Şriftin ölçüsü:
17.04.2010 07:36 | Oxunma sayı: 376
ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsizdir. Çünki bu qrupun yeganə məqsədi, yəni onun həqiqətən və dönmədən sadiq qaldığı məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təsirli addımlar atmaq deyil, münaqişə zonasında amanabənd barışığa nail olmaqdır. Minsk qrupu yalnız tərəfləri bu münaqişəni sülh yolu ilə həll etməyə çağırır və vaxtaşırı elə sxemlər təklif edir ki, tərəflərin biri həmin sxemləri qəbul, digəri isə rədd edir. Lakin Minsk qrupu variantlar təklif edəndən sonra həmin sxemlərin qəbul edilməsi və yerinə yetirilməsi üçün, necə deyərlər, əlini ağdan-qaraya vurmur. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi də məlum deyil. Münaqişəyə son qoyulub-qoyulmaması məsələsi, əslində Minsk qrupunu maraqlandırmır. Onun üçün əhəmiyyətli olan başqa məsələdir - müharibə yenidən başlanmasın və dünya bazarlarına neft göndərilməsi davam etsin. Vəssalam! Minsk qrupunun əsas məqsədi budur! Başqa sözlə desək, Minsk qrupu sülhün qorunub saxlanmasına xidmət edən "mavi dəbilqəlilərin" xüsusi forması əvəzinə diplomat kostyumları geyinmiş beynəlxalq qüvvələrdir.
Məsələn, ABŞ-a nəzər salaq. Ağlı kəsən hər bir insana aydındır ki, Ermənistan işğal edilmiş Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu azad etməyincə, bundan sonra Azərbaycan Dağlıq Qarabağın iki icmadan ibarət əhalisinə geniş muxtariyyat formasında özünüidarə imkanı verməyincə münaqişə həll edilməyəcəkdir. Üç prinsipin uzlaşdırılması məhz bundan ibarətdir. Əgər Ermənistan Azərbaycan ərazisini tərk etməsə münaqişə həll edilməyəcək və havadan barıt qoxusu əskik olmayacaqdır. Əgər Minsk qrupu münaqişənin həlli üzrə konkret addımlar atmaq əvəzinə, yalnız heç nə ilə təsdiqlənməyən pasifist bəyanatlar verməklə kifayətlənərsə, müəyyən məqamda bu məqsəd də puç olacaq və müharibə yenidən başlanacaqdır. Bunu hamı, o cümlədən ABŞ da bilir. Bu da məlumdur ki, həmsədr ölkələrin iqtisadi və mənəvi dəstəyini hiss etdiyi şəraitdə Ermənistan işğal olunmuş əraziləri heç vaxt azad etməyəcəkdir. Ermənistan yalnız o vaxt ayılacaqdır ki, meydanda tək qaldığını hiss etsin. Əgər həmsədr ölkələr münaqişənin həll olunmasını həqiqətən istəyirlərsə, onlar bu məsələdə Ermənistana "kömək etməlidirlər".
Görün necə vəziyyət yaranır! ABŞ bir tərəfdən münaqişənin həll olunmasını istədiyini bəyan edir, digər tərəfdən - Ermənistanın danışıqlarda indiki qeyri-konstruktiv mövqeyini davam etdirməsini stimullaşdırmaq üçün mümkün olan hər şeyi edir. "Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəliş bu gün "ölü sənəd" olsa da, ABŞ ayrı-seçkilik xarakterli, onun özünü biabır edən bu düzəlişi hələ də ləğv etməmişdir. Görəsən, sağlam düşüncəli hər hansı insan təsəvvür edə bilərmi ki, 1930-cu illərin axırlarında ABŞ Konqresi və ya Britaniya parlamenti nasist Almaniyaya köməyi artırsın və hətta Çexoslovakiyadan yan keçərək Sudet almanlarına birbaşa yardım ayırsınlar, üstəlik, Çexoslovakiyanı cəzalandırmaq üçün onun Sudeti blokadaya alması barədə qətnamə qəbul edilsin? Təəssüf ki, o narahat illərdə ağlasığmaz hesab edilən hərəkətlərə indiki dövrdə yol verilir. ABŞ Ermənistanı yeniləşdirilmiş Madrid prinsiplərini qəbul etməyə razılaşdırmaq üçün təsirli mexanizmlər (sadəcə sözlər yox) tətbiq etmək əvəzinə, ona ilbəil yardım ayırır. Həmsədrlər Ermənistan iqtisadiyyatını canlandırmaqla daşnakların özünə inamını artırır və münaqişənin həllini uzadırlar. Eyni zamanda, Azərbaycan öz vətəndaşları olan hərbi qulluqçuların həyatını riskə məruz qoyaraq Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını davam etdirir. Azərbaycanlı hərbi qulluqçular Kosovoda və İraqda sülhyaratma əməliyyatlarında da iştirak etmişlər. Bu, Azərbaycana lazım idimi? Gəlin etiraf edək ki, o qədər də lazım deyildi - bütün bunlar Azərbaycanın qarşısında duran ümdə məsələlər sırasına daxil deyildir. Bununla belə Azərbaycan öz tərəfdaşlıq borcuna sadiqdir. ABŞ isə bunu başa düşmür və belə hesab edir ki, guya Azərbaycan belə də etməli idi - for granted.
Dağlıq Qarabağ ermənilərinə birbaşa yardım göstərilməsi ilə əlaqədar bu demarş nəyə gərəkdir? Azərbaycan özü də bu diyarı cənnətə çevirməyə və elə etməyə qadirdir ki, onun sakinlərinin heç nəyə ehtiyacı olmasın. Bunun üçün nə lazım olması hamıya məlumdur: Dağlıq Qarabağın sakinləri özlərini ən azı formal cəhətdən Azərbaycan vətəndaşları olduğunu etiraf etməlidirlər. Əgər amerikalılar Bakıya məhəl qoymadan Dağlıq Qarabağ ermənilərinə birbaşa maliyyə yardımı göstərsələr, bununla onlar separatizmi daha artıq dərəcədə şirnikləndirmiş olacaqlar. Axı Bakı Dağlıq Qarabağa yardım göstərilməsinə heç vaxt etiraz etməmişdir, lakin bu halda ən azı formal səviyyədə iki şərtə riayət edilməlidir: 1) Dağlıq Qarabağ ermənilərinə yardım Azərbaycanın bank strukturları vasitəsilə göstərilməli; 2) Dağlıq Qarabağın həmin münaqişədə ermənilərdən qat-qat çox zərər çəkmiş azərbaycanlı icmasına da mütənasib həcmdə yardım göstərilməlidir. Siyasi etika bunu tələb edir, ABŞ isə ona riayət etmir və üstəlik, istəyir ki, ona ehtiram bildirilsin. Əgər amerikalılar bu cür prinsipialdırlarsa, onda ABŞ Konqresi Tbilisidən yan keçərək Cənubi Osetiyaya və Abxaziyaya nə üçün birbaşa maliyyə yardımı ayırmır? Dağlıq Qarabağ əhalisinin üçdə bir hissəsinə heç vaxt bu cür birbaşa yardım ayrılmadığını Konqresdə kimsə xatırlayıbmı? Heç kim! Bəs nəyə görə amerikalılar azərbaycanlı hərbi qulluqçuların Əfqanıstanda keçirilən əməliyyatlarda iştirakını guya belə də olmalı bir fakt kimi qəbul edirlər? ABŞ-da bu suallar barədə nə üçün düşünmürlər? Ancaq düşünməlidirlər!
{nl}
Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.