Hazırda dünyanın əksər ölkələri maliyyə böhranı burulğanında çapalayır və bu böhrandan xilas yolları axtarırlar. Dünya bazarında neftin kəskin ucuzlaşması maliyyə böhranını daha da dərinləşdirir. Bütün bunlar, təbii ki, Azərbaycana da öz təsirini göstərməkdədir.
Lakin ölkəmizdə insan amili, vətəndaşların həyat səviyyəsinin daim yaxşılaşdırılması, yoxsulluğun azaldılması dövlət siyasətinin prioriteti olduğundan əhəmiyyətli tədbirlər həyata keçirilir, əhalinin qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılır. Son günlər dövlət başçısının bir-birinin ardınca imzaladığı sərəncamlarla əmək haqları, pensiyalar, təqaüdlər, sosial müavinətlər artırılmış və zəruri ərzaq məhsullarının qiymətləri ucuzlaşdırılmışdır.
Xalq tərəfindən böyük razılıqla qarşılanan bu tədbirlər ölkə rəhbərinə olan inamı daha da artırmışdır. Son vaxtlar bir sıra ölkələrdə qarşıdurmaların, kütləvi aksiyaların geniş vüsət aldığı bir vaxtda Azərbaycanda əmin-amanlığın, sabitliyin, “iqtidar-xalq” birliyinin davamlı olması ölkəmizə qarşı qərəzli olan bir sıra beynəlxalq təşkilatlarda ciddi narahatlıq yaradıb. Zaman-zaman “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və “Sərhədsiz Reportyorlar” kimi qərəzli təşkilatların hesabatlarında Azərbaycana qarşı böhtan və sifariş xarakterli bəyanatların verildiyinin dəfələrlə şahidi olmuşuq. Qərbin və Avropanın bəzi aparıcı dövlətlərinin yürütdüyü çirkin siyasətin əsas xüsusiyyətlərindən biri də “demokratiya çağırışları”nı öz dilindən yox, başqalarının dilindən səsləndirərək açıq “təzyiq silahı”ndan istifadə edilməsidir. Onlar bu fəaliyyətlərini həmin qərəzli və oyuncaq təşkilatlar vasitəsilə həyata keçirirlər.
“Freedom House” təşkilatı isə qərəzli sifarişləri yerinə yetirməkdə Qərbin və Avropanın aparıcı dövlətlərinin əlində bir alətə çevrildiyini dəfələrlə təsdiqləyib. Təşkilatın bu günlərdə 195 ölkədə təməl azadlıqların durumu ilə bağlı hazırladığı “2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatı da onun riyakarlığını, kimlərinsə sifarişlərini yerinə yetirdiyini və oyuncaq qurum olduğunu bir daha təsdiqlədi. Diqqət yetirin, hesabatda Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan söz və ifadə azadlığının ən çox pozulduğu on ölkə siyahısına daxil edilib. Gürcüstan və Ermənistan isə qismən azad ölkə kimi qeyd olunub. Hesabatda ikrah və nifrət doğuran bəndlərdən biri də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də “siyasi və vətəndaş hüquqlarına” qiymət verilməsidr. Sənədə görə, Ermənistan kimi, “Dağlıq Qarabağ da qismən azad ərazidir”.
Bu təşkilatın nümayəndələrinə dəfələrlə Azərbaycana gəlməsi, onları maraqlandıran məsələlərlə yerində tanış olmaları barədə təkliflər edilsə də, bundan boyun qaçırmış və ölkəmizə gəlməməkdə israrlı olmuşlar. Gəlmədən, görmədən, “problemlərlə” yerində tanış olmadan okeanın o tayında oturub bu biri tayında baş verən hadisələrlə bağlı yalanla, böhtanla dolu hesabat hazırlamaq, görəsən, hansı demokratiyanın təzahürüdür?
“Freedom House” təşkilatının ermənipərəst mövqeyi və antiazərbaycan dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə bəllidir. Bu təşkilatın islamofobiya xəstəliyinə tutulması və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyası artıq beynəlxaq ictimaiyyətə də məlumdur. Bu əldəqayırma qurumun ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı gerçəkləşən hücumlarına adını müxalifət qoyan bəzi ünsürlərin, hakimiyyəti ələ keçirmək üçün min oyundan çıxan “sapı özümüzdən olan baltaların” və onların nəzarətində olan mətbuat orqanlarının dəstək vermələri “Freedom House”u daha da həyasızlaşdırıb. Xüsusən “Freedom House”un Dağlıq Qarabağı Azərbaycandan ayıraraq “qismən azad ərazi” kimi qələmə verməsi bu təşkilatın ölkəmizə qarşı düşmənçilik münasibətinin və ermənipərəst mövqeyinin bariz nümunəsidir.
Halbuki, dünyanın bütün dövlətləri və mötəbər təşkilatları, o cümlədən, dünyanın ən ali təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib. Hətta, Ermənistanın Dağlıq Qarabağı müstəqil respublika kimi tanımadığı bir halda, özünü insan hüquqlarının “keşikçisi” kimi qələmə verən “Freedom House” beynəlxalq hüquqa hörmətsizlik edərək təzyiq siyasəti yürütdüyünü aydın şəkildə ortaya qoyur və Dağlıq Qarabağı Azərbaycandan ayıraraq “qismən azad ərazi” kimi göstərir.
“Freedom House”un daha bir qərəzi, riyakarlığı və saxtakarlığı özünü onda göstərir ki, təşkilat hesabatında, ümumiyyətlə, azad ölkə olmayan, azad siyasət yürüdə bilməyən, hələ də başqa dövlətin əlaltısı olan Ermənistanı “qismən azad” ölkələr siyahısına daxil edib. “Freedom House” bu hesabatı ilə işğalçı Ermənistanı dəstəkləyərək separatizm və terrorçuluğun müdafiəçisinə, ruporuna çevrilir. Bu faktlar bir daha göstərir ki, “Freedom House” və bu qəbildən olan digər beynəlxalq təşkilatlar, əslində, insan hüquqlarının müdafiəsi üçün deyil, inkişafda olan gənc müstəqil ölkələrə təzyiq vasitəsi kimi yaradılıb.
Sözsüz ki, belə qərəzli və kimlərinsə sifarişlərini yerinə yetirən bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı hər hansı təzyiqləri ilə çox qarşılaşmışıq və bundan sonra da qarşılaşacağıq. Çünki Azərbaycan inkişaf yolunda inamla irəliləyir və bu irəliləyişi də antiazərbaycan dairələr həzm edə bilmirlər. Təbii ki, belə çirkin siyasət Azərbaycanı öz yolundan – müstəqil, dövlət maraqlarına, xalqın milli mənafeyinə əsaslanan siyasətindən döndərə bilməyəcək.
“Freedom House”un mənası “azad ev” deməkdir. Ancaq bu təşkilatın fəaliyyəti, ölkələrə qarşı qərəzli münasibəti və erməni lobbisinin sifarişlərini yerinə yetirməsi qurumun azad təşkilat deyil, başqalarının əlində bir oyuncağa və ya alətə çevrilməsindən xəbər verir. Diqqət yetirin, bu təşkilat bütün hesabatlarında Azərbaycanı daim Ermənistandan aşağı göstərməyə cəhd edir. Bu da qeyri-mümkündür. Çünki hazırda Ermənistan ianələr və yardımlar hesabına yaşayan ölkədir. Əhali yoxsulluq, işsizlik və özbaşınalıqdan cana doyaraq, ölkəni kütləvi şəkildə tərk edib xaricə üz tutur. Azərbaycanda isə tamamilə bunun əksinədir.
Bu təşkilatın Ermənistan kimi bir rejimi, bir milyondan artıq insanı öz doğma ev-eşiyindən didərgin salan işğalçı dövləti qismən azad ölkələr sırasına Aid etməsi onun nə qədər ermənipərəst mövqedə olmasından xəbər verir. Ermənistanın bu gün hansı şəraitdə olduğu beynəlxalq aləmə də bəllidir. Ona görə də Azərbaycanı Ermənistandan aşağı səviyyədə göstərmək heç bir müqayisəyə sığmır. Ermənistanda, ümumiyyətlə, hətta dövlətin, dövlətçiliyin mövcud olduğunu qəbul etmək anormallıqdır. Ermənistan siyasiləri də etiraf edirlər ki, bu gün onların ölkələrində tam kriminallaşmış bir rejim hökm sürür.
“Freedom House”un tarixi haqqında məlumat almağa ehtiyac yoxdur. Dünyada kifayət qədər problemli, insan hüquq və azadlıqlarının pozulduğu ölkələrin bu təşkilatın siyahısında müsbət qiymət alması həmin qurumun keçmişinin və bugününün nədən ibarət olmasından xəbər verir.
Hesabatda Azərbaycanın işğal olunmuş ərazisinin—Dağlıq Qarabağın ayrıca dövlət kimi göstərilməsi bir daha təsdiqləyir ki, həmin təşkilatın arxasında müəyyən maraqlı qüvvələr dayanıb. Həmin qüvvələr bu gün “Freedom House”u Azərbaycan haqqında mənfi rəy yaratmağa sövq edirlər. Müəyyən dairələrin maraqlarına uyğun hərəkət edən, yaxud özlərini bəzi dövlətlərin çətiri altına salan “sözəbaxan” dövlətlərin adları isə hesabatda “qismən azad ölkə” kimi yer alıb və onlar haqqında beynəlxalq aləmdə müsbət rəy formalaşdırmağa çalışırlar. Artıq dünya birliyinə də bəllidir ki, Azərbaycan 1993-cü ildən bəri sivil, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində inkişaf edir. Ölkəmizdə müstəqil mətbuata, azad sözə geniş imkanlar yaradılmış, insan hüquq və azadlıqlarının qorunması dövlətin diqqət mərkəzindədir. Hakimiyyətə qarşı açıq tənqidin olması, kimliyindən asılı olmayaraq, hamının sərbəst şəkildə seçkilərdə iştirak etməsi, elə “Freedom House”un haqqımızdakı qərəzli hesabatının respublikamızda yayılması azad ölkə olmaq demək deyilmi? Görəsən, bu qurumun başbilənləri niyə bu faktı hələ də dərk edə bilmirlər?
Azərbaycan ictimaiyyəti “Freedom House” kimi fəaliyyətini qərəz üzərində quran beynəlxalq qurumların mövqeyinə heç bir halda əhəmiyyət vermir, verməyəcək də. Çünki bu qurumların niyyətinin ölkəmizdə təxribat törətmək, Yaxın Şərq hadisələrini Cənubi Qafqazda təkrarlamaq, ümumilikdə regionu qarşıdurma məkanına, terror yuvasına çevirməkdən ibarət olduğu artıq hər kəsə bəllidir. Azərbaycan müstəqil siyasət yeridərək bugünkü inkişaf mərhələsinə qədəm qoyub. “Freedom House” kimi saxtakar və qərəzli təşkilatın isə “qaranlıq otaqda qara pişik axtarmaq” cəhdi həmişəki kimi bu dəfə də iflasa uğrayacaq.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.