Qlobal informasiya axını: pozitiv və neqativ meyillər

Biz dünyada sürətli informasiya axınının baş verdiyi bir dövrdə yaşayırıq. Böyük və ya kiçik, zəngin və ya yoxsul olmasına baxmayaraq, hər bir ölkədə bu gün informasiya “istehlakı” kəskin artır, ona tələb və təklif də müvafiq olaraq yüksəlir. Səbəbi aydındır: informasiya indi sosial sifarişdir,  maddi və mənəvi dəyər daşıyır. Qlobal müstəvidə ona, təbii ki, hazırda sahib çıxmaq istəyənlər də çoxdur.

Bəşər tarixində informasiyaya heç vaxt  indiki qədər tələbat olmayıb. Burada  bir məqamı qeyd etmək vacibdir. İnformasiya məzmun etibarı ilə rəngarəndir: elmi, texniki, tibbi və s. sahələri əhatə edir. Bizi isə bütün bu və başqa sahələri əhatə edən, lakin yalnız ictimai maraq daşıyan, KİV-in predmeti olan informasiya, daha doğrusu qlobal informasiya axını, buradakı səciyyəvi müsbət və mənfi çalarlar maraqlandırır.

Bu gün dünyada nəhəng informasiya axını baş verir. Bu axını şərti olaraq planetimizdəki soyuq və isti hava kütlələrinin hərəkəti ilə müqayisə etmək olar. Təbiət bu axınları özü tənzimləyir. Cəmiyyətdəki informasiya axınında təbiətdə olduğundan fərqli olaraq, nizamlanma baş vermir. Ona görə ki, böyük güclər qlobal informasiyanı yönəltməklə ictimai fikri manipulyasiya etmək niyyətlərindən əl çəkmirlər.

Bəli, bu gün ABŞ, Böyük Britaniya, Fransa və başqa güclü dövlətlər müasir dünyanın əsas informasiya kanallarını nəzarətdə saxlayır. Oxucu, tamaşaçı və ya internet izləyicisi planetimizdə baş verən hadisələrə  CNN, Fox (ABŞ), BBC (Böyük Britaniya), “Euronews” (Avropa İttifaqına məxsusdur, Fransanın Lion şəhərindən yayımlanır) və başqa iri telekanalların kameralarının “gözü ilə” baxır, operativ xəbərləri əsasən “Associated Press” (ABŞ), “Reuters” (Böyük Britaniya), “France Presse” (Fransa) agentliklərindən  arayır, “Amerikanın səsi”, “Alman dalğası” və başqa məşhur radioların məlumatlarına diqqət kəsilir. Bu axına alternativ informasiya mənbələri isə olduqca azdır və müqayisə olunmaz dərəcədə zəifdir.

 

Tarixə qısa nəzər...

 

Bəşəriyyətin tarixi boyu böyük mütəfəkkirlər  ədalətli cəmiyyət arzusunda olublar. Böyük ingilis alimi Con Lokk (XVII), fransız mütəfəkkirləri Deni Didro, Şarl Lüi Monteskyo (XVIII əsr) tarixdə ilk dəfə olaraq hakimiyyətin icra, qanunverici və məhkəmə qollarına bölünməsi ideyasını irəli sürdülər. Onlar hesab edirdilər ki, yalnız bu yolla ədalətli ictimai münasibətlər qurmaq və hərtərəfli tərəqqiyə nail olmaq olar. Mətbuatın sivil, demokratik dəyərlərin təşəkkül tapmasında önəmli rol oynayacağına böyük  ümidlər yaranırdı.

Böyük Fransa İnqilabı (1789-1794-cü illər) qəti surətdə cəmiyyətdə söz, ifadə, mətbuat azadlığının bərqərar olmasını tələb etdi. İnqilab daxili və xarici qaragüruhun “əlləri ilə” boğulsa da, azadlıq arzuları heç də qürub etmədi. Bu ideyalar qısa müddət sonra artıq okeanın o tayında, o dövrdə “Yeni dünya” adlandırılan Amerikada intişar etdi. Məhz orada 1991-ci ildə ölkə Konstitusiyasına “Birinci düzəliş”  qəbul edildi: “Konqres bundan sonra heç vaxt söz, ifadə, sərbəst toplaşmaq, din və mətbuat azadlığını məhdudlaşdıran qanunlar qəbul edə bilməz”.

Həqiqətən amerikalılar bu qanuna uzun onillər boyu sadiq qaldılar və mətbuat azadlığını məhdudlaşdıran qanunlar qəbul etmədilər. Lakin sonrakı mərhələlərdə, xüsusilə son onillər ərzində Birləşmiş Ştatlar dünyada super gücə çevrildi və dünyadakı bütün mühüm ictimai-siyasi prosesləri idarə etmək niyyətinə düşdü. Beləliklə, ABŞ, daha sonra Böyük Britaniya, Fransa tərəfindən qlobal informasiyanı nəzarətə almaq cəhdləri başlandı.

Qlobal medianın əhatə və təsir imkanları genişləndikcə, onun “solo ifaçıları” öz mövqelərini gücləndirməyə cəhd etdilər. Geniş maliyyə, texniki və intellektual imkanları Qərbin informasiya siyasəti sahəsində öz iradəsini diktə etməyə imkan verirdi. Yeni tarixdə, acı təəssüf ki, mətbuatın səfərbəredici gücündən hətta bəd, qara niyyətlər üçün istifadə etmək cəhdləri də olmuşdur. Məsələn, Birinci və İkinci dünya müharibəsi ilərində mətbuat xüsusilə millətçi, şovinist qüvvələrinin  ruporuna çevrilmişdi.

 

İnformasiya axınını nizamlamaq cəhdləri...

 

Lakin İkinci dünya savaşı başa çatandan sonra dünyanın mütərəqqi fikirli işıqlı adamları hesab edirdilər ki,  gələcəkdə belə fəlakətlərin  bir daha baş verməməsi üçün dünyada söz, ifadə, mətbuat azadlığını davamlı olaraq inkişaf etdirmək lazımdır. BMT-nin təşəbbüsü ilə 1948-ci ildə İnsan Hüquqları üzrə Ümumdünya Bəyananməsi qəbul edildi və bu mühüm sənədin 19-cu maddəsində elan olundu ki, hər kəsin fikir və ifadə azadlığı vardır: bu hüquqa hakimiyyət tərəfindən müdaxilə olmadan, öz şəxsi fikrinin olması, sərhədlərdən asılı olmayaraq, hər hansı media vasitəsilə informasiya və ya fikirlər almaq və vermək daxil olmalıdır.

Beləliklə, dünyada  xəbər və məlumatların azad, sərbəst şəkildə yayılması üçün hüquqi baza yaradıldı. O dövrdən başlayaraq BMT informasiya axını ilə bağlı məsələləri özünün əsas qurumlarından biri olan UNESCO-ya həvalə etdi. Məhz bu nüfuzlu təşkilat dünyada “Sərbəst informasiya era”sının başlandığını elan etdi. Lakin bir müddət keçəndən sonra məlum oldu ki, əsas informasiya kanalları ABŞ-ın və digər böyük Qərb dövlətlərinin əlinə keçib və qlobal media vasitəsilə yalnız öz “dəyərlər”ini təbliğ edir.

Bu hal “Üçüncü dünya dövlətləri” deyilən ölkələrdə ciddi narazılıq yaratdı və keçmiş Yuqoslaviyanın təşəbbüsü ilə 1980-ci ildə UNESCO tərəfindən “Yeni informasiya düzəni” adlı konsepsiya qəbul olundu. Buna etiraz olaraq ABŞ hökuməti hətta UNESCO üzvlüyündən nümayişkaranə imtina etdi. Yeni konsepsiyanı dəstəkləyən dövlətlər ümid edirdilər ki, bundan sonra öz milli maraqlarına, eləcə də milli-mənəvi, əxlaqi dəyərlərinə zidd olan informasiyalara sədd çəkə biləcəklər.

Sonralar həyat göstərdi ki, ölkələrarası informasiya axınını ədalətli nizamlamaq ən azı texniki baxımdan mümkün deyil. Üstəlik, informasiyaya sosial sifariş getdikcə artırdı. 1990-cı illərin əvvəllərində isə UNESCO iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərin maraqlarını nəzərə alaraq “Yeni texnologiyalar konsepsiyası” elan etdi. Məqsəd zəngin dövlətlərlə yoxsul ölkələr arasında informasiyaya əlçatanlılıq  sahəsindəki “uçurumu” azaltmaq, geridə qalan ölkələrin əhalisinin yeni texnologiyalardan bəhrələnmələrinə  yardım etmək idi. Bu istiqamətdə həqiqətən müəyyən işlər görüldü və böyük dövlətlərdən “ixrac olunan” informasiyaların müqabilində nisbətən zəif və kiçik dövlətlər öz mədəniyyətləri və milli-mənəvi dəyərlərini təbliğ edən məlumatları yaymağa cəhd etdilər. Bu cəhdlər, təbii ki, bu gün də davam edir.

 

Səhnəyə internet jurnalistikası çıxdı

 

İnternet jurnalistikasının yaranması KİV-in inkişafı tarixində keyfiyyətcə yeni mərhələninin başlanğıcı hesab olunur.  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Y.Zasurski 40 ilə yaxın bu nüfuzlu təhsil ocağında jurnalistika fakültəsinin dekanı  vəzifəsində çalışıb, bir neçə il əvvəl isə danılmaz xidmətlərini nəzərə alaraq onu fakültənin “Fəxri prezidenti” seçiblər. Qocaman alim hesab edir ki, dünyada jurnalistikanın inkişaf mərhələləri elm və texnologiyalarda baş verən inqilabi dəyişikliklərlə sıx bağlıdır. Avropada ilk mətbəənin yaranması bir müddət sonra qəzetlərin meydana çıxmasına, XIX əsrin sonlarında Markoni və Popovun səsin ötürülməsi ilə bağlı ixtiraları radionun, XX ərin 20-ci illərində amerikalı alimlərin təsvirlə bağlı uğurlu araşdırmaları televiziyanın həyata vəsiqə almasına səbəb olmuşdur.

Professor Y.Zasurskinin fikrincə, ötən əsrin axırlarında Amerikada internetin peyda olması isə jurnalistikanın inkişafında keyfiyyətcə yeni mərhələ olan internet jurnalistikasının yaranmasına səbəb olmuşdur. Belə ki, məhz bundan sonra KİV-də konvergensiya prosesi gücləndi, yəni ayrı-ayrı sahələrin kəsişməsi, birləşməsi baş verdi. Bu gün demək olar ki, bütün qəzetlər oxucularına təkcə yazılı informasiya təqdim etmir, həm də öz internet saytlarında videomateriallar nümayiş etdirir. İnformasiya agentlikləri də eləcə, həm qəzet, həm də televiziya “rolunda” çıxış edirlər.  Telekanalların saytlarında isə öz verilişləri ilə yanaşı, hər cür operativ məqalə və informasiyalar da təqdim edilir.

İnternet jurnalistikasının ardınca sosial şəbəkələr meydana çıxaraq sürətlə populyarlıq qazanmağa başladı. Saysız-hesabsız bloqçular hadisələrə dərhal özəl mövqelərini bildirirlər. Müasir jurnalistika nəzəriyyəçilərinin çoxu onları peşəkar jurnalistikaya aid etmirlər, lakin bloqçuların arasından istedadlı qələm sahibləri də yetişir. Sosial şəbəkələr özləri ilə bir sıra yeniliklər gətiriblər. Məsələn, indi jurnalistikada ənənəvi ierarxiya prinsipləri  pozulur. Bu vaxta qədər jurnalistin yazısını oxucuya təqdim etmək yalnız redaktorun səlahiyyətində idisə, indi hər bir qələm əhli sosial şəbəkələrdə sərbəst şəkildə materialını yerləşdirə bilir.

 

İnformasiya təhlükəsizliyi siyasəti

 

Bəli, bu gün informasiya çox qiymətli əmtəədir və əslində ən güclü silahdan belə təsirlidir. O, indi həyatımızın ayrılmaz bir parçasıdır. Biz onun istehlakçısına çevrilmişik və ona hava-su, gündəlik ərzağa  olan tələbat qədər möhtacıq. Amma unutmaq olmaz ki, idxal etməyə məcbur olduğumuz informasiyanın xalqımıza nə dərəcədə xeyir və fayda verməsinə,  eləcə də hətta hansı fəsadlar törədə bilməsinə hər zaman diqqət yetirmək lazımdır.

Görünən budur ki, qlobal medianın əsas “oyunçuları” qərəzsiz və obyektiv informasiyalar yaymaqda maraqlı deyillər. Parisdə baş verən terror aktları, dörd il yarımdan artıq Suriyadakı zorakılıqlar, Ukrayna-Rusiya münaqişəsi, son günlərdə olduqca gərginləşən Türkiyə-Rusiya münasibətləri məhz Qərbin maraqlarına sərf edən baxış bucağından işıqlandırılır. Balaca dövlətlər, onların xalqlarının ağrı-acıları çox nadir hallarda yada düşür.

Lakin elə təsəvvür yaranmasın ki, qlobal informasiya axını özü ilə  təkcə super güclərin iddia və maraqlarına xidmət edir və yalnız “mənfi yük” daşıyır. Təbii ki, bu axında müsbət, rasional xəbər və məlumatlar da çoxdur. Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İlham Mazanlı əmindir ki, bu gün dünyada elm və maarifin yayılmasında, yeni innovasiyaların və texnologiyaların tətbiqi sahəsində beynəlxaq informasiya mübadiləsi önəmli rol oynayır.

Alim hesab edir ki, hər bir dövlət informasiya siyasətini qurarkən qlobal informasiya məkanında baş verən prosesləri diqqətlə araşdıraraq özünün milli informasiya təhlükəsizliyi siyasətini həyata keçirməyə borcludur. Bu sahədə Azərbaycan dövlətinin müasir dövrdə həm qanunvericilik, həm də təcrübi müstəvidə apardığı siyasət uğurludur. 

Sevindirici haldır ki, son illər Qarabağ həqiqətləri ilə bağlı informasiyalar qlobal mediada artıq adekvat təcəssümünü tapır. Azərbaycanın bölgədə sürətlə inkişaf edən lider dövlətə çevrilməsi, paytaxtımızda vaxtaşırı keçirilən nüfuzlu beynəlxalq forumlar, qitə və dünya səviyyəsində təşkil olunan musiqi və idman yarışları və sair tədbirlər ölkəmizi hazırda qlobal medianın informasiya subyektinə çevirir.

 

Son söz əvəzi...

 

İnformasiya, əlbəttə, geniş mənada müsbət missiya daşıyır. Adi, xırda bir şam qaranlıqları yarıb işıq saça bildiyi kimi, informasiya da mahiyyət etibarı ilə müsbət, pozitiv enerjiyə malikdir. Onu inhisara almaq cəhdləri artıq uğursuzluğa düçar olur. Lakin dünya durduqca, qlobal müstəvidə infomasiya rəqabəti də hər zaman olacaq. Sadəcə, Azərbaycan jurnalistləri bu heç də asan olmayan “yarış”da daim milli təəssübkeşlik və yüksək peşəkarlıq nümayiş etdirməyə çalışmalıdırlar.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında