Son aylar Azərbaycanda manatın devalvasiyasının şahidi olduq. Bunun da səbəbi təbii ki, elə belə deyil. Məsələnin kökü xaricdən gəlir. Çünki, dünyada baş verən geotrateji dəyişikliklər, siyasi gərginlik, iki böyük qütbün-ABŞ, Avropa və tərəfdarları ilə Rusiya və dəstəkçilərinin konflikti, İŞİD adlı bədheybət terror təşkilatının Suriya və İraqda dağıdıcı qüvvəyə çevrilməsi, Ukraynada baş verən siyasi böhran və digər proseslər neftin ucuzlaşmasına səbəb oldu. Bu isə iqtisadi cəhətdən zəif və inkişaf etməkdə olan ölkələrə daha çox təsir etdi.
Azərbaycan da inkişaf etməkdə olan ölkədir və nəinki Cənubi Qafqazda, həmçinin Yaxın və Orta Şərqdə inkişafına görə liderdir. Hər il ölkəmizdə keçirilən beynəlxalq forumlar, idman turnirləri buna əyani sübutdur. Yəni Azərbaycan etibar edilən, siyasi cəhətdən sabit, iqtisadi cəhətdən hazırlıqlı ölkədir. 2015-ci ildə baş tutan birinci Avropa Oyunları kimi nəhəng tədbirə ev sahibliyi etməyimiz bunu bir daha sübut etdi. Lakin gəlin görək bu inkişaf kimlərə sərf etmir və hansı qüvvələr Prezident İlham Əliyevin ölkəni çiçəkləndirmək üçün qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasına əngəl törətmək üçün çalışır.
Əlbəttə, dəqiq deyə bilərəm ki, ümumi düşmənimiz Ermənistan və tərəfdarlarının məqsədi birdir: Azərbaycan parçalansın, dövlətimiz olmasın, ərazisi digər ölkələrin arasında bölüşdürülsün. Yəni bu, uzunmüddətli bir strategiyanın tərkib hissədir - desəm, yanılmaram. Bəs niyə bəzi məmurlar bundan örnək götürmək əvəzinə, əksinə, xalqla dövlətin arasında süni narazılıq yaratmağa çalışırlar ? Niyə dövlət başçısının onlara göstərdiyi etimadı doğrultmurlar ? Niyə xalqın narahatlıqlarını anlamır, süni bahalaşma yaradan işbazlara qarşı ciddi tədbirlər görmürlər? Çox təəssüf ki, bəzi məmurlar da inhisarçılığa qarşı mübarizə aparmaq istəmirlər. Yalnız Prezidentin müdaxiləsindən sonra hərəkətə keçirlər. Yəni hər bir məmur öz qarşısında duran vəzifəni dərk etməlidir. Əks halda qanun qarşısında cavab verməlidir. Bunu dövlət başçımız dəfələrlə çıxışlarında bildirmişdir. Prezidentin tapşırıqlarına əməl etməyənlərin, xalqın maraqlarının təmin edilməsinə xidmət etməyənlərin aqibətini də görürük. Bundan nümunə götürmək lazımdır. Artıq bir neçə ildir ki, Azərbaycan həm regionun, həm də dünyanın diqqət mərkəzində olan ölkələrdən biri hesab olunur. Baxmayaraq ki, bizim Qarabağ böyüklüyündə dərdimiz, ağrımız var. Milyondan çox qaçqınımız, məcburi köçkünümüz var. Lakin, Azərbaycan bu gün öz yolu ilə gedir. İnkişafa doğru irəliləyir. Bütün bunların hamısının kökündə ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyası dayanır. Qətiyyətlə deyirəm ki, ümummilli liderin o zaman hakimiyyətə qayıdışı olmasaydı, Azərbaycanda bu siyasi stabillik, bu inkişaf olmayacaqdı. Məhz onun cızdığı inkişaf xəritəsi Azərbaycanı uğurdan- uğura apardı. Bu gün də o xəritənin bəhrəsini görürük. Biz bu xətti qorumağa çalışmalıyıq. Prezident İlham Əliyev bütün əzmi və inamı ilə bu xətti, bu strategiyanı davam etdirir. Ölkə rəhbəri bütün qərarlarında, çıxışlarında xalqın yanında olduğunu, xalqı narazı salmağa çalışan kim olur olsun, cəzadan yaxa qurtara bilməyəcəyini qeyd edir.
Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirdi ki, Azərbaycanda keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Ölkəmiz inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Dövlət başçımızın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər.
Sual olunur, niyə cənab Prezident ictimaiyyətə üz tutdu? Dövlət başçısı göstərdi ki, o, xalqla bir mövqeni bölüşür. O, süni bahalaşma hallarına, bəzi məmurların özbaşınalıqlarına, inhisarçılığa, qeyri-neft sektorunun inkişafı ilə bağlı narahatlıq yaradan məsələlərə toxunaraq bildirdi ki, burada ictimai nəzarətin gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib ki, güclü ictimai nəzarət olmasa, dövlətimiz uğurlara imza ata bilməz. Yəni bu, zamanın tələbidir. Bəzi iş adamları və məmurlar anlamalıdırlar ki, belə çətin günlərdə, manatın ucuzlaşmasını bəhanə gətirib əhalinin narahatlığına şərait yaratmaq qeyri-milli düşüncənin göstəricisidir. Milli düşüncə sahibi, dövlətinə, xalqına bağlı şəxs belə çətin vəziyyətlərdə öz iradəsini ortaya qoymalıdır və dövlətin, cənab Prezidentin yanında olmalıdır.
Dövlət başçısı son iclaslarında qəti şəkildə bəyan etdi ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun və vətəndaş - məmur münasibətlərində şəffaflığın təmin edilməsi məqsədilə xidmətlərin asanlaşdırılması, süni qiymət artımına qarşı mübarizənin sərtləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, dövlət vəsaitlərindən istifadədə nəzarətin gücləndirilməsi təmin edilməlidir.
Dövlət başçısının toxunduğu vacib nüanslardan biri də sərt qənaət tədbirlərinə keçid, idarəetmədə təkmilləşdirmə işlərinin sürətləndirilməsi ilə bağlı idi ki, burada bir-birini təkrarlayan oxşar qurumların ləğvi və birləşdirilməsi nəzərdə tutulur. Büdcə vəsaitlərindən qənaətlə istifadəni təmin edəcək daha bir tapşırıq açıq tikinti tenderlərinin keçirilməsi, tikintilərin yerli şirkətlər tərəfindən aparılması ilə bağlı idi.
Prezident son iclasda bəyan etdi ki, biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu, çox ciddi məsələdir: “Əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə, burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır. Ona görə, müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq, eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada, əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün.
Bu gün sosial şəbəkələrdə bəzi məmurların övladlarının dəbdəbəli həyat tərzi keçirdiyinə dair şəkillər paylaşılır. Sosial şəbəkələr böyük gücdür. Bəzi qüvvələr bu şəkilləri başqa cür yozub xalqa təqdim edirlər və burada məsuliyyəti Azərbaycan dövlətinin üzərinə yıxmaq istəyirlər. Amma anlamırlar ki, dövlət başçısı bu kimi hallara qarşı necə mübarizə aparır. Bəzi məmurlar bu kimi halların yaranmasından qaçmalıdır. Xalqla qaynayıb qarışmalı, ictimai nümunə göstərməlidirlər. Əhalinin qıcıqlandırılmasına rəvac verən hərəkətlərə yol verməməlidirlər. Dövlət başçısı son iclasda yekun nitqində bu məsələyə xüsusi toxunaraq qeyd etdi: Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var – insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq."
Biz əminik ki, dövlətimiz etibarlı əllərdədir. Prezident İlham Əliyevin apardığı siyasət həm Dağlıq Qarabağın işğaldan azad olunmasını yaxınlaşdırır, həm də xalqın sosial-rifahının yüksəlməsini təmin edir. Bizi bütün problemlərdən çıxara biləcək yeganə qüvvə dövlətimizin ətrafında sıx birləşməyimiz və neqativ halların aradan qaldırılması üçün əsl vətəndaş mövqeyi ortaya qoymağımızdır.
Rasim MƏMMƏDOV,
Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin
birinci vitse- prezidenti,
İctimai Nəzarət Koalisiyasının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.