Avropa Şurası Azərbaycanı öz sıralarına qəbul etməklə daha da gücləndi və Qərb dəyərlərini zənginləşdirdi

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Azərbaycan Avropa Şurası dəyərləri xəzinəsinə öz töhfəsini verməyə hazırdır. Bu gün Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, fikrimizcə, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmasından 15 il keçir. 2001-ci il yanvarın 25-də  Avropa Şurasının Strasburqda yerləşən mənzil-qərargahı qarşısında  Azərbaycanın bayrağı qaldırılıb. Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak edib. Ötən müddət ərzində ölkəmizin Avropa Şurası, eləcə də digər nüfuzlu  beynəlxalq qurumlarla əlaqələri daha da möhkəmlənmiş,  ikitərəfli əməkdaşlıq sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Ölkəmizin Avropa Şurasına qəbul edilməsi ərəfəsində AŞPA-nın Monitorinq Komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin bu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilmişdir. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilmiş, ölkəmizin demokratik prinsiplərin inkişafına xüsusi önəm verdiyi, bu istiqamətdə  mühüm irəliləyişə nail olduğu qeyd edilmişdir.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olmuşdur. Hazırda bu proses uğurla davam etdirilir. Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanmışdır.

Azərbaycan-Avropa münasibətlərinin inkişafında ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən  xarici siyasət kursu mühüm rol oynamışdır. Ulu öndərin bu istiqamətdə atdığı addımlar məqsədyönlü olmaqla yanaşı, Azərbaycanın ümumi tarixinə, adət-ənənələrinə və bu regionun geosiyasi xüsusiyyətlərinə əsaslanmışdı. Azərbaycan-Avropa münasibətləri bu gün xarici siyasətimizdə prioritetdir və bu, ölkəmizə həm Avropanın içərisində özünəməxsus yüksək yer tutmaq, həm Avropa dəyərlərini ölkəmizə gətirmək, həm də maraqlarımızı tam şəkildə əhatə etmək məqsədini daşıyan siyasətdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığını, bu qurumlara, xüsusilə də, Avropa Şurasına üzv qəbul olunmasına yüksək dəyər verirdi. Məhz bu baxımdan Heydər Əliyev xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığı prioritet kesab edirdi.

Avropa Şurasını  daha çox  “Avropa dövlətləri ailəsi” adlandırırlar. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra suveren Azərbaycan Respublikasını Avropa dövlətləri ailəsində görmək  hər bir  soydaşımızın arzusu olub. Çünki Azərbaycan belə bir nüfuzlu qurumun üzvü olmaqla, beynəlxalq aləmə inteqrasiya yolunda  yeni mərhələnin əsasını qoyacaqdı. Bütün bunları nəzərə alan ulu öndər gənc müstəqil Azərbaycan Respublikasının Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv olması istiqamətində bütün imkanlardan istifadə etmişdir. Bu, həm də postsovet  siyasi məkanından ayrılmış müstəqil dövlətimizin həyatında mühüm hadisə kimi yadda qalacaqdı.

Uzun müddət totalitar rejim şəraitində yaşayan cəmiyyətimizin Avropa Şurasına inteqrasiyası heç də asanlıqla  başa gəlmədi. Ulu öndərin rəhbərliyi ilə ciddi hüquqi və siyasi islahatların həyata keçirilməsi, respublikamızın demokratikləşmə istiqamətində atdığı qətiyyətli addımlar, insan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar qəbul olunan qanunvericilik aktları və Şərqdə ilk dəfə olaraq ölüm hökmünün məhz Azərbaycanda ləğv olunması bu prosesləri sürətləndirdi. Bu islahatlardan sonra   Avropada, ümumiyyətlə, beynəlxalq aləmdə Azərbaycana olan inam və etibar artdı.

Ulu öndər Azərbaycanın Avropa Şurasına üzvlük naminə fəaliyyətini getdikcə gücləndirmiş, bu yönümdə riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Bu baxımdan 1993-cü ilin ortalarından ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1998-ci il fevralın 10-da isə bu cəzanın tam ləğv edilməsi barədə qəti qərar vermişdir. Qeyd edək ki, insan hüquq və əsas azadlıqlarının qorunması bu qurumun üzv dövlətlər arasında müəyyənləşdirdiyi başlıca tələblərdən biridir. Ölüm hökmünün ləğvi də bu tələblərdən idi. Xatırladaq ki, Avropa Şurasının 1989-cu ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6-cı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, Avropa Şurasının insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək qiymət verdiyinin əyani təzahürüdür. Azərbaycanda ölüm hökmü cəzası ləğv ediləndə həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə bu addımı hələ atmamışdılar.

Respublikanın Avropa Şurasına üzv olma prosesində 2000-ci il xüsusilə ilə yadda qalıb. Söz yox, bu vaxta qədər həmin istiqamətdə yadda qalan qarşılıqlı səfərlər olmuş, Avropa Şurasının müxtəlif nümayəndələri dəfələrlə Azərbaycana səfərlər etmiş, monitorinqlər aparmışdılar. Həmin tarixi günlərə bir daha nəzər yetirdikdə  şahidi oluruq ki, müstəqilliyin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət etmişdir. Xatırladaq ki, respublikamızla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1995-ci il fevralın 3-də Avropa Şurası Parlament Assambleyasının Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul edilmişdir.

1996-cı il iyunun 28-də AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmişdir. İyulun 13-də isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.

1997-ci il oktyabrın 10-11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən ikinci Zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini açıqlamışdır.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar imzalamışdır..

2000-ci ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçisi Jak Bomelin hazırladığı Azərbaycanın Avropa Şurasına üzv olmaqdan ötrü Tövsiyələr Paketi respublika ictimaiyyətinə təqdim edilmişdir. Tövsiyələr Paketini, onu yerinə yetirmək şərti ilə, dövlət başçısı, Baş nazir, Milli Məclisin sədri, aparıcı müxalifət partiyalarının liderləri imzalamışlar. İlkin variantda on yeddi bənddən ibarət olan həmin sənəddə Azərbaycan Respublikasının yaxın gələcəkdə Avropa standartlarına uyğunlaşdırılması məqsədilə yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən, Dağlıq Qarabağ problemi ilə bağlı Avropa Şurasının mövqeyi açıqlanmışdır.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı 14 saylı qətnamə qəbul edilmiş və nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Həmin il yanvarın 25-də isə Azərbaycanın bayrağı Avropa Şurasının mənzil-qərargahı qarşısında qaldırılmışdır.

Ölkəmiz  Avropa ailəsinə daxil olmaqla, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yüksək tribuna əldə etmişdir. Düşünülmüş, məntiqli və milli-mənəvi dəyərlərin müdafiəsi istiqamətində hazırlanmış sənədlər, habelə ölkəmizi narahat edən məsələlərlə bağlı çıxışlar müstəqil dövlətimizi beynəlxalq aləmdə daha geniş şəkildə tanıdırdı. Ermənistan isə getdikcə ifşa olunurdu. 2001-ci il aprelin 24-də AŞPA-nın sessiyasında “Avropanın iqtisadi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsi” mövzusunda keçirilən müzakirələrdə AŞPA-da  Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı xüsusilə yadda qalmışdır. Nümayəndə heyətimizin rəhbəri həmin çıxışında Ermənistanı təkzibolunmaz faktlarla ifşa etmiş, bu ölkənin təcavüzkar olduğunu, işğal etdikləri əraziləri mütəşəkkil cinayətkarlığın mərkəzinə çevirdiklərini diqqətə çatdıraraq demişdir: “Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən biri məhz bizim ərazidədir. “Dağlıq Qarabağ Respublikası” deyilən ərazidə nəinki Azərbaycanın hakimiyyət orqanlarının, bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların da heç bir nəzarəti yoxdur. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin beynəlxalq imici möhkəmləndi, Ermənistanın təcavüzkar siyasəti ifşa olundu. İlham Əliyevin işgüzarlığı, prinsipiallığı və təşəbbüskarlığı nəticəsində Avropada ilk dəfə məhz bu qurum Ermənistanı işğalçı dövlət kimi tanıyan qərar qəbul etdi. 2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının Sədr müavini və Büro üzvü seçilməsi isə Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri oldu. Məhz cənab İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi qısa bir müddətdə AŞPA-da Azərbaycan həqiqətlərini özündə ehtiva edən 30-dək sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır.

Azərbaycanın Avropa Şurasındakı əsas qələbəsi Dağlıq Qarabağ problemi ilə bağlı olub. Qarşılıqlı əməkdaşlığın uğurlu nəticəsi olaraq assambleyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsinə Avropa Şurasının həssas, obyektiv münasibət göstərməsi, bu haqda ayrıca qətnamə  qəbul etməsidir. 1416 saylı bu sənəd Azərbaycanın ən ağrılı məsələsini – Dağlıq Qarabağ problemini bütün real, həqiqi xüsusiyyətləri və nüansları ilə dünyaya çatdırıb.

Azərbaycan Avropa Şurasına üzv olmaqda nəyi qazandı? Yəqin hamı bu fikirlə razılaşar ki, Azərbaycanda həyata keçirilən bütün islahatlara, o cümlədən qanunvericiliyin tam formalaşmasında və Avropa standartlarına uyğunlaşmasında, məhkəmə-hüquq sahəsində əldə edilən nailiyyətlərdə, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafında və demokratik proseslərin formalaşmasında Avropa Şurasının çox ciddi rolu və təkzibedilməz töhfəsi olub. Avropa Şurası ötən müddət ərzində Azərbaycanın milli maraqları ilə bağlı bir sıra önəmli sənədlər qəbul etmiş, çox prinsipial, obyektiv mövqe nümayiş etdirmişdir.

Artıq Azərbaycan Avropa dəyərlərini özündə əks etdirən dövlət olduğunu təsdiqləmişdir. Bu quruma üzv olduqdan sonra Azərbaycan öz dəyərlərini Avropa Şurasının fəaliyyətinə töhfə verdiyini nümayiş etdirdi. Avropada dərk edirlər ki, Azərbaycan Avropa ilə Şərq arasında körpü rolunu oynayır. Hazırda  Azərbaycan  bu qurumun müxtəlif institutları ilə sıx əməkdaşlıq edir və ölkəmizin Avropa Şurasının fəaliyyətini əks etdirən proseslərdə iştirakı daimidir.

Hazırda Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanmışdır. Avropa Şurasında bu günə qədər əldə edilən uğurlar və Azərbaycanın Avropaya inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilat ilə əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında