb.

Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki davamlı çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması beynəlxalq ekspertlər, xarici ölkələrin dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda mədəniyyətlər və sivilizasiyalararası dialoq mərkəzinə çevrilməkdədir. Son illər Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsi ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Müasir Azərbaycada dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Bu gün sivilizasiyalar arasında dialoq hər bir dövlətin, eləcə də Azərbaycanın maraq dairəsindədir. Son  illər Azərbaycanın bu istiqamətdə bir sıra  beynəlxalq konfransların, forumların, tədbirlərin keçirilməsində fəal iştirak etməklə yanaşı, bilavasitə, təşəbbüskarına birinə çevrilməsi ölkəmizin beynəlxalq aləmdəki reytinqini daha da artırmışdır. Təkzibedilməz faktlardan biri də odur ki,  respublikamız sivilizasiyalar və dinlərarası dialoq üçün tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan ölkələrin və regionların təcrübəsindən  geniş istifadə etmiş və bu sahədə zəngin təcrübə qazanmışdır. Fakt üçün diqqətə çatdıraq ki,  İslam Konfransı Təşkilatının 2006-cı ildə “Dialoq və əməkdaşlıq naminə” Gənclər Forumu zamanı keçirilməsi qəbul olunan “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransı qeyd etmək olar. Bununla yanaşı, Bakıda keçirilən “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda beynəlxalq konfransını və “Sivilizasiyaların dinlər və mədəniyyətlərarası dialoqu: Şərq və Qərb Gənclər Əməkdaşlığı təşəbbüsləri” beynəlxalq forumlarını qeyd etmək yerinə düşərdi. Eləcə də, ümumilikdə 300-dən artıq nümayəndənin iştirak etdiyi “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumunun Bakıda keçirilməsi Azərbaycanın bu məsələdə maraqlı və nə qədər sülhsevər olduğunu bütün dünyaya nümayiş etdirdi.

2007-ci il noyabrın 21-23-də Liviyanın paytaxtı Tripolidə keçirilmiş V İslam konfransında qəbul olunmuş qətnaməyə əsasən, Bakı şəhəri 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Eyni zamanda, İslam ölkələrinin mədəniyyət nazirlərinin növbəti VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır. “İslam mədəniyyətinin paytaxtları” proqramında qeyd olunur ki, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Azərbaycanın paytaxtı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verirdi. Bakı, həm də dini, milli və etnik tolerantlıq mərkəzi kimi dünyada tanınır.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi üçün böyük zəmin yaranmışdır. Hələ 2007-ci ilin noyabrında Heydər Əliyev Fondunun, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurasının təşəbbüsü ilə Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” hərəkat yaradılması bu hərəkatın sivilizasiyalar arasında dialoqun gücləndirilməsində BMT-nin Sivilizasiyaların Alyansının aparıcı vasitəsi hesab olunmuşdu. Bunun ardınca mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında  ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda həyata keçirdiyi tolerantlıq, multikulturalizm siyasəti, fond tərəfindən təşkil olunan silsilə tədbirlər, beynəlxalq konfranslar, forumlar artıq Azərbaycanı sivilizasiyaları birləşdirən bir məkana çevrilməsi istiqamətində mühüm addım olmuşdur.

Prezident İlham Əliyev ölkəmizin bu sahədə qazandığı uğurları yüksək qiymətləndirərək, bundan sonra da müxtəlif dinlərin, millətlərin nümayəndələrinin  bir yerdə yaşaması və bərabərhüquqlu fəaliyyəti üçün hər cür şəraitin yaradılacağını bildirib: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın,–necə ki, bu, bu gün belədir,–regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin”.

Yaxın günlərdə Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı da 7-ci Qlobal Forumun Azərbaycanda keçirilməsini ölkəmizə dünya birliyində verilən yüksək dəyər olduğunu qeyd etmişdir: “Bu il Azərbaycanda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Çox mötəbər, dünya miqyaslı beynəlxalq tədbirdir. BMT-nin himayəsi altında keçirilən tədbirdir. Nəyə görə? Ona görə ki, biz burada artıq bir neçə ildir buna oxşar tədbirləri keçirmişik. Ona görə ki, bu sahədə Azərbaycan doğrudan da dünya üçün nümunədir və bu, reallıqdır. Bu, cəmiyyətimizin bugünkü statusudur. Həm dövlət siyasətidir, həm cəmiyyətin sifarişidir”.

7-ci  Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq, dövlətimizin başçısı  2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser  ölkəmizdə millətlər, dinlər, mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşma siyasətinin davam etdirilməsi işini yüksək dəyərləndirmiş, Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda dünyanın ən nüfuzlu qurumlarının və görkəmli şəxsiyyətlərinin iştirak edəcəklərini də bildirmişdir.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin daha geniş miqyaslı təbliğində  böyük rol oynayacaq. Hər şeydən əvvəl ona görə ki, bu tədbirə qatılan ölkələr əsasən dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində təmsil olunacaq, həmçinin dünyanın 50 ölkəsinin tanınmış ictimai-siyasi xadimləri, ən nüfuzlu qurumlarının nümayəndələri və görkəmli şəxsiyyətləri iştirak edəcəklər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında