Dekabrın 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov çıxış etmişlər.
“Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi” təsdiq olunmuşdur.
Sonra gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə müvafiq olaraq sessiyada Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin Mərkəzi Seçki Komissiyasının üzvləri haqqında təklifinə baxılaraq təsdiq olunmuşdur.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov sessiyaya yekun vuraraq 2015-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış ikinci sessiyası öz işini başa çatdırmışdır.
* * *
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bütövlükdə və müxtəlif sahələrdə qazanılmış uğurlardan söz açaraq bildirmişdir:
– Hörmətli deputatlar və sessiya iştirakçıları! Başa çatmaqda olan 2015-ci il istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yaddaşlara həkk olunmuşdur. Cari il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. Cari il dekabrın 1-də ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza növbəti səfəri Naxçıvanın tarixinə daha bir əlamətdar və yaddaqalan gün kimi yazıldı.
Bu il də muxtar respublikada qarşıya qoyulmuş başlıca vəzifələr maliyyə vəsaitlərindən səmərəli istifadə etməklə əhalinin sosial-rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha keyfiyyətlə aparılması, təhsil, səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğun qurulmasından ibarət olmuşdur.
Əldə olunmuş nəticələr, müəyyən edilmiş hədəflərə nail olmağımız muxtar respublikamızda dinamik inkişaf səviyyəsinin saxlandığını bir daha sübut edir. Belə ki, iqtisadi inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsulun həcmi ötən illə müqayisədə 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 600 manata yaxın olmuşdur. Maddi istehsalın ümumi daxili məhsulda 62 faizlik paya malik olması isə iqtisadi tərəqqinin ən bariz nümunəsidir.
Davamlı və sabit inkişafın təmin olunmasında heç şübhəsiz ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası da mühüm rol oynamışdır. Məqsədli investisiya siyasəti, sahibkarlıq subyektlərinin inkişafına hərtərəfli dövlət qayğısı yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, idxalı əvəz edən məhsul istehsalının həcminin artmasına, daxili bazarın daha çox yerli məhsullarla təchiz olunmasına imkan vermişdir. 2015-ci ildə 62 yeni istehsal və xidmət sahəsinin yaradılması əhali tələbatının daha dolğun ödənilməsinə səbəb olmaqla yanaşı, idxaldan asılılığın azaldılmasına da müsbət təsir göstərmişdir.
Yeni istehsal sahələrinin sayının artması və əhatə dairəsinin genişlənməsi nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsalı həyata keçirilir. Artıq 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla 343 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına təmin etmək mümkündür. Bütün bunlara isə ilk növbədə özəl sektora qayğı, yerli əmək və xammal resurslarından səmərəli istifadə nəticəsində nail olunmuşdur. Təkcə 2015-ci ilin ötən dövrü ərzində sahibkarlığın inkişafı məqsədi ilə muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 milyon manatdan çox kredit verilmişdir. Görülmüş işlər isə öz növbəsində özəl sektorun ümumi daxili məhsulda 87 faizlik xüsusi çəkiyə malik olmasına səbəb olmuşdur.
Sahibkarlığın inkişafı eyni zamanda işsizlik probleminin ortadan qalxması deməkdir. 2013-cü il dekabrın 18-də qəbul olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı” da yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərmişdir. 2015-ci ildə yeni yaradılan 2908 iş yerindən 2837-si və ya 98 faizi daimi iş yeri olmuşdur.
Görülən tədbirlərin nəticəsidir ki, sənayenin ümumi daxili məhsul istehsalında çəkisi artaraq hazırda 29 faizlik payla ilk yeri tutur. Ötən əsrin 90-cı illərinin əvvəllərində adi sənaye məhsuluna olan tələbatını ödəyə bilməyən muxtar respublikada bu gün müxtəlif növ və çeşiddə məhsul istehsal olunur. 2015-ci ildə sənaye məhsulunun həcmi ötən illə müqayisədə 2 faiz artaraq 917 milyon manata yaxın olmuş, istehsal olunan məhsulun isə 96 faizi özəl sektorun payına düşmüşdür.
Məhsul istehsalçılarını stimullaşdırmaq məqsədilə aqrar sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına xüsusi təkan vermiş, 2015-ci ilin məhsulu üçün 61 min 414 hektar sahədə əkin aparılmışdır.
Əkinçilikdə məhsul istehsalının həcminin artırılmasında müasir əkin üsullarından istifadə, texnika parkının yaxşılaşdırılması, eləcə də mineral gübrələrdən lazımi qaydada faydalanmaq mühüm əhəmiyyət kəsb edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 180-i 2015-ci ildə olmaqla, son illər muxtar respublikaya 1685 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlığının gətirilməsi istehsalçıların əməyinin yüngülləşdirilməsinə çox böyük təsir etmişdir. Məhsuldarlığı artırmaq məqsədilə torpaq mülkiyyətçiləri 6025 ton mineral gübrə ilə təmin olunmuşdur.
Bitkiçiliyin inkişafı istiqamətində görülən işlər sırasında suvarma sistemlərinin təkmilləşdirilməsi mühüm yer tutur. Son illər yeni nasos stansiyalarının istifadəyə verilməsi, su anbarlarında yenidənqurma işlərinin aparılması, kanalların çəkilməsi torpaq sahələrinin su təminatını xeyli yaxşılaşdırmış, əkin sahələri genişləndirilmişdir. 2015-ci ildə meliorasiya və suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəticəsində 6 min hektar torpaq sahəsi əkin
Strateji əhəmiyyətinə görə taxılçılıq əkinçiliyin əsas sahəsi olaraq cari ildə də diqqət mərkəzində saxlanılmış, 36 min 237 hektar sahədən 106 min 282 ton məhsul tədarük olunmuşdur.
2015-ci ildə 2967 hektar əkin sahəsindən 45 min tondan çox məhsul əldə olunmuşdur ki, bu da ötən ilin göstəricisindən 9 faiz çoxdur. Ötən illə müqayisədə meyvə istehsalının həcmi 41 faiz, tərəvəz istehsalının həcmi isə 23 faiz artmışdır.
Bu il 7 istixana təsərrüfatının fəaliyyətə başlaması əhalinin ilin bütün fəsillərində təzə tərəvəz məhsulları ilə təchiz olunması imkanlarını artırmışdır. Mövsüm ərzində tələbatdan artıq toplanmış meyvə-tərəvəzin anbarlara tədarük olunmasını təmin etmək üçün isə cari ildə yeni soyuducu anbarların istismara verilməsi tədbirləri davam etdirilmiş, onların sayı 22-yə, tutumu isə 12 min 730 tona çatdırılmışdır.
Əkinçiliklə yanaşı, kənd təsərrüfatının digər mühüm və gəlirli sahəsi hesab olunan heyvandarlıq da diqqətdən kənar qalmamışdır. İri heyvandarlıq təsərrüfatlarının yaradılması, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri istehsal olunan ət və süd məhsullarının həcminin artması ilə nəticələnmişdir. Muxtar respublikada fəaliyyət göstərən 64 quşçuluq təsərrüfatı quş əti və yumurtaya olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsini təmin etmişdir.
Daxili bazarda tələbatın yerli imkanlar hesabına təmin edilməsi məqsədilə balıqçılıq təsərrüfatı yaradılmış və təsərrüfatda muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə başlanılmışdır. Kənd təsərrüfatının ənənəvi sahələrindən sayılan arıçılığın inkişafı da diqqət mərkəzində saxlanılmışdır. 2015-ci ildə arı ailələrinin sayı 70 mini ötmüş, arıçılıq təsərrüfatlarında 1396 ton bal istehsal olunmuşdur.
2015-ci ilin ötən dövrü ərzində kənd təsərrüfatı istehsalçılarına ümumilikdə 19 milyon manatdan çox kredit verilmişdir. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq muxtar respublikada kənd təsərrüfatı məhsullarının bolluğuna nail olunmuş, tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Nəticədə aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 403 milyon manata yaxın məhsul istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur.
Muxtar respublikada ekologiyanın mühafizəsi sahəsində görülən tədbirlərin davamı olaraq 2015-ci ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 541 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülmüş, 446 mindən çox ağac və gül kolu əkilmişdir. “Kənd təsərrüfatı ili”ndə payız mövsümü keçirilən iməciliklər vaxtı ilk dəfə olaraq muxtar respublikada 50 hektar püstə bağı salınmışdır.
Dinamik inkişafın təmin edilməsində investisiya qoyuluşlarının da əhəmiyyəti çox böyükdür. 2015-ci ildə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 951 milyon manat təşkil etmişdir.
Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, kənd yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2015-ci ildə davam etdirilmiş, 16 kənd və 16 xidmət mərkəzi istifadəyə verilmiş, Naxçıvan şəhərində üç yaşayış binasının tikintisi, beş yaşayış binasının yenidən qurulması başa çatdırılmışdır. İctimai yaşayış binaları ilə yanaşı, fərdi mənzil tikintisinin də həcmində artım qeydə alınmış, əhalinin şəxsi vəsaiti hesabına tikilən mənzillərin sahəsi 371 min kvadratmetr təşkil etmişdir.
61 kilometr uzunluğunda asfalt yol salınmış, Naxçıvan şəhərində yerüstü piyada keçidi istifadəyə verilmişdir. Göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə şəhərdaxili marşrutda istifadə üçün 7, beynəlxalq sərnişin daşınmasında istifadə üçün isə 2 avtobus alınaraq xəttə buraxılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında yenidənqurma işlərindən sonra “Şərq Terminalı”, Şərur və Ordubad şəhərlərində aviakassa binaları sərnişinlərin istifadəsinə verilmişdir.
İstifadəyə verilən elektrik stansiyaları hesabına muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin edilmişdir. 2015-ci ildə 20 meqavat gücə malik günəş elektrik stansiyasının istismara verilməsi isə gələcəkdə Naxçıvan Muxtar Respublikasının enerji təminatının tamamilə alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilməsinə imkan verəcəkdir.
İl ərzində istehlakçıların fasiləsiz olaraq təbii qazla təchiz edilməsi üçün mövcud infrastrukturun yenilənməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılmışdır. İstehlak olunan təbii qaz və elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsi təmin olunmuşdur.
Muxtar respublika iqtisadiyyatında müşahidə edilən dinamik artım meyilləri xarici ticarət əlaqələrinə də müsbət təsir göstərmişdir.
2015-ci ilin ötən dövründə xarici ticarət dövriyyəsinin həcmi 493 milyon 667 min ABŞ dolları həcmində olmuşdur. Ticarət əməliyyatlarının 412 milyon 920 mini ixracın, 80 milyon 747 mini idxalın payına düşür. İxracın idxalı üstələmə tendensiyası bu il də qorunub saxlanmış, müsbət saldo 332 milyon 173 min ABŞ dolları təşkil etmişdir.
İstifadəyə verilən yeni məktəb binalarının sayı ildən-ilə artaraq bütün yaşayış məntəqələrini əhatə edir. 2015-ci il də muxtar respublikamızda bu cəhətdən istisna təşkil etməmiş, Ordubad şəhərində 810 şagird yerlik 3 saylı, Babək rayonunun Nehrəm kəndində 990 şagird yerlik 2 saylı, Babək qəsəbəsində 360, Şərur rayonunun Kürçülü kəndində 234, Cəlilkənddə 270, Kürkənddə 198, Axaməd kəndində 192, Yuxarı Yaycı kəndində 144, Babək rayonunun Xal-xal kəndində 192, Ordubad rayonunun Tivi kəndində 216, Gilançay kəndində 96, Culfa rayonunun Qızılca kəndində 120, Gal kəndində 96 şagird yerlik məktəb binaları tikilmişdir.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, müsabiqə yolu ilə müəllim və şagird qəbulu həyata keçirilmişdir.
Təhsilin dövlət səviyyəsində himayə olunması həm kəmiyyət, həm də keyfiyyət baxımından irəliləyişin əldə edilməsinə səbəb olmuşdur. 2015-ci ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1582 nəfəri ali məktəblərin, 577 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olan məzunların 313 nəfəri 500-700 arası bal toplamışdır. Yüksək nəticə ilə tələbə adını qazananlardan 8-i ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.
Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məqsədilə yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi muxtar respublikada həyata keçirilən sosial siyasətin tərkib hissəsinə çevrilmişdir. 2015-ci ildə Naxçıvan Respublika Xəstəxanası, Yoluxucu Xəstəliklər Mərkəzi, Şərur rayonunda Cəlilkənddə, Ordubad rayonunun Tivi kəndində həkim ambulatoriyaları, Babək qəsəbəsində, Şərur rayonunun Kürkənd, Kürçülü, Yuxarı Yaycı, Axaməd, Babək rayonunun Xal-xal, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Gal və Qızılca kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, sosial qayğıya ehtiyacı olan 16 nəfərə minik avtomobilləri verilmiş, 10 mənzil tikilmişdir.
2015-ci ildə Naxçıvan şəhərində xalq-yaradıcılığı sərgisinin keçirilməsi milli dəyərlərimizin yaşadılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Milli dəyərlərin öyrənilməsində əvəzsiz mənbə olan tarixi abidələrin bərpası diqqət mərkəzində saxlanılmış, Şərur rayonunda Cəlilkənddəki Buzxana bərpa olunmuş, Naxçıvan şəhərində Möminə xatun türbəsində, Culfa rayonunda Əlincəqala tarixi abidəsində və Gülüstan türbəsində təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Bundan başqa Azərbaycan xalqının tarixi keçmişini şifahi xalq ədəbiyyatı əsasında əks etdirən ölməz yazılı abidə “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi muxtar respublikamızda da geniş şəkildə qeyd edilmişdir.
Başa çatmaqda olan il muxtar respublikamızda bir çox şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə də yadda qalmışdır. Belə ki, cari ildə Naxçıvan torpağının yetirmələri olan görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin, böyük sərkərdə Cəmşid Naxçıvanskinin 120, həmçinin dövlət xadimi və ədib Nəriman Nərimanovun 145 illik yubileyləri təntənəli şəkildə qeyd edilmişdir.
2015-ci ildə muxtar respublikanın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin səmərəli təşkili istiqamətində də müvafiq işlər görülmüş, milli mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir.
Muxtar respublikada hərbi təyinatlı tikinti-quruculuq işlərinin aparılması, maddi-texniki bazanın gücləndirilməsi, zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin döyüş ruhunun artırılması sahəsində də işlər davam etdirilmişdir. 2015-ci ildə Naxçıvan şəhərindəki hərbi hissədə yeni qərargah binası və əsgər yataqxanası, Soyuq döyüş bölgəsində əsgəri yaşayış kompleksi istifadəyə verilmiş, Daxili qoşunlarda xidmət keçən zabit-gizir ailələrinə yeni mənzillər verilmişdir.
Orduya göstərilən qayğının nəticəsi olaraq Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 203-ü ölkəmizin müxtəlif ali hərbi məktəblərinə, ümumtəhsil məktəblərini bitirmiş məzunlardan isə 36-sı ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbul olmuşdur.
Hüquq-mühafizə orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin inzibati binası, Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin, Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin Culfa və Ordubad rayonlarında Avtomobillərin Müayinə mərkəzləri üçün binalar tikilərək istifadəyə verilmişdir.
İqtisadi sahədə dinamik inkişafın, məşğulluq səviyyəsinin yüksəldilməsinin, əhali arasında hüquq maarifinin, profilaktik tədbirlərin düzgün təşkilinin nəticəsi olaraq muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə qalmasına nail olunmuşdur.
2015-ci ildə yeni iş yerlərinin açılması, gəlirlərin səviyyəsinin artması əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, əhalinin sayı artaraq 443 min nəfəri ötmüşdür.
Aparılan təhlillər bir daha təsdiq edir ki, 2015-ci il muxtar respublikanın həyatında dinamik inkişafın növbəti mərhələsi olmuşdur. Lakin bütün bunlarla kifayətlənmək olmaz. Sosial-iqtisadi tərəqqidə davamlılığı təmin etmək, əhalinin daha yaxşı yaşamasına nail olmaq üçün dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr durur.
Natiq qarşıdan gələn ildə ayrı- ayrı dövlət qurumlarının qarşısında duran konkret vəzifələrdən də ətraflı söhbət açmışdır.
Ali Məclisin sədri məruzəsini bu sözlərlə bitirmişdir:
– Muxtar respublikanın əldə etdiyi bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin ideyalarına dərin sədaqətin bəhrələridir. Biz ümummilli liderimizin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa və inkişaf etdirməyə borcluyuq. Bunu isə bütün sahələrdə ən yüksək nəticələrə çatmaqla təmin etmək mümkündür. Bu yolda uğurlar arzulayıram.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.