ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlıar

Hazırda dünyanın müxtəlif yerlərində səngimək bilməyən münaqişə zonalarında gərginlik davam etməkdədir. Bu münaqişələr zamanı günahsız insanlar öldürülür, dinc həyat tərzi pozulur, əhali öz isti ocaqlarından didərgin salınır. On minlərlə miqrant  canını qorumaq üçün dünyanın müxtəlif ölkələrinə üz tutub. Onların bir qismi gah dənizlərdə suya qərq olur, gah da yollarda tələf olur.

Bu gün Avropa artıq miqrantlar məskəninə çevrilib. Müasir dünyanın nizamını pozan siyasi münaqişələr əsasən ayrı-ayrı sivilizasiyalardan olan dövlətlərin hərbi, iqtisadi güclərini bir-birindən daha üstün  olduğunu sübuta yetirmək, millətlərarası qurumlara nəzarət etmək və eləcə də  öz siyasi, dini dəyərlərini yeritmək üstündə gedir. Bu da on minlərlə günahsız insanın  qətli, şəhərlərin, kəndlərin, tarixi–mədəni abidələrin dağıdılması ilə nəticələnir.

Son illər tam cəzasız qalan və bundan istifadə edərək, quduzlaşan bir çox terror qrupları sülh və sabitliyə ciddi təhlükə yaratmaqla siyasi münaqişələri daha da alovlandırırlar. Bir çox hallarda beynəlxalq birlik tərəfindən tanınmış dövlətlərin ərazi bütövlüyünün pozulması və nüfuzlu beynəlxalq təşkilatların belə özbaşınalıqlara biganəliyi də siyasi münaqişə ocaqlarında gərginliyi getdikcə artırır.  Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına biganəlik nüfuzlu beynəlxalq qurumlara olan inamı getdikcə azaldır. Artıq belə qurumlara qarşı, haqlı olaraq, insanlarda inamsızlıq yaranıb. Dünyada terrorizmin baş alıb getməsi və bu bəlaya qarşı ciddi mübarizənin aparılmamasının və ya ikili standartların mövcudluğunun acı fəsadları bu gün göz qabağındadır.

Dünyada mövcud olan ikili standartlardan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizin ərazi bütövlüyü beynəlxalq aləm tərəfindən tanındığı halda, 24 ildən artıqdır ki,  torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 miyondan artıq soydaşımız  qaçqın və məcburi köçkün halına düşmüşdür. BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə 4 qətnaməsi var. Bu qətnamələrə görə, Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmalıdır. Lakin Ermənistan buna əməl etmir.

Bu münaqişə 1992-ci illərin əvvəllərindən başlayaraq,  beynəlxalq əhəmiyyətli problemə çevrilib. Lakin münaqişənin nizamlanması istiqamətində beynəlxalq birliyin qətiyyətli  addımının şahidi olmamışıq. Münaqişənin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun “fəaliyyəti” isə yalnız turist gəzintilərindən fərqlənməyən vaxtaşırı səfərlərdən və söz yığınından ibarət olan mənasız bəyanatlardan ibarətdir.

Ötən illərə nəzər yetirdikdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona dəfələrlə səfərlər etdiyinin şahidi oluruq. Amma bu səfərlərin hansı biri öz mahiyyətinə görə yadda qalıb?  Nəticəsi olmayan belə səfərlər həmin quruma həmsədrlik edən dövlətlərin başçılarını da narahat etmir. Artıq  Minsk qrupunun fəaliyyətsizliyi göz qabağındadır.

Diqqət yetirin: 1992-ci ildən–2015-ci ilə qədər ATƏT-in Minsk qrupuna 6 ölkədən ümumilikdə 28 nəfər həmsədrlik edib: İtaliya - 1 nəfər; İsveç - 1 nəfər; Finlandiya - 1 nəfər; ABŞ - 10 nəfər; Fransa - 8 nəfər; Rusiya - 7 nəfər. Ancaq bunun da bir faydası olmayıb. Bir-birini əvəz edən həmsədrlərin nümayəndələri sanki sözləşiblərmiş kimi, ikili standartlardan əl çəkmir, erməni lobbisinin sifarişlərini yerinə yetirir və bu vaxta qədər bir dəfə də olsun  işğalçını  öz adı ilə çağırmayıb. Əksinə, münaqişənin nizamlanması ilə əlaqədar digər qurumlar  səy göstərmək istəyəndə və bu məsələni gündəmə gətirmək istəyəndə ATƏT-in Minsk qrupu dərhal buna etiraz edir və özlərini elə göstərirlər ki, sanki dünyada bu qurumdan başqa  təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin adını çəkə bilməzlər.

Ümumiyyətlə, yarandığı vaxtdan bu günə qədər ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, bunlar yalnız kağız üzərində qalıb. Belə bəyanatlar və qəbul edilən sənədlər görüntü xatirinə ortaya çıxarılıb və ATƏT-in Minsk qrupu, guya, münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərdiyini sübut etmək istəyir. Fakt isə faktlığında qalır: İndiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb, bir tərəfdən, Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsidirsə,  digər tərəfdən beynəlxalq təşkilatların qarşılıqlı güzəşt prinsipini üstün tutması, ikili standartlar nümayiş etdirməsi və millətlər arasında ayrı-seçkilik yaratmasıdır. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır,  işğalçılıq siyasətini davam etdirir, atəşkəsi demək olar ki, hər gün pozur, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə qəbul etdirməyə çalışır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin zaman-zaman  qəbul etdikləri qərar birmənalı şəkildə  Azərbaycanın dövlət maraqlarına  və suverenliyinə zidd olub. Sanki unudurlar ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu həddə çatması belə məsuliyyətsizliyin nəticəsidir. Bir sıra faktlara diqqəti cəlb etmək istərdik: 1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbuledilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan təklif irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. “Ümumi dövlət” prinsipi  münaqişənin nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı,  həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən “ümumi dövlət” ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dirəndi. Lakin buna baxmayaraq, yenə də öz fəaliyyətsizliklərindən və ikili standartlarından, kimlərinsə sifarişlərini yerinə yetirməkdən əl çəkmədilər.

1999-cu ildə ATƏT-in İstanbul Zirvə toplantısında  Azərbaycan öz ədalətli mövqeyini dünyaya bəyan etmək üçün mühüm addımlar atdı. ATƏT üzvü olan dövlətlərin, demək olar ki,  hamısı, Ermənistan istisna olmaqla, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın bütün əhalisinin (buraya ərazidə yaşayan azərbaycanlılar da daxildir) təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində həllinin mümkünlüyünü təsdiqləyiblər. Ermənistan isə ilk dəfə məhz bu sammit zamanı beynəlxalq birliyin ciddi təpkisi ilə qarşılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı.

İstanbul sammitində qəbul olunmuş bəyannamənin 20 və 21-ci maddələri tamamilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu və burada sülh prosesinin davam etdirilməsinin zəruriliyi qəti şəkildə bildirilirdi. Bundan sonra da Minsk qrupu  qətiyyətli mövqe nümayiş etdirmədi.

ATƏT-in müəyyənləşdirdiyi hüquqdan doğan 10 təhlükəsizlik prinsipinin hamısı– suverenliyə hörmət, silahlı qüvvələrdən istifadə etməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələrin dinc yolla həlli, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquq və azadlıqlarına hörmət etmək, millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət, dövlətlər arasında əməkdaşlıq, beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi bu gün də Ermənistan tərəfindən  kobud surətdə pozulur.

Azərbaycan tərəfi ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın, ilk növbədə, sülh variantına üstünlük verdiyinə sübutdur. Çox təəssüf ki, ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in Minsk qrupuna olan ümidləri də heçə endirir. Əslində isə, inkişaf etmiş dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istiqamətində qəti addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməli idilər.

İki il əvvəl–Azərbaycanın hava məkanını pozan Ermənistan silahlı qüvvələrinə məxsus helikopter Azərbaycan Milli Ordusu tərəfindən vurularkən ATƏT-in Minsk qrupunun  üzvləri yenə də öz riyakarlıqlarını və münaqişənin nizamlanmasından çox, uzadılmasında maraqlı olduqlarını verdikləri bəyanatla bir daha təsdiqlədilər. Bu hadisə ilə bağlı bir həftə ərzində  təəccüb və təəssüf doğuran 2 bəyanat verən ATƏT-in Minsk qrupunun  bəyanatlarında helikopterin  vurulmasının əsas səbəbi göstərilməmişdi.  Həmçinin Ermənistana məxsus hərbi  helikopterin hansı razılaşma və ya hansı beynəlxalq hüquq prinsipi əsasında Azərbaycan ərazisinə daxil olması bildirilməmişdi. Bundan əlavə. bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, ATƏT-in Minsk qupu Azərbaycanın həmin ərazisini “neytral ərazi” adlandırmışdı. Qurumun həmsədrlərinin hərbi helikopterin “neytral ərazi”də vurulması barədə açıqlaması Azərbaycanın suveren hüquqlarına, beynəlxalq normalara zidd olmaqla yanaşı, Minsk qrupu həmsədrlərinin mandatına uyğun olmayan, konfliktin kəskinləşməsinə xidmət edən bir açıqlama idi. Onu da qeyd edək ki,  Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonu ərazisində baş vermişdir. Ağdam rayonunun işğalı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib. Bu qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz, tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilir. Həmin sənəddə güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır.

ATƏT-in Minsk qrupu 22 yanvar 2016-ci il tarixli açıqlaması ilə iç üzünü bir daha ortaya qoydu.  Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilmişdi. Bunlardan biri Robert Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” layihələri idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin layihə ilə tanış olan kimi dərhal sərt mövqe bildirməsi, onların münaqişənin nizamlanmasında maraqlı olmamasından irəli gəlmişdir.

Əslində, Minsk qrupu həmsədrlərinin belə sərt mövqe nümayiş etdirmələri  ilk dəfə deyildi. Qurumun  nümayəndələri  AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə “müdaxiləsi”ni az qala yolverilməz sayır və ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasında  “yeganə format” olduğunu bildirirlər. Onlar iddia edirdilər ki, guya,  hansısa kənar qüvvə və qurumun bu münaqişəyə marağı Minsk qrupunun mandatına xələl gətirəcək. Uzun illərdir vasitəçilik işində heç nəyə nail ola bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, gözdən pərdə asmaq üçün mənasız bəyanatlar verməsi, boş-boşuna səfərlər etməsi çoxdan bu qurumun çürüklüyünü, qərəzli olduğunu və roldan–rola girdiyini göstərib.

Prezident İlham Əliyev bu günlərdə  Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini  sərt tənqid etmişdir: “Minsk qrupu həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır”.

Dövlət başçısı bildirmişdir  ki, onlar nəinki işğalçı Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Vasitəçilərin təxribatçı fəaliyyəti Avropa Şurasındakı son dinləmələrdə də özünü göstərib. Minsk qrupu həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirən Prezident İlham Əliyev qeyd etmişdir ki, münaqişənin həll olunmamasında onların böyük rolu var. Vasitəçilərin ikili standartlar yürütdüyünü deyən Prezident İlham Əliyev bunun səbəbini açıq bəyan etmişdir: “Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir”.

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan xalqı və dövləti heç vaxt torpaqların işğalda qalması ilə barışmayacaq:"Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq".

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında