Azərbaycan xalqı XX əsrin sonlarında ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşaraq milli tariximizin yeni səhifələrini yaratmağa başlamışdır. Həmin tarixin ən şanlı məqamlarından biri də odur ki, dövlətimiz onunla eyni vaxtda suverenlik qazanmış gənc respublikaların hamısına nisbətən daha müstəqil xarici siyasət yürütmək kursu götürmüşdür.
Heydər Əliyev siyasi dühasının məhsulu olan xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən böyük prinsipiallıq, yaradıcılıq və peşəkarlıqla davam etdirilir. Dövlət başçımız bütün beynəlxalq tribunalardan çıxış edərkən qətiyyətlə bəyan edir ki, Azərbaycanın bu gün hamıya məlum olan xarici siyasəti bundan sonra da davam edəcək və biz öz yolumuzdan heç zaman dönməyəcəyik. “Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir” ,- deyən Azərbaycan Prezidenti son iyirmi ildə dost və tərəfdaş ölkələrdən, xüsusən, beynəlxalq təşkilatlardan da bu məsələdə ədalətli mövqe gözlədiyini dəfələrlə bəyan etmişdir. Çox təəssüf ki, biz səmimi münasibət göstərdiyimiz ünvanlardan heç də həmişə bunun qarşılığını görə bilməmişik.
Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda ölkəmizin tutduğu mövqeyi dünya ictimaiyyətinə növbəti dəfə çatdırmaq məqsədilə tərəfdaşlarımıza və bədxahlarımıza xatırladır: “Burada bizim siyasətimiz və mövqeyimiz birmənalıdır. Birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi”. Ancaq fakt ondan ibarətdir ki, bütün bunlara baxmayaraq Qərb siyasətçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın strateji tərəfdaşı olan Azərbaycanın maraqlarını kənara qoyaraq, işğalçı Ermənistanın mövqelərini dəstəkləyirlər.
Bu məsələ ilə bilavasitə bağlılığı olan başqa bir fakt isə ondan ibarətdir ki, beynəlxalq aləmdə kimin necə düşünməsindən, hansı beynəlxalq təşkilatın hansı işğalçı dövlətə himayədarlıq etməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz inkişafında, tərəqqisində və dünya birliyinin nüfuzlu üzvünə çevrilmək əzmini davam etdirməsindədir. Gənc müstəqil Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurası və Avropa Şurasının Nazirlər Komitəsi kimi mötəbər beynəlxalq təşkilatlara sədrliyi reallaşdırması, ölkəmizin “kosmik ailə”nin üzvlüyünə qəbul edilməsi, paytaxtımızın ən mötəbər beynəlxalq təşkilatların dünya miqyaslı tədbirlərinə ev sahibliyi etməsi və bir çox başqa məqamlar məhz yeni əsrin ilk illərindən bəri qazandığımız nailiyyətlərdəndir. 2015-ci ilin yayında dünya idman tarixinə yazdığımız birinci Avropa Oyunları səhifəsi isə respublikamıza daha böyük beynəlxalq nüfuz qazandırmışdır. Bütün bunlar mükəmməl dövlət idarəçiliyinin, xalqın öz liderinə inamının, aparılan köklü islahatların və ən başlıcası, dövlətimiz və xalqımız qarşısında dayanan vəzifələrin yüksək səviyyədə icrasının nəticəsidir.
Maraqlıdır ki, Qərb siyasətçiləri və dövlətləri Azərbaycanın təbii sərvətlərindən bəhrələnərək, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına çalışanda, rəsmi Bakının dostu kimi çıxış edirlər. Ölkəmizin hərtərəfli inkişafından söz düşəndə isə bu tendensiyanı görməzliyə vurur, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Onlar bir çox məqamları “unutduqlarına” görə bir daha xatırlatmaq istəyirik ki, Azərbaycanda çoxsaylı siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, mədəniyyətlərarası forumlar keçirilir. Ölkəmizin paytaxtında Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və Qlobal Bakı Forumu, Beynəlxalq Humanitar forumlar keçirilmişdir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Təbii ki, gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsi təmin ediləcək.
Yəni gənc müstəqil Azərbaycan dövləti bütün dünyaya, ikili standartlardan əl çəkə bilməyən Avropaya da, islamofobiyadan “əziyyət çəkən” Qərbə də açıq ölkədir. Hərçənd artıq dünyada körpə uşaqlara da məlumdur ki, Qərbin ayağı dəyən, siyasəti çatan onlarca ölkə qan-qada, bəlalar, məhrumiyyətlər, aclıq, səfalət və inamsızlıq girdabına düşdüyünə görə həmin dövlətlərdən milyonlarla insan mühacir taleyi yaşamaq məcburiyyətindədir. Qərb dairələrinin qərəzli və məkrli siyasəti nəticəsində bu gün Asiya və Afrika xalqları dünya müharibələri dövründə olduğu kimi, planetin hər tərəfinə səpələnmək zorunda qalıblar. Bütün bu faktların mövcud olduğunu bilən rəsmi Bakının öz qapılarını dünya ölkələrinin üzünə açması, fikrimizcə, bəzi siyasətçilərin öz məramlarını korrektə etməsinə səbəb olmalı idi. Çox təəssüf ki elə deyil. İkili standartlar dünya siyasətçilərinin beynini elə yeyib ki, onları ancaq və ancaq öz maraqları düşündürür. Bəşəri dəyərlər isə ikinci dərəcəli məsələyə çevrilməkdədir.
Beynəlxalq aləmdəki obyektiv düşüncəli insanların fikrincə, Azərbaycanın xarici siyasətlə bağlı düşünülmüş addımları bu ölkənin imicini yüksəldir. Dövlət başçımız həmin tendensiyanın səbəbini bu şəkildə qiymətləndirir: “Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu əlaqələrin inkişafını təmin edəcəyik. Bu, xarici siyasətimizin əsas prinsiplərindən biridir. Biz daha çox ikitərəfli formata üstünlük veririk. Biz görürük ki, ikitərəfli formatda çox böyük nailiyyətlər əldə etmək olar – həm siyasi əlaqələr, həm də iqtisadi investisiya baxımından. Azərbaycanın ikitərəfli formatda heç bir ölkə ilə heç bir problemi yoxdur. Əksinə, biz bütün ölkələrlə çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr, əlbəttə ki, prinsiplər üzərində qurulmalıdır və qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında üfüqi əlaqələr olmalıdır. Biz buna nail oluruq. Bizim həmişə təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə əlaqələrimizdə üstünlük təşkil edir”.
Bəzi Qərb dairələrinə xatırladılmalı başqa faktlar da çoxdur. Məsələn, onlar bilməlidirlər ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyük və güclüdür. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir”. Təbii ki, ikili standart xəstəliyinə tutulmuş siyasətçilər istisna olmaqla.
Prezident İlham Əliyev dövlət başçıları ilə görüşlərində və beynəlxalq təşkilatların tribunasından çıxış edərkən, dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir: “Bunu hamı bilməlidir. Məsələ ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və dünya bunu heç vaxt tanımayacaq”.
Bütün bunlardan sonra qeyd etməyə ehtiyac hiss edirik ki, bir çox ölkə, təşkilat və dövlətlərin ərazi bütövlüyü məsələsində nümayiş etdirdiyi ikili standartlar siyasəti haqlı olaraq Azərbaycanda Qərblə əməkdaşlığın gərəksiz olduğu barədə ictimai fikrin formalaşmasına səbəb olub. Avropanın tanınmış siyasi simalarından olan Uinston Çörçill demişdir ki, bütün başqa sahələrdə variantlar tükənsə də, siyasətdə variantlar, yollar tükənmir. Biz isə əlavə edirik ki, dövlət müstəqilliyinə qovuşandan bəri müstəqil xarici siyasət yürütmək kursu götürmüş Azərbaycanda, ümumiyyətlə, siyasi variantların tükənməsi barədə söhbət gedə bilməz. Bunu Qərb siyasətçilərinin də bilməsi pis olmazdı.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.