Ölkəmizdə manatın son devalvasiyası nəticəsində yaranan süni bahalaşma hallarının, inhisarçılığın qarşısının alınması məqsədi ilə müvafiq qurumlara tapşırıqlar verən Azərbaycan Prezidenti İlham Əliyev bununla yanaşı, əmək haqlarının qaldırılması ilə bağlı sərəncam da imzaladı. Cənab Prezidentin bu yöndə həyata keçirdiyi islahatlar və imzaladığı sərəncamlar əhali tərəfindən müsbət qarşılandı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun icraçı direktoru Oktay Səmədovla söhbətimizdə bu mövzu ətrafında danışdıq.
Azərbaycanın həm regionun, həm də, dünyanın diqqət mərkəzində olan ölkələrdən birinə çevrildiyini deyən O. Səmədov Dağlıq Qarabağ kimi böyük probleminin, milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanın Yaxın və Orta Şərqin ən inkişafda olan ölkələrindən biri kimi tanındığına diqqət çəkdi: “Lakin müasir dövrdə yaşanan bütün problemlərə, dünyada baş verən iqtisadi böhran, siyasi gərginlik, neftin qiymətinin sürətli enişi və bunun təsiri nəticəsində manatın məzənnəsinin aşağı düşməsi bizim sülh və sabitlik adası hesab edilən ölkəmizdən də yan keçmədi. Bəzi işbazlar bundan istifadə edərək qiymətləri kəskin şəkildə artırdılar. Əhalinin narahatlığını nəzərə alan Prezident məsələyə müdaxilə etdi və bir sıra sahələrdə qiymətlər əvvəlki vəziyyətinə endirildi və əmək haqları artırıldı.”
Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən sonuncu müşavirədə inhisarçılığa qarşı mübarizənin daha da kəskin formada aparılması tələbi irəli sürdüyünü, süni bahalaşma yaradan şirkətlərin cəzalandırılacağını bəyan etdiyini, qeyri-neft sektorunun inkişafının əsas hədəf kimi götürülməsi, insanların sosial müdafiəsinə diqqətin artırılması kimi tapşırıqlar verdiyini xatırladan icraçı direktor çətinliklərin tezliklə aradan qaldırılacağına insanlarda inam olduğunu bildirdi: “Biz bu qənaətə təsadüfən gəlməmişik. Bildiyiniz kimi, Bilik Fondu məhz əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir. Dövlətin yürütdüyü siyasətin, aparılan sürətli islahatların zamanla müsbət nəticələr verəcəyini insanlara daha dəqiq, obyektiv çatdıranda onlar olduqca müsbət reaksiya verirlər. İstənilən mərhələdə dövlətin, dövlətçiliyin, Prezidentin yanında olduqlarını deyirlər. Prezident müşavirədə bildirdi ki, əmək haqlarının bu il növbəti dəfə artacağı istisna edilmir. Dövlət daim təhsil işçilərinə qayğı göstərir, müəllimlərin sosial problemlərinin həlli istiqamətində proqramlar hazırlanır, elə bir il yoxdur ki, həmin il əmək haqları artırılmasın. Bu islahatlar insanların sosial rifahlarının yaxşılaşması ilə nəticələnir. Hər il çoxlu sayda möhtəşəm mədəni, iqtisadi tədbirlərə ev sahibliyi edən Azərbaycan, sözün həqiqi mənasında, dünyanın diqqətini cəlb edən ölkələrdəndir. Dövlətimiz elmə, təhsilə xeyli vəsait xərcləyir. Yüzlərlə gəncimiz hər il xarici ölkələrə təhsil almağa göndərilir. Artıq təhsil və elmi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi müsbət ənənə halını alıb. Bunların hamısı insan kapitalının inkişafını təmin edir. Bu gün bizə ən çox lazım olan məhz insan kapitalıdır. Dünyanın güclü dövlətləri bu zirvəyə intellektual insan resurslarını inkişaf etdirməklə çata biliblər. Biz də həmin yolu gedirik.
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun sonuncu toplantısında iştirakından danışan O. Səmədov dövlət başçımızın forumun rəsmi saytında yazdığı məqaləsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, İlham Əliyev həmin məqaləsindəki arqumentlərlə bir daha bəyan etdi ki, dünyada yaşanan iqtisadi tənəzzül Azərbaycana nə qədər ağır təsir etsə də, hökumət xalqını bu vəziyyətdən məharətlə çıxarmaq gücündə və əzmindədir: “Prezident məqaləsində sosialyönümlü infrastruktir layihələrdən geniş söz açıb. Bildirib ki, Azərbaycan bu layihələrini dayandırmayacaq. Prezidenin yazısından bir sitatı diqqətinizə çatdırmaq istərdim: “Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir”.
Prezidentin bu əminliyi vətəndaşların gələcəyə olan inamına böyük dəstəkdir.
Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.