Ulu öndər Heydər Əliyevin amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etmək idi

XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi  rəhbəri olmuşdur. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli  liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır.

Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ulu öndər respublikaya rəhbərliyinin birinci mərhələsində var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Həmin illər ərzində respublikada həyatın elə bir sahəsi yox idi ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Qısa müddətdə iqtisadiyyat, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikalar arasında ön mövqelərə çıxardı.

Təsadüfi deyildir ki, 1970-1980-ci illərdə sürətli iqtisadi artım sosial sahənin də inkişafına təkan verdi, insanların   həyat səviyyəsinin yüksəldilməsində kəskin dəyişikliklərə səbəb oldu. Həmin illərdə qazanılmış iqtisadi nailiyyətlərin möhtəşəmliyini  rəqəmlər daha aydın göstərir. Bu illər ərzində respublikanın milli gəliri 2,5 dəfə, sənaye istehsalının həcmi 2,7 dəfə artmış və ya əvvəlki 30 ildə istehsal edilmiş məhsulun ümumi həcmindən iki dəfə çox olmuşdu. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi də sürətlə artmış, rekord miqdarda üzüm və pambıq istehsal olunmuşdu. Ümumiyyətlə, kənd təsərrüfatı məhsulları  istehsalı 2,7 dəfədən çox artmışdı. İqtisadiyyatın inkişafına əsaslı vəsait qoyuluşunun həcmi əvvəlki 50 ildəki göstəricini 1,4 dəfədən çox üstələmişdi.

Bir sözlə, ulu öndərin respublikaya birinci rəhbərliyi illərində Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrünü yaşayır, cəmiyyətin bütün sahələrində sürətli inkişaf hökm sürüdü. Bütün deyilənlərin nəticəsi idi ki, Azərbaycan Respublikası keçmiş SSRİ məkanında Rusiya və Ukrayna respublikalarından sonra ittifaq büdcəsindən dotasiya almayan üçüncü respublika oldu.   Tarix çoxdan sübut etmişdir ki, hər bir millətin iqtisadi müstəqilliyi onun siyasi müstəqilliyinin bazisini təşkil edir.  Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar siyasi müstəqillik yolunda mühüm addım, təməl daşı oldu.

Yaxın kecmişə,  1988-1993-cu illərdə baş verən hadisələrə nəzər saldıqda isə görürük ki, o illərdə Azərbaycanda  ictimai-siyasi vəziyyət kəskin pisləşmiş, təhlükəli həddə gəlib çatmışdı. Ölkədə anarxiya, xaos, vətəndaş müharibəsi hökm sürür, cəbhədə məğlubiyyətlər bir-birini əvəz edirdi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və  iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.

Türkiyənin  keçmiş Prezidenti Süleyman Dəmirəl yazırdı: “Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır. Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və  bunların xalqın zənginliyinə xidmət etməsi həmin on ildə görülən işlərdəndir”.

Heydər Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və  “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.

Tarixi təcrübə sübüt edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq və onları öz ölkələrinin inkişafına yönəltmək imkanı qazanırlar. Məlumdur  ki, dünyanın bir çox ölkəsi zəngin neft ehtiyatına malikdir. Lakin bu ölkələrin heç də hamısı  həmin sərvətdən xalqın rifahı üçün lazımi səviyyədə istifadə edə bilmir. Ümummilli liderimiz  Heydər Əliyev isə neft-qaz ehtiyatından əldə edilən gəliri xalqın rifahına yönəldə bildi.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni  neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investorların ölkəmizə axınını sürətləndirildi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin  bağlanmasına güclü təkan verdi.

Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Heydər Əliyevə ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi hazırda ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdir: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.

Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb”, - deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan  Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. Bu baxımdan “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Prezident İlham Əliyev bu layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

Xatırladaq ki, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsinin  beş il ərzində reallaşması nəzərdə tutulmuşdur. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirəcək bu layihənin ilk mərhələsi 2018-ci ildə yekunlaşacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti 16 milyard kubmetrə, 2023-cü ildə 24 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.  Onu da deyək ki, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr “Şahdəniz”qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. TANAP çərçivəsində Türkiyəyə ilk qazın nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik təbii qaz boru xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz boru xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə vilayətindən, ümumilikdə 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında TAP-a  birləşəcək.

Ötən ilin oktyabr ayında imzalanan ana xətt boruları satınalma sövdələşmələri çərçivəsində ümumi boru həcminin 80 faizinin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan quru sahəsi üzrə boru xətti inşaat sövdələşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilmişdir.

Göründüyü kimi, Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Avropa İttifaqı  enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir. Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır.

Hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz yeni  texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi uğurların önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir vaxtda ölkəmiz də qlobal çağırışlardan kənarda qalmır. Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafında iqtisadi islahatların,  regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır. Bu ilin yanvarında Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2004-2015-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın, sənaye, kənd təsərrüfatı və sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində əldə edilən uğurlardan bəhs olunurdu. Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilirdi. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünürdü ki, həmin dövrdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib.

Ümumiyyətlə, bu faktı xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin ümumi strategiyasının uğurlu icrası nəticəsində son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdır. Ötən müddətdə ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuş, 1 milyon 360 mindən çox yeni iş yeri yaradılmışdır. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində ölkədə bu göstərici 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 40-cı yerə layiq görmüşdür.

Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 bənd artıq olmuşdur. Bu dövr ərzində dünyada ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə həmin göstərici 39 faiz təşkil etmişdir. Nəticədə ölkəmizdə milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmışdır.  Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7 faiz, 2013-cü ildə isə 9 faiz artmışdır. Bizim ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirləri görürük”.

Dünyanın tanınmış ekspertlərinin də qeyd etdikləri kimi, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının yeni sürətli inkişaf erası başlanmışdır. Bu isə dövlət tərəfindən dövrün tələblərinə uyğun olaraq iqtisadi islahatların kompleks və əlaqəli şəkildə aparılması, proqnozlar əsasında formalaşdırılmış dövlət proqramlarının, yerli, regional və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi və dünya iqtisadiyyatına inteqrasiyası ilə əldə edilmişdir. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır.

Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirən və onu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki,    inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. Azərbaycan Prezidentinin praqmatik siyasi kursu, hakim komandanın səmərəli fəaliyyəti və ən əsası, xalqımızın güclü dəstəyi olmasaydı, bütün bu uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna görə də dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir.

Azərbaycanda  davamlı inkişaf möhkəm təməl üzərində qurulmuşdur və artıq hədəflər də müəyyən edilmişdir: 2020-ci ilədək Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasıdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafı məsələsinə yeni yanaşma tələb edir. Bu məsələlər  öz əksini Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş, perspektiv inkişafın hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında tapmışdır.

Bu konsepsiyanın əsas istiqamətlərindən biri “İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı” bölməsidir.  Həmin bölmədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlbinin genişləndirilməsi, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması, həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının genişləndirilməsi  nəzərdə tutulur.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən böyük uğurla davam etdirilən xarici və daxili siyasət kursu, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində  hərtərəfli inkişaf sürətini  daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan  möhkəmləndirəcəkdir. Bütün bunlar isə bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir.

Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
Əməkdar elm xadimi, Beynəlxalq Menecment
Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında