Şərqdə ölüm hökmünü ləğv etmiş ilk ölkə – Azərbaycan

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olmuşdur. Bu proseslərə  1993-cü ilin ikinci yarısından start verilmişdir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapmışdır. Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoymuşdu və bunu  prioritet prinsip hesab edirdi. Hətta bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.

Ölüm cəzasının ləğv edilməsi  insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən idi.  Bu qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, bu təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.

Qüdrətli şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan etmişdir. Bu məqsədə nail olmaq üçün dövlətimizdə ümumbəşəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradılmışdır. Konstitusiyada ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı, xüsusilə, ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. İnsan ləyaqətinə, bütövlükdə, insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq, demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilmişdir.

Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Ali Qanunumuzun 54 maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Bu Konstitusiyanı insan hüquqlarının qorunması, qanunların aliliyinin bərpa edilməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından Heydər Əliyevin şah əsəri adlandırmaq olar. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin daha geniş şəkildə tətbiqi, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşdırılması, onların öz fikirlərini sərbəst ifadə etmələri üçün həyata keçirilən tədbirlər, mitinq, küçə yürüşləri və digər aksiyaların keçirilməsi üçün yaradılan sərbəstlik ölkəmizin beynəlxalq aləmə daha sürətlə inteqrasiyasına böyük zəmin yaratmışdır.

1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək, yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir. Ölüm hökmü tam ləğv olunmazdan əvvəl bu məsələ cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır.

Onu da qeyd edək ki, Azərbaycanda ölüm cəzası uzun müddət tətbiq olunmuşdur. 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmləri icra edilmişdir. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri tələsik icra edilmişdir.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə baş  alıb gedən özbaşınalıq, anarxiya, qanunsuz silahlı birləşmələrin hegemonluğu insanları qorxuya salmış, hüquqpozmaların sayını durmadan artırmış, vətəndaşların  ölümü və ya öldürülməsi  adi hala çevrilmişdir. 1992-ci ildə müstəqillik və demokratiya şüarları ilə hakimiyyəti ələ keçirən AXC-Müsavat liderləri totalitar rejimlərə xas olan antihumanist, qeyri-insani qanunların icrasını davam etdirmişlər. Bundan sonra əhalidə qorxu, vahimə hissi, müstəqil dövlətin gələcəyinə inamsızlıq əhval-ruhiyyəsi  daha da artmışdır. Həmin dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli adımlar atılmamış,  əksinə, ölüm hökmünün icrası  zəruri  ümumdövlət tədbirinə çevrilmişdi. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirmiş Ali Sovetin sədri İsa Qəmbər 1992-ci il iyunun 16-da 7 nəfərin bağışlanma haqqında vəsatətlərini rədd etmiş və bu barədə müvafiq fərmanlar imzalamışdır. Halbuki, buna səlahiyyəti çatmırdı. Çünki 1992-ci il iyunun 7-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticəsində Əbülfəz Əliyev (Elçibəy) Azərbaycan Respublikasının prezidenti seçilmişdi. 1992-ci il iyunun 13-də bu barədə Mərkəzi Seçki Komissiyası qərar  qəbul etmiş və seçkilərin nəticələri rəsmən elan olunmuşdu. O zaman qüvvədə olmuş “Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında” 1991-ci il 26 iyun tarixli Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən seçkilərin nəticələrinin rəsmən elan olunduğu gündən Əbülfəz Əliyev  (Elçibəy) Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə başlamış hesab edilirdi. Beləliklə, Əbülfəz Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamış olduğu halda, onun əfvetmə səlahiyyətlərini qanunsuz olaraq İsa Qəmbər həyata keçirmiş və qeyd etdiyimiz kimi, 7 nəfərin bağışlanma haqqında vəsatətlərini rədd etmişdir.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinə qayıdışından sonra ölkəmizdə əmin-amanlıq, ictimai-siyasi sabitlik yaradılmış, vətəndaş cəmiyyəti bərqərar edilmiş, insanların həyatına təhlükə yaradan silahlı dəstələr və terrorçu qruplar zərərsizləşdirilmişdir. Bundan sonra  cinayətkarlığa qarşı mübarizə getdikcə  gücləndirilmiş, ölkəmizdə insanların dinc, təhlükəsiz yaşaması, qanunun aliliyinin bərqərar edilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Həmçinin  hüquq islahatlarının aparılması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 1993-cü ilin iyun ayından ölüm cəzasının icrasına faktiki moratorium qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış etmişdir. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş və 1998-ci il fevralın 10-da  bu tarixi qərarı qəbul etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi.

Şərq aləmində ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini  bir daha təsdiqləmişdir.  Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olmuşdur.

Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Artıq sayca 60-cı olan əfv sərəncamının imzalanması da ölkəmizdə insan hüquq və azadlıqlarının dövlətin diqqət mərkəzində saxladığı priroritet sahələrdən birinə çevrilib. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb.

Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında