Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafında, dünya birliyinə inteqrasiyası, demokratik proseslərin inkişafı, milli -mənəvi dəyərlərimizin və adət-ənələrimizin qorunması istiqamətindəki yorulmaz fəaliyyəti bu gün də öz bəhrəsini göstərir.
Ümummilli liderin xalqımız qarşısında əbədi yadda qalan xidmətlərindən biri də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməsi olmuşdur. Böyük tarixi şəxsiyyət azərbaycançılıq məfkurəsinin, həmrəyliyinin banisi kimi də xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Ulu öndərin hakimiyyətə tarixi qayıdışı, bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində yeni vəzifələrin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac vermişdir.
Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyi dövründə qarşıya qoyduğu prioritet məsələlərdən biri də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, ana dilimizin inkişafında, azərbaycançılıq ideyasının təbliğində birgə mübarizə aparmağı qarşıya məqsəd qoymuşdur. Böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparması işinə başladı və bu çətin problemi öz dühasının gücü ilə bunu da uğurla həll etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması ilə bağlı tarixi qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilmişdir. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq idealogiyasının formalaşdırılmasının başlanğıcı idi. Əslində, bu günun təsis olunması ilə müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyulmuşdur.
Qədim tarixə malik xalqımız həmin vaxtdan başlayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Ulu öndərin azərbaycançılıq ideyasının daha geniş müstəvidə təbliği nəticəsində bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır. Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabrın 10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi həmvətənlərimizin bir araya gəlməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Qurultayda 36 ölkədən 1105 nümayəndənin və 906 qonağın iştirakı da bundan xəbər verir. Dünya azərbaycanlılarını bir araya gətirən bu möhtəşəm tədbirdə Azərbaycan Prezidenti Heydər Əliyevin söylədiyi proqram səciyyəli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.
Qurultay bir daha təsdiqlədi ki, əbədi müstəqilliyə, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Bununla da dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində ilk qəti bir addım atıldı. Eyni zamanda, Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasına kömək edəcək diasporumuzun inkişafında həlledici əhəmiyyətə malik qərarlar qəbul edildi.
Birinci qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, dünyanın müxtəlif yelərində həmvətənlərimizin birləşdiyi cəmiyyətlər böyük inamla birgə fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Bu, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində daha mütərəqqi bir addım oldu. Bununla da türk dünyasının böyük lideri Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi kimi əbədi olaraq yaddaşlara həkk olundu.
Heydər Əliyev xaricə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də vaxt ayırmasını ən vacib vəzifə kimi qarşıya qoyur, onlara dəyərli tövsiyələrini verir, hamısının bir Vətəni–Azərbaycan olduğunu bildirirdi.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsas prioritetlərindən birini dünya azərbaycanlılarının həmrəyliyinin daha da möhkəmləndirilməsi təşkil edir. Hazırda dünyada davam edən qlobal maliyyə-iqtisadi böhrana və beynəlxalq birliyin müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, bu ənənə gündən- günə daha geniş vüsət alır və Azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynayır. Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, onların milli-mənəvi dəyərlərinin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.
Prezidentimizin sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verdi. Qurultayda ölkə həqiqətlərinin, ermənilər tərəfindən törədilmiş terror və soyqırımı aktlarının faktlarla dünya ictimaiyyətinə çatdırılması xüsusilə vurğulanmışdır, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi vəzifə olaraq qarşıya qoyulmuşdur.
Azərbaycan Prezidentinin xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi, sıx əməkdaşlığı və birgə mübarizə aparmaları istiqamətində gördüyü prinsipial işlər bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlı Gəncləri Almaniyanın Frankfurt şəhərində bir araya gələrək özlərinin 1-ci Konqresini keçirməklə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunmasına, onların ictimai-siyasi fəallığının artırılmasına böyük töhfə verdilər.
Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasət dünyanın dörd bir yanına səpələnmiş milyonlarla azərbaycanlının birlikdə olmasına böyük zəmin yaradıb. Azərbaycan diasporları və icmaları arasında əlaqəlar daha da möhkəmlənmişdir. Soydaşlarımız milli hüquqların müdafiəsi, milli-mənəvi dəyərlərimizin təbliği işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Dünya azərbaycanlıları yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevrilməkdədir.
Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində də bundan sonra da bir yerdə olmağı, birgə mübarizə aparmağı tövsiyə etmişdir: “Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.