Baydenin Kiyev mesajları, idarəetmədə islahatlar və xarici siyasət

Amerikanın vitse-prezidenti Cozef Baydenin Ukraynaya səfəri dünya miqyasında geosiyasi vəziyyətin daha da gərginləşməsi fonunda baş tutdu. Bunu təsadüf adlandırmaq çətindir. Çünki müasir şəraitdə böyük dövlətlər çoxvektorlu siyasət yeridirlər. Ekspertlər də həmin səfərin məntiqində Ukraynanın daxili vəziyyəti ilə yanaşı, onun Rusiya ilə münasibətlərinin konkretləşməsi məqamının da durduğu qənaətindədirlər. Cozef Bayden Kiyevdə hər iki aspektlə əlaqədar konkret tezislər irəli sürdü. İndi bir sıra prinsipial geosiyasi məqamları onların işığında təhlil etmək zərurəti yaranıb.

 

Kiyevi düşündürən məsələlər

 

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ukraynaya səfəri geniş rezonans doğurub. Ekspertlərin də ona böyük maraq göstərməsi başadüşüləndir. Əvvəla, Rusiya-Ukrayna münasibətlərindəki problemlər hələ öz həllini tapmayıb. Moskvanın Suriyaya hərbi müdaxiləsi Kiyevlə olan problemləri bir qədər arxa plana atsa da, onun aktuallığına qətiyyən təsir etməyib. Hər bir halda, Qərb dövlətləri bir neçə dəfə Ukrayna məsələsinin geosiyasi gündəmdən düşmədiyini vurğulayıblar.

İkincisi, Yaxın Şərqdə supergüclərin nüfuz uğrunda mübarizəsinin yeni səviyyəyə qalxması avtomatik olaraq Ukrayna faktorunu yenidən ön plana çıxarmalı idi. Necə deyərlər, gözlənilən oldu və indi bu məsələ ilə əlaqədar siyasətçilər və ekspertlər hərəkətə gəliblər.

C.Baydenin Kiyevdə verdiyi mesajlar kifayət qədər düşündürücüdür. Çünki onlarda Vaşinqtonun Ukraynanın bir dövlət olaraq gələcəyini necə görmək istəyi ilə yanaşı, onun Rusiya ilə hansı səviyyədə əlaqələr qurması aspektindəki tövsiyələr də yer alıb. Doğrudur, bir sıra ekspertlər bunu Baydenin “emosional mesajları” kimi qiymətləndirirlər. Lakin ABŞ-ın vitse-prezidentinin konkret müddəalarla çıxış etdiyini və Ukrayna ilə bağlı gedən proseslərə qiymət verdiyini də inkar etmək düzgün olmazdı.

Amerikalı rəsmi şəxsin tezislərini iki qrupa ayırmaq olar. Onlardan biri Ukraynanın dövlət kimi özünü təsdiqləməsi və demokratik inkişaf modelini müəyyənləşdirməsi kontekstində ifadə edilən fikirlərdən ibarətdir. Burada aydın görünür ki, Qərb Ukraynadan idarəetmə mexanizmlərini yeniləşdirməyi və cəmiyyətdəki mənfi hallara qarşı ciddi mübarizə aparmağı tələb edir.

Birinci məsələ kontekstində Vaşinqton prezidentlə baş nazirin səmərəli birgə fəaliyyətinə daha çox önəm verir. C.Bayden Ali Radadakı çıxışı zamanı həyəcanla iştirakçılara müraciət edib: “Sizin qarşınızda tarixdə yeni azadlıq sütunları ucaldan Rada kimi yadda qalmaq imkanı durur. Ukrayna insanları bunu arzulayır və gözləyir. Bu, prezident və baş nazirin ümumi səyləri nəticəsində həyata keçməlidir”.

Ekspertlər vurğulayırlar ki, vitse-prezidentdən əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Ukraynadakı səfir Ceffri Payet də ukraynalı siyasətçilərə bu barədə müraciətlər ediblər. Vaşinqtonun Ukrayna siyasi dairələrində fikir ayrılığının yarana bilməsindən ehtiyatlanması səbəbsiz deyil. Qərb 2005-ci ildəki faciəvi hadisələrin təkrarlana bilməsindən ehtiyatlanır. Həmin dövrdə “narıncı inqilabdan” sonra prezidentlə baş nazir arasında ciddi fikir ayrılığı özünü göstərmişdi.

Məsələnin digər tərəfi hazırkı həssas geosiyasi vəziyyətdə Kremlin Ukraynadakı ziddiyyətlərdən yararlanmağa çalışması ilə əlaqədardır. Bu səbəbdən, C.Bayden rəsmi Kiyevi monolit olmağa çağırıb, özü də bunu çox emosional şəkildə ifadə edib.

ABŞ Ukraynada idarəetmədə islahatların aparılmasına maliyyə yardımı ayırmağa hazır olduğunu nümayiş etdirir. Belə ki, hüquq-mühafizə orqanları üçün Amerika 190 milyon dollar ayırmağa qərar verib. Ayrılıqda Ukraynanın təhlükəsizlik sistemini təkmilləşdirmək üçün 300 milyon dollar vəsaitin verilməsi nəzərdə tutulub.

Lakin Amerikanın ciddi narazı qaldığı bir məsələ vardır ki, bu da korrupsiyanın Ukraynada “xərçəng kimi geniş yayılmasıdır”. Doğrudur, C.Bayden bütövlükdə Kiyevin apardığı islahatları müsbət qiymətləndirib. Bununla yanaşı, korrupsiya ilə mübarizədə “təhlükəli çatışmazlıqlar qalmaqdadır” və Vaşinqton bu problemin həlli üçün Ukrayna rəhbərliyinə kömək göstərməyə hazırdır.

Cozef Baydenin Kiyevdə ifadə etdiyi ikinci qrup tezislər ölkənin xarici siyasəti ilə bağlıdır. Amerikalı diplomat rəsmi Kiyevə məsləhət verib ki, “Rusiyanın buraxdığı səhvləri təkrarlamasın”. Baş nazir Arseni Yatsenyukla keçirdiyi görüşdə C.Bayden bildirib ki, Moskva Minsk sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, lakin Ukrayna ona “bənzəməməlidir”.

Bir sıra ekspertlərin fikirlərinə görə, Amerikanın vitse-prezidenti Kiyevin nəzərinə Ukraynanın parçalanmasının qarşısını almağın mümkünsüzlüyünü çatdırıb. Lakin burada söhbətin daha çox Ukraynanın yeniləşərək xarici siyasətdə öhdəliklərinə əməl etməsindən getdiyini demək daha doğru olardı. ABŞ Donbasda yaşayan insanların hüquqlarına reallıqda əməl edilməsi zərurətini də vurğulayır. Kiyev üçün bunun ciddi əhəmiyyətinin olduğunu düşünmək mümkündür.

Həmin kontekstdə Rusiya ilə bağlı C.Baydenin dedikləri maraqlıdır. Ukrayna mətbuatının yazdığına görə, vitse-prezident Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ehtimalını vurğulayıb. Bunun səbəbi isə Moskvanın Krımı zəbt etməsindən sonra Ukraynanın şərqində aqressiv davranmasıdır.

“Frans press” agentliyi Vaşinqtonun Moskvaya Ukrayna məsələsində “təzyiq etdiyindən” yazır. Agentliyin yaydığı informasiyaya görə, Amerika həm Krımın Ukraynaya qaytarılmasında, həm də ölkənin şərqindəki separatçıların zərərsizləşdirilməsində israrlıdır. Buradan belə nəticə çıxır ki, C.Bayden Ukraynada ciddi məsələlərə toxunub. O, həm Kiyevi mümkün təhlükələrdən sığortalanmağa çağırıb, həm də Rusiyaya xəbərdarlıqlar edib. Görünür, Vaşinqton Ukrayna rəhbərliyinin kifayət qədər çevik və səmərəli daxili və xarici siyasət yeritmədiyi qənaətindədir. Xüsusilə “korrupsiyaya qarşı mübarizədə ukraynalılar qətiyyətli deyillər”. Buna görə də rəsmi Kiyev idarəetmədə islahatları yeni səviyyəyə qaldırmalıdır. Əks halda, əldə edilən bütün nailiyyətlər heç olub gedə bilər.

Ukrayna rəhbərliyindəki bəzi insanların şəxsi maraqlarından çıxış etməyə çalışması ölkəni çətin vəziyyətə salır. Buna görə də C.Bayden prezident və baş nazirə 2005-ci il təcrübəsini xatırladıb. Lakin C.Baydenin səfərindən sonra Ali Radada baş verənlər bu məsələnin asan həll olunmayacağından xəbər verir. Baş naziri tribunadan zorla endirmək cəhdi Vaşinqtonun “tövsiyələrinə” əməl etməmək deməkdir. Əslində, burada hər hansı bir xarici dövlətin Ukraynadakı real məqsədinin nədən ibarət olduğunu demək çətindir. Siyasətçilər bir söz deyib, başqa məqsəd də güdə bilərlər. Ən yaxşısı müstəqil siyasət yeritmək və xarici himayədara ehtiyac duymamaqdır.

Nəhayət, ABŞ vitse-prezidentinin Ukrayna səfəri göstərdi ki, böyük güclərin geosiyasi mübarizəsi səngimək bilmir. Qərb bütün istiqamətlərdə aktiv siyasət yeritməkdə və öz maraqlarını təmin etməyə çalışmaqdadır. Kiyevdən Rusiyaya ünvanlanan mesajlar onu göstərir ki, tərəflər bundan sonra da gərgin mübarizəni davam etdirəcəklər. Bu kontekstdə Moskvanın Vaşinqtona necə cavab verəcəyini gözləmək lazımdır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında