Azərbaycan İslam dünyasının inkişaf mayakıdır

Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan qədər sıx və səmimi münasibətləri yoxdur. Bu iki ölkənin münasibətləri ilk baxışda təəccüb doğurur, çünki Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Bu sıx qarşılıqlı münasibətlər isə azərbaycanlılarla bu ölkədə firavan yaşayan yəhudilərin çoxdankı dostluğundan qaynaqlanır.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu barədə Amerikanın nüfuzlu “The Algemeiner” qəzetində yazıb. 

Məqalə müəllifinin fikrincə, Azərbaycan İslam dünyasının inkişaf mayakı və iqtisadiyyatı yüksək sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. İsrailli ekspert yazır: “Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və indi də belədir. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Bir sıra başqa xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. Azərbaycan əsilli israilliləri iqtisadi və sıx siyasi qarşılıqlı əlaqələrin  inkişafı, hətta Azərbaycanla İsrail arasında geosiyasi əməkdaşlıq bağlarının möhkəmlənməsi üçün əllərindən gələni edirlər”.

Arye Qutun fikrincə, Azərbaycanın yaxud dünyadakı yəhudi icmalarının hüdudlarından kənarda nisbətən az adam bilir ki, yəhudi icması Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində mühüm rol oynayıb. O vurğulayır: “Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi - doktor Yevsey Gindes olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması ”Kavkazskiy yevreyskiy byulleten" jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı nəşr edirdi. Həmçinin, sovet hakimiyyətinin mövcud olduğu bütün dövrdə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm rol oynayıblar".

Arye Qut yazır ki, Sovet İttifaqının dağıldığı dövr Azərbaycanda dini və milli dözümlülük ənənələri üçün əsl sınaq oldu. O vurğulayır: “Həmin dövrdə ermənilər Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ ərazisini və yeddi ətraf rayonu işğal etdilər. Ermənilər tərəfindən işğal və amansız etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkün oldu. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı dəhşətli kütləvi qırğın və soyqırımı aktı erməni vəhşiliyinin miqyası barədə real təsəvvür yaradır. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi əbədi qalacaq. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr şəhəri və onun həndəvərini tərk etməyə macal tapmamış Xocalı sakinlərinin heç birinə rəhm etməyiblər. Xocalı şəhərinin mülki əhalisinin qəsdən və kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Xocalıda ağlasığmaz vəhşiliklə, barbarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam şikəst edilib, 1275 dinc sakin - qocalar, uşaqlar , qadınlar əsir götürülərək görünməmiş əzab-əziyyətlərə, təhqirlərə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir”.

İsrailli ekspertin fikrincə, Azərbaycan Respublikası ikili standartlardan əziyyət çəkməsinə və çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, bu gün Cənubi Qafqaz regionunun tanınmış lideri, eyni zamanda əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. O yazır: “Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və qüdrətli müstəqil dövlətidir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirir. Bu onu təsdiqləyir ki, İsrail Dövləti və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük ehtiram bəsləyir. İsrail Dövləti beynəlxalq aləmin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycan iqtisadiyyatının möhtəşəm inkişafı istiqamətində ölkə rəhbərliyinin səylərini yüksək qiymətləndirir. Azərbaycan sübuta yetirib ki, regionun şəksiz lider dövlətidir. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil”. 

Məqalə müəllifi vurğulayır ki, Azərbaycan – İsrail münasibətləri müsbət, strateji tərəfdaşlıq xarakteri daşıyır. O yazır: “Azərbaycan – İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, bu ölkələr arasında ticarət dövriyyəsi təqribən 4 milyard dollar təşkil edir. Əvvəllər bu dövriyyə neft və qaz sənayesində cəmləşsə də, hazırda qarşılıqlı münasibətlərin inkişafı iqtisadiyyatın digər sektorlarına şaxələnib. Qeyd edək ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrailin Azərbaycan ilə daha sıx əməkdaşlığa can atmasının digər səbəbləri də var. Əvvələn, İsrail beynəlxalq birliyə ona dost münasibət bəsləyən dünyəvi müsəlman ölkələrinə loyallığını göstərmək istəyir. Azərbaycan energetika resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycanın isə kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar”.

Arye Qut yazır ki, bu il dünyada Osvensimin azad edilməsinin 70 illiyi qeyd edilib. Ekspert nüfuzlu “The Algemeiner” qəzetində vurğulayır: “Mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilən sovet ordusunun zabiti Boris Stoyanovskinin nəvəsiyəm. Bu il də məhz həmin gündə Bakıda Holokost qurbanlarının beynəlxalq xatirə gününə həsr olunmuş konfransda iştirak etmişəm. Bu konfrans müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin dəstəyi ilə keçirilib. Konfransda azərbaycanlı dostlarım və həmkarlarım faşist rejiminin 6 milyon yəhudinin başına gətirdiyi dəhşətləri və onların soyqırımını pislədilər. Konfransda daxilən duydum ki, azərbaycanlılar yəhudi xalqının ağrı-acısını öz ağrı-acısı kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi bilirəm ki, Azərbaycan (burada heç vaxt antisemitizm olmayıb) rəhbərliyi multikulturalizmi və tolerantlığı ölkənin həyat tərzi sayır. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaş kimi dinc yanaşı yaşayıblar, onları ümumi tarix və tale bağlayır”.

Tarix heç vaxt İkinci Dünya müharibəsində Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını unutmayacaq. Məqalə müəllifi yazır: “Millətçi sərkərdə Dronun (minlərlə yəhudinin öldürülməsində şəxsən iştirak edib) başçılıq etdiyi Erməni legionunun məqsədi talanlar törədilməsi, yəhudiləri və alman ordusu üçün ”arzu edilməyən" digər şəxsləri məhv etmək olub. Bununla yanaşı, Erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni silahlı dəstələrinin yəhudi soyqırımında iştirakına aid çoxsaylı faktlar göstərilir. Məsələn, həmin “Dromedar” komandasının Qərbi Krımdakı əməliyyatı haqqında hesabatda 17645 yəhudinin Vermaxtın erməni qüvvələri tərəfindən məhv edildiyi bildirilir.

Bu gün Ermənistanda Dro və Njdeyə geniş pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri döyülür, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir, bunun arxasında dövlət durur".

İsrailli ekspertin fikrincə, ölkənin yəhudi icmasına qardaşcasına səmimi münasibət Azərbaycanda tolerantlığın parlaq nümunəsidir. Məqalə müəllifi vurğulayır: “Bu gün məşhur Qırmızı Qəsəbədə təxminən 5000 yəhudi yaşayır. Qəsəbədə 3 məktəb və 3 sinaqoq fəaliyyət göstərir. Bu faktlarla fəxr etməyə dəyər. İvrit dilinin öyrədilməsi, yəhudi maddi mədəniyyətinə aid artefaktlar və əşyalar, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin və müxtəlif xalqların qaynayıb-qarışması - bütün bunlar Azərbaycanın nail olduğu real mədəni tolerantlığa böyük və sanballı töhfədir. Qədim Qırmızı Qəsəbə - Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onları ümumi tale birləşdirir və təsadüfi deyil ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3000-dən çox yəhudi də həlak olub”.

Müəllifin gəldiyi qənaət budur: “İsrail və Azərbaycan arasında münasibətləri müsəlman azərbaycanlılar və Azərbaycan yəhudilərinin, sadəcə, qarşılıqlı marağı ilə izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir münasibətlərə də öz təsirini göstərir. Sıx insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi hər iki ölkəni zənginləşdirir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında