Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələdə inamla davam etdirilir

Böyük siyasi liderlər tarixən mənsub olduqları xalqın, dövlətin inkişafında müstəsna rol oynayaraq milli inkişaf potensialını hərəkətə gətirmiş, bu potensialın səmərəli realizə edilməsinə zəruri əsaslar yaratmışlar. Xalqların özünəməxsus inkişaf yolunun banisinə, milli ideologiyanın müəllifinə çevrilən belə liderlər həm də siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. XX əsr Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət - ulu öndər Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və mütərəqqi ənənələrinə uyğun yaradaraq praktik şəkildə gerçəkləşdirmiş dahi şəxsiyyət kimi xalqımızın əbədi rəğbətini qazanmışdır.

Müstəqil Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Təsadüfi deyildir ki, qədirbilən xalqımız hər il dekabrın 12-də ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla, rəğbətlə yad edir.

Bu gün cəmiyyətin mütləq çoxluğu etiraf edir ki, müstəqil Azərbaycanın 22 ildən çox müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən Heydər Əliyev keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmişdir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir.

Həmin illərdə məhz Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənaye, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125 yeni dövlət sənaye müəssisəsi, o cümlədən, 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Həmin dövrdə Sumqayıt şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən birinə çevrilməsi, burada çoxlu sayda zavod və fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhər infrastrukturunun formalaşdırılması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. 70-80-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşlar. Ümummilli lider Heydər Əliyev “kiçik Azərbaycan” adlandırdığı Sumqayıta mütəmadi olaraq baş çəkmiş, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanmış, yeni müəssisələrin açılış mərasimində iştirak etmişdir. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrinin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynamışdır.

Bütün bunların nəticəsi olaraq 70-80-ci illərdə Sumqayıt özünün iqtisadi potensialına görə SSRİ məkanında tanınır, onun istehsal etdiyi məhsullar ittifaqın 700 şəhərinə ixrac olunurdu. Burada fəaliyyət göstərən bir neçə elmi-tədqiqat institutu nəinki ittifaq miqyasında, həmçinin xarici ölkələrdə böyük nüfuza malik idi. Sumqayıtda maşınqayırma, qara və əlvan metallurgiya, trikotaj, kimya və şüşə sənayesinin inkişafı bir çox ölkələrin diqqətini özünə cəlb edirdi.

Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə ittifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə yüksəlmişdi. Heydər Əliyevin 1982-ci ildən sonrakı siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına maksimum dərəcədə diqqət və qayğı ilə yanaşmağa çalışırdı. Bununla belə, 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də müşahidə olunan iqtisadi böhran respublikadan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri özünü göstərirdi. 1986-cı ildə ümumi milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz olmuşdu və bu da Azərbaycan üçün son 10 ildə ən aşağı göstərici idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən heç bir nəticə çıxarmırdılar.

1990-1993-cü illərdə isə obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatında tənəzzül və böhran proseslərinin genişlənməsi, idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi az qala Azərbaycanın dövlət kimi süqutuna səbəb olacaqdı. Xalqın ən ağır günlərində – 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür.

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ümummilli ilder Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Ümummilli lider sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə ilk növbədə torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsinin vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Azərbaycanda sahibkarlığın inkişafına təkan verən mühüm addımlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda beynəlxalq konfrans olmuşdur. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi vurğulamışdır: “İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var”.

Ulu öndər həmin dövrdə mütəmadi olaraq sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1990-cı illərin ortalarında keçirilmişdi. Həmin görüşdə ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı yerindəcə aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda, Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə də müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi.

Ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. Şura uzun illər ərzində ölkədə sahibkarlığın inkişafına, bu sahəyə dövlət qayğısının artırılmasına, mövcud problemlərin həllinə, ölkə iqtidarının müəyyənləşdirdiyi mükəmməl inkişaf strategiyasının reallaşmasına öz töhfəsini verməyə çalışmışdır.

Ümummilli lider Heydər Əliyev ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində, ölkədə siyasi sabitliyin möhkəmlənməsində, ümumilikdə rifah və tərəqqinin təmin olunmasında sahibkarlar sinfinin müstəsna rolu və imkanlarını daim yüksək dəyərləndirmişdir. Bu da təsadüfi deyildir - bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, hər bir fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları özündə ehtiva edir.

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atmışdır. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Bundan başqa, həmin illərdə iqtisadiyyata nəzarəti həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Yaranmış vəziyyəti ən xırda detallarına qədər düzgün qiymətləndirən Heydər Əliyev qeyd olunan istiqamət üzrə problemlərin aradan qaldırılması üçün qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

Bu kontekstdə ən vacib addımlardan biri kimi 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərmanın imzalanması qeyd edilməlidir. Bu fərmandan bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.

1996-2003-cü illərdə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)”nın, habelə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunların qəbulu sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizmlərini təkmilləşdirmişdir.

Ümummilli lider sonrakı mərhələdə də sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlərin keçirilməsinə, iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 10-da yerli, 25-də isə xarici sahibkarlarla görüşməsini, onların hər birinə şifahi və ya yazılı surətdə problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik metodlarından istifadənin ən gözəl və səmərəli forması kimi tarixiləşmişdir.

Bu siyasət 2003-cü ilin 15 oktyabrından Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilmişdir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artımı, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə imkan yaratmışdır.

Ötən illərdə Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə müasir informasiya kommunikasiyalarının mütərəqqi yeniliklərinin tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, “e-xidmətlər”in geniş tətbiqi biznes mühitinin daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyevin hələ 30 aprel 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərman bu istiqamətdə mühüm sənədlərdən olmuşdur. Belə bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında, fundamental dəyişikliklərə yol açmışdır.

Dövlət başçısının 2010-cu il aprelin 13-də imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” fərmanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması baxımından mühüm addımlardan biri olmuşdur. Fərman əsasında 2011-ci il mayın 1-də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və bu sənəddən irəli gələn vəzifələrin icrası Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə hələ 2013-cü il 2 iyul tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2014-cü il martın 1-dən qüvvəyə minmişdir.

Ölkə başçısının 2014-cü il 3 mart tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin etmişdir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açmışdır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasına imkan yaratmışdır.

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasından sonra ölkə başçısı tərəfindən atılan qətiyyətli addımlar sahibkarlığın inkişafına yeni təkan vermişdir. Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi bilavasitə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidməti hazırda “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Ölkə başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş müvafiq qanuna əsasən, bu il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırılmışdır. Ümumilikdə sahibkarlığın inkişafına mane olan bürokratik amillərin aradan qaldırılması məqsədilə bəzi dövlət qurumlarında aparılan islahatlar, kadr dəyişiklikləri ümumən biznes mühitinin daha da liberallaşmasına, ölkənin investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.

Son vaxtlar xüsusən də kiçik və orta sahibkarların maraqlarının müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir. Bu günlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən sadələşdirilmiş vergi ödəyicilərinin rüblük dövriyyəsi üçün müəyyənləşdirilmiş maksimum hədd 120 min manatdan 200 min manata qaldırılmış, vergi dərəcələri diferensiallaşdırılmışdır. Bu islahatlar ilk növbədə vergidən yayınma və qanunsuz sahibkarlıq hallarının aradan qaldırılmasına xidmət edir.

Neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son 12 ildə qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Ümumilikdə son 7 ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM-in artımı ildə orta hesabla 9,4 faiz təşkil etmişdir.

Azərbaycan Respublikas Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi qlobal iqtisadi-maliyyə böhranı şəraitində qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisinin artırılmasını başlıca hədəflərdən biri kimi önə çəkir. 2016-cı ildə qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 46,5 faiz proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan 11,8 faiz, 2014-cü ilin faktiki göstəricisindən isə 12,5 faiz çoxdur.

2016-cı ildə qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması, bu istiqamətdə daxilolmaların artırılması üçün vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, ümumən gömrük və vergi intizamının gücləndirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfertlərin azaldılması istiqamətində siyasət də davam etdirilməkdədir.

Dünyada cərəyan edən iqtisadi risklərin ehtimal olunan nəticələri, üstəlik xam neftin qiymətlərindəki kəskin azalma nəzərə alınaraq 2016-2019-cu illərdə dövlət və icmal büdcələrinin əsas parametrləri və prioritet istiqamətləri üzrə optimist (neftin bir barelinin qiyməti 60 dollar olduqda), baza (neftin bir barelinin qiyməti 50 dollar olduqda), pessimist (neftin bir barelinin qiyməti 40 dollar olduqda) ssenariləri hazırlanmışdır. Qarşıdakı ildə dövlət və icmal büdcələrin gəlirlərinin və xərclərinin azalması fonunda dövlət sektorunda xərclərin səmərəliliyinin daha da artırılması, habelə kənd təsərrüfatının, sənayenin, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.

Şübhəsiz, qlobal böhran şəraitində Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hesab edirik ki, hazırkı mərhələdə yüksək makroiqtisadi göstəricilərin davamlılılığının təmin edilməsi həm də rentabelli və elmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtutumlu, ixracqabiliyyətli sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar ölkənin üzləşdiyi maddi itkiləri kompensasiya etmək mümkündür.

Sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv səbəblərlə şərtlənir. Bu zərurət ilk növbədə Azərbaycanın hələ Sovetlər birliyi dövründən güclü sənaye-aqrar respublikası kimi formalaşması, burada güclü sənaye müəssisələrinin fəaliyyət göstərməsi ilə bağlıdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir.

Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlayır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. Bu güzəşt sənaye sahəsinə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verir.

Tarixən ölkəmizin əsas sənaye mərkəzlərindən biri olmuş Sumqayıt şəhəri də son illər tarixi şöhrətini bərpa edir, burada yeni sənaye kompleksləri, müəssisələr istifadəyə verilir, yeni iş yerləri açılır. Şəhərin yeni rəhbərliyi də ölkə başçısının yürütdüyü siyasətin mahiyyətinə müvafiq sağlam biznes mühitinin formalaşmasına, iş adamları ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsinə çalışır.

Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin davamlı milli inkişafa təminat yaradan ideyaları yaşayır, dövlətimizin, xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Məhz bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə həyata keçirilən siyasi və hüquqi islahatlar modernləşmə kursu keçid dövrünü yaşayan ölkələrdə model kimi qəbul edilir. Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik mövcuddur. Məhz bu birlik sayəsində ölkə iqtidarı son illərdə böyük iqtisadi, siyasi, mədəni inqilablara müəlliflik edir.

Bu gün Heydər Əliyev dühasının müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək, gələcəyə böyük nikbinliklə, ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, Azərbaycan xalqının milli mənafeyinə cavab verən bu siyasət qarşıdakı illərdə də davam etdiriləcək, respublikamız sürətli inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.

Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri,
iqtisad elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında