BMT-nin Baş Məclisində "Xalqların öz müqəddəratını təyinetmə hüququ"na dair keçirilmiş müzakirələrdə Ermənistan nümayəndəsinin qeyri-konstruktiv mövqeyi üzv dövlətlərin ciddi narazılığına səbəb olmuşdur

Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyindən bildirmişlər ki, noyabrın 1-də və 3-də qurumun Baş Məclisinin sosial, humanitar və mədəni məsələlər üzrə komitəsində "Xalqların öz müqəddəratını təyinetmə hüququ" üzrə müzakirələr keçirilmişdir. Müzakirələrdə, Azərbaycan da daxil olmaqla, 37 üzv dövlətin nümayəndəsi çıxış etmişdir.
Çıxışların əksəriyyətində xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə ərazilərinə, xarici hərbi işğal, əsarət və istibdad altında olan xalqlara şamil edilməsi qeyd olunmuşdur.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev çıxışında bu hüququn qeyri-düzgün və kobud təfsiri hallarına yol verildiyini qeyd etmişdir. T.Musayev bunun bariz nümunəsi kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını vurğulamışdır. Diplomat beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması baxımından beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyini bildirmişdir.
Çıxış edən üzv dövlətlərin nümayəndələri sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli ayrılma kimi təfsir edən yeganə dövlət Ermənistan olmuşdur. Azərbaycana qarşı ərazi iddialarına haqq qazandıran Ermənistan nümayəndəsi öz ölkəsinin növbəti dəfə BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsizliyini nümayiş etdirmişdir. Bu cür təcavüzkar və qeyri-konstruktiv mövqe üzv dövlətlərin haqlı narazılığına səbəb olmuşdur.
Buna cavab olaraq Azərbaycan nümayəndəsi Ermənistanın iddia etdiyi "öz müqəddəratını təyinetmə hüququ"nun BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiq etmək kimi qiymətləndirildiyini xüsusi vurğulamışdır. T.Musayev demişdir ki, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etmiş, azərbaycanlılara qarşı kütləvi şəkildə etnik təmizləmə həyata keçirmiş və Azərbaycan ərazisində qondarma separatçı qurum təsis etmişdir. Beynəlxalq miqyasda bu qurumun qeyri-qanuni şəkildə fəaliyyət göstərməsi ilə bağlı dəfələrlə bəyanatlar səsləndirilmişdir. Hazırda heç bir dövlət bu separatçı qurumun müstəqilliyini tanımır. T.Musayev demişdir: "Biz hesab edirik ki, Ermənistanın mövqeyi münaqişənin həlli prosesinə açıq-aşkar maneə yaratmaqla yanaşı, beynəlxalq və regional sülh və təhlükəsizliyə başlıca təhdiddir."
T.Musayev bildirmişdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, beləliklə də insanlıq əleyhinə cinayətlər, hətta soyqırımı törətməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Sonda diplomat demişdir ki, davamlı sülh və sabitliyin bərqərar edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının qeyri-qanuni işğalına tezliklə son qoymalı, etnik düşmənçilik siyasətindən və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməli və region dövlətləri ilə sivil əlaqələr qurmalıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında