Azərbaycanın xarici siyasəti beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə münasibətini dəyişir

Azərbaycanın həyata keçirdiyi düşünülmüş, sülhməramlı xarici siyasi  kurs ölkəmizin ərazi bütövlüyünün dünya birliyi tərəfindən qəbul ediməsində böyük rol oynayır və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə münasibətini dəyişir. Artıq  beynəlxalq aləmdə Ermənistanın işğalçı dövlət olması etiraf edilir. Söz yox ki, əvvəllər də bir sıra beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox müsbət və tutarlı arqumentlərlə zəngin olan qətnamələr qəbul ediblər.

Yeri gəlmişkən, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlamnet Assambleyası və digərlər qurumlar  tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamələr yenə də beynəlxalq hüquq normalarına əsaslanmış və həmin sənədlərdə Ermənistan təcavüzkar dövlət kimi göstərilmişdir. Bu qətnamələrdə Azərbaycanın mövqeyi bir daha  , tam şəkildə dəstəkləmişdir. Qəbul olunan qətnamələrdə açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq,  mövcud status-kvo ilə barışmaq mümkün deyildir. Bildirilir  ki, bu vəziyyət  uzun müddət davam edə bilməz və Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçnin dövlətlərin ərazi bötövlüyü  çərçivəsində  nizamlanmasının beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən olduğu bir daha öz təsdiqini tapıb. Son illər  bu sahədə qəbul olunan qətnamələr artıq Ermənistanın beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınmasından xəbər verir. Xatırladaq ki, ötən il ABŞ-ın Nyu Meksiko ştatının Senatında Azərbaycana dair qəbul olunmuş qətnamədə ölkəmizin ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilmişdi. Bundan bir ay əvvəl yanvarın 30- da isə Arizona parlamenti oxşar qətnamə qəbul edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bəyan etmişdi.

Arizona parlamentində və Nyu Meksiko ştatının Senatında Azərbaycana dair qətnamə qəbul olunması, eləcə də, bu qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyinin bildirilməsi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığının qeyd olunması Azərbaycanın xarici siyasətinin uğuru kimi qeyd olunmalıdır. Xatırladaq ki, Ermənistanı təşvişə salan həmin sənədlərdə  qeyd olunmuşdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli  yollarının tapılması həvalə olunub. Həmçinin, bildirilmişdir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir. Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayıblar.

Beynəlxalq birliyin ədalətli mövqedən çıxış etməsi ölkəmizin nüfuzunun getdikcə  daha da güclənməsindən xəbər verir. Bu hadisələr də təsdiqləyir ki, artıq beynəlxalq birlik–istər İslam dünyası, istər Avropa Birliyi, istərsə də, bütövlükdə, Qərb ədalətli mövqedən çıxış edir. Ermənistan rəhbərliyinin bu qətnamələrə laqeyd  yanaşmaları, qeyri-ciddi münasibət  göstərmələri  və özlərini gülünc vəziyyətə salaraq, “bu sənədlər Madrid prinsiplərinə ziddir”–deməsi işğalçı ölkəni çıxılmaz vəziyyətə salıb. Ermənistan prezidenti Serj Sarkisyanın “ Əgər belə olsa, biz Dağlıq Qarabağı müstəqil respublika kimi tanıyacağıq”—deyərək, həmişəki kimi sərsəm fikirlər səsləndirməsi elə öz ölkəsinin siyasətçiləri tərəfindən ciddi qəbul edilməyib.

“Ermənistan parlamenti Dağlıq Qarabağın ”müstəqilliyini" tanıya bilməz". Bunu  Ermənistanın İrs Partiyasının sədrinin müavini Zauri Bostançıyan  parlamentin iclasında prezident Serj Sarkisyanın sərsəm fikirlərinə cavab kimi səsləndirib. O deyib ki, əgər Ermənistan parlamenti belə bir addım atsa, o zaman biz Türkiyə, Ukrayna, Serbiya kimi ölkələrin basqılarına davam gətirməliyik.

Zauri Bostançıyan deyib ki, bu fitnələrin arxasında Yunanıstan, ABŞ, Rusiyanın bəzi kommersant dairələri durur.  Onlar Sarkisyan kimi bir müqəvvanı yoldan çıxarmağa çalışırlar: “Unutmayın ki, Dağlıq Qarabağın ”müstəqilliyi"nin tanınması ilə Türkiyə bizimlə əlaqələri tamamilə kəsəcək. Gürcüstan özünü sığortalamaq üçün Cavaxetiyada məktəblərimizi bağlaya bilər. Bütün bunları nəzərə almaq lazımdır. Parlament Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıya bilməz".

Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma “seçkilər” və  bu “seçkilərə” beynəlxalq birlik tərəfindən verilən qiymət, həmin “seçkilərin” dünyanın heç bir ölkəsi tərəfindən tanınmaması bir daha göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Qeyd edək ki, Minsk qrupunun həmsədr ölkələri, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, qonşu dövlətlər, Avropa Şurası, bütün beynəlxalq birlik bu “seçkilər”i pislədi, bir daha Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Bütün bunlar açıq şəkildə bəyan olundu. Bundan sonra  Azərbaycan  münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində  həlli istiqamətində öz prinsipial mövqeyini davam etdirir. Artıq dünya birliyinə də bəllidir ki, respublikamızın mövqeyi  beynəlxalq hüquq normalarına əsaslanır.

Son vaxtlar beynəlxalq aləmdə baş verən bir sıra hadisələr də təsdiqləyir ki, artıq nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın danışıqlarda qeyri-konstruktiv və riyakar davranışından, işğalçılıq siyasətini ört-basdır etməsindən cana doyublar. Ermənistan tərəfinin, sadəcə olaraq, vaxt uzatmaq  və beynəlxalq vasitəçiləri aldatmaq cəhdləri, danışıqlarda iştirak etməklə görüntü yaratmaları artıq heç bir səmərə vermir. Ermənilərin “soyqırımı”na məruz qalmaları barədə dünyada saldıqları haray-həşirə inanan yoxdur. Bir müddət əvvəl Avropa İnsan Haqları Məhkəməsinin (AİHM)  qəbul etdiyi qərar da bundan xəbər verir. Xatırladaq ki, AİHM qərarı ilə Türk İşçi Partiyasının sədri, tanınmış siyasətçi Doğu Perinçək İsveçrə üzərində tarixi qələbəyə imza atmışdır.

Oxucuların diqqətinə çatdırmaq istərdik ki, Türk İşçi Partiyasının sədri Doğu Perinçək 23 iyul 2005-ci il iyulun 23-də  İsveçrənin Lozanna şəhərində keçirilən mitinqdə səsləndirdiyi  “Erməni soyqırımı beynəlxalq yalandır!”-fikrinə görə polis tərəfindən saxlanılmışdı. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan D.Perinçək daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəzlənmişdi.

Bu iş üzrə keçirilən bir neçə məhkəmə prosesindən sonra nəhayət,  “erməni soyqırımının inkar edilməsi” üçün cinayət məsuliyyətinə cəlb edilmiş ilk adam olan Doğu Perinçək İsveçrə hökuməti üzərində tam qələbə qazanmışdır: Avropa İnsan Haqları Məhkəməsi İsveçrə hökumətinin qərarını ləğv etmişdir. Qeyd edək ki, məhkəmənin  bu qərarı həqiqətin zəfəri olmaqla yanaşı, Dağlıq Qarabağ üçün də son dərəcə tarixi əhəmiyyətli bir qərardır. Çünki Avropa İnsan Haqları Məhkəməsi bu qərarı ilə “erməni soyqrımı”nın yalan və qondarma olduğunu təsdiqləmişdir.

“Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır. Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələr Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərdən çıxarılmalı və ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyini bərpa edilməlidir”. Bu fikir Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində öz əksini tapıb. Sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, həmçinin Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk qrupunun plenar iclasının keçirilməsi tövsiyə olunur.

Təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasının qətiyyətlə pislənildiyi layihədə təəssüflə qeyd edilir ki, Dağlıq Qarabağ problemi digər beynəlxalq böhranların fonunda kənarda qalıb: “Bir qədər də ləngimə bu ”dondurulmuş" münaqişənin həllini daha da ağırlaşdıracaq. Hansı ki, bu münaqişə 2014-cü ilin əvvəlindən 100-ə yaxın insanın ölümünə səbəb olub və Avropa Şurasının iki üzv ölkəsi arasında real müharibəyə çevrilə bilər".

Sənəddə Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə təhlükəsizliyi dəstəkləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb. Qətnamə layihəsi 2016-cı ilin yanvarında AŞPA-nın sessiyasında müzakirə olunacaq.

Bu günlərdə AŞPA-nın daha bir komitəsinin qəbul etdiyi qətnamə layihəsi  Ermənistana ciddi zərbə oldu. Məlum olduğu kimi, AŞPA-nın sosial məsələlər komitəsinin Parisdə keçirilən iclasında Ermənistan silahlı qüvvələrinin Sərsəng su anbarının yerləşdiyi bölgədən dərhal geri çəkilməsini tələb edən qətnamə layihəsi qəbul edilib. “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsində qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilir. Ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır.

AŞPA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyib və  bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edib. Həmçinin,  parlamentarilərin mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirlərin nəzərdən keçiriləcəyi bildirilib.

Göründüyü kimi, artıq beynəlxalq birlik erməni yalanlarına, iftiralarına və böhtanlarına “yox!” deyir. Ermənistanın işğalçılıq siyasəti isə dünya birliyində etiraf olunmaqdadır. Bunu bir-birinin ardınca qəbul olunan qətnamələr də təsdiqləyir. Bütün bunlar dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən xarici siyasi srtategiyasının bəhrəsidir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim siyasətimizin prioriteti olaraq qalacaqdır: “Biz bütün səylərimizi səfərbər etmişik və edəcəyik ki, məsələni tezliklə, ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edək, torpaqlarımızı işğalçılardan boşaldaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Biz istəyirik ki, bunu sülh yolu ilə edək və diplomatik səylərimizi gücləndiririk. Bununla bərabər, heç kim üçün sirr deyil ki, hərbi gücümüzü də gücləndiririk. Bu gün Azərbaycanda mövcud olan hərbi potensial bizə imkan verir ki, istənilən anda, istənilən vəzifəni uğurla və qısa müddət ərzində icra edək. Sadəcə olaraq, biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmamışdır və biz bu barədə öz fikirlərimizi bütün dövrlərdə açıq və səmimi bildirmişik. Mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bunu etmək üçün kifayət qədər əsaslar vardır”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında