Heydər Əliyev: Azərbaycan siyasətində Qələbə rəmzi

Bu gün orta və yuxarı yaşlı  soydaşlarımızı dünyagörüşü baxımından gənc nəsildən fərqləndirən önəmli məziyyətlərdən biri onların mahiyyət və struktur etibarı ilə bir-birinə tam əks iki ictimai-siyasi formasiyada, fərqli cəmiyyətlərdə yaşamaları və hər iki dövrdə cərəyan edən hadisələrin canlı şahidləri olmalarıdır. Bir çox gələcək onilliklərin tədqiqat mövzusu olacaq son 50 illik dövr bəşəriyyətin həyatına və o cümlədən, xalqımızın taleyinə əhəmiyyətli təsir etmiş güclü siyasi-iqtisadi və sosial transformasiyalar dövrü kimi tarixə çevrilməkdədir. Lakin bu tarix bizdən çox uzaqda deyil.

Yaxşı xatırlayırıq ki, gələcəyi dumanlı şəkildə güclə təsəvvür edilən, ictimai-sosial dayaqları mücərrəd “sovet xalqı” hesab olunan kommunizm epoxası iki yüz milyonluq bir toplumu siyasi-hərbi güc və ideoloji təzyiq vasitəsilə hələ heç kimə agah olmayan qeyri-müəyyən bir “xoşbəxt gələcəyə” necə sürükləyirdi. Az sonra tarixin də təsdiq etdiyi kimi, ancaq lümpen proletariatın icad edə biləcəyi “qırmızı ideologiya” hətta belə bir gələcyin qurucuları üçün “kommunizm qurucusunun əxlaq kodeksini” də bəyan etmişdi. Lakin mövcud olduğu 70 il ərzində nə bu ideologiyanın sahibləri, nə onun bələdçiləri, nə də “xoşbəxt gələcək” qurucuları olan sovet vətəndaşları nəyi qurmaq və yaratmaq istədiklərini və buna necə nail olacaqlarını başa düşmədilər.

Nəticə isə göz qabağında idi: əzilən, alçalan, milli-mənəvi dəyərlərindən, elementar insani heysiyyatlarından məhrum edilən, insan və cəmiyyət qanunayğunluqlarından kənarda gərəksiz bir əşya kimi həyat sürməyə məhkum edilən, mənəvi və fiziki cəhətdən məhv edilən milyonlarla insanın həyatı puç edilmişdi. Baş tutmamış kommunizm epoxasının ümumi mənzərəsi məhz bundan ibarət idi.

Lakin bu ümuminin içərisində sezilərək və ya sezilmədən fərqlənən, dövrün qayda-qanunları çərçivəsindən kənarda düşünən beyinlər və sovet örtüyü altında olsa da öz fəaliyyətini insani duyğuların, daha böyük bəşəri ideyaların gerçəkləşməsinə yönəldən insanlar da vardı. Lümpenlərin lümpen düşüncələrini və dünyagörüşünü milyonların beyinlərinə sırımaqla gələcəyə daşımağa çalışan sovet bürokratiyasının hakimlik etdiyi yeknəsəq düşüncə, həyat tərzi fonunda belə insanların amalları və düşüncələri bir çox hallarda onları cəmiyyətin ön sıralarına çıxarırdı.

 Həmin dövrdə ön sırada olmağın aqibəti isə yalnız iki sonluqla bitə bilərdi: ya “Şöhrət zirvəsi”, ya da tamamilə bunun əksi olan “Ölüm dərəsi”. Aşağıdan yuxarıya doğru bu sistemin bütün pillələrini əzmlə adlayıb sovet maşınının ən vacib mexanizmlərini idarə etmiş o zamankı bir çox “partiya və hökümət ulduzları”nın faciəvi sonluğu da bunun sübutu və sovet tarixinin reallıqlarıdır.

Bütün bunlar sovet rejiminin girovunda öz mövcudluğunu sürdürən Azərbaycandan da yan keçməmişdi. Düşünən beyinlər, danışan dillər, “oxuyan tar”lar, bir sözlə, hürriyyətə nə millilioyə sövq edən açıq-gizli hər hansı əməllər dərhal “ifşa” olunur, millətin ən mütərəqqi fikir sahibləri “xalq düşməni” adı ilə məhv edilir, Sibirin qarlı  çöllərində, NKVD və KQB zindanlarında həyatla vidalaşırdılar. Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz, Mikayıl Müşfiq, Tağı Şahbazi, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli, Hənəfi Zeynallı, Seyid Hüseyn kimi xalqın gələcəyinə yol açmaq üçün beyinlərə işıq, düşüncələrə mübarizə ruhu gətirməyə cəhd göstərən minlərlə millət övladını da məhz bu sistem xalqımızın əlindən aldı.

İndi artıq 25 ilə yaxındır ki,  başqa zamanda yaşayırıq. Müstəqilliyimizi bərpa etməklə taleyimizə, milli ideologiyamıza və gələcəyimizə sahib çıxmaq imkanı qazanmışıq. Bu da asan başa gəlmədi. 20 Yanvar şəhidliyindən başlamış, Qarabağ torpaqlarında tərk edilən müqəddəs yurd yerlərimizin, bu yerlərdə itirilən minlərlə insanın faciəsi hesabına Azad Xalqa və Müstəqil Dövlətə çevrildik. İndi gələcək haqqında təsəvvürlərimiz də, bugünkü düşüncə və həyat tərzimiz də fərqlidir, gələcəyə çıxdığımız yolumuz da başqadır. Məzmunca da mahiyyətcə də tamamilə fərqli bir cəmiyyətin təşəkkül və təkamül mərhələsini yaşamaqdayıq.

Bu, yeni bir epoxadır. Bu iki dövr arasındakı keçidin özü də az qanlar aparmadı. İki fərqli epoxanı birləşdirən zaman intervalı isə tarixi baxımdan nə qədər qısa görünsə da, kəskin ziddiyyətləri– siyasi-iqtisadi, maddi-mənəvi, sosial böhranları ilə yanaşı, xalqımıza öz müstəqil dövlətçiliyini bərpa etmək şansını yaratmaq kimi əhəmiyyətli tarixi hadisələrlə də zəngindir. Belə nailiyyətlər isə ictimai-siyasi hadisələrin gedişində kortəbii surətdə əldə oluna bilməzdi. Buna aparan yolun başlanğıcında azadlıq və müstəqillik kimi müqəddəs amallara köklənmiş düşüncə sahibləri və bu tarixi dövr ərzində cərəyan edən hadisələri məhz bu məqsəd və məramların həyata keçməsinə doğru istiqamətləndirən fəaliyyət sahibləri olmalı idi və var idi.

Böyük Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin səpdiyi milli özünüdərk toxumlarından cücərib ilk milli cümhuriyyətimizin yaranmasına və sovet dövrünün “ət maşınında” keçərək bugünkü hürriyyətimizə qədər qət olunan tarixi yol milli əqidə, məqsəd və məramlarımızın yetişdiyi, əzildiyi, mətinləşdiyi və nəhayət, qələbə çaldığı əzəmətli bir yoldur. Bu uzun, iztirablı, lakin şərəfli yolda mücadilə aparan maarifçilərimiz, cümhuriyyətçilərimiz, dissidentlərimiz öz mübarizələrini məhz bu son qələbəyə çatdırmaq uğrunda canlarını, doğmalarını və var-yoxlarını fədakarlıqla qurban verdilər.

Bu möhtəşəm Qələbənin müəllifi olmaq səadəti isə sovet dövründə “Söhrət zirvəsi” ilə “Ölüm dərəsi” arasında cəsarətlə millətin gələcəyi üçün çalışan, Vətən tariximizin ilk “Ümummilli lider”i mərtəbəsinə yüksələn, yeni müstəqillik dövründə isə böyük bir fədakarlıqla “həyatının qalan hissəsini də öz xalqına həsr edən” və nəhayət, “azərbaycanlı olması ilə fəxr etdiyini” bütün dünyaya bəyan edən Heydər Əlirza oğlu Əliyevə nəsib oldu. Keçən əsrin 60-cı illərinin sonundan başlayaraq, Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Heydər Əliyevin dəqiq məqsədlərə istiqamətlənmiş məqsədəyönlü fəaliyyəti və siyasi iradəsi ilə baş verirdi.

Təsadüfi deyil ki, məhz onun rəhbərliyi dövründə, ilk dəfə olaraq, milli dövlətçilik təfəkkürü olan milli kadrlar hazırlandı və ali hakimiyyət orqanlarında yerləşdirildi. Azərbaycanlı mütəxəssislər sovet coğrafiyasının bütün koordinatlarında işləməyə, yaşamağa və tanınmağa başladılar. Azərbaycan iqtisadiyyatı on beş “zorən” müttəfiq respublikanın sırasında axırıncı yerlərdən sürətlə irəliləyərək ön sıralara çıxdı. Elmdə, incəsənətdə xüsusi istedad sahibi olan soydaşlarımız sovetlərin bütün ərazisində tanındı və bu ucsuz-bucaqsız məkanı məskunlaşdıran çoxsaylı millətlərə sevdirildi. Başqa yolla yarımasılı “sovet Azərbaycanı”nın içərisində yaxın gələcəyin milli “Azərbaycan Respublikası”nı yetişdirmək mümkün olmazdı.

Hələ kommunist ideologiyasının inadkarlıqla xalqları və millətləri boğduğu bir şəraitdə qeyri-slavyan mənşəli bir dövlət adamının Sovet İttifaqı kimi nəhəng bir ölkənin ali siyasi hakimiyyətində təmsil olunması özü nə qədər çətin idisə, onun həmin mövqedən öz ölkəsinin milli mənafeyi naminə çalışması da bir o qədər çətin və demək olar ki, qeyri-mümkün idi. Belə təzadlı bir dövrdə bütün sovet sistemindəki bu qeyri-mümkünlüyü gerçəkləşdirə bilən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Sovet İttifaqının o vaxtkı dövlət rəhbərlərindən heç birinin siyasi taleyi Heydər Əliyevinki qədər qalibiyyətlərlə zəngin olmadı. Onların heç birinin siyasi irsi və kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi.

Heydər Əliyev həyatının “Şöhrət zirvəsi”ilə “Ölüm dərəsi” arasında uzun müddət davam edən mücadilə səhifəsi Xilas və Qələbə ilə başa çatdı. Həyatın yeni səhifəsi açıldı, yeni mübarizə başladı. Bütün addımlarında öz xalqına, onun istedadına arxalanan və həqiqəti dərindən duymaq qabiliyyətinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini onun tarixi ənənələri və çağdaşlıq prinsipləri əsasında qurmağın tarixi missiyasını da şərəflə yerinə yetirdi. O, didilib- parçalanan Azərbaycanı bütövləşdirərək regionun ən nüfuzlu dövlətinə çevirdi. Müstəqillik dövründə Azərbaycan məhz Heydər Əliyevin əsasını qoyduğu milli təməl üzərində, onun siyasi iradəsi ilə öz milli-tarixi ənənəsindən ayrılmadan suveren dövlətçiliyin təkamül prosesinə başladı, qlobal siyasi situasiyaya adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində öz yerini tutdu.

İki fərqli tarix, biri-obirini inkar edən cəmiyyət məhz ümummilli lider Heydər Əliyevin simasında və fəaliyyətində birləşdi, dövlətçiliyimizin əbədiliyini, sarsılmazlığını və dönməzliyini təmin etdi. Xalqın “ulu öndər” tituluna layiq gördüyü Heydər Əliyev,  sözün əsl mənasında, siyasətdə qələbə simvoluna çevrildi.

Yadıma bu məqamda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Prezident kitabxanasında düzənlədiyi “Heydər Əliyev. Elmimizin keşiyində” adlı 2 cildlik sənədlər və materiallar toplusunun təqdimat mərasimində səslənən fikirlər düşdü. Ümummili liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş həmin məclisdə Tarix İnstitutunun direktoru, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudov öz təqdimatında Heydər Əliyevin hər iki dövrdə xalqımızın milli maraqları naminə, dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi uğrunda apardığı mücadilənin əhəmiyyətindən, Heydər Əliyev irsinin Azərbaycan xalqının gələcyi üçün müstəsna rolundan, Heydər Əliyev ideallarının əbədiyaşarlığından ətraflı bəhs etdi. Sovet dövründə, kommunist sisteminin amansız təqibləri şəraitində Heydər Əliyev fəaliyyətinin görünən və gizli tərəfləri haqqında taixi faktlara və şəxsi xatirələrinə söykənən həqiqətləri açıqlayan akademik Yaqub Mahmudov Heydər Əliyevin timsalında bir insanın öz düşüncələri və əməlləri ilə həyatını bütünlüklə doğma xalqına həsr etməyin nadir nümunəsini göz önünə gətirdi.

Bu mərasimdə səslənən digər çıxışlarda da Heydər Əliyevin zamanla ayaqlaşmayıb, bir çox hallarda onu arxasınca irəliyə çəkib gələcəyə yaxınlaşdıran bir şəxsiyyət olduğu ulu öndərin əməli fəaliyyətinin konkret məqamları ilə təsdiq olundu. Vurğulandı ki, öz ölkəsini və öz xalqını hələ o dövrdə içərisində bulunduğu sovet mexanizminin labirintlərindən məharətlə keçirərək irəli çıxarmaq və on minlərlə zəka sahiblərinin uğrunda qurban getdiyi tarixi gələcəyə– müstəqilliyə qovuşdurmaq üçün möhkəm özül yaratmaq ümummilli liderin bütün fəaliyyətinin başlıca qayəsi olmuşdur. Bu missiyasında Heydər Əliyev mifik xalq qəhrəmanlarımızın bu gün inanılması mümkün görünməyən şücaətinə və məharətinə imza atmışdır.

Bu gün artıq 12 ildir ki, Heydər Əliyevin xarizmatik baxışlarını gündəlik qaynar hadisələrin əks olunduğu canlı reportajlardan, millətin gələcəyi üçün taleyüklü məsələlərin müzakirə olunduğu gərgin müşavirələrdən, Azərbaycanın haqlı tələblərini dönə-dönə səsləndirdiyi beynəlxalq tribunalardan deyil, hər bir azərbaycanlıya səmimi bir təbəssümlə baxan portrertlərindən izləyirik. Lakin siyasətimiz, ideologiyamız və gələcəyə ümidlərimiz onun siyasi baxışlarına, onun dəst-xəttinə və onun öz xalqıına olan sonsuz inamına əsaslanır.

Şərqdə bir çox “ilk”lərin təşəbbüskarı və müəllifi olmaqla bəşəriyyətin təkamül tarixinə öz adını yazmış Azərbaycan bu gün də əhatəsində yerləşdiyi regionun, çox qədim zamanlardan geniş Avrasiya məkanında lövbər salmış möhtəşəm türk sivilizasiyasının cazibə mərkəzinə çevrilməkdədir. Geosiyasi anlamda getdikcə çəkisi artan, sivilizasiyaların, müxtəlif mədəniyyətlərin dialoq və qarşılıqlı anlaşma məkanına çevrilməklə beynəlxalq miqyasda daim nüfuzu yüksələn Azərbaycan dünya birliyinin mütərəqqi inkişafına öz töhfələrini verməkdədir.

Bu uğurlar Heydər Əliyevin Azərbaycanın gələcəyi haqqında təsəvvürlərinə, məqsəd və məramlarına cavab verən siyasi praqmatikanın nəticəsidir. Məhz bu yüksəlişi böyük bir uzaqgörənliklə müjdələyən Heydər Əliyev Azərbaycan dövlətinin gələcək taleyinə nikbin baxışlarını belə ifadə etmişdi: “Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq.” Bu Günəşin istisinə sığınan Azərbaycan xalqı isə onu bir daha sönməyə qoymayacaqdır.

Dünya tarixinin ən böyük şəxsiyyətlərinin həyat və fəaliyyətini araşdıran və qələmə alan ingilis bioqrafı Uilyams Qraham özünün Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev: Azərbaycanın yüksəlişi, enişi və yenidən yüksəlişi” adlı kitabında Heydər Əliyev fenomenini məlum tarixi-siyasi şəraitdə Azərbaycanın bütövlüyünü təmin edən ən güclü birləşdirici amil kimi dəyərləndirir. Müəllifin qənaətinə görə, Heydər Əliyevin və Azərbaycanın tarixi- mənəvi bioqrafiyası və taleyi eynidir.

Doğrudan da, ümummilli lider Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, lakin sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə dolu, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş marafonunu xatırladır. Azərbaycanın irəliləyiş üfüqləri isə sonsuz və daimidir– Heydər Əliyevin əziz xatirəsi kimi!

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında