Mən son zamanlar televiziya vasitəsilə tanış olduğum bir neçə rəsmi tədbirdən sonra bu barədə təəssüratlarımı yazmaq istəmişəm.
Ancaq iş elə gətirdi ki, bu qənaətim yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqini eşidəndən sonra tam qətiləşdi. Çünki mən orada bir daha şahid oldum ki, dövlətimizin başçısı, sözün həqiqi mənasında, ulu öndər Heydər Əliyevin milli dövlətçilik və vətənpərvərlik istiqamətli siyasətinin ən kiçik nüanslarını belə uğurla davam etdirir.
Ona görə bu qənaətə gəldim ki, cənab Prezidentin həmin konfransdakı nitqi başdan-ayağa Azərbaycan xalqının sosial - rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların daha da sürətləndirilməsini tələb edirdi. Xüsusən, neftin qiymətinin aşağ düşməsindən sonra beynəlxalq aləmdə yaşanan iqtisadi böhranın fonunda Azərbaycan insanının daha az zərər çəkməsi üçün həyata keçirilən tədbirləri alqışladım. Prezident həmin konfransda tələb etdi ki, həm dövlət qurumları, həm də sahibkarlar çoxlu sayda yeni iş yerləri yaratsınlar, inhisarçılığa son qoyulsun, indiyədək xarici ölkələrə investisiya yatıran sahibkarlar bundan sonra daha çox Azərbaycan iqtisadiyyatına sərmayə qoysunlar və sair. Ancaq məni daha çox məmnun edən məsələ dövlət başçımızın yerli məhsullara önəm verilməsi istiqamətində səsləndirdiyi tələblər idi. Çünki burada söhbət təkcə iqtisadi amillərdən deyil, həm də sırf vətənpərvərlik prinsiplərindən gedir.
Fikrimi konkret sitatlarla davam etdirməzdən əvvəl başqa bir məqamı yada salım. Mən və yaşıdım olan ziyalılar xarici ölkələrdə olanda daim Azərbaycan, Bakı sözlərinin yaratdığı fərəh, qürur hisslərini yaşamışıq. Xüsusən, müstəqillik illərində. Çox təəssüf ki, son zamanlar üz tutduğumuz dövlət qurumlarında “Azərbaycanda istehsal olunmuşdur”, “Bakıda istehsal olunmuşdur” etiketli mallar əvəzinə xarici avtomobil, xarici mebel, avadanlıq və hətta, ən kiçik əşyalardan istifadə olunduğunu görürük. Doğrudur, özümüzdə istehsal olunmayan malların xaricdən gətirilməsinə heç kimin etirazı ola bilməz. Ancaq Allaha şükür ki, indi ölkəmizdə istehsal olunmayan çox az şey var. Bu vəziyyəti xüsusilə qabardan Azərbaycan Prezidenti məsələni çox konkret şəkildə qoydu: “İndi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır".
Dövlət başçısı ölkədə israfçılığın qarşısının alınmasının, büdcə vəsaitindən maksimum səmərəli şəkildə istifadə olunmasının ölkə həyatının bütün sahələrə aid olduğunu söyləyir və öz fikirlərini konkret faktlarla əsaslandırır: “Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə, bax, bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək.
Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular var, dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək”.
Şəxsən mən fəxr edirəm ki, ulu babam Abbasqulu ağa Bakıxanovdan üzü bəri şəcərəmizin bütün nümayəndələrinin daha qüdrətli, daha firavan və daha güclü görmək istədiyi Azərbaycan dövlətinin sürətli inkişafının təmin edilməsi istiqamətində bu gün mühüm addımlar atılır. Bu bir faktdır ki, babalarımızın görmədiyi xoş günləri mən gördüm. Əminəm ki, nəvə-nəticələrimiz Azərbaycanın daha xoş, daha firavan günlərində yaşayacaqlar.
Tofiq BAKIXANOV,
Xalq artisti, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.