Ölkə Prezidentinin yeritdiyi siyasətin mərkəzində insan amili dayanır

Azərbaycanda hazırda ümumdünya iqtisadi böhranının fəsadlarının minimuma endirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xatırladım ki,  ölkəmiz uzun illər ərzində özünü bu təzyiqlərdən qoruya və təhlükəli risklərdən vaxtında sığortalana bilib. Başqa sözlə,  Azərbaycan ümumdünya iqtisadi böhranının başlandığı 2008-ci ildən indiki vaxtadək düşünülmüş sosial-iqtisadi siyasət həyata keçirib, qabaqlayıcı təsir mexanizmlərindən istifadə edərək iqtisadi böhranın milli iqtisadiyyata mənfi təsirini minimallaşdırmağa müvəffəq olub.

Lakin son dövrlər neftin qiymətinin kəskin aşağı düşməsi respublikamıza  valyuta axınını xeyli dərəcədə azaltmaqla yanaşı, həm də əvvəlki vasitələrlə özünün maliyyə-iqtisadi sistemini qorumaq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Nəticədə, manatın devalvasiyası qaçılmaz prosesə çevrilib. Buna baxmayaraq, Azərbaycan hökuməti siyasi, sosial - iqtisadi sahələrdə sabitliyi qoruyub saxlamağa, ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirini azaltmağa çalışır. Hətta bütün sosial layihələrin tam şəkildə icra edilməsinə, əhalinin rifah halının aşağı düşməməsinə, bunun üçün yeni müəssisələrin, iş yerlərinin açılması, sahibkarlığın inkişafının stimullaşdırılması və digər tədbirlərin davam etdirilməsinə qərar verib.

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev nitqində dünyada və ölkədə baş verən böhran prosesinə belə şərh verib: “2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda, bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramışdır. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır”.

Dövlət başçısı iclasda, eyni zamanda, bildirib ki, süni qiymət artımının qarşısının alınması üçün ilk növbədə istehlak qiymətlərinə ciddi nəzarət edilməlidir. Azərbaycanda istehsal olunan məhsullara qiymət artımı olmamalıdır. Süni bahalaşmaya son qoyulmalı, burada ciddi cəza tədbirləri görülməlidir. Təkcə cərimələrlə kifayətlənilməməli, prokurorluq orqanları tərəfindən bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı ciddi cəza tədbirləri həyata keçirilməlidir.

Bu gün Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsindəki dəyişiklikdən istifadə edərək süni qiymət artımı və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiqlənmiş birgə Tədbirlər Planına uyğun olaraq, bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Prezident İlham Əliyev iclasda, həmçinin biznes mühitinin yaxşılaşdırılması üçün dövlət qurumlarına tapşırıqlar verib. Bildirib ki, ümumi daxili məhsulun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır, neftdən asılılıq azalır. Bununla belə neftdən asılılıq minimum səviyyəyə endirilməlidir. Yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları iş adamları üçün bütün şəraiti yaratmalıdırlar. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Artıq lisenziyaların, icazələrin sayı azaldılır, bürokratik əngəllər aradan götürülür. Keçən il 5 min 240 sahibkara güzəştli şərtlərlə 250 milyon manat məbləğində kreditlər verilib. Bu il həmin siyasət davam etdirilməlidir.

Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi islahatların aparılmasında israrlı olduğunu bir daha göstərib, mərkəzi icra orqanlarını, habelə bu sahəyə cavabdehlik daşıyan qurumları, eləcə də  yerli icra orqanlarını da islahatların aparılmasında fəallığa çağırıb. Bax, elə buna görə də, fikrimcə, mərkəzi və yerli icra hakimiyyəti orqanları daha da səmərəli işləməli, təşəbbüs göstərməli, necə deyərlər, yuxarıdan göstəriş gözləməməlidirlər.

Yeri gəlmişkən, onu da deyim ki, hazırda nəzərə çarpan bütün  çətinliklərə, problemlərə baxmayaraq, dövlət sosial sahədə nəzərdə tutulan lazımi islahatların həyata keçirilməsində maraqlıdır. Nazirlər Kabinetinin sözügedən iclasında cənab İlham Əliyev  deyib ki, bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artıb. Sosial infrastruktur layihələri icra edilib. Baxmayaraq ki, ölkəmizin gəlirləri azalıb, ancaq bu sahəyə vəsait yönəltmək diqqətdən kənar qalmayıb.  Ötən il 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilib-təmir edilib,  hazırda isə 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi uğurla davam edir. Sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub, onlar icra edilib və cari ildə də icra ediləcək.  Bu il pensiya və əməkhaqlarının qaldırılması nəzərdə tutulur. Artıq bununla bağlı müvafiq qurum tərəfindən müəyyən iş aparılır. Düzdür, hazırda maliyyə böhranı şəraitində bu, ağır prosesdir. Lakin buna baxmayaraq, cənab İlham Əliyev vətəndaşların qayğısına qalmağa mühüm önəm verir. Möhtərəm dövlət başçımız yaxşı bilir ki, Azərbaycanın tərəqqisi, inkişafı üçün ən başlıca amillərdən biri də insanların qayğılarına həssaslıqla yanaşılması, ehtiyaclarına xidmət edən siyasətin aparılmasıdır. Bu gün pensiyaların və əməkhaqlarının qaldırılmasına dair təkliflərin hazırlanması barədə müvafiq qurumlara tapşırıqlar  verilməsi də məhz bununla bağlıdır. Şübhəsiz ki, bundan sonra da sosial təminat və investisiyayönümlü layihələrin reallaşdırılması istiqamətində real addımlar atılacaq.

Həzərxan ƏBİLOV,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Xəzər Rayon Komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında