Əslində, Heydər Əliyevlə bağlı hər bir mövzu nə qedər əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Çünki, Azərbaycanda elə bir sahə yoxdur ki, onun misilsiz xidmətləri olmasın, çox hallarda da o, bu işlərin qurucusu və yaradıcısıdır. Eyni zamanda, onunla bağlı, hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, Vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Mən də belə bir böyük şəxsiyyətin zamanında yaşamağıma və onun məktəbindən dərs aldığıma görə özümü hədsiz dərəcədə xoşbəxt hiss edir, bu alın yazıma görə Yaradanıma sonsuz şükür edirəm.
Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri yetişdirmiş xalqlardan olmaqla, XX əsrdə dünya siyasətində həm Sovetlər Birliyində, həm də müstəqillik illərində çox tanınan siyasətçi və görkəmli dövlət adamı, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev kimi şəxsiyyət yetirən bir xalqdır. Bu mənada Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün onun dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılması böyük əhəmiyyət kəsb edir.
Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi və mənəvi psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərindən heç birinə birmənalı şəkildə üstünlük vermədən Qərb və Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla və səmərəli şəkildə bəhrələnməyə, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq, Azərbaycanın çağdaş dünyada qazandığı yer və mövqenin hansı çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur.
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu avroatlantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və paralel olaraq Türkiyə ilə, müsəlman dünyası və ayrıca olaraq İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan durumu yaradıldı. Yəni, fərqi yoxdur, həm çoxtərəfli və həm də ikitərəfli münasibətlərdə ən etbarlı tərəfdaş olmaq prinsipini həyata keçirmək idi.
Heydər Əliyev məhz bu reallıqları nəzərə alaraq, necə deyərlər: Yaxın qonşu uzaq qohumdan irəlidir, – düşüncəsi ilə, özünün ilk səfərlərindən birini Rusiyaya etdi. Bu səfər Azərbaycanın MDB-yə daxil olması ilə paralel hazırlandı. Çünki həm Rusiya ilə münasibətlər üçün, həm də MDB-yə daxil olan ölkələrlə Azərbaycanın münasibətləri, əlaqə və əməkdaşlığı üçün bu iş haqlı olaraq əhəmiyyətli sayılırdı.
Heydər Əliyevin Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ölkələrimiz arasındakı gərginliyi xeyli zəiflətdi, iki ölkə arasındakı münasibətlərə yeni keyfiyyət gətirdi.
Azərbaycan dövlətinin xarici siyasətinin çox vacib və əhəmiyyətli istiqamətlərindən biri də Amerika Birləşmiş Ştatları ilə münasibətlərdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 18-də yaradılmışdır. Lakin bu, hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təqdim etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, daim müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət, 1994-cü ilin sentyabrında məşhur “Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə yeni və həm də dönüş nöqtəsi oldu.
Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməklə nəticələndi. Bu, çox əhəmiyyətli bəyanat idi. İndi irəli getmək ölkəmizi, işlərimizi, məqsəd və məramımızı, dücar olduğumuz müsibətlərimizi Amerika ictimaiyyətinə çatdırmaq, əlaqələri daha genişləndirmək üçün yeni səylər göstərmək tələb olunurdu. Heydər Əliyevin ABŞ-a səfərləri və onların uğurlu nəticələri bu böyük səylərin davamı kimi çox əhəmiyyətli oldu. Bu, Heydər Əliyev diplomatiyasının, Azərbaycanın düşünülmüş, əsaslandırılmış və sistemləşdirilmiş yeni xarici siyasəti sayılırdı.
Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropanın böyük dövlətləri ilə münasibətlər məsələsi mühüm bir istiqamət təşkil edir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni xətt qısa bir müddətdə çevik taktiki gedişlərlə həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi çox nüfuzlu həmfikirlər əldə etməsi Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.
Özünün uzaq tarixi köklərə malik demokratik dövlətçilik ənənələri ilə seçilən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı beynəlxalq münasibətlərə təsiretmə gücünə görə dünya siyasətinin yönümünü müəyyən edən və beynəlxalq aləmin ən ümdə problemlərinin həllində xüsüsi çəkisi olan ölkələr sırasına daxil olduğundan Azərbaycan ilə bu ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq və dostluq əlaqələri qurmaq çox əhəmiyyətli idi.
Böyük Britaniya dövlətini Azərbaycanla dostluğa və əməkdaşlığa sövq edən bir sıra siyasi, iqtisadi və digər amillər Azərbaycan-Böyük Britaniya əlaqələrinin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üzərində qurulmasını şərtləndirmiş və zəruri etmişdir. Bu zərurəti dərk edən və qarşılıqlı əlaqələrin hər iki dövlət üçün verdiyi və verə biləcəyi faydanı yüksək qiymətləndirən Heydər Əliyev və Böyük Britaniyanın hökumət rəhbərləri iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsi üçün bütün imkanlardan istifadə etmişlər. Məhz elə bunun nəticəsidir ki, bu gün iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq istiqamətində inkişaf edir.
Yalnız Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıtmasından sonra Azərbaycanın xarici siyasətində, o cümlədən dünyanın böyük və nüfuzlu dövlətlərindən sayılan Fransa ilə münasibətlərdə də dönüş baş verdi. Təcrübəli siyasi xadim və incə diplomat Heydər Əliyev keçmiş iqtidar başçılarından fərqli olaraq Fransa dövlətinin dünyada və Avropada oynadığı rolu, malik olduğu gücü, nüfuzu və təsir dairəsini yaxşı bildiyindən, ilk növbədə, o vaxta kimi Azərbaycanda yalnız “düşmən” kimi təqdim olunmuş Fransa ilə əlaqələri sahmana salmağı qərarlaşdırdı.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasında dünya siyasətində xüsusi təsir gücünə malik və nüfuzlu dövlətlərdən biri olan Almaniya Federativ Respublikası ilə münasibətlər geniş yer tutur. Planetin qlobal problemlərinin həllində mühüm rol oynayan, beynəlxalq və regional məsələlərdə rəyi və mövqeyi hər zaman nəzərə alınan Almaniya Federativ Respublikası İkinci dünya müharibəsindən sonra, qısa bir zaman ərzində iqtisadi, siyasi, sosial və mədəni inkişaf sahəsində dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksələ bilmişdir. Belə bir dövlətlə dostluq və əməkdaşlıq etmək üçün yollar aramaq, onunla qarşılıqlı faydalı münasibətlər yaratmaq müstəqillik yolu tutan gənc Azərbaycan Respublikası üçün həyati zərurətdən doğan bir tələbat idi. Ölkələrimiz arasında daha sıx münasibətlər yaratmaq məqsədilə atılan addımlar, Almaniyaya rəsmi səfər, burada keçirilən görüşlər, aparılan danışıqlar, fəal diplomatik gedişlər bunu bir daha sübüt edir. Həyata keçirilən tədbirlər dostluq münasibətlərinin yaranmasına öz müsbət təsirini göstərmiş, əlaqələrin genişlənməsinə və dərinləşməsinə əlverişli şərait yaratmışdır.
Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Avropanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan İtaliya, Belçika Krallığı, Hollandiya, Norveç və digər ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropa ilə inteqrasiyasına yeni yollar açır, beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə kömək edirdi.
Avropa dövlətləri ilə tarazlaşdırılmış yeni münasibətlərin möhkəm təməlinin qoyulması bu istiqamətdə uzun bir dövr üçün gediləcək yolun və xarici siyasət xətti ilə görüləcək işlərin başlıca məqsəd və vəzifələrini müəyyənləşdirdi. Avropanın Azərbaycana marağı artdı və xeyirxah, obyektiv münasibətlərin ilk təməli qoyuldu ki, bu da sonrakı işlərdə, Lissabon sammitinin nəticələri üçün çox faydalı oldu. Heydər Əliyevin xarici siyasət xətti dərin elmi nəzəri və zəngin təcrübə üzərində qurulmuş bir xarici siyasət konsepsiyası oldu. Bu fəaliyyətdə hər bir amil, faktor, şərait və xüsusiyyət nəzərə alındı. Məhz bu siyasi kursun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın, demək olar ki, bütün ölkələri ilə diplomatik münasibətlər qurmuş və əməkdaşlıq edir. Azərbaycan bu gün planetin beynəlxalq əməkdaşlıq regionlarından birinə, bəlkə də ən mühümünə çevrilibdir. Məhz bunun nəticəsidir ki, yalnız adı çəkilən ölkələr yox, Cənubi Amerikanın, Afrikanın bir sıra ölkələrinin Azərbaycana marağı günbəgün artmaqdadır.
Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə də böyük diqqət yetirilirdi. Hazırda dünyada təxminən 4 mindən çox beynəlxalq və məhəlli təşkilat mövcuddur ki, bunlardan 300-dən çoxu hökümətlərarası təşkilatlardır. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, həqiqətlərini, dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Parlamentlərarası İttifaq (Pİ), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir. Azərbaycan yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.
Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində tarixi əhəmiyyət daşıyan hadisə – Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qovuşması oldu. Beləliklə də, müstəqilliyin ilk on ili ərzində Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi altında Ən mürəkkəb və sərt maneələri dəf etdi, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşmasında qətiyyətli addım atıldı. Azərbaycan özünün gələcəyini Avropaya tam inteqrasiya ilə bağladı. Onu da qeyd etmək lazımdır ki, bu mühüm nailiyyət Azərbaycana başqa dövlətlərlə müqayisədə ikiqat, üçqat, bəlkə də daha ağır zəhmət və şərtlər bahasına başa gəldi. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi həm ölkəmiz üçün, həm də bu təşkilat üçün xüsusi əhəmiyyət kəsb edir.
Dərin mənəvi, mədəni, elmi-iqtisadi, potensiala, zəngin təbii sərvətlərə, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı dövrlərdə, hətta gələcəkdə planlaşdırılmamış digər imzalanmış çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin geniş şəbəkəyə malik olduğunu nümayiş etdirir.
Bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, Azərbaycan iqtisadiyyatının, xüsusən, sənayenin və neft sektorunun müasirləşməsinə rəvac verdi. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx inteqrasiyasını təmin etdi. Qərbin bir sıra aparıcı, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnın başlanğıcını qoydu.
Bu barədə Prezident İlham Əliyev çox dəqiq deyib: “Əsrin kontraktı”nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. “Əsrin kontraktı”nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".
Bu gün ulu öndər Heydər Əliyevin sağlam və güclü təməl üzərində, eyni zamanda daha uzaq və çoxşaxəli hədəflərə istiqamətlənmiş, geniş vizyonlu siyasətinin nəticəsidir ki, Prezident İlham Əliyev yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab Prezident İtaliyanın nüfuzlu “RAI International” telekanalına müsahibəsində xüsusi qeyd etdiyi kimi, “Azərbaycanın enerji ehtiyatları artıq Avropa, dünya enerji bazarlarına çatdırılır və əlbəttə ki, Azərbaycan bunlardan yararlanır, iqtisadi inkişaf, eyni zamanda bir çox sosial problemlərin həlli deməkdir və ölkənin regional mövqeləri əhəmiyyətli dərəcədə güclənmişdir”.
Dövlət başçısı neft strategiyasında varisliyi inamla təmin edərək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin praktik şəkildə gerçəkləşməsinə nail olub. Beləliklə, 2005-ci ildə əfsanədən həqiqətə çevrilən BTC neft kəməri müəllifi Heydər Əliyev olan və dünyaya səs salan “Əsrin müqaviləsi”nin qanunauyğun məntiqi nəticəsi idi. 2005-ci il mayın 25-də boru kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan hadisəyə çevrildi. Xəzər neftinin Ceyhan limanına çatdırılması, Ceyhandan isə dünya bazarlarına ünvanlanması həmişə çətin sınaqlardan böyük uğurla çıxmış, özünü təsdiqləmiş Heydər Əliyev siyasi kursunun real və parlaq qələbəsi kimi tarixə düşdü. Bu, sadəcə, qələbə olmayıb, Heydər Əliyevin müdrik siyasətinin təntənəsi səviyyəsində ümumiləşən tarixi hadisə, müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz nailiyyət idi.
Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən elmi-konseptual şəkildə əsasları qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni çalarlar qatılaraq, daha da zənginləşdirilən müstəqil Azərbaycanın təhlükəsizlik strategiyası, bu baxımdan öz dövrünün ən qabaqcıl təcrübəsini də əxz edərək, ölkəmizi nəhəng və geniş miqyaslı nailiyyətlərə qovuşdurur.
Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. Dünya xəritəsinə nəzər salsaq, geopolitik subyektlərin daim qarşılıqlı təsirdə olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini müşahidə edə bilərik. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində də beynəlxalq təhlükəsizliyin qorunması problemi daim öz əksini tapmaqdadır.
Son illərdə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın qazandığı nailiyyətlərin miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Özü də dünya miqyasında 155 ölkənin dəstəyini alaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə yox, digər sahələr üzrə də əldə edilən möhtəşəm nailiyyətləri baxımından da liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur.
Ötən dövrdə Azərbaycanın enerji siyasəti daha da zənginləşib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Azərbaycan bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Belə ki, hazırda Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edilir. Lakin bu hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.
Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verdi. Bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.
Bu gün ölkəmizin Orta Asiya ilə Avropa arasındakı enerji, nəqliyyat-kommunikasiya və s. transmilli layihələrin əsas oyunçusu və söz sahibi olmaqla, onun mərkəzində dayanması, Azərbaycanın gələcəkdə də Orta Asiya ölkələrinin geoiqtisadi və sosiokultural maraqlarının, regional təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edəcəkdir. Çünki Azərbaycan Respublikası Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün lazımi imkanlara malikdir.
Əlbəttə, Azərbaycanın əlverişli geosiyasi mövqeyinin, multikultural müxtəlifliyin və çoxmədəniyyətliliyinin, yüksək insan potensialının və zəngin təbii ehtiyatlarının olmasına baxmayaraq, heç də balanslı siyasətin həyata keçirilməsi elə o qədər də asan olmamışdır. Bütün bunlara baxmayaraq, ulu öndərimiz özünün zəngin siyasi-diplomatik bilik və bacarığına, yüksək dövlət idarəçiliyi və uzaqgörənlik qabiliyyətinə istinad edərək, elə bir dövlət siyasəti formalaşdırdı ki, bu siyasət ölkəmizin ildən-ilə müasir dünyada imicinin və mövqeyinin güclənməsinə zəmin yaratdı. Sözsüz ki, 2003-cü ildən başlayaraq, dövlət siyasətinin əsas milli maraq olmaqla, kürəsəl güclərin və kürəsəl siyasətin də maraq və prinsiplərinə uyğun şəkildə yüksək səviyyədə həyata keçirilməsi məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin misilsiz xidməti sayəsindədir. Biz əminik ki, bu siyasət Azərbaycanın müasir dünyada gündən-günə artan müsbət imici onun dünya birliyində yerini və mövqeyini bundan sonra daha da gücləndirəcikdir.
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.