Gənclər, əlbəttə ki, cəmiyyətimizin fəal üzvü kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Gənclər siyasəti Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmizin dövlət maraqlarını, milli-mənəvi dəyərlərimizi müdafiə edən gənclər ordusunun yaranması, intellektual gəncliyin, bəşəri və milli dəyərlərə sahib gənclərin formalaşdırılması siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirənlərin dövlət idarəçiliyindəki naşılığı digər sahələrdə olduğu kimi, gəncliyin də inkişafına mənfi təsirini göstərmişdir. Ölkədə baş alıb gedən anarxiya və özbaşınalıq gənclərin fərariliyinə və digər qanunsuz əməllərinə zəmin yaratmışdı. Məhz bu baxımdan ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığının təmin edilməsi, onların ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması üçün vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurəti yaranmışdır. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu proseslərin inkişafı yeni mərhələyə qədəm qoydu.
Artıq müasir Azərbaycan gəncliyi böyük bir qüvvə kimi ölkəmizin müstəqilliyi və dövlətçiliyi yolunda mütəşəkkil şəkildə təşkilatlanmağa başladı. Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan gəncliyi daha inamlı, mütəşəkkil və qüdrətli qüvvəyə çevrilirdi. Ulu öndər Azərbaycan gəncliyinə böyük inam bəsləyir, gənclərin təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi və digər zəruri məsələləri həmişə diqqətdə saxlayırdı: “Gənclər böyük qüvvədir... Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Gənclər öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, lakin hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”.
Azərbaycanda gəncliyə qayğını artırmaq, onu diqqət mərkəzində saxlamaq məqsədilə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 20 il bundan əvvəl 2 fevral “Gənclər günü” kimi təsis edilmişdir. Ümummilli lider bundan sonra da gəncliyin inkişafı, gənclərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətinda qətiyyətli addımlar atılacağını bildirmiş və onları əmin etmişdir ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.
Bu gün Azərbaycan gəncliyinin inkişafı artıq yeni mərhələyə qədəm qoyub. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərin hərtərəfli biliyə yiyələnmələri, beynəlxalq aləmə inteqrasiyası, onların intellekt səviyyəsinin yüksəldilməsi, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması istiqamətində bütün imkan və səylərdən yararlanmağa çalışır. Gənclərin məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı gənclərə dövlət qayğısının artırılması istiqamətində qətiyyətli addım idi. Bu əhəmiyyətli sənəddə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Proqrama uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək müvafiq sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan etmişdir.
Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı ildən-ilə artmaqdadır. Çünki Azərbaycan dövlətçiliyinin yaşamasında, müstəqilliyimizin əbədi olmasında, müstəqil ölkəmizin daha da qüdrətlənməsində Azərbaycan gənclərinin rolu böyükdür. Bu baxımdan dövlət gənclər siyasəti prioritet sahələrdən birinə çevrilib. Bu siyasət gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
Bu gün Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir və onlar 30-dan çox beynəlxalq platformada təmsil olunublar. Gənclərimiz beynəlxalq əməkdaşlıq sahəsində müxtəlif istiqamətlərdə bir çox layihələrə imza atıblar. Bu da gənclərimizin nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində iştirakına zəmin yaradıb.
Yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bu barədə ətraflı məlumat vermişdir. Dövlətimizin başçısı gənclər siyasətinin əsas istiqamətlərinin 1996-cı ildən müəyyən olunduğunu diqqətə çatdıraraq bildirmişdir ki, həmin il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumu keçirilmişdir: “Ümumiyyətlə, 1996-cı il müstəqil tariximizin xüsusi ili idi. Çünki 1996-cı ildən sonra ölkəmizdə inkişaf dövrü başlamışdır. Sabitləşmə dövrü isə xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra başlamışdır. Ancaq 1996-cı ilə qədər ölkəmizdə gedən proseslər imkan vermirdi ki, ölkə inamla inkişaf dövrünə qədəm qoysun. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1996-cı ildən sonra iqtisadi artım başlamışdır, iqtisadiyyatda tənəzzül aradan götürülmüşdür, inflyasiyanın səviyyəsi aşağı düşməyə başlamışdır”.
SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanın ilk illər üzləşdiyi ağır və dözülməz vəziyyət barəsində məlumat verən ölkə rəhbəri demişdir ki, 1991-ci ildə Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Daha doğrusu, bu vəziyyət ondan əvvəlki dövrdə yaranmışdır. Azərbaycana qarşı erməni iddiaları, torpaq iddiaları və Sovet hökumətinin bu məsələdə ermənilərin tərəfini tutması, əlbəttə ki, ölkəmiz üçün böyük problemlər yaratmışdı. Hələ 1980-ci illərin sonlarında Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi komitə yaradılmışdır və faktiki olaraq Dağlıq Qarabağ Azərbaycan tabeçiliyindən çıxarılmışdır. Bu, əlbəttə ki, xalqımıza qarşı məkrli planların tərkib hissəsi, onun başlanğıcı idi.
1993-cü ilə qədər bir-birini əvəz edən hakimiyyət rəhbərləri heç nəyə nail ola bilməmiş, əksinə, daxili qarşıdurmalar, birincilik davası müstəqil respublikamızı daha çətin vəziyyətə salmışdır. O vaxt qarşılaşdığımız problemlərdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur: “Çünki siz gənclər, təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər”.
Dövlət başçısı qeyd etmişdir ki, parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq, parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan, əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq-mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi: “Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə-1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası “cəsarəti” artıq aradan getmişdir”.
Sonradan xalqın təkidi ilə müstəqil Azərbaycana rəhbərlik edən ulu öndərin məntiqli daxili və xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmə inteqrasiya olundu və tədricən dünyada söz sahibinə cevrildi. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atıldı. Bu siyasətin uğurlu davamı Azərbaycanı dünyanın nüfuzlu beynəlxalq qurumlarının fəal üzvlərindən birinə çevirib. Bu gün qarşıda duran prioritet məsələlərin vacibi işğal altında olan torpaqlarımızın azad olunması, öz yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qaytarılmasıdır. Dövlətimizin başçısı bu şərəfli işdə gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü onların diqqətinə çatdırmışdır: “Dünya gücləri, – təkcə dünya erməniliyindən söhbət getmir, – böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq”.
Azərbaycan Prezidenti ölkəmizin inkişafında gənclərin xüsusi rolu olduğunu xatırladaraq tövsiyə etmişdir ki, gənclər cəmiyyətimizin fəal üzvü kimi , əlbəttə ki, bütün bu işlərdə fəal rol oynamalıdırlar.
Sonra müxtəlif təşkilatlara rəhbərlik edən gənclər çıxış edərək gəncliyin gələcək inkişafı ilə əlaqədar öz təkliflərini bildirmişlər. Azərbaycan Prezidenti təklifləri yüksək dəyərləndirərək, bunlara baxılacağını bildirmiş, onlara uğurlar arzulamış və gənclərin ölkənin inkişafında bundan sonra da öz dəyərli sözlərini deyəcəklərinə əminliyini ifadə etmişdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.