Tarixdən xalqlara bir çox mədəni-mənəvi abidələr miras qala bilər - fəqət, onların heç biri dəyərinə və etnosun xalqa, millətə çevrilməsi prosesindəki müstəsna roluna görə elm, təhsil və mədəniyyət məbədləri ilə müqayisə oluna bilməz. Azərbaycanın tarixində hələ sağ ikən canlı əfsanələrə dönmüş görkəmli ziyalılar tərəfindən əsası qoyulan, bu il yaranmasının 70 illik yubileyi təntənə ilə qeyd olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) cəmiyyət həyatında tutduğu yerin dəyəri də zamanın özü qədər hüdudsuzdur. Yarandığı gündən bu elm ocağı xalqımızın milli-mənəvi dirçəlişi və elmi tərəqqisində aparıcı qüvvəyə çevrilmiş, Azərbaycanın qədim dövrlərdən malik olduğu tarixi-elmi ənənələrin sistem halına salınaraq dünya elmi uğurları ilə eyni sıraya qədəm qoymasında misilsiz rol oynamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının 70-i adlamış tarixi, əslində, milli elmimizin fundamental təşəkkülü və inkişaf mərhələsidir. Bu gün respublikamızda mövcud olan və elmin müxtəlif sahələrində sözünü deyən elm-təhsil müəssisələri, çoxsaylı elmi-tədqiqat institutları, elmi mərkəzlər məhz bu intellektual məbədin zəngin bazası əsasında formalaşmışdır. Bu illər ərzində azərbaycanlı alimlərin dünya elminə böyük töhfə sayılacaq kəşfləri, elmi ixtira və tapıntıları, köklü problemlərin həllinə açar salan fundamental elmi nəticələri, eyni zamanda respublika üçün yüksək ixtisaslı kadrlar hazırlaması Milli Elmlər Akademiyasının mövcudluğu və milli mənafelərə əsaslanan fəaliyyəti sayəsində mümkün olmuşdur.
Ötən əsrin sonlarına doğru bütün bunlar uzun illərdən bəri imperiya tərkibində yaşayan Azərbaycanın istibdad zəncirlərini qıraraq müstəqilliyə qovuşmasında, müstəqil, demokratik, sivil bir dövlət kimi formalaşmasında həlledici amillərdən biri kimi çıxış etmişdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev AMEA-nın milli inkişaf prosesindəki müstəsna rolunu düzgün dəyərləndirərək səlahiyyətlərinin icrasına başladığı ilk gündən bu elm məbədinə xüsusi qayğı və diqqətlə yanaşır.
Noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev milli elmin tarixi nailiyyətlərinə, bugünkü uğurlarına, gələcək inkişaf perspektivlərinə nəzər salmış, müasir dövrün qlobal çağırışlarından, intellektual elitanın qarşısında dayanan vəzifələrdən söz açmış, akademiyanın cəmiyyətin sosial-iqtisadi, humanitar, mənəvi-intellektual müstəvidəki əvəzsiz rolundan söz açmışdır. Ümumilikdə, akademiyanın yubileylərində və digər əlamətdar tədbirlərində yaxından iştirakı göstərir ki, dövlət başçısı cənab İlham Əliyev elm xadimlərinin, o cümlədən yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmalarını son dərəcə vacib sayır. Ölkə Prezidenti haqlı olaraq hesab edir ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir.
Dövlətimizin başçısı dərin məzmunlu çıxışında AMEA-nın yarandığı dövrdən sosial-qtisadi, intellektual-mənəvi və humanitar inkişafdakı xidmətlərini qeyd etməklə yanaşı, haqlı olaraq bu elm məbədinin intibah dövrünün ulu öndərin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf etdiyini vurğulamışdır: “Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə o vaxtkı hakimiyyət hətta akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Ümumiyyətlə, o vaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur. Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet sahələrdən biridir”.
Ötən əsrin sonlarına doğru istiqlaliyyətini əldə edən Azərbaycan məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Fəqət, 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət - iqtisadi tənəzzül prosesinin dərinləşməsi, ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, nüfuzlu alimlər, bütün həyatını təhsilə həsr etmiş adlı-sanlı müəllimlər çörək ardınca xaricə üz tutur, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdur. İlk görüşlərindən birini sentyabrın 21-də alimlərlə görüşən ulu öndər Heydər Əliyev AMEA-nın bağlanması ilə bağlı səslənən təkliflərin yolverilməz olduğunu vurğulamışdır: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Nə olursa-olsun, elm inkişaf etməlidir".
Həmin dövrdən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında akademiyanın fəaliyyətində yeni istiqamətlər müəyyənləşmiş, 1997-ci ilin 31 yanvarında böyük öndərin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra faktiki olaraq Elmlər Akademiyasının inkişafının yeni mərhələsi başlanmışdır. Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunmaqla onların aktuallığını əsaslandırmış, alimlərə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.
Ulu öndərin elmi-intellektual potensialın gücləndirilməsi sahəsində siyasətini ötən 12 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl islahatlar həyata keçirir. Elmdə islahatlar prosesinin son illər daha geniş vüsət alması təsadüfi olmayıb ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir.
Şübhəsiz, cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda, elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyindəki nitqində bununla bağlı demişdir: “Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”.
Dünya bazarında neftin qiymətlərinin siyasi konyunktura əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir daha təsdiqləyir ki, Azərbaycanın uğurlu gələcəyi, ilk növbədə, elmin, təhsilin, o cümlədən ali təhsilin inkişaf səviyyəsi ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu” kimi mənfi presedent də var. Respublikamız neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi neftdən sonrakı inkişafın təməlini yaratmaqdır.
Təsadüfi deyildir ki, son illər Azərbaycanda gerçəkləşdirilən milli layihələr insana, onun həyatının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş sərmayələrdir. Milli layihələrin səciyyəvi xüsusiyyəti, ilk növbədə, onların innovasiya yönümlü olmasındadır. Dövlət inkişafın elə istiqamətlərini dəstəkləyir ki, onlar qabaqcıl texnologiyalardan istifadə və bu texnologiyaların sənayedə tətbiqi ilə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və rasional təfəkkürlü lider olaraq son 12 ildə qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə nail olmaqla, dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Keçid dövrünün geridə qaldığı, modernləşmə istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi hazırkı mərhələdə azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri əxz edən yeni intellektual elitanın formalaşdırılması son dərəcə aktual məsələ kimi qarşıda dayanır.
Azərbaycan Prezidentinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, uzunmüddətli davamlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyanın, məhsulun (işin, xidmətin) yaradılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi 2020-ci ilədək əsas istiqamətlərdən biri olacaqdır. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq, bu da son nəticədə elmi fəaliyyətlə məşğul olan işçilərin sosial müdafiəsini gücləndirəcək və “beyin axını”nın qarşısını alacaqdır. Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elm və istehsal arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq olaraq aparılması məqsədilə zəruri mexanizmlər yaradılacaqdır.
Ümumiyyətlə, müəyyən problemlərə, çətinliklərə baxmayaraq son 12 ildə Azərbaycan elminin böyük inkişaf və tərəqqi yolu keçdiyi danılmaz reallıqdır. Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanı əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi qarşıdakı illərdə ictimai-humanitar elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdir.
Müasir dünyanın yeni təhsil ənənələrinin mənimsənilməsi, habelə yüksək ixtisaslı kadr hazırlığı baxımından Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı da mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan gəncləri əsasən, Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə, Çin, Malayziya və digər ölkələrdə təhsil alırlar.
Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkmişdir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədilə əsaslandırılır.
AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Son illər Mərkəzi Elmi Kitabxana, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi üçün yeni inzibati binalar inşa edilmiş, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, akademiyanın rəyasət heyətinin binasında, habelə akademiyanın əsas binasında təmir işləri başa çatdırılmışdır. Bundan əlavə, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Tarix Muzeyi və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Arxeologiya və Etnoqrafiya İnstitutu, Tarix Muzeyi əsaslı təmir edilmişdir.
Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyində bununla bağlı demişdir: “Son illər ərzində akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir”.
Hər bir elm sahəsinin ictimai dəyəri, əhəmiyyəti onun praktik tətbiq imkanları ilə ölçülür. Əgər elm cəmiyyətin intellektual tərəqqisinə, dövlətin ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə, iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini vermirsə, deməli, onun dəyərindən danışmaq da mümkün deyildir. Müasir dünya gerçəklikləri fonunda elmlə dövlət idarəçiliyinin üzvi şəkildə əlaqələndirilməsi, mühüm siyasi qərarların qəbulu mərhələsində elmi postulatlara, təhlillərə istinad olunması son dərəcə vacib məsələ kimi qarşıda durur. Azərbaycan inkişafının elə mərhələsindədir ki, bundan sonrakı sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə geniş istinad olunmalıdır. Elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlər qarşısına ciddi vəzifələr qoyur.
Bu gün Azərbaycan elmi həm də bədnam qonşularımızın məkrli iddialarına qarşı öz sözünü deməli, informasiya savaşında fəallıq göstərməlidir. Çünki tarixi həqiqətləri təhrif etmək yolu tutan erməni ideoloqları törətdikləri dəhşətli cinayətləri pərdələmək üçün dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma “soyqırımı” iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Real əsası olmayan bu iddiaların gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlərin hesabına daha geniş coğrafi əraziyə yiyələnmək, diqqəti özlərinin işğalçılıq niyyətindən yayındırmaq məqsədi güdür.
Bütün bunlar isə nəinki tarixçilərin, ümumən humanitar və ictimai elm sahələrində çalışan alimlərin məsuliyyətini daha da artırır, onları erməni mifomaniyasının ifşası yönümündə yeni-yeni tədqiqatlar aparmağa sövq edir. Dövlət başçısı İlham Əliyev AMEA-dakı çıxışı zamanı bu istiqamətdə ayrı-ayrı elmi mərkəzlərin gələcək fəaliyyəti üçün aydın istiqamətlər müəyyənləşdirmişdir. Cənab İlham Əliyev, ilk növbədə, ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsini zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. ”Qarabağ", “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır".
Azərbaycan Prezidentinin tariximizin, milli-mənəvi dəyərlərimizin daha həssaslıqla öyrənilməsi, bütün dünyada təbliği, virtual qüdrəti ilə çağdaş dünyamızı sərhədsizləşdirmiş informasiya texnologiyalarının ölkəmizdə səmərəli tətbiqi sahəsində elmi tədqiqatların gücləndirilməsi, dilimizin saflığının qorunması və s. bu kimi məsələlər AMEA-nın gələcək fəaliyyət planlarında əsas prioritetlərə çevrilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, o cümlədən Fəlsəfə və Hüquq İnstitutu fəaliyyətini məhz dövlət başçısının bu dəyərli tövsiyələrinə uyğun qurmağa çalışacaqdır.
Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, milli ənənələrə və ümümbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu ənənələr əsasında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin nurlu gələcəyinə yol açmağa çalışır. Ölkənin elm adamları Azərbaycanın iqtisadi potensialı artdıqca, elmi sahəyə qoyulan sərmayələrin də ildən-ilə artacağına böyük ümidlər bəsləyir, eyni zamanda, ölkədə həyata keçirilən effektiv islahatlar kursuna hərtərəfli dəstək verirlər.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Hüquq
İnstitutunun direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.