Diasporumuz Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Dünya azərbaycanlılarının ancaq bir Vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Buna görə də, ötən illər ərzində diaspor quruculuğu Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilmiş və bu prosesə hərtərəfli dəstək verilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor hərəkatının təşkilatlanma prosesində fəal müstəviyə qədəm qoyması və Azərbaycan həqiqətlərinin dünyada yayılması milli maraqlarımızın müdafiəsində müstəsna rol oynamaqdadır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən diaspor siyasəti Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində əldə olunmuş bütün nailiyyətləri qoruyub saxlayır və inkişaf etdirir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsi üçün bütün dünya ölkələrindəki soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi çətin bir missiyanı üzərinə götürmüşdü. Məhz Heydər Əliyevin məhsuldar fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın  milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, ölkəmizin dövlət quruculuğu prosesində və Azərbayan həqiqətlərinin dünyaya yayılması işində yaxından iştirak etməyə başlamışlar. Buna görə də, diasporun real gücünü yaxşı bilən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın haqq səsini, həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atmış, Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş bölməsi yaradılmışdı.

“Hamımız – siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar iqtisadi cəhətdən daha da möhkəmlənib, yaşadıqları ölkələrin iqtisadi-siyasi həyatında fəal iştirak etsinlər, o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər”,-deyən görkəmli dövlət xadimi bildirmişdi ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına da yardım  etməlidirlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyev diaspor hərəkatının əsasını ötən əsrin 90-cı illərinin  əvvəllərindən etibarən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi zaman qoymuşdu. Ümummilli lider ilk addım kimi 1991-ci il dekabrın  16-da dünya azərbaycanlılarını vahid  məqsəd ətrafında birləşdirmək məqsədilə “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik Gününün keçirilməsi haqqında” qərar qəbul etmişdi. Azərbaycan üçün çox mürəkkəb bir dövrdə belə cəsarətli bir qərar verməklə ulu öndər diaspor kimi mühüm hərəkatın özülünü qoymuşdu. Böyük dövlət xadiminin 1993-cü il ilin ikinci yarısında xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və uzunmüddətli perspektivlərə hesablanmış siyasət  yürüdülməyə başlanmışdı. Dahi liderin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində  xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması dövlətin diaspor hərəkatına verdiyi yüksək dəyərin bariz nümunəsi kimi önə çıxarmaq olar.

Bu gün heç kimə sirr deyil ki, diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız Heydər Əliyev olmuşdu. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Prezident seçildikdən cəmi üç ay sonra, daha dəqiq desək, 1994-cü ilin yanvar ayında Almaniyada yaşayan soydaşlarımızın bir qrupunu qəbul  etməklə böyük bir ənənənin əsasını qoymuş və bu görüş Avropadakı soydaşlarımızın fəaliyyətinə böyük təsir göstərmiş və dövlət-diaspor əlaqələrində yeni mərhələnin başlanmasına təkan vermişdi. Bu məqsədyönlü siyasətin ən yaxşı nümunəsi kimi Prezident İlham Əliyevin timsalında Azərbaycan diasporu artıq daha geniş və əhatəli fəaliyyət göstərir. Formalaşmış və tam təşkilatlanmış diasporumuz indi praktiki işlər görmək mərhələsindədir.

Diaspor Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayır. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsi ətrafında birləşən diaspor hərəkatının güclənməsinə xüsusi diqqətlə yanaşır. Bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən ölkə başçısı xarici səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkir, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirir.

Prezident İlham Əliyev çıxışlarında müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü dəfələrlə vurğulamışdır. Dövlət başçısı Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu mütəşəkkil birləşmiş və onların fəaliyyət dairəsi daha da genişlənmişdir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə də Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü vəzifələrinin həllində yaxından iştirak edəcəkdir.

Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet istiqamətlərdən biri də Xocalı soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılmasıdır. Son 23 il ərzində dünyanın bir neçə ölkəsi bu soyqırımı rəsmən tanıdığını bəyan etmişdir. Bu mühüm prosesdə diaspor təşkilatları fəal iştirak etmişlər. Bu fəallıq xüsusilə də ABŞ-da özünü göstərmişdir. Belə ki, 2010-cu ildə Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdi. Bir il sonra, yəni 2011-ci ildə Texas və Nyu-Cersi ştatları Xocalını soyqırımı kimi tanışmışlar. Latın Amerikası ölkələrində də aparılan fəal təbliğat sayəsində erməni faşistlərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisəsinə siyasi qiymət verilməsi prosesi xeyli intensivləşmişdir. Diaspor təşkilatlarının da dəstəyi sayəsində 2012-ci ildə Meksika Senatı və Kolumbiya Parlamenti, 2013-cü ildə Peru, 2014-cü ildə isə Honduras Xocalı soyqırımına ədalətli mövqe nümayiş etdirmişdir. ABŞ-ın Corciya, Nyu-Meksika, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, İndiana, Arkanzas və Arizona ştatları da Xocalıda erməni vəhşiliyinin baş verdiyini rəsmən tanımışlar. İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla Bosniya və Herseqovina və Çexiya parlamenti də faciəni soyqırımı adlandırmışlar. Göründüyü kimi, təşkilatlanmış və formalaşmış diasporumuz Azərbaycan mənafelərinin qorunmasına yönəlmiş missiyasını uğurla davam etdirir.  

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir və bu istiqamətdə çox məhsuldar fəaliyyət göstərir. 1992-ci ilin fevralında erməni quldurlarının törətdikləri qətliam haqqında geniş məlumat bazası yaratmaqla yanaşı, qanlı faciəni əks etdirən fotoşəkillərin və kitabların dərc olunub yayılması işi də yüksək səviyyədə aparılır. Fondun nəşr etdiyi “Qarabağ həqiqətləri” bukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq, bir çox xarici ölkələrdə yayılmışdır. Heydər Əliyev Fondu müxtəlif layihələr çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı ilə bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçirmiş və ictimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlər xarici vətəndaşlara bu hadisə haqqında obyektiv və dürüst informasiya almalarına imkan yaratmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə təşkil olunan tədbirlərin də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini də vurğulamaq vacibdir. XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayət olduğu vurğulanan belə genişmiqyaslı kampaniyalarda iştirak edən diaspor nümayəndələri də Vətənimizin haqq səsinin yayılması işinə öz töhfələrini verirlər. Təbliğat vasitələrini genişləndirən diaspor fəalları erməni “yalan maşını”na qarşı səmərəli mübarizə aparmaq üçün birgə fəaliyyət göstərir və bu istiqamətdə müəyyən uğurlar da əldə etmişlər.

Diaspor “sosial gücdür” və Azərbaycan belə gücə malikdir. Belə ki, hazırda dünyada 50 milyondan artıq azərbaycanlının yaşadığı məlumdur. Onların böyük bir hissəsi İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada və digər ölkələrdə məskunlaşmışdır. Məhz bu miqyasda “sosial gücün” vahid hədəf ətrafında birləşdirilməsi və ölkənin maraqları naminə kompleks hərəkətinin təmin edilməsi strateji əhəmiyyət kəsb edir. Buna görə də, Azərbaycan dövləti diaspor hərəkatının güclənməsi və inkişafı üçün hərtərəfli dəstəyini göstərir və belə diqqət və qayğının nəticəsidir ki, bu gün diasporumuzun dünyanın müxtəlif ölkələrində formalaşan birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edirlər. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Ona görə də, bu gün fəxrlə demək olar ki, azərbaycançılıq ideyası ətrafında birləşmiş azərbaycanlılar ana Vətənin çiçəklənməsi və haqq səsimizin ucadılması prosesində yaxından iştirak edir, antiazərbaycan təbliğatının qarşısının alınmasında müstəsna rol oynayırlar.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında