Heydər Əliyev – Azərbaycanı tarixi tərəqqi yoluna çıxarmış qurucu rəhbər

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Biz respublikamızda hüquqi - demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

Tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətləri və güclü iqtisadi potensialı olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalmış və müstəqilliyin başlanğıcında təcrübəsiz, qorxaq, satqın rəhbərlərin əlində oyuncağa cevrilmiş Azərbaycanda bu vəziyyət daha mürəkkəb idi.

Ərazi bütövlüyünə qəsd edilmiş ölkəmiz təkcə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, üstəlik, daxildən parçalanmaq qorxusu ilə də üzləşmişdi. Müstəqilliyimiz düşmən dövlətlərin açıq-aşkar hərbi təcavüzü və siyasi təzyiqlərləri ilə qarşılaşmışdı. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü.

Sovet təfəkkürü ilə istehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuza görə xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Ənənəvi bazarlar itirilmiş, yeni bazrlara girmək isə qeyri- mümkün görünürdü. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı böyük çətinliklərlə həyata keçirilirdi. Ölkə əhalisi yerin- göyün imtahanına çəkilmişdi.

Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. Elə gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi. Məsuliyyətsiz vəzifəli şəxslər isə bu çətinliklərdən öz ciblərini doldurmaq üçün istifadə edirdilər. 1992-ci ilin qışında ölkəni Avropa Birliyindən alınan 300 min ton, 1993-cü ilin qışında isə Türkiyənin verdiyi bu qədər un və taxıl xilas etmişdi.

Amma ölkənin əsl xilaskarı 1993-cü ildə xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması oldu. İllər sonra Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət yoxdursa; bu marağı beynəlxalq forumlarda, yüksək tribunalarda müdafiə edə bilən, xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, ölkəni öz arxasınca aparmağı bacaran siyasətçi- diplomat yoxdursa;  dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik sərkərdə- komandan yoxdursa; daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu rəhbər yoxdursa – həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar.

Bəşəri inkişafın dönüş nöqtəsini təşkil edən mürəkkəb bir dövrdə tale Azərbaycan xalqına çağdaş və müstəqil dövlətçilik fəlsəfəsini milli irs və təfəkkür bazası əsasında formalaşdırmış və reallaşdırmış Heydər Əliyev dühasını və onun layiqli davamçısı olan qlobal düşüncəli, vətənsevər İlham Əliyev zəkasını bəxş etmişdir.

Xalqın çağırışına səs verəcək dövlət müstəqilliyinin mövcudluğunun qorunub saxlanılması və ölkənin sosial-iqtisadi inkisafının sürətləndirilməsi məsuliyyətini öz üzərinə götürmuş ümummilli lider Heydər Əliyev qarşıda duran tarixi vəzifələri aydın şəkildə dərk edirdi. O, 1993-cü il oktyabr ayında ölkə Prezidenti kimi, ilk dəfə and içərkən tam əminliklə qeyd etmişdi: “Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün istifadə etməkdən ibarətdir ”.

Bizim məqsədimiz müstəqil, demokratik, hüquqi dövlət qurmaqdır, – deyən və “müstəqilliyimiz əbədidir” şüarını qürurla irəli sürən Heydər Əliyev 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ölkə qarşısında duran strateji xətti belə müəyyən etmişdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”.

Ulu öndər Heydər Əliyevin müdrikliyi, dünyada gedən mürəkkəb prosesləri dərindən bilmək, Azərbaycan xalqının mənafeyi üçün onlardan məharətlə istifadə etmək qabiliyyəti doğma Vətənimizi tarixin ağır sınaqlarından uğurla çıxararaq, XXI əsrdə dinamik inkisaf etməsi üçün möhkəm zəmin yaratdı. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq, müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. O zaman sosial- iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı. Belə bir mürəkkəb şəraitdə ümummilli lider Heydər Əliyevin daxili çəkişmələrə son qoyması, onun səyləri ilə siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. 

Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, strateji əhəmiyyətli, taleyüklü üç vəzifə eyni zamanda yerinə yetirilsin: müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi; inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması; qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi. Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.

Totalitar sosialist sisteminin süqutu nəticəsində yaranmış yeni müstəqil dövlətlər qarşısında duran problemlərin orijinallığı və tarixdə mövcud olmuş iqtisadi sistemlərin heç birində anoloqu olmaması dünya iqtisadi və siyasi ədəbiyyatına bu ölkələrin real durumunu və perspektivlərini əks etdirən yeni bir termin— “keçid iqtisadiyyatı ölkələri” anlayışını gətirdi. Bu, yalnız iqtisadi termin deyildi və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina edildiyi və hələlik yenisinin yaradılmadığı bir vəziyyəti ifadə edirdi, cəmiyyətin sosial-iqtisadi strukturunun transformasiya prosesində olduğunu göstərirdi.

Problemin çətinliyi bir də onda idi ki, totalitar rejimin 70 illik despotik hakimiyyəti dövründə cəmiyyət demokratiya, sərbəst bazar iqtisadiyyatı, azad sahibkarlıq, siyasi plüralizm və bu kimi digər çağdaş dəyərlərdən uzaq məsafədə saxlanılmışdı, üstəlik, əhalidə uzun illər boyu xüsusi mülkiyyət, bazar iqtisadiyyatı, sahibkarlıq anlayışlarına mənfi münasibət formalaşdırılmışdı. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, cəmiyyət dövlət, demokratiya, millət, kimlik, ideologiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun və uğurla həll etsin.

Akademik Ramiz Mehdiyevin göstərdiyinə görə: “1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı— modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”.

Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli Heydər Əliyevin memarlığı ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə atılmış oldu. Konstitusiya bütün dünyaya bir daha bəyan etdi: sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının suveren hüququdur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və titanik əməyi ilə, dünya standartlarına uyğun olaraq, hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın suveren hüquqlarını, insan və vətəndaş hüquqlarını və azadlıqlarını birdəfəlik xalqın özünə qaytardı.

Müstəqillik əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, suveren sosial-iqtisadi inkişafın müvəffəqiyyəti, ilk növbədə, iqtisadi müstəqilliyin təmin olunmasından və köhnə iqtisadi sistemin düşünülmüş şəkildə yenisi ilə əvəz olunmasından asılıdır. Ona görə də Konstitusiyada birmənalı şəkildə təsbit edilmişdir: təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur; ölkədə iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir; Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bunlar əsasında:  Azərbaycan dövləti xalqın və hər hansı bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir; ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

O dövrdə Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə, iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 19920-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır.

Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlanmışdır. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu. İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995— 1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati- amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin islahatlara dəstək verməyə başladı. Onlar Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərildi. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq, iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar dönməz xarakter aldı. 

Sərt və çevik pul- kredit, büdcə, vergivə gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində qısa zamanda (1995— 1996-cı illər) ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Əgər 1994-cü ildə inflyasiya tempi 1800 faizə, manatın ABŞ dollarına nisbətən dəyərsizləşməsi 1200 faizə çatmışdırsa, artıq 1995-ci ildə vəziyyət əsaslı dəyişməyə başlamış və həmin göstəricilər uyğun olaraq 84,6 və 3,6 faiz olmuşdu. Sonrakı illərdə bu göstəricilər daha da yaxşılaşmış, 1996-cı ildə inflyasiya 6,8 faizə enmiş, manatın isə ABŞ dollarına nisbətən məzənnəsi 8 faiz möhkəmlənmişdi. 1997-ci ildə inflyasiya tempi minimuma enərək cəmi 0, 4 faiz təşkil etmiş, manatın dəyəri isə 5,1 faiz möhkəmlənmişdi. Bu sabitlik dünya maliyyə bazarlarında baş vermiş maliyyə böhranına baxmayaraq, 1998-ci ildə də qorunub saxlanılmış, 7,6 faiz səviyyəsində deflyasiya baş vermişdi.

Manatın ABŞ dollarına nisbətən məzənnəsi isə devalvasiyaya uğramamış, sabit olaraq qalmışdı.

İstehlak qiymətlərinin indeksi kəskin şəkildə azaldılmağa başlamışdı. Belə ki, mallar və xidmətlər üzrə qiymət indeksi 1994-cü ildə özündən əvvəlki ilə nisbətən 1763,5 faiz, 1995-ci ildə 511,8 faiz, 1996-cı ildə 119,9 faiz, 1997-ci ildə 103,7 faiz və 1998-ci ildə 99,2 faiz təşkil etmişdi.

1995— 1996-cı illərdə yaranmış əlverişli makroiqtisadi sabitlik şəraitindən istifadə edərək 1997— 1998-ci illərdə ölkədə iqtisadi islahatların yeni mürəkkəb mərtəbəsinə— struktur islahatları mərhələsinə başlandı. Xüsusi dövlət proqramına uyğun olaraq, ölkədə genişmiqyaslı özəlləşdirməyə başlanmış, iqtisadiyyatın əsas sahələrindən olan aqrar sferada torpağın xüsusi mülkiyyətə verilməsi istiqamətində radikal islahatlar aparılmışdı. Yeni iqtisadi tələblərə cavab verən maliyyə sektorunun, onun vacib hissəsi olan bank sisteminin formalaşdırılması, dövlət banklarının yenidən qurulması istiqamətində radikal addımlar atılmışdı. Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdu.

Deyilənləri yekunlaşdıraraq, göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və bu proses davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi kimi: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir” İqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İnkişaf sürətinin dünyada analoqu olmayan səviyyəsi Azərbaycanın bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqin azalmasına gətirib çıxaracaqdır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin rifahının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.

Beləliklə, iqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial- iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir. Ümummilli lider Heydər Əliyevin dərin zəkası və müstəsna səyləri ilə aşağıdakı tarixi uğurlar qazanılmışdır:

1. İnzibati-amirlik sistemi ləğv edilərək, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmuşdur.

2. Müstəqil, demokratik, hüquqi dövlətin əsasları qoyulmuş və ölkə yüksək inkişaf mərhələsinə daxil olmuşdur.

3.Transformasiya prosesi uğurla aparılmış və özünün yüksək mərhələsinə qədəm qoymuşdur.

4. Qapalı sosial-iqtisadi sistem xaricə açılmış və “açıq qapı” siyasətinin tətbiq edilməsi nəticəsində bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya prosesi sürətlənmişdir.

5. Xarici kapital geniş miqyasda cəlb edilərək, resurs amillərindən intensiv istifadə edilir.

6. Ölkədə yaradılmış yeni imkanlar daxili mənbələrin hərəkətə gətirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması, informasiya texnologiyalarının sürətli inkişafı və bütün sahələrdə modernləşdirmə xəttinin həyata keçirilməsi məqsədlərinə xidmət edir və bu sahədə ciddi irəliləyişlər mövcuddur.

7. Həyata keçirilən qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır.

8. Siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilmişdir. Ölkə tam müstəqil və balanslaşdırılmış iqtisadi siyasət yeritməklə ölkənin milli təhlükəsizliyini və onun mühüm tərkib hissələri olan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini və ərzaq təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmişdir.

9. Ölkə qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə, təbii qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, bir çox həyati əhəmiyyətli məhsullarla öz ehtiyaclarını təmin edir.

10. Ölkənin əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqenin möhkəmləndirilməsinə səbəb olmuşdur. Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial-mədəni proseslərə də dinamizm verir, Azərbaycanın “mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır”.

Heydər Əliyev fenomeninin tarixi əks- sədası olduqca genişdir. Dünyada ikinci super dövlət olan sovet dövlətinin siyasi və iqtisadi elitasında Azərbaycan xalqının dahi oğlu uzun müddət ən yüksək mövqe tutmuş, bu nəhəng dövlətin idarə olunmasında öz müsbət rolunu oynamışdır. Onun təmkinli və ədalətli dövlətçilik məfkurəsi hakimiyyəti ələ keçirmiş M. Qorbaçovun avantürist dövlət siyasəti ilə bir araya sığmadı və Heydər Əliyev bu dağıdıcı, qanlı prosesdən uzaqlaşdı. Sonrakı illərdə öz xalqının harayına səs verib müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan dünya miqyaslı siyasət və dövlət xadimi kimi o az bir zamanda bütün gücünü müstəqil dövlətimizin dünyada öz layiqli yerini tutmasına yönəltdi, Azərbaycanın ümummilli lideri oldu. Heydər Əliyev şəxsiyyəti bütün əzəməti ilə dünya liderlərinin Onun haqqında dediklərindən daha aydın görünür. Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Heydər Əliyevi Cənubi Qafqazda ən əsas şəxsiyyət adlandırmışdır: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə demişdir: “...Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir”.

 Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər böyük ehtiram və sevgi ilə göstərmişdir ki, uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.

Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Fransa Respublikasının prezidenti Jak Şirak isə göstərmişdir ki, bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır.

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov böyük fəxrlə Heydər Əliyevi XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından hesab edirdi. BMT-nin sabiq Baş katibi Butros-Butros Qali Heydər Əliyevi böyük şəxsiyyət hesab edirdi və göstərirdi ki, O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.

Bütün bu mötəbər fikir və mülahizələr Heydər Əliyev şəxsiyyətinin nadirliyini və əzəmətini təsdiqləməklə yanaşı, onun mənsub olduğu xalqda sonsuz öyünc də doğurur. Xalqımız onu tarixi inkişafın ön mövqeyinə çıxarmış, gələcək səadətinə təminat yaratmış ümummilli liderinin ölməz xatirəsini qəlbində əbədi yaşadacaq!

Dünyamalı VƏLİYEV,
AMEA Şərqşünaslıq
İnstitutunun Qərb–Şərq
şöbəsinin müdiri, 
iqtisad üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında