İslamofobiyanın yeni dalğası: reallıqlar və ehtimallar

(Əvvəli linkdə)

 


 

Qərbin yeni islamofobiya bəhanəsi

 

13 Noyabr Paris terroru Qərbdə islamofobiyanın yenidən “bəraət qazanması” üçün qığılcım oldu. Avropada müsəlmanların həyatı təhlükə altına girdi. Fransa başda olmaqla bir çox Avropa ölkələrində başıörtülü qadınlara, saqqallı kişilərə qarşı təhdidlər artdı. Xüsusilə də Avropaya köç edən, çadırlarda yaşamaq məcburiyyətində qalan suriyalı qaçqınların həyatı üçün təhlükə yaranıb. Parisin 7 fərqli nöqtəsində baş verən , Fransa tarixinə ən qanlı terror  kimi daxil olan bu hadisə yenidən müsəlmanları hədəfə aldı. Hadisə şahidlərinin terroristlərin “Suriya üçün!” — deyə bağırdıqları və təkbir gətirdiklərini deməsi, terror baş verən anda İŞİD-in qələbə xəbərlərini yayması artıq hadisənin təşkilatçılarının kimliyini gizli saxlamadı. Terror hadisəsini İŞİD öz öhdəsinə götürdü. “Le Monde” qəzetinin redaksiyasına göndərilən məktubda “Bu, bizim Fransadan qisasımızdır, bunu Suriyaya görə edirik və hadisə Fransanın 11 Sentyabrıdır” kimi ifadələr işlədilib. 

Fransa Prezidenti Fransua Olland İŞİD-in üstələndiyi terror hadisəsindən sonra Parlamentdəki çıxışında “Mədəniyyətlər savaşına girmirik, bu qatillər hər hansı bir mədəniyyəti təmsil etmir” — desə də, ölkədə məscidlərə, müsəlmanlara təzyiqlər Avropada müsəlmanların gələcəyini şübhə altına salır.  Baş nazir Manuel Valsın “Fransanın bütün radikal imamları sərhəddən xaric etməsinin lazım olduğunu” deməsi, daxili işlər naziri Bernard Kaznövün (Bernard Cazeneuve) də “nifrət yayan məscidləri” bağlayacaqları barədə açıqlamaları müsəlmanların çətin bir dönəmə qədəm qoyduqlarının işarətidir.

“Fransa islamofobiya ilə mücadilə dərnəyi”nin spikeri Yasser Lüteva (Lutaoi) “bizə səsinizi çıxarmırsız” deyənlər danışdığımızda bizi görməzdən gəlir və ya eşitmək istədiklərini söyləyəcək başqa birini tapırlar" — deyə bildirərək, bu terrorla müsəlmanların hədəfə alındığını, etirazlarının da dinlənilmədiyini bildirmişdir. O demişdir ki, müsəlmanlar bu savaşın tam ortasındadır. “Bu hadisəni təşkil edənlərlə, hadisəyə görə müsəlmanlara müharibə açanlar bir-birlərinə o qədər bənzəyir ki... Hər ikisi də müsəlmanlara  “Siz Fransaya aid deyilsiniz, gedin...” – deyə vurğulamışdır.

“Spinwatch”un London üzrə araşdırma qurumunun üzvü olan professor Sarah Marusek  terror hadisələrindən sonra: “Bu gün müsəlmanlar qeyri-bərabər və ədalətsiz bir dünya sistemini qoruyub saxlamaq üçün xüsusilə hədəf  alınırlar”– deyə cəsarətli bir çıxış etmişdir. Marusek İŞİD-in terror hücumunun ardından müsəlmanların üzr istəmək üçün xüsusi psixoloji vəziyyətə gətirilməsinin, bu “jest”in onlardan gözlənilməsinin də yanlış olduğunu dilə gətirdi.

Salzburq Universitenin sosial və siyasi elm fakültəsinin üzvü olan professor Fərid Hafezin fikrincə isə, müsəlmanlar dar Avropalı perspektivinə sıxışdırılmamalıdır. Təkcə Parislə deyil, Livan, Əfqanıstan və ona bənzər, demək olar ki, hər gün terror qurbanı olan ölkələr üçün də eyni cür dayanış göstərilməsi lazımdır.

Paris terrorunun 11 Sentyabr hadisələri ilə yan-yana çəkilməsi, əslində, İslam aləminə bir siqnaldır. Necə ki, 11 Sentyabr hadisələri dünyanın geosiyasi xəritəsinin dəyişməsi , yeni münaqişə ocaqlarının yaranması ilə yadda qaldı, eləcə də 13 Noyabr terroru Fransanın Şərq yürüşünün genişlənməsinə və neft müharibəsinə qoşulmasına təkan oldu. Dünya siyasi xəritəsi yeni dəyişikliklərə hazır olmalıdır.

Parisdəki terrordan əvvəl Beyrutda, Bağdadda baş verən terror aktlarını da İŞİD üstələmişdi. İnsanlığa sığmayan terror heç bir din, dil, irq, sərhəd tanımır. Qeyd edək ki, 12 noyabr tarixində, Livanın paytaxtı Beyrutda 2 terrorçu kamikadzenin özünü partlatması nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanmışdı. Bu terror aktı Beyrutda 25 il əvvəl baş vermiş vətəndaş müharibəsindən sonra ən ağır partlayış idi.

 

Ədalətsiz yanaşma

 

İŞİD Qərbin islamofobiya yanaşmasını doğrultmağa çalışan, müsəlmanın terrorist obrazını yaratmağa xidmət edən bir qurumdur. Unutmayaq ki, günümüzdə “hakimiyyətin 4-cü qolu” hesab edilən KİV üzərinə böyük iş düşür. Müasir KİV-ə bir baxış keçirək. Bu gün KİV daha çox Qərbin maraqları üzərində qurulmuşdur. Milyonlarla insanın “KİV-lə manipulyasiyası” daha sərfəli və təsirlidir. Bu gün dünya insanları Qərbdə baş verən ən cuzi bir hadisəni belə daha tez duyur, daha tez paylaşır. Müsəlman dövlətlərində, ümumən, Şərqdə baş verən hadisələr – terror, aclıq, münaqişələr– barədə isə dünya vətəndaşı məlumatsızdır.

13 noyabr Fransa terroru bütövlükdə insanlığa qarşı yönəlmiş bir cinayətdir. 130 məsum, günahsız vətəndaşın öldürülməsi, təbii ki, özünü mənən insan adlandıran hər bir şəxsə ağırdır. Bu hadisə bütün dünyanı, mətbuatı silkələdi. Təəssüfedici hal odur ki, Fələstin və Suriyada hər gün öldürülən günahsız körpələr, yetim qalan uşaqlar, evləri dağıdılmış, ailə üzvləri səpələnmiş müsəlmanlar, aclığa, susuzluğa, çöldə yaşamağa  məhkum olmuş insanlar dünya mətbuatı üçün o dərəcədə “maraqlı” deyil. Dünyəvi ədalət bu yollamı təmin olunacaq? Əgər biz bu dünyanın insanı, vətəndaşıyıqsa onun hər guşəsində baş verən problemlər eyni səviyyədə qabardılmalı, çatdırılmalıdır. İŞİD İslamı təmsil edən bir qurum olaraq təqdim olunur. Nəzərə çatdıraq ki, İŞİD yarandığı dövrdən etibarən daha çox müsəlmanların qorxulu kabusu olmuşdur. Minlərlə müsəlman olmazın işgəncələrə məruz qalmış, öldürülmüşdür. İŞİD-in fəaliyyətindən ən çox əziyyət çəkən məhz müsəlmanlardır.

“New York Times” qəzeti son Qəzza savaşından sonra Avropada yayılan antisemitizm dalğası haqqında bir yazı yayımlamışdı (20.09.2014). Xəbərin məğzində dayanan əsas məqsəd ondan ibarətdir ki, “...İsrail dövlətinin etdikləri ucbatından yəhudilərə nifrət edilməməlidir”. Məqalədə Avropada gizli şəkildə yayılan antisemitizm dalğası ilə bağlı həyəcan siqnalı çalınır, narahatlıq ifadə olunurdu. Bəs müsəlmanlar belə bir anlayışın onlara da tətbiq olunmasını istədikdə nə üçün heç bir reaksiya verilmir? İslam və İŞİD arasında ayrımın ön plana çəkilməsi tələb olunduqda, nədənsə Qərb dünyası buna məsuliyyətsiz yanaşmanı ortaya qoyur. Yüz milyonlarla müsəlmanın inancı, əxlaqı ilə İŞİD kimi bir barbarlığın qəti şəkildə fərqləndirilməsi vacibdir. 

 

Terror və Azərbaycan

 

Azərbaycan Respublikası Fransada baş verən hadisələrə ilk münasibət bildirənlərdən biri olmuşdur. Dövlət başçısının 14 noyabr tarixində Fransa Prezidenti Fransua Ollanda ünvanladığı başsağlığında dövlətimizin terrorizmin bütün təzahürlərinə qarşı hər cür mübarizə aparılmasını dəstəklədiyini bildirmişdir.

18 noyabr 2015-ci il  tarixində reallaşan UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edən Prezident İlham Əliyevin “İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir” ifadəsi belə bir mötəbər tədbir üçün İslamın müdafiəsi idi. Prezident çıxışında;  “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm” deməsi, – terrorun yalnız İslamla əlaqələndirilməməsi, xristian dinini təmsil edən ermənilərin də tarixən terror törətdiklərini, lakin Azərbaycanın bunu xristian terroru kimi deyil, erməni terroru kimi qəbul etdiyinə işarə idi. Bəli, terrorun dini olmur. Əks halda Azərbaycan illərdir, çox uzağa getməyək elə keçən əsrin əvvəllərində törədilən “Xocalı faciəsi”ni xristian terroru olaraq dünyaya yaya bilər, yanlış münasibət formalaşdıra bilərdi.

1991-1992-ci illərdə Azərbaycan erməni işğalı nəticəsində 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu, dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi. 1992-ci ildə əsrin faciəsi törədildi. Nizələrə keçirilmiş körpələr, ana bətnində öldürülən körpələr, qulağı,gözü—müxtəlif bədən hissələri qoparılmış, diri-diri yandırılan insanlar dünyanın gözü qabağında olmuşdu. Xocalı faciəsi bütün dünyanın, o cümlədən bir çox fransız jurnalistlərinin gözü qarşısında baş vermişdi. Faciənin şahidi olan fransız jurnalisti Can-İv Gnet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla onları kölgədə qoydular”.

Fransanın “Le Mond” qəzeti 14 mart 1992-ci il tarixli sayında yazırdı:  “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”. Bəli, bütün dünyanın qəbul etdiyi, lakin etirafa cürət etmədiyi reallıq budur!

Bu gün də işğal olunmuş ərazilərimiz ekoloji terrora məruz qalır, zəngin təbii sərvətlərimiz, zəngin bitki örütüyümüz məhv edilir, Qarabağ narkotik maddələrin daşınması üçün əlverişli tranzit mərkəzinə çevrilir. Təəssüf ki, Azərbaycanın 20 ildən çoxdur ki bəyanatlarına, beynəlxalq və regional təşkilatların qətnamə və bəyanatlarına baxmayaraq cinayətkar Ermənistan cəzasız qalır.

“Hayastan” ümumerməni fondunun Fransa ofisi tərəfindən noyabrın 18-dən – 22-dək keçirilən 16-cı Avropa telemarafonunda toplanan bütün vəsaitlər Azərbaycan ərazisi kimi tanınan və erməni işğalı nəticəsində uzun illərdir beynəlxalq təcriddə olan “separatçı Dağlıq Qarabağ” bölgəsində icma mərkəzlərinin tikintisinə ayrılacaq. Əsas təəssüfedici məqam marafonun Paris meri Ann İdalqonun himayəsi altında keçirilməsidir. Baxmayaraq ki, Fransa Minsk qrupunun da üzvüdür. Belə olan halda, münaqişənin ədalətli həllində Fransanın nə dərəcədə obyektiv və qərəzsiz olması sual altına alınır. Fransanın Villerban şəhəri ilə 20 ildən artıqdır ki Azərbaycanın Ermənistanın işğalı altında olan Şuşa şəhəri arasında saziş imzalanmışdır. May ayında Fransanın Villerban şəhərinin meri Can Pol Bret separatçı Dağlıq Qarabağ rejiminin “başçısı” Bako Saakyanı qəbul etmişdi. Fransanın bir çox tanınmışları -incəsənət xadimləri, ziyalıları, ictimai xadimləri—vaxtaşırı olaraq separatçı quruma səfər edir, “mehriban və səmimi” şəkildə qarşılanırlar.

 

Terrorla mücadilə

 

Bir din və dinin mənsubları geniş bir topluluq tərəfindən bir təhdid ünsürü olaraq görülüb qorxu yaradırsa, həll yolu mütləq ki, qorxunun səbəblərinin araşdırılıb tapılması ilə mümkündür. Avropa cəmiyyəti, qurumları və KİV birgə çalışaraq, bu qorxunun üstünə getməli, yaradan səbəbləri aydınlaşdırmalıdır. Ölkələrində çox sayda yaşayan və cəmiyyətin bir parçasını formalaşdıran müsəlmanlara təhdid olaraq yanaşılması və bu səbəblə də çərçivələnmiş bir həyat sürməsi demokratiyanı, hüququ və insan haqlarını “önəmsəyən” Avropa ölkələrinin imicini də zədələməkdədir. Necə ki Avropa İslamı, müsəlmanları təhlükə obyekti olaraq görür, hər cür hüquq və azadlıqlardan məhrum etməyə çalışırsa, qarşılıqlı şəkildə müsəlmanlar da Qərbə hədə-qorxu obyekti kimi yanaşırlar.

İlk sivilizasiya məhz Şərqdə formalaşmışdır. Şərq təfəkkürü, elmi-fəlsəfi dünyagörüşü, ixtiraları daim diqqət mərkəzində olmuşdur.  XI əsrdə səlib yürüşlərini reallaşdıran xristianlar məhz Şərqdən (o cümlədən müsəlmanlardan) mədəniyyət, etik davranış qaydalarını mənimsəmiş, barbar yaşam tərzindən tədricən uzaqlaşmağa başlamışlar. Zaman keçdikcə mənimsədikləri yenilikləri, mədəniyyəti, davranışı özününküləşdirmiş, saxta etik normalarını formalaşdırmışlar. Günümüzdə isə Qərb İslam dünyasını cahillikdə “günahlandırır”.  İslamın sütun təməli hesab olunan “Qurani-Kərim”in VII əsrdən yayılmasına baxmayaraq, bu günün özündə belə, Qərbin aparıcı alimlərinin tapa bilməyəcəyi elmi sirləri, kəşfləri özündə gizlədir.

İslam şiddət deyil! İslam terror deyil! İslam humanizm, birlik, ədalət, bərabərlikdir! İslam bəşəri qurtuluşdur! İslamın əsl mahiyyət və dəyərini anlamayan, İslam prinsipləri ilə heç bir əlaqəsi olmayan bir qrup tərəfindən uydurulan və kütləvi şəkildə yayılan “İslami terror” bu dinə ziddir. Bütün dünya müsəlmanları, müsəlman alimləri İslamın sülhsevər, real mahiyyətini ortaya qoymalıdır. İslam şəfqət, sevgi, hörmət, barış dinidir! Qurani-Kərim buyurur ki, “Bir insanı öldürmək, bəşəriyyəti öldürməkdir. Bir insana həyat vermək bəşəriyyətə həyat verməkdir” (əl-Maidə, 32).

Terrorla mübarizədə ilk yol önləyici tədbirlərin görülməsidir. Əvvəlcə terrorun mövcud olduğu, kök saldığı yerlərdə mövcud sosial-iqtisadi durum araşdırılmalıdır. Terror qruplaşmaları təhsilin zəif olduğu, iqtisadi-sosial böhranın hökm sürdüyü ərazilərdə maneəsiz “məskunlaşırlar”. Belə bölgələrdə psixoloji zəif, maddi cəhətdən sıxıntılı olan insanları, xüsusən gəncləri terror qruplaşmalarına birləşdirmək daha asan olur. Terror qruplaşmalarının meydana gəlmə şəraiti, terrorun başvermə səbəbləri geniş şəkildə araşdırılaraq dünyəvi “Terrorla mübarizə strategiyası”nın hazırlanması olduqca zəruridir. Çünki terror tək bir dövlətə qarşı yönəlmir, bütün insanlığa qarşıdır. Terrorla mübarizədə yeganə yol da məhz bütün insanlığın birliyidir.

Terrorizmin dini yoxdur. Bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti bütün dünyəvi dinlər lənətləyir. Terrorizm bütün insanlığa, mənəviyyata ləkədir. Ona qarşı mübarizə yolu birlikdir. Lakin bu birlik bəzi dairələrin amalına xidmət etmədiyi üçün müxtəlif pərdələrlə uzaqlaşdırılır. Maraqlı tərəflər süni İslami lider, qruplaşmalar yaradır ki, onlar məhz müsəlmanlara və müsəlmançılığa qarşı yönəlir. Əzilən də, qırılan da, günahkar da müsəlman olur...

Nailə MƏMMƏDOVA, 
“Azerbaijan Realities”
analitik layihə qrupunun üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında