Bu gün dünyada ziddiyyətli siyasi, sosial-iqtisadi proseslər cərəyan edir, Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafiyaya yaxın ərazilərdə illərdir ki, münaqişələr hökm sürür. Ayrı-ayrı böyük dövlətlərin geosiyasi və geoiqtisadi müstəvidə apardıqları rəqabət, güclənən qütbləşmə meyilləri həm region dövlətlərini, həm də dünyanın əksər dövlətlərinin iqtisadiyyatlarını zəiflədir. Bu təhdidlər müstəqil siyasət həyata keçirən dövlətlərin iqtisadi potensiallarına mənfi təsir edir.
Bu mənada Azərbaycan da istisna deyil. Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə dövlət başçımız dünyada və ölkədə baş verən böhran prosesinə belə şərh verib: “2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşmişlər. Neftin qiymətinin düşməsi bu gün də davam edir. Biz 2016-cı ildə də bu prosesi müşahidə edirik. Son bir il ərzində neftin qiyməti 4 dəfə düşmüşdür. Yəni, bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalmışdır. Təsəvvür edin, əgər hər hansı bir ailədə gəlirlər 4 dəfə aşağı düşürsə, əlbəttə ki, o ailədə ailə büdcəsinə yenidən baxılmalıdır. Təbii ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldaq. Buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilmişdir”.
Azərbaycan Prezidenti daha sonra deyib ki, bugünkü müşavirədə veriləcək tapşırıqlar yerinə yetirilərkən həm ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, həm də insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək. İlk növbədə, insanların sosial müdafiəsi məsələləri daim diqqətdə saxlanılmalıdır. Əslində bu, Azərbaycan siyasətinin əsas istiqamətlərindən biri olub. Ölkədə genişmiqyaslı sosial siyasət aparılır. Dəfələrlə bəyan edilib ki, ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi. Bu fikrin təsdiqi kimi onu deyə bilərik ki, ötən 12 ildə Azərbaycanda həyata keçirilən regional və ayrı-ayrı sahələri əhatə edən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. Xatırladaq ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı.
Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyənləşdirdiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olub və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilib, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilib. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynayıb. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulub, əhalinin məşğulluğu və real gəlirləri artıb, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda 1 milyon 400 min yeni iş yeri açılıb ki, bunun da 1 milyonu daimidir.
Yuxarıda qeyd edildiyi kimi, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşib. Bu vəziyyət hazırda respublikamızda da müşahidə olunur. Təəssüf ki, ölkəmizdə yaranan iqtisadi çətinliklərdən sui-istifadə etmək, varlanmaq istəyən iş adamları və işbazlara da rast gəlinir. Bunun qarşısının alınması istiqamətində ölkə Prezidenti səviyyəsində mühüm tapşırıqlar verilib. İqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə dövlət başçımız bununla bağlı deyib: “Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu da sosial təşəbbüsdür. İlk növbədə, biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar”.
Prezident İlham Əliyev iclasda, həmçinin biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün bürokratik əngəllərin aradan qaldırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verib. Hazırda bu istiqamətdə mühüm addımlar atılır. Dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür.
Yeri gəlmişkən, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi və əlverişli mühitin yaradılmasıdır.Bu mənada dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər sahibkarlığın inkişafında mühüm önəm daşıyır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu günədək 30 mindən çox sahibkara 1,7 milyard manat güzəştli kredit verilib və bu kreditlər hesabına 140 mindən çox yeni iş yerinin yaradılması imkanı yaranıb. 2015-ci ildə ölkə üzrə 5 min 230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşməsinə 248,5 milyon manat güzəştli kredit ayrılıb. Kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Dövlət başçısının tapşırığına əsasən atılan addımlar - yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi bu sahənin sürətli inkişafı üçün mühüm addımdır. Bu addımlar ölkəmizdə özəl sektorun yüksək səviyyədə inkişafını təmin edir, yaradılan şərait isə sahibkarlar qarşısında çox mühüm vəzifələr qoyur.
Dövlət başçısı iclasda, eyni zamanda, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məsələsinə də diqqət çəkib. Xatırladaq ki, Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da məhz bu istiqamətdə atılan mühüm addımdır. Həmin sənəddə bildirilir ki, son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənib.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixracyönümlü iqtisadi model əsas götürülərək yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya mühüm məqsəd kimi müəyyən olunub. Bu çərçivədə əsas vəzifələrdən biri qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac imkanlarını genişləndirməkdir.
Sərəncamla qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə Nazirlər Kabinetinə bir sıra mühüm tapşırıqlar verilib.
Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən iclasda geniş özəlləşdirmə proqramının hazırlanması ilə bağlı da müvafiq göstərişlər verildiyini diqqətə çatdırıb: “Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər”.
Ölkə rəhbərinin özəlləşdirmə məsələsinə mühüm önəm verməsi təsadüfi deyil. Çünki Azərbaycanda hələ də dövlətin tam balansında olan kifayət qədər müəssisə, eləcə də qismən özəlləşdirilən müəssisələr qalıb. Belə ki, mütəxəssislərin bildirdiyinə görə, hazırda Azərbaycanda qismən özəlləşdirilən 600-dən artıq səhmdar müəssisə var. Onlarda dövlətin payı bəzən 30 faizədək çatır. Birbaşa beynəlxalq investisiyaların iştirakı ilə həmin müəssisələrin özəlləşdirilməsi aparılsa, bu, Azərbaycana iri valyuta axınını təmin edəcək. Bundan başqa, ölkəyə xarici texnologiyaları cəlb edəcək, yeni iş yerləri yaradacaq və vergi qoyma bazasını genişləndirəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyev iclasda qeyri-neft sektorunun inkişafına bundan sonra da ciddi diqqət yetiriləcəyini vurğulayıb: “İndiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır. Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik”.
Dövlət başçısı qeyri-neft sektorunun inkişafından danışarkən, hazırkı mərhələdə sənayeləşdirmə siyasətinə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayıb. Xatırladaq ki, son illər bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirilib. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi və yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və bu proqramın həyata keçirilməsi üzrə müvafiq Tədbirlər Planı təsdiq edilib. Həmin Tədbirlər Planı sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, sənaye zonaları və klasterlərinin qurulması, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, sənaye sahəsində qanunvericiliyin təkmilləşdirilməsi kimi 5 istiqamət üzrə 61 tədbiri əhatə edir.
Hazırda Dövlət Proqramında qeyd olunan istiqamətlərdə, o cümlədən yeni sənaye müəssisələrinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Belə ki, 2015-ci ildə 250-dən çox sənaye müəssisəsi, o cümlədən Bakıda və Abşeron rayonunda tikinti materialları, elektrotexniki avadanlıqlar, PVC tərkibli yarımfabrikatlar, metal konstruksiyalar və geyim istehsalı müəssisələri, elektrik yarımstansiyaları fəaliyyətə başlayıb.
Sumqayıtda beton məmulatları, tekstil, plastik qablar, karton və texniki avadanlıqlar istehsalı müəssisələri istifadəyə verilib. Regionlarda görülmüş işlər nəticəsində avtomobil zavodunda yeni istehsal xətti, tikiş fabriki, üzlük material, plastik qablar, texniki rezin məmulatları, ayaqqabı, tara, karton, limonad istehsalı, habelə meyvə-tərəvəz, ət emalı, çörək, yem, süd istehsalı müəssisələri istismara verilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə yuxarıda sadalanan məsələlərlə yanaşı, eyni zamanda, ərzaq təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində qarşıda duran vəzifələrdən, bank sektorunun beynəlxalq qaydalara uyğun tənzimlənməsi prosesindən də ətraflı danışıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.