Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin mətbuat katibliyindən verilən məlumatda bildirilir ki, bu gün beynəlxalq terrorizm dünyanın başı üzərində dolaşan ən qorxunc kabusa çevrilib. Beynəlxalq birlik bu qorxunc kabusun qarşısını almaq üçün bütün imkanlardan istifadə edir.
Səudiyyə Ərəbistanı Krallığı da terrorizmlə mübarizə aparmaq, onu kökündən məhv etmək, genişlənmə səbəblərinin qarşısını almaq və maliyyə mənbələrini dağıtmaq üçün birgə beynəlxalq səylərə səmimiyyətlə qoşulur. Belə ki, beynəlxalq terrorizm Krallığın özü, onun müttəfiqləri və bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyi hesab olunur. Terrorçu birləşmələrin məğlubiyyətə uğraması düşünülmüş siyasət və beynəlxalq əməkdaşlıq tələb edir. Bu işdə Səudiyyə Ərəbistanı Krallığının yerli, regional və beynəlxalq səviyyədə bariz səyləri vardır.
Terrorizmlə mübarizə
Hazırda dünya dövlətləri bütün sahələrdə, o cümlədən informasiya mübadiləsi sahəsində sıx əməkdaşlıq etdiyi bir vaxtda mərhum kral Abdullah bin Əbdüləziz Al Səud maksimum fəaliyyət olmadan terrorizmlə mübarizənin mümkünsüzlüyünə inandığından 10 il bundan əvvəl beynəlxalq terrorizmlə mübarizə mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etmişdir.
2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığı tarixi bir hadisəyə - Ər-Riyadda beynəlxalq terrorizm konfransına ev sahibliyi etmişdir. Belə ki, BMT Antiterror Mərkəzinin (UNCCT) yaradılması təklifinin yekdilliklə qəbul olunduğu həmin konfransda 55-dən artıq ölkə iştirak etmişdir. 2008-ci ildə kral Abdullah bin Əbdüləziz Al Səud Antiterror Mərkəzinin yaradılması üçün BMT-yə 10 milyon dollar verməyi öhdəsinə götürmüş və 2011-ci ildə Səudiyyə Ərəbistanı Krallığı mərkəzin ümumiləşdirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı ilə müqavilə imzalamışdır.
2014-cü ilin fevralında kral Abdullah terrorizmlə mübarizə haqqında fərman imzalamışdır. Həmin sənəddə Səudiyyə Ərəbistanı xaricindəki döyüşlərdə iştirak edən və yaxud daxili, regional və ya beynəlxalq terror təşkilatları kimi dini, yaxud ekstremist ideoloji qruplaşmalara qoşulan hər bir kəsin bu fərmana əsasən cəzalandırılması nəzərdə tutulmuşdur. Həmin ilin avqustunda kral Abdullah terrorizmə qarşı mübarizədə ölkələrə yardım göstərməkdə öz imkanlarını və səmərəliliyini artırmaq üçün mərkəzə 100 milyon dollar ianə vermişdir.
Səudiyyə Ərəbistanı Krallığı dünyanın hər yerində terrorla mübarizə üçün ölkələrə dəstək verməkdə səmərəli təşəbbüslərini davam etdirir. Buna misal olaraq:
– Livan – Səudiyyə Ərəbistanı Krallığı terrorizmlə mübarizə üçün Livanın təhlükəsizlik orqanlarına milyard dollar ianə verib. Həmçinin krallıq Livan Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün bu ölkəyə 2013-cü ilin dekabırında yardım kimi 3 milyard dollar təqdim edib.
– Yəmən – Səudiyyə Ərəbistanı Krallığı Yəmənə kömək göstərən ən böyük donor ölkə hesab olunur. Artıq krallığın yardımları ölkədə terrorizmlə mübarizə təlimlərinin gücləndirilməsinə, təcrübənin genişləndirilməsinə və Yəməndə terrorizmin yayılmasının qarşısının alınması üçün kəşfiyyat məlumatlarının toplanmasına töhfə verib.
– İraq–Səudiyyə Ərəbistanı Krallığı yaşadığı çətinlikləri aradan qaldırmaq və ekstremizmin qarşısının alınmasına yardım etmək məqsədilə dinindən və irqindən asılı olmayaraq İraq xalqına 500 milyon dollar ianə verib, həmçinin Səudiyyə Ərəbistanı Krallığı terrorizmlə mübarizə imkanlarını gücləndirmək üçün Misir, İordaniya, Pakistan, Əfqanıstan, Mavritaniya daxil olmaqla digər ölkələrə də maliyyə dəstəyi verib.
Terrorçuluğun
maliyyələşdirilməsi ilə
mübarizə
Səudiyyə Ərəbistanı Krallığı terrorçuluğa dəstək verən maliyyələşmənin qarşısını almaq və bu təhlükə ilə mübarizə aparmaq üçün dünyada daha dəqiq maliyyə nəzarət sistemləri qurub:
– Səudiyyə Ərəbistanının bütün maliyyə institutları G 8-in maliyyə tədbirləri üzrə işçi qrupunun (FATF) çirkli pulların yuyulması üzrə qırx tövsiyəsini və terrorçuluğun maliyyələşdirilməsi üzrə səkkiz tövsiyəni həyata keçirir.
– Səudiyyə Xeyriyyə Cəmiyyətlərinin xaricə pul köçürmələri qadağandır, həmçinin məscidlərdə və ictimai yerlərdə bütün nəğd ianələr qadağandır.
– Səudiyyə Ərəbistanı Pul Agentliyi (SAMA) terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması üsulları, maliyyə sirrinin beynəlxalq tələbləri və məlumat mübadiləsi üçün cinayətkarlar tərəfindən tətbiq olunan üsullar ilə əlaqədar hüquqi məsələlərlə bağlı hakimlərin və müstəntəqlərin hazırlanması üçün proqramlar təklif edir. Bununla bağlı artıq bir texniki proqram həyata keçirilmişdir.
– Səudiyyə Ərəbistanı Krallığı terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində ABŞ, Britaniya, Fransa, İtaliya, Kanada, Avstraliya və digər müttəfiqləri ilə beynəlxalq səviyyədə sıx əməkdaşlıq edir.
Ekstremizmin aradan
qaldırılması
İki Müqəddəs Ocağın və İslamın vətəni olaraq Səudiyyə Ərəbistanı Krallığı dindən sui-istifadə edən ekstremistlərə güzəştə getməyəcək. Bu təhlükə ilə mübarizə məqsədilə səudiyyəli rəsmilər və ruhanilər terror aktlarını birmənalı şəkildə pisləmiş və krallıq, terror ideologiyasını ifşa etmək üçün güclü cəhdlər göstərmişdir.
– Səudiyyə Ərəbistanı Krallığı ölkənin İslam İşləri Nazirliyi vasitəsilə məscidlərdən ekstremizm mənbəyi kimi istifadə olunmamasını təmin etmək üçün milli cəhd göstərib.
– Üləmalar Şurası (din alimləri) terrorizmi və terrorçuluğu maliyyələşdirməyi qadağan edən fətva verib və bildirib ki, terrorizmə dəstək İslam hüququnun pozulmasıdır.
– Səudiyyə Ərəbistanı ekstremist qruplaşmaların təhlükəsi ilə üzləşən insanların maarifləndirilməsi vasitəsilə ekstremizmə və onun yayılmasına qarşı mübarizə proqramı hazırlayıb.
– Kral Abdullah 2007-ci ildə beynəlxalq cəhdlərlə birlikdə dinlərarası dialoqun gücləndirilməsi üçün təşəbbüs irəli sürmüş və bütün dünyada müxtəlif dinlərin və mədəniyyətlərin ardıcılları arasında qarşılıqlı anlaşmanı təşviq etmək üçün 2011-ci ildə Vyanada Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrəKral Abdullah Bin Əbdüləziz Beynəlxalq Mərkəzi (KAICIID) təsis edilib.
Göründüyü kimi, bu gün beynəlxalq terrorizmə qarşı mübarizə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən prioritet sahələrdən birinə çevrilib.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.