Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq .
Prezident İlham Əliyevin
Azərbaycan Gənclərinin Birinci
Forumunun 20 illiyi münasibətilə ölkə
gənclərinin bir qrupu ilə görüşdəki nitqindən
Bakı, 29 yanvar 2016-cı il
Ölkəmiz beynəlxalq aləmin ən nüfuzlu subyektlərindən birinə çevrilməkdədir. Gənc müstəqil Azərbaycan dövləti dünyanın bütün mötəbər beynəlxalq təşkilatlarında uğurla təmsil olunur və istənilən tribunadan öz haqq sözünü deyir.
Bu uğurlarımızı layiqincə qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir ki, ölkəmizin istənilən nailiyyətində hər bir vətəndaşın xidmətləri vardır. Çünki, ən sadə vətəndaş belə seçki məntəqəsinə gedərək ölkəyə uğur qazandıra biləcək siyasəti dəstəkləyibsə, deməli, nailiyyətlərimizdə onun da payı vardır. Ümummilli liderimiz bu sırada ölkə gəncliyinin üzərinə daha böyük vəzifələrin düşdüyünü qeyd edirdi. Beynəlxalq aləmdə yaranmış indiki mürəkkəb vəziyyətdə, hər bir dövlətin vəzifələrini daha da təkmilləşdirdiyi müasir ictimai-siyasi proseslər fonunda ölkə gənclərinin qarşısında duran vəzifələr də nisbətən konkretləşdirilməli olur. Bu baxımdan Azərbaycan gəncliyinin istənilən addımının yeni şəraitə uyğunlaşdırılması zərurəti ortaya çıxır.
Zaman sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Bu isə xalqımız və gəncliyimiz üçün o qədər də çətin məsələ deyildir. Çünki, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur.
Məlum olduğu kimi, bu Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.
Qazanılmış uğur və nailiyyətlərə baxmayaraq, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. Məhz ona görə də dövlət başçımız bu il yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə gənc nəslin bir qrupu ilə görüşdə ölkə gəncləri qarşısında mühüm vəzifələrin dayandığını qeyd etmişdir. Yeri gəlmişkən, xatırladaq ki, 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumu keçirilmişdi. Milli dövlətçiliyimizin və gənclərimizin həyatında çox əlamətdar hadisə olan həmin forumda Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən edilmişdi.
Gənclərlə görüşdə müstəqillik dövrümüzün ilk illərini xarakterizə edən dövlət başçısı 1991-93-cü illərdə Azərbaycan xalqının üzləşdiyi çətinliklər və diletant siyasətçilərin xalqın başına gətirdiyi bəlalar haqqında əhatəli şəkildə söz açmasının səbəbini bu şəkildə əsaslandırdı: “Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.
Biz bu gün güclü dövlət qururuq. O dövlət ki, dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.
Hələ prezidentliyin ilk illərindən ölkə gəncliyini daha yüksək təhsil almağa çağıran, xüsusən, neft kapitalının intellektual kapitala – insan kapitalına çevrilməsini vəzifə kimi qarşıya qoyan dövlət başçısı gənclərlə görüşdə bu məsələni daha geniş şəkildə qabardır. Bildirir ki, indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir.
Dövlət başçısı qeyd edir ki, xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır. Yəqin, biz hamımız və balaca uşaqlar, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma doğrudan da budur əsas. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək. Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər gəlib onlar üçün infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. Ondan sonra nə olacaq?!”
Prezident cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, dövlətin gənclər siyasətində də ulu öndərin strategiyasının ən kiçik detallarını belə daim yadda saxlayır və onlara gündəlik fəaliyyətində daim yer ayırır. Dövlət başçımız gənclərə inanmaq, onlara etimad göstərmək məsələsində də ulu öndərin prinsiplərinə sədaqət nümayiş etdirir: “Biz təhlükəsizliyi özümüz təmin edirik. Azərbaycanda insanlar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Bu gün Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Gənclər isə əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Hətta sovet dövründə dilimizi, adət-ənənələrimizi, bayramlarımızı qorumuşuq”.
Yeri gəlmişkən, gənclərin milli-mənəvi dəyərlərimizə, xüsusən, milli dövlətçiliyimizə sədaqət ruhunda yetişməsinə zəmin yaradan çoxsaylı nümunələr də mövcuddur. Dövlət başçımız həmin nümunələrdən birini yada salır: “Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava, səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Baxmayaraq ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə, əlbəttə, biz onu qorumalıyıq. Çünki indi başqa risklər, başqa çağırışlar var – qloballaşma, digər kənar təsirlər. Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə, əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət”.
Gənclərdən bəhs edən bu məqaləni ulu öndər Heydər Əliyevin bu fikirləri ilə tamamlayırıq: “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.