Heç kəsə sirr deyil ki, tarixən dinlərarası ixtilaflar hökm sürmüşdür. Bu ixtilafların ən qabarıq şəkildə əksi, şübhəsiz ki, İslam və Xristianlıq arasında özünü büruzə vermişdir. Günümüzdə mədəniyyətlərarası birlik pərdəsi altında dini çəkişmələr nə qədər örtülsə də, dinlərarası mübarizə yeni formatda üzünü göstərməyə başlamışdır.
Bu gün müsəlmanlar dünyanın hər tərəfində məskunlaşmışlar. Avropada say etibarilə xristianlıqdan sonra ikinci yerdə müsəlmanlardır. 1950-ci illərdə Avropada 800 min müsəlman olduğu halda, bu gün Avropa Birliyi İnsan Resursları Komissiyasının bəyanatına əsasən, 44 milyon müsəlman yaşayır. Hazırda Almaniyada 4,76 milyon müsəlman yaşayır. Bu isə ölkə əhalisinin 5,8 faizini təşkil edir. Fransada 4,71 milyon (ölkə əhalisinin 7,5 faizi), Böyük Britaniyada 2,96 milyon (4,8 faiz), İtaliyada 2,2 milyon (3,7 faiz), Bolqarıstanda 1,02 milyon (13,7 faiz), Hollandiyada 1 milyon (6 faiz), İspaniyada 980 min (2,1 faiz), Belçikada 630 min (5,9 faiz), Yunanıstanda 610 min (5,3 faiz), Avstriyada isə 450 min (5,4 faiz) müsəlman var. Rəqəmlər ABŞ-dakı “Pew Research Center”in hesabatına əsaslanır.
Proqnozlara görə, 2050-ci illərdə Avropada müsəlmanların sayı 20 faiz olacaqdır. Bu, müsəlmanların sadəcə olaraq, təbii artımı ilə deyil, həm də başqa dinlərdən İslam dininə keçənlərin sayı ilə də tənzimlənir. Bəlkə də Avropanın bu gün yaşadığı qorxu İslamın təkrar bu qitə üzərində hakim təsirə sahiblənəcəyi ilə bağlıdır. Bu səbəbdəndir ki, İslam avropalıya bir elm dini olmaqdan çox, mövhumat olaraq çatdırılır, müsəlmanın cahil obrazı yaradılır. Unutmaq olmaz ki, İslam əxlaqı, İslam təfəkkürü, İslam mədəniyyəti, İslam adət-ənənələri Avropada baş verən mədəni inqilabın təməl daşı olmuşdur. Hər nə qədər Avropa müsəlmanların barbar, cahil obrazını yaratmağa çalışsa da, Avropanın tarixi mədəniyyəti İslam təməlləri üzərində qurulmuşdur.
2001-ci il 11 Sentyabr hadisələri bütün dünyanın diqqətini “din və şiddət” arası əlaqəyə yönləndirdi. İslam dini açıq şəkildə terrorun təkanvericisi kimi xarakterizə olundu. Hər zaman müxtəlif vasitələrlə üstüörtülü şəkildə terrorla əlaqəli göstərilən müsəlmanlar 11 sentyabrdan sonra “qanuni” şəkildə terrorist adı ilə damğalandılar. Avropada yaşayan müsəlmanlar vətəndaşlıq statusu alsalar da “təhlükəsizlik problemi”nə çevrilmişdilər. Onlara özgə münasibət bəslənilir, “daxili təhdid” olaraq yanaşılırdı. Bu “imic”in formalaşmasında bəzi radikalların İslam amalına xidmət etdiklərini bəyan edən, gerçəkdə isə İslamın mahiyyəti ilə heç bir əlaqəsi olmayan qruplaşmaların böyük rolu vardır. Bu isə tarixən sıxışdırılmağa çalışılan İslamın Qərbdəki mənfi yozumuna “bəraət” qazandırır. İslam avropalının gözündə elm, mədəniyyət, əxlaq kimi anlayışlarla deyil, təəssüf ki, daha çox terror məfhumu ilə canlanır. Qərb cəmiyyətinin təfəkkürüncə, İslami dəyərlər demokratiya və insan haqları ilə uzlaşmır.
Son illər Avropada islamofobiya arqumenti bir çox siyasi dairələrin cəmiyyətdə nüfuz qazanmasına xidmət edən təkanverici qüvvədir. Avropanın bəzi irqçi partiyaları islamofobiya vasitəsilə geniş kütləni təsir dairəsinə salmağa çalışırlar. Fransada beynəlxalq cəbhə lideri Can Mari Lö Pen, İtaliyada irqçi Şimal Liqası Partiyası, Avstriyada Azadlıqlar Partiyası, Danimarkada Xalq Partiyası, Hollandiyada Azadlıq Partiyası belə antiislam partiyalarındandır. Bu partiyalar xüsusilə 11 Sentyabr hadisələrindən sonra müsəlman əsilli mühacirləri hədəfə almaqdadırlar. 2002-ci ildə heyvan haqları müdafiəçisi tərəfindən öldürülən Pim Fortuyn ilə 2004-cü ildə Mərakeş əsilli hollandiyalı tərəfindən qətlə yetirilən Teo Van Qoq cinayətləri, bir anda Hollandiyanı dünyanın İslama qarşı ən kəskin mövqedə dayanan ölkələrdən biri olaraq gündəmə gətirdi. İslamı ən ağır formalarda təhqir edən, islamofobiyanın “dünyəvi elçisi” olaraq tanınan Hollandiyanın Azadlıq Partiyasının yaradıcısı Girt Vilders 11 Sentyabr hadisəsinin 9-cu ildönümündə Nyu-Yorkda çıxış edərək “Nyu-Yorkun yeni Məkkə olmasına icazə verməyin” ifadələrini dilə gətirmiş, açıq şəkildə müsəlmanlara qarşı mübarizəni siyasi amalı olaraq qəbul etmişdi.
Qərb ölkələrində müsəlmanlardan qorxu xəstəlik halını alıb. Bu vəziyyət elə bir şəkil alıb ki, daim azadlıq, ədalət, bərabərlik çağırışları edən Qərb ölkələrinin çoxunda müsəlmanlara qarşı gizli mübarizə üsulları seçilmişdir. Qərbin “azadlıqlar ölkəsi” olaraq tanınan İsveçrədə hətta minarəyə qarşı mübarizə aparılmış, 2009-cu il 29 noyabr tarixində yeni minarə tikilməsinə qadağa qoyulub qoyulmaması ilə bağlı referendum keçirilmiş və əhalinin 57 faizindən çoxu qadağanı dəstəkləmişdir. Fransada ictimai yerlərdə qoyulan hicab qadağası, 2009-cu ilin iyulunda İngiltərədə keçirilmiş sorğu nəticəsində məlum oldu ki, İngiltərənin şimalında və Qallerdə əhalinin 71 faizi, Londonda 32 faizi, ümumilikdə isə xalqın 67 faizi rübəndli çarşabın qadağan olunmasını tələb edir. “Qərbin İslamlaşmasına qarşı vətənsevər avropalılar” hərəkatının 22 dekabr 2014-cü il tarixində Drezdendə təşkil etdiyi yürüşdə 17 mindən artıq insanın iştirakı Avropadakı İslam xofunun bariz göstəricisidir. 2015-ci ilin ilk 6 ayında Almaniyada 23 dəfə məscidə silahlı basqına cəhd olunmuşdur.
İslamofobiya termini XX əsrin sonlarından etibarən siyasi leksikonda geniş istifadə olunmuşdur. Bir ingilis düşüncə qurumu olan “The Runnymede Trust” tərəfindən 1997-ci ildə yayımlanmış “Islamophobia: A Challenge For Us All”(“İslamofobiya: hər kəs üçün çağırış’’) adlı raportda islamofobiya “müsəlmanlara qarşı duyulan təməlsiz qorxunu və narazılığı ehtiva edən bir baxış bucağı və dünyagörüşü" olaraq qəbul edilmiş və İslam əleyhinə kütləvi sıxışdırılma və ayrı-seçkilik olduğu vurğulanmışdır. 2004-cü ildə “The Runnymede Trust” tərəfindən “The New Muslims” (“Yeni müsəlmanlar. İslamofobiya : problemlər, meydan oxumalar və hərəkətlər”) adı altında islamofobiyanın vəziyyətini araşdıran yeni raport yayımlandı. Həmin ildə BMT baş katibinin rəhbərliyi “İslamofobiya ilə mübarizə’’ beynəlxalq konfransının keçirilməsinə, Avropa Şurasının isə yüksək səviyyəli görüşlərinin birində islamofobiyanı qınamasına baxmayaraq, bu tendensiya getdikcə daha da güclənməkdədir.
İslamofobiya sadəcə müsəlmana nifrət aşılamır, həm də İslam tarixini, dinini,elmini sıxışdırır. Beynəlxalq aləmin bu gün qəbul etdiyi bir çox hüquq və azadlıqlar, hələ VII əsrdə İslam dinində açıq və dolayı şəkildə elan olunmuşdur. İslam elmdir. Günümüzdə İslamın əsas problemi onun əsl mahiyyətini anlayan və izah edən geniş ziyalı kütləsinin Avropa auditoriyasına çıxış imkanının məhdud olmasıdır. İslam avropalıya olduğu kimi deyil, bəzi özünü dindar adlandıran müsəlmanların çıxış və hərəkətlərinə uyğun olaraq təhrif olunmuş şəkildə çatdırılır. Eyni zamanda, Qərbin bəzi dairələri İslamı gözdən salmaqda, onu qorxu və vəhşət dininə çevirməkdə maraqlıdır.
İŞİD qorxusu realdırmı?
Yeni bir dini radikal qruplaşma, özlərini “İslam dövləti” kimi təqdim edən İŞİD bu gün dünya müsəlmanlarının qorxulu kabusuna çevrilmidir. Ədalətli mübarizə adı altında qorxunc barbarlıqlara imza atmaqla, İslam və terror anlayışlarının yanaşı şəkildə işlənməsi üçün Qərbin əlinə bir fürsət verir. İslamofobiyaçılar İŞİD-dən İslamı terrorizmlə eyniləşdirmək, müsəlmanların cahil və qorxunc obrazını yaratmaq üçün bir vasitə kimi istifadə edirlər. Lakin islamofobiyaçılar İŞİD-in qeyri-müsəlmandan çox müsəlman öldürdüyünü, Qərbə hədəflərindən daha çox müsəlman şəhərlərini dağıtdığını, müsəlmanlar arasında ayrı-seçkilik yaratdığını gözardı edirlər. Siyasi sabitsizliyin və daxili müharibənin pəncəsində olan İraq və Suriyada daha kəskin olmaqla Orta Şərqdə ciddi bir hərbi qüvvəyə malik olan “İraq Şam İslam Dövləti” qurumu tətbiq etdiyi üsullarla təkcə İslam cəmiyyətinin deyil, bütün bəşəriyyətin nifrətini qazanmışdır. “Dini mübarizə” pərdəsi altında heç bir dini istinadla izah edilməyəcək cinayətlər həyata keçirən bu təşkilatın arxasında hansı strateji məqsədin dayandığına dair sual hələ də cavablandırılmamışdır. İŞİD-in öz fəaliyyətini genişləndirməsi islamofobiyanın yeni dalğasının yaranmasına və yayılmasına səbəb oldu, Qərb toplumunda irqçilik və düşmənçiliyin daha da şiddətlənməsinə gətirib çıxardı. İslam adına hərəkət etdiyini iddia edərək dəhşətli hadisələrə imza atan İŞİD İslamın təməl qanunlarını tapdalamaqla qalmadı, uzun illərdir ki müsəlmanların islamofobiyaya qarşı apardığı mübarizəni də iflasa uğratdı. Təşkilat Qərbdə müsəlmanlara qarşı irqçi nifrətini daha da alovlandırdı. Bu vəziyyət, eyni zamanda, islamofobik qüvvələrin qlobal arenada güclərini birləşdirəcəklərinə dair təzyiqi artırdı.
Araşdırmalara əsasən, İŞİD-in yaranmasından bu yana, Avropada radikal sağçı partiyalara qoşulanların sayı kəskin surətdə artmışdır. Hətta İslamı təhdid olaraq qiymətləndirən bəzi qüvvələrin “Xaç ittifaqı”nın yaranması zəruriyyətini ortaya atması dini fanatizmin son dərəcə təhlükəli bir şəkil aldığını göstərir. Almaniyanın “Fokus” jurnalı, İsveçrənin “Sonntags Zeitung” qəzeti kimi bir çox KİV-də yayımlanan xəbərlərdə İŞİD tərəfindən təhdid edilən xristianlara dəstək olmaq üçün bölgədə müharibəyə gedən gənclərdən bəhs edilirdi. Hollandiya və Avstriyada İŞİD bəhanəsilə müsəlmanlara qarşı təzyiqlər getdikcə artmaqdadır. Avstriyada “radikalizmlə mücadilə” adı altında həyata keçirilən hər cür təzyiqlər, əslində, sırf müsəlmanlara qarşı yönləndirilmişdir. Yerli mediada tez-tez istifadə olunan “islamçı terroristlər” kimi ifadələrin məqsədi İslamla terror arasında uydurulmuş əlaqəni şüuraltı şəkildə vətəndaşlara çatdırmaqdır. London polisinin hesabatlarına əsasən, son illər ərzində müsəlmanlara qarşı istər şəxsi, istər ictimai şəkildə təzyiqlər getdikcə artmaqdadır.
İŞİD nədir? Bu gün Avropada İslama qarşı mübarizəyə, dirənişə səbəb əsas amil özünü sözdə müsəlman dövləti elan edən İŞİD-dir. Xüsusilə, 2014-cü ilin ortalarından etibarən Yaxın və Orta Şərqdə İŞİD-in fəaliyyətinin intensivləşməsi müsəlman probleminin aktuallığını qoruyub saxlayır. İŞİD fəaliyyəti müsəlmanlara bir damğa olaraq vurulur, İŞİD adı altında İslam dini təhqir olunur. İŞİD İslam pərdəsi adı altında, bütövlükdə müsəlman dünyasına qarşı mübarizə aparır. Daim islamofobi düçüncənin hakim olduğu Qərb üçünsə İslam dinini ləkələməyə faktiki olaraq əlavə bir “imkan” yaradır.
Son illər dünyada ən çox müzakirə olunan İŞİD İraq müharibəsinin ilk illərində qurulmuş, 2004-cü ildə “Əl-Qaidə” ilə bağlılığını elan edərək, “İraq Əl-Qaidəsi” adlandırılmışdır. 2012-ci ildə ABŞ-ın İraqdan çəkilməsi ilə gücünü ikiqat artırmış və 2013-cü ilin aprelində “Əl-Qaidə”nin İraqdakı qruplaşmasından ayrılaraq müstəqilliyini elan etmişdir. Bu terror qruplaşmasının açıqlamasına görə içlərində ABŞ,Almaniya, Fransa, İngiltərə vətəndaşı olan silahdaşları da vardır. Əbu Bəkr əl-Bağdadinin 29 iyun 2014-cü il tarixində xəlifəliyini elan etməsi ilə İŞİD də adını dəyişərək özünü, “İslam xilafəti” elan etdi . İŞİD-in qurucusu Əbu Bəkr əl-Bağdadinin haqqında çox az məlumat vardır. Bəzi informasiyalarda onun MOSSAD-ın hazırlıq kurslarını keçdiyi iddia olunur. Hətta Bağdadinin 2004-cü ildə Amerika əsgərləri tərəfindən əsir götürüldüyü, sonra qaçdığı da bildirilir. Xəlifənin tutulması üçün MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) 100 nəfərlik xüsusi qrup yaratdığı deyilsə də, onun harada olması haqda məlumat belə yoxdur. Amerikanın casus peykləri və pilotsuz təyyarələri də xəlifəni “tapa bilmirlər”. Bu gün İŞİD birmənalı qarşılanmır, adlanmır. Kimi onu terror qruplaşması, kimi “İslam dövləti”, kimi isə vəhabbi-sələfi qruplaşması və s. kimi yozur. Tarixən Qərb İslam dövlətləri daxilində düşmənçilik yaratmaqla, onları “öz əlləri” ilə məhv etməyə çalışmış, seyrçi mövqedə dayanmışlar. Qərbin bu missiyası çox vaxt öz nəticəsini göstərmişdir. Qərb üçün ən xeyirli təsir və müdaxilə seçimi məhz budur: İslamdaxili düşmənçilik – seyrçi mövqe. Mənbəyi, tarixi, məfkurə və silahdaşlarının kimliyi məlum olmayan, absurd dövlətini elan edən İŞİD də Qərb üçün bu baxımdan əlverişli bir təsir vasitəsidir.
Gizli məlumatları mediaya sızdırdığı üçün Rusiyaya sığınan keçmiş CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) və NSA (Milli Təhlükəsizlik Agentliyi) əməkdaşı Edvard Snoudenin İŞİD-lə bağlı yaydığı məlumatlar hadisələrdə “Qərbin əlini” yenidən gündəmə gətirdi. CIA və NSA-nın bütün gizli bilgilərinə sahib olan Snouden İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyat idarələrinin dayandığını açıqlamışdır. O qeyd etmişdir ki, bu üç dövlətin kəşfiyyatı “eşşək arısı yuvası” adlı strateji planla dünyadakı bütün terror qruplaşmalarını bir araya gətirmək istəyir. Beləliklə də, bu dövlətlər dünyanın hər hansı bir nöqtəsində agentlikləri tərəfindən idarə olunan bir terror qurumu vasitəsilə həm enerji mənbələrini əldə etməyi, həm də regionlardakı siyasi boşluğu doldurmağı hədəfləyir. Snouden İŞİD-in məqsədinin İsraili qorumaq olduğunu vurğulamışdır. Diqqətçəkici məqam da İslami dəyərlərə zərər vuran və bölgəni xaosa aparan İŞİD-in İsrailə qarşı heç bir əməliyyat keçirməməsi və heç bir xəbərdarlıq etməməsi, yalnız müdafiəsiz insanları hədəf almasıdır. G20-nin Antalya sammitində Rusiya Prezidenti Vladimir Putinin öz çıxışında İŞİD-i 40 dünya dövləti, o cümlədən “Böyük iyirmiliy”ə daxil ölan bəzi ölkələrin maliyyələşdirdiyini bildirməsi Qərbin İŞİD-in mövcudluğuna maraqlı olmasının göstəricisidir. Putinin sözlərinə görə, sammit çərçivəsində aparılan danışıqlarda İŞİD-in maliyyələşdirilməsinin qarşısının alınması üçün Rusiyanın təşəbbüsü ilə irəli sürülən qətnamənin BMT tərəfindən qəbul olunması müzakirə olunub. Bu etiraf, əslində, Qərbin “məsumiyyət”inin iflasıdır. Deməli mümkündür ki, Qərb İŞİD qruplaşmasının əsas maliyyə mənbəyi və təkanvericisidir.
İŞİD-in mübarizəsi xristianlara qarşı deyil əksinə, müsəlmanların daha çox yaşadığı ərazilərdə davamlı partlayışlar törətməklə o, sübut edir ki, İslam mübarizəsi aparmır. İŞİD Suriya və İraqda 250 mindən çox insanın — müsəlmanın həyatına son qoyub. Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin fikrincə, İraq müharibəsi İŞİD-in yaranmasına kömək edib". Bəli, İŞİD-in meydana çıxması Qərbin bitib-tükənməyən neft hərisliyinin, demokratiya adı altında aparılan “mənfəət siyasəti”nin nəticəsi idi. İŞİD müsəlmanların seçimi deyildir!
İŞİD kəlməsi son zamanlar bəzi xarici mətbuat orqanlarında DEAŞ (DAESH) olaraq səsləndirilir. DAEŞ (“Əl Dövlət Əl İslamiyyə Fil İraq Vel Şam”) ərəb ölkələrində bu terror təşkilatına verilən addır. Bu qurumun “İslam dövləti” olaraq adlandırılmamasının kampaniyasını Fransa xarici işlər naziri Loran Fabius başlatmışdır. O, 10 sentyabr tarixində İŞİD-lə bağlı etdiyi çıxışda “bunlar bir dövlət deyil, terrorist qrupudur” ifadəsini işlətmişdir. Fabius bu terror qrupunun “İslam dövləti” kimi çağırılmasının əleyhinə olduğunu bildirmişdr. Çünki belə adlandırma İslam, islamiyyət, müsəlman anlayışlarına çağırış oyadır. O, bu qurumun ərəblərin söylədiyi kimi DAESH, yaxud “DAESH qatilləri” olaraq adlandırılmasının tərəfdarı olduğunu açıqlamışdır. Bu çıxışdan 5 gün sonra Fransa Prezidenti Fransua Olland da DAESH terminini işlətmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında DAESH abveriaturasını işlətmiş və belə izah etmişdir: “İslamı terror birliyi olaraq göstərtmək istəyənlər var. Anlamı barış olan din əsla terrora icazə verməz. Diqqət edin İŞİD demirəm, çünki bunlar bir terror qruplaşmasıdır”.
(ardı likdə)
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities”
analitik layihə qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.