Smit və Yaqland: antiazərbaycan cəbhəsinin “qara piarçıları”

Azərbaycan rəhbərliyinin müstəqil xarici və enerji siyasəti yenidən bir sıra dairələri təlaşa salıb. Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit və Avropa Şurasının baş katibi Torbörn Yaqland qərəzli addım atıblar. Konqresmen Azərbaycan hökuməti nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməkdən danışıb. T.Yaqland isə ölkədə insan haqları ilə bağlı konvensiyaya necə əməl edildiyini sərf-nəzər etmək qərarına gəldiyini bildirib. Bunların bir-biri ilə sıx əlaqədə olduğu aydın hiss edilir.

K.Smit hesab edir ki, Azərbaycanda hakimiyyət insan haqlarını pozur. İnsanların söz azadlığı məhdudlaşdırılır, onlar siyasi düşüncəyə görə həbsə atılırlar. Buna görə də rəsmi Bakıya cəza tətbiq edilməlidir. Lakin o, həm də Azərbaycanın adi vətəndaşlarına qarşı tədbir görməyi nəzərdə tutan təklif verir.

T.Yaqlandı da, sən demə, Azərbaycandakı insan haqlarının vəziyyəti “narahat edirmiş”. O, vəziyyəti “yerində yoxlamaq” qərarına gəlib. Ekspertlər bu qərəzli addımların niyə məhz indi - geosiyasi gərginliyin şiddətləndiyi, Azərbaycanın Qərblə əməkdaşlığı reallaşdırmaqda olduğu bir vaxtda atıldığı üzərində düşünürlər. Doğrudan da, bunların obyektiv təhlilinə ehtiyac vardır.

 

Qərəzli yanaşma və
ikili standartlar: yeni təzahürlər

 

Siyasətdə dönüş nöqtəsi prinsipial əhəmiyyət daşıyır. Dünyada geosiyasi vəziyyətin mürəkkəb və ağır olduğu bir mərhələdə dialoqa, sülhə, faydalı əməkdaşlığa və təhlükəsizliyin təmininə aparan hər bir addım qəbul edilməlidir. Azərbaycan rəhbərliyi belə bir çətin mərhələdə səmərəli siyasi gedişlər etməkdədir. Qərblə Şərq arasındakı anlaşılmazlığı aradan qaldıra biləcək, beynəlxalq terrora qarşı əməkdaşlığı stimullaşdıracaq layihələrin reallaşması istiqamətində fəal mübarizə aparmaqdadır. O cümlədən, məhz Qərbin enerji təhlükəsizliyi üçün strateji önəm daşıyan layihələrin həyata keçməsində ciddi rol oynamaqdadır.

Azərbaycan Cənubi Qafqaz regionunun inkişafı üçün əlindən gələni edir. Qərb-Şərq əməkdaşlıq dəhlizi ilə yanaşı, Şimal-Cənub istiqamətində də əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Rəsmi Bakı, eyni zamanda, ölkə daxilində keyfiyyətcə yeni səviyyədə islahatları davam etdirir, korrupsiyaya qarşı real mübarizə aparır. Ölkə başçısı tərəfindən imzalanan əfv fərmanları ilə müəyyən kateqoriyadan olan adamların azadlığa buraxılması prosesi də gedir. Hətta dövlətin varlığına, cəmiyyətin bütövlüyünə təhlükə törədən şəxslər belə, açıq deyək, qərbli tərəfdaşların xahişi ilə həbsdən buraxılır.

Azərbaycan terrorla mübarizədə daim beynəlxalq koalisiyanın yanındadır. Yaxın Şərqdə son zamanlar baş verən proseslərdə də Azərbaycan rəhbərliyi düzgün mövqe seçdi, barış və dialoq yolunu tutdu, Qərb-Şərq dəhlizində ticarətin genişlənməsi üçün müstəqil addımlar atdı. Məhz Bakının icazəsi ilə Qərbdə istehsal olunan mallar Mərkəzi Asiyaya çatdırıla bilir. Azərbaycan geniş planda Avropanın uzaq guşələri ilə Uzaq Şərqin ucqar əyalətləri arasında iqtisadi, ticari, energetik və mədəni əlaqələrin dərinləşməsinə konkret töhfələr verir. Mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, sıx münasibətlərin inkişafının gözəl nümunəsi olan “Bakı prosesi”ni xatırlamaq kifayətdir ki, yuxarıdakı tezisin həyatiliyini anlamaq mümkün olsun.

Amma çox təəssüf... Qərbdə bir sıra dairələr hələ də bütün bunları dərk edə biləcək səviyyədə düşünə bilmirlər. Onlar zaman-zaman erməni diasporunun, Azərbaycana düşmən mövqedə olan başqa qüvvələrin əlində ucuz oyuncağa çevrilir, əməkdaşlıq prosesinə əngəllər yaratmağa çalışırlar. Bunun son nümunəsi həm ABŞ-dan, həm də Avropadan yayılan informasiyalarda özünü göstərməkdədir. Biz amerikalı konqresmen Kris Smitin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Azərbaycan əleyhinə “atdıqları addımları” nəzərdə tuturuq. Konqresmenin hərəkətlərinin təhlilindən başlayaq.

 

Konqresin “Smit sindromu”:
erməni təəssübkeşliyinin bir forması

 

Bu adam ABŞ Konqresində Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyanın (buna Helsinki Komissiyası da deyirlər) sədridir. O, bu günlərdə “Azərbaycan demokratiya aktı” adlı qanun layihəsi hazırladığını bildirib.

Bu cənab ABŞ rəsmi dairələrinə Azərbaycan hakimiyyətində olan şəxslərə qarşı sanksiyalar tətbiq etməyi, onlarla hər hansı işgüzar münasibət qurmamağı təklif edir. Sənəddə K.Smit “Azərbaycan hökuməti üzvlərinin ABŞ-a gəlməsinin yolverilməz olduğunu” xüsusi vurğulayır. Ancaq respublikaçı konqresmen bununla kifayətlənmir.

O, daha da irəli gedərək, ümumiyyətlə, Azərbaycan xalqına qarşı sərt tədbirlərin görülməsini ifadə edən məntiqsiz müddəalar irəli sürür, beynəlxalq maliyyə institutlarını Azərbaycana yardım ayırmamağa, müəyyən kateqoriyadan olan Azərbaycan vətəndaşlarının ABŞ-dakı mülkiyyətinə həbs qoymağa və s. çağırır. Özünü Azərbaycanda insan haqlarının “müdafiəçisi” kimi təqdim edən K.Smit bir neçə adamın qanunsuz həbsə atıldığını iddia edir. Hətta onların sırasında olan Xədicə İsmayılovanın işi ilə bağlı araşdırma aparacağını da vəd edir.

Niyə bu məsələ məhz indi ortaya atılır? Axı, rəsmi Bakı hazırkı mürəkkəb geosiyasi məqamda demokratiyanın yanındadır, əməkdaşlığa tərəfdar olduğunu nümayiş etdirib! Bu suallara faktlarla cavab verməyə çalışaq.

Azərbaycan rəhbərliyi qlobal miqyasda təsirli addımlar atıb. Qərbin enerji təhlükəsizliyinin təmini üçün vacib sayılan layihələri inamla reallaşdırmaqdadır. O, postsovet məkanında müstəqilliyini əldə etmiş ölkələrin enerji ilə təminatında da ciddi rol oynamaqdadır. Prezident İlham Əliyevin Çinə son səfəri isə yeni “İpək Yolu” layihəsinin həyata keçirilməsində dönüş nöqtəsi oldu. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli geosiyasi və iqtisadi rol oynadığını, təhlükəsizlik sisteminin formalaşmasına töhfə verdiyini göstərir.

Şübhəsiz ki, Azərbaycana qarşı düşmən mövqe tutan və islamofobiya mərəzinə tutulmuş bir sıra dairələr müsəlman ölkəsinin bu cür inkişafına əngəl olmağa cəhdlər göstərəcəkdi. Özü də Azərbaycan bütün uğurlarını Ermənistanın geosiyasi aspektdə düşdüyü miskin vəziyyətdən çıxa bilməməsi fonunda qazanır. Üstəlik, Ermənistanda konstitusiyaya edilən dəyişikliklərlə bağlı keçirilən referendumda ciddi saxtakarlıqlara da yol verildiyi dünyaya məlum oldu. Bu barədə Ermənistan müxalifəti konkret faktlar təqdim edib. ABŞ-ın bu ölkədəki səfirliyi isə həmin məsələ ilə əlaqədar rəsmi İrəvana xəbərdarlıq edib.

Belə gedişat erməni diasporunu və onun əlində oyuncaq olan bir sıra üzdəniraq konqresmenləri narahat etməyə bilməzdi. Azərbaycanın beynəlxalq rolunun və nüfuzunun artması fonunda Ermənistanın bu miskin obrazı onların əhvalını pozub. Əllərində tutarlı fakt olmadığından, əks-gediş kimi həmin mənfur dairələr əsassız antiazərbaycan kampaniyasına başlayıblar. Bu tezisi K.Smitin siyasi kimliyi də təsdiq edir.

 

Nyu-Cersili oğlanın “soyqırımı” canfəşanlığı

 

Məlumdur ki, K.Smit Konqresə Nyu-Cersidən seçilib. Bütün fəaliyyəti boyu ermənipərəst mövqe tutub. Xüsusilə qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı onun canfəşanlıq etdiyi sirr deyil. Bu il 5 dəfə həmin məsələ haqqında danışıb və hətta Prezident Barak Obamaya “soyqırımı”nı tanımaqla bağlı müraciət edib. K.Smit açıq deyir ki, “mən ermənilərin böyük dostuyam”.

Onun fəaliyyətinin müəyyən məqamlarının təhlili göstərir ki, Azərbaycan və ya Türkiyə uğurlu bir geosiyasi addım atdıqda və ya Ermənistan çıxılmaz vəziyyətə düşdükdə, bu cənabın “erməni soyqırımı” xəstəliyi şiddətlənir. Demək olar ki, bu proses xroniki xarakter alıb. Hətta bir sıra hallarda ABŞ-ın dövlət maraqlarına zidd olan tezisləri qəbul etdirməyə çalışır. Ermənistanı isə açıq və sərhədsiz müdafiə etməyə cəhd edir. 2008-ci il prezident seçkisindən sonra bunu əyani müşahidə etmək mümkün idi.

Həmin dövrdə Ermənistan hüquq-mühafizə orqanları etiraz edən və nümayiş keçirən müxalifətçilərə küçələrdə divan tutmuşdu. Nümayişçilərdən 10 nəfər isə güllələnmişdi. Ermənistan hakimiyyəti etirazçılara qarşı çox sərt davranmışdı. Bunlar barədə K.Smitin sədrlik etdiyi komissiya isə çox yumşaq fikir bildirib. Onun özü isə dinləmələrdəki çıxışında seçkinin beynəlxalq standartlara uyğun keçdiyini, lakin bir sıra məqamları daha da yaxşılaşdırmaq lazım olduğunu bəyan edib.

Nümayişçilərə qarşı tətbiq olunan zorakılıq haqqında isə lap gülməli fikir söyləyib. O, deyib: “Hakimiyyətin mitinqçilərə qarşı hücumu rəsmi əsaslandırmasına bir çox beynəlxalq təşkilatlar skeptik yanaşırlar...”.

Üstəlik, K.Smit çıxışında bir daha qeyd edir ki, “erməni xalqı naminə çalışır” və “Ermənistanın maraqlarının müdafiəçisidir”. 10 dinc nümayişçinin güllələndiyi, çoxlu sayda hüquq pozuntularının yer aldığı, rəsmi dairələrin etirazlara kəskin reaksiya verdiyi bir prosesə bu cür loyal münasibətin arxasında hansı səbəblər dayanır?

Bunlardan əlavə, konqresmen dinləmələrin mövzusu olan seçki məsələsindən qəfil “erməni soyqırımı” nağılına keçid edir, Dağlıq Qarabağda atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulduğunu söyləyir. Bununla o, diqqəti Ermənistandakı seçkilərdə yol verilən pozuntulardan, rəsmi İrəvanın öz vətəndaşlarına qarşı amansız davranışından yayındırmaq məqsədi güdür. Qəribədir ki, Konqresdə buna etiraz edib, onun müzakirə olunan məsələdən danışmağını tələb edən bir kimsə tapılmayıb.

Təbii ki, bu cür xislətin və birtərəfli siyasi mövqenin sahibi olan birisi Azərbaycana və Türkiyəyə aid məsələlərdə obyektiv ola bilməz. Onun gözünü ermənipərəstlik o dərəcədə örtüb ki, ABŞ-Azərbaycan münasibətlərinin korlana bilməsindən belə çəkinmir. Yəni, faktiki olaraq, Amerikanın dövlət maraqlarına qarşı çıxır. Xüsusilə indiki mərhələdə K.Smitin erməni canfəşanlığı iki ölkə arasındakı əməkdaşlığa ciddi zərbə vura bilər. Halbuki, son vaxtlar Vaşinqtonun Azərbaycan ritorikası xeyli yumşalmışdı.

Burada, təbii ki, bir sıra beynəlxalq oyunçuların Yaxın Şərqdə böyük dövlətlərin geosiyasi maraqlarının toqquşmasından sui-istifadə etməyə çalışmasını da unutmaq olmaz. Onlar supergüclərin qarşıdurmasından öz lokal maraqları üçün bəhrələnməyə çalışırlar. Ancaq ABŞ kimi güclü bir dövlətin parlament üzvünün belə məntiqsiz və əsassız davranmasına heç cür haqq qazandırmaq mümkün deyildir.

 

Baş katibin qeyri-müəyyən davranışı:
kimlərə xidmət edir?

 

Lakin K.Smit tək deyilmiş. Avropa Şurasının baş katibi Torbörn Yaqland da onunla həmrəydir. T.Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasının tələblərini necə yerinə yetirməsi ilə bağlı rəsmi araşdırmaya başladıqlarını bildirib. Baş katib belə bir fikir söyləyib: “Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması, söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb. Belə narahatedici bir şəraitdə durumun düzəlməsinə yönəlik müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin İnsan Haqları Konvensiyasının icrası ilə bağlı hakimiyyətdən izahat istəyəcəklər”.

Onu deyək ki, Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə uyğun olaraq, üzv ölkələrdə belə araşdırma aparıla bilər. Ancaq bu, nadir hallarda baş verir. Yəni, Avropa Şurasının baş katibinin bununla bağlı addımları üçün çox ciddi səbəblər olmalıdır. Səhv etmiriksə, son illərdə ilk dəfədir ki, 52-ci maddə üzrə araşdırmaların aparılmasından danışılır. Görəsən, nə baş verib? Torbörn Yaqlandın bu davranışı ilə Kris Smitin sayıqlamaları arasında əlaqə varmı?

Əvvəlcə, yada salaq ki, Azərbaycanda böyük bir əfv fərmanı hazırlanır. Yeni ilqabağı onun elan edilməsi planlaşdırılır. Ölkə rəhbərliyinin bu addımı ərəfəsində T.Yaqlandın davranışı məntiqsizlik və qarşılıqlı əlaqələrə zərbə təsiri bağışlayır. Konkret desək, çox nadir hallarda tətbiq edilən 52-ci maddədən danışmaq bu mərhələdə ağılsızlıq və ziyankarlıqdan başqa bir şey deyil. Bu, yalnız Azərbaycana düşmən olan və Avropa ilə onun əməkdaşlığını pozmaq istəyənlərin maraqlarına cavab verir. T.Yaqland hansı dairələrə xidmət edir? Qısa araşdırmalar maraqlı faktları ortaya çıxarır.

Məlum olur ki, cənab T.Yaqland siyasi baxışlarına görə solçudur və uzun müddət (1992-2002-ci illər) Norveç Fəhlə Partiyasının sədri olub. “Erməni soyqırımı” ideyasının qızğın təbliğatçılarından biridir. 2015-ci il aprelin 22-də İrəvanda uydurma “soyqırımı” ilə bağlı keçirilən beynəlxalq forumda şəxsən iştirak edib. Oradakı çıxışı zamanı türklərin “ermənilərə qarşı amansız cinayətlər törətdiyindən” dəm vurub. T.Yaqland deyib: “Avropa Şurası Ermənistanın insan haqlarına əməl olunmasında, qanunun aliliyinin təminində, ksenofobiyaya və irqçiliyə qarşı apardığı mübarizədə oynadığı rola böyük önəm verir”.

Nə az, nə çox - sən demə, cənab T.Yaqlanda görə Ermənistan ksenofobiyaya və irqçiliyə qarşı ciddi mübarizə aparırmış. O, ərazisindən minlərlə azərbaycanlını vəhşicəsinə qovmayıbmış, Xocalıda soyqırımı törətməyibmiş, Azərbaycan ərazilərində terror aktları keçirməyibmiş, oranı işğal altında saxlamırmış. Bir milyondan çox azərbaycanlı qaçqının vəziyyəti haqqında məsələ qaldırmaq əvəzinə, əsassız iddialar irəli sürməklə məşğul olan baş katibin obyektivliyinə inanmaq mümkün deyil.

Əvəzində, T.Yaqlandın heç ruhunun mövcud olmadığı 1915-ci ildə guya “türklər erməniləri amansızcasına qətlə yetiriblər”. Öz gözünün qabağında baş verənləri etiraf etməyə cəsarəti və insanlığı çatmayan biri 100 il öncə baş verənlər haqqında həqiqət kimi danışırsa, bunun adı nədir?

Biz bilirik. Bunun adı qərəzli yanaşma, ikili standartlar siyasəti, xristian təəssübkeşliyi, islamofobiya, ksenofobiya və irqçilikdir! Məhz bu məsələlərdə K.Smit kimi, T.Yaqland da erməni diasporunun yanında durmaqdadır.

 

İki sənəd: Smit, Yaqland və
ermənilərin qorxulu röyası

 

Bu kontekstdə bir məqamı qeyd etməyə ciddi ehtiyac var. Məsələ burasındadır ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanla bağlı iki mühüm sənəd müzakirəyə çıxarılacaq. Onlardan biri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri, digəri isə Ermənistanın işğal etdiyi Sərsəng su anbarı ilə əlaqəlidir.

Həmin sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilir və üstəlik, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun ermənilər tərəfindən işğal edildiyi vurğulanır. Nəzərə alsaq ki, son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrləri 7 rayonun azad edilməsi zərurəti haqqında tez-tez danışırlar, onda İrəvanın və onun havadarlarının narahatlıqlarının səbəbi də aydın olar.

Tamamilə aşkardır ki, K.Smit və T.Yaqland Ermənistan rəsmiləri və erməni diasporunun keçirdiyi qorxu hissini aradan qaldırmaqla məşğuldurlar. Bu sənədlərdə Ermənistanın işğalçılıq siyasəti ciddi şəkildə tənqid olunur. Konstitusiya islahatlarına dair referendumdakı biabırçılıqdan və dünyada gedən ziddiyyətli geosiyasi proseslərin yaratdığı çətinliklərdən sonra belə bir sənədin qəbulu həqiqətən rəsmi İrəvanı arzuolunmaz duruma salır. Ona görə də Qərbin siyasi institutlarındakı “dostları” işğalçıya yardım əllərini uzadırlar.

Azərbaycanda araşdırma aparmaq haqqında qərara gəlmək olar. Lakin bunun düşmənləri sevindirəcək bir nəticəsinin olmayacağına da əminik. Arada Avropa Şurasının obyektivlik imicinə ciddi zərbə dəyə bilər. Qərblə sıx əməkdaşlıq istiqamətində ardıcıl addımlar atan Azərbaycanı tutduğu doğru yoldan döndərmək, onu hansısa lokal geosiyasi maraqlara və təəssübkeşliyə qurban vermək boş bir cəhddir. Smitlər və yaqlandlar isə ilk növbədə təmsil etdikləri qurumlara, vətəndaşları olduqları ölkənin siyasi kimliyinə ziyan vururlar. Bunu qərbli tərəfdaşlar dərk etməlidirlər. Azərbaycanın yaranmış vəziyyətlə bağlı nümayiş etdirdiyi mövqe də həmin tezisin doğruluğunu təsdiqləyir.

Qərbdə müəyyən dairələr anlamalıdırlar ki, Ermənistanı kənardan heç bir üsulla xilas etmək mümkün deyil. Burada yeganə səmərəli vasitə bu ölkənin işğal siyasətindən əl çəkib, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməsindən ibarətdir. Bu, baş verməyincə, rəsmi İrəvanın narahatlıqları artacaq, ona havadarlıq edən Qərbin demokratiya “təəssübkeşləri”nin isə yuxusu ərşə çəkiləcək. İlk növbədə K.Smit və T.Yaqland bu məqamı unutmasın, tutduqları yolu dəyişsinlər, Azərbaycan isə heç bir halda müstəqil siyasət kursundan geri çəkilməyəcək!

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında