Vətənə xidmətin, xalqa sədaqətin kamil nümunəsia

Azərbaycan tarixinin son qərinəsinin inkişaf istiqamətini ulu öndər Heydər Əliyevin liderlik fəaliyyəti müəyyən edir. Bu böyük tarixi şəxsiyyətin Azərbaycana rəhbərliyinin sovet epoxasının sonuncu onilliklərindəki birinci dövründə respublikamızda dövlətçilik yaddaşının oyadılması, hərtərəfli inkişaf, ərazi bütövlüyü və suverenlik uğrunda xalq hərəkatının düzgün məcrada gedişi, milli dövlət atributlarının bərpası, müstəqillik qazanıldıqdan sonra isə bu tarixi nailiyyətin qorunması, əbədiləşdirilməsi,  yeni dünya düzənində ölkəmizin layiqli yer tutması  ümummilli liderimizin adı ilə bağlıdır.

Millət atası Heydər Əliyevin əbədiyyətə qovuşduğu 12 dekabrda –  unudulmaz rəhbərin anım günündə qədirbilən xalqımız  onun tarixi xidmətlərini, yeni nəsillərə ən mükəmməl örnək olan həyat və fəaliyyətini sonsuz ehtiramla yada saldı. Əslində, xalqımızın yetirdiyi ən böyük siyasət və dövlət xadimi olaraq Heydər Əliyevin  möhtəşəm əməlləri, daim uğurlar qazandıran ideyaları hər gün, hər an bizimlədir.

Zaman dönə- dönə təsdiqləyir ki, Heydər Əliyevin həyatı və bənzərsiz fəaliyyəti Vətəninə və xalqına xidmətin misilsiz nümunəsidir. Müasir Azərbaycanın dövlətçilik tarixində silinməz  izlər qoymuş ulu öndərin siyasi irsi bugünkü və gələcək nəsillər üçün ən zəngin məktəbdir. Tarixin sərt sınaqlarından çıxan Azərbaycan XX əsrin ikinci yarısında məhz bəşəri ideyaların daşıyıcısı, dünya miqyaslı siyasətçi Heydər Əliyevin dərin zəkasından qaynaqlanan siyasi idarəçiliyi, gerçəkləşdirdiyi məqsədyönlü və kompleks tədbirlər sayəsində tarix səhnəsində duruş gətirib və bugünkü sürətli inkişaf səviyyəsinə yüksəlib.

Tariximizin sonuncu sərt dönüş və ciddi sınaq məqamından bizi cəmi iki onillilik bir vaxt ayırır. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz bu dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə hakimiyyətə böyük qayıdışı Azərbaycanı siyasi böhrandan, parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas etdi.

1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə öz həyatını təhlükəyə atmaqla qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Bu tarixi yalnız Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, müdrikliyi ilə milyonlarla soydaşını öz ətrafına birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi siyasətçi yarada və yaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Bütün bunlar Azərbaycanı müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin müqəddəs məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Ulu öndərimiz məhz böyük işlər görmək, xalqını irəliyə aparmaq üçün yaranmışdı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü üstün şəkildə göstərmişdi. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin hər iki mərhələsində qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdı. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur.

Böyük strateq bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdi. Məhz bu keyfiyyətləri sayəsində Heydər Əliyev millətə, xalqa rəhbərlik etmək haqqını təmin etmişdi. Şəxsiyyət və lider kimi böyüklüyü ona hələ sağlığında ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdi. Ulu öndərimiz demişdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə təsdiqləyib. Azərbaycan dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə Heydər Əliyev böyük inamla xalqa müraciət etdi, onu Azərbaycanın müstəqilliyinin müdafiəsinə çağırdı. Dərhal on minlərlə insan gecəyarısı Prezident Sarayının qarşısına toplaşdı, ulu öndərə dəstəyini nümayiş etdirdi.

Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı,  xalqın milli intibah və inkişafının təməl sütunu olan ideyanın— azərbaycançılıq məfkurəsinin də banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda, böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında özünə layiqli yer tutmasında, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib.

Xarizmatik lider Heydər Əliyevin azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaşlıq hünərinin göstəricisidir və dünyada yaşayan  soydaşlarımızın öz tarixi vətənləri – Azərbaycan ətrafında birləşməsinə müstəsna tohfədir: “Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.”

Heydər Əliyev təhsili milli tərəqqimizin həqiqi, güclü amilinə çevirmək üçün geniş islahatlar proqramına start verdi. Bu məqsədlə ulu öndərimiz 1998-ci ilin martında daha bir tarixi sərəncam imzaladı. Dövlət Komissiyası qısa müddətdə “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramını” hazırladı. Bu sənəd hərtərəfli müzakirələrdən sonra təkmilləşdirildi, 1999-cu ilin iyununda qüvvəyə mindi. Ölkəmizdə təhsil islahatı proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir.

Heydər Əliyev irsinin zənginliyi və həmişəyaşarlığı onun əbədiyyətə qovuşmasından sonra “Heydər Əliyev məktəbi” məfhumunun yaranmasına səbəb oldu. Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı, Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev öz dərin intellekti, uzaqgörənliyi, daxildə və xaricdə baş verən ictimai-siyasi prosesləri düzgün qiymətləndirmək bacarığı, milli-mənəvi dəyərlərə bağlılığı, humanizm prinsiplərinə sadiqliyi,vətənpərvərliyi və verdiyi bütün vədləri yerinə yetirməsi ilə xalqın yüksək etimadını qazanmışdır.

 Məhz bu sadiq varisliyin nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurlu davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, sahənin ahəngdar inkişafı üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.

Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. Azərbaycanda son illərdə digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox yeni məktəb binası və əlavə tədris korpusu tikilib və yenidən qurulub. Son illər təhsil sahəsində 16 dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.

Müstəqillik dövründə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və mərhələ-mərhələ, zərgər dəqiqliyi ilə həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uyğun yeni keyfiyyət və məzmunda uğurla davam və ikişaf etdirilir. Azərbaycanın hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır.

Sədaqət ƏZİMOVA,
Bakıdakı 239 saylı
orta məktəbin direktoru, 
Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında