Ulu öndərimizin zəngin idarəçilik irsi Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır

Müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, xüsusən də 1969-cu ildən başlayaraq respublikamızda cərəyan edən proseslər, əldə etdiyimiz uğurlar birbaşa Heydər Əliyevin şəxsiyyətindən qaynaqlanır. Müdrik siyasi xadim Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət kimi formalaşdırmaq kimi son dərəcə çətin bir missiyanı öz üzərinə götürmüş və şərəflə yerinə yetirmişdir.

 Heydər Əliyev əsil liderə məxsus olan keyfiyyətlərdən bacarıqla istifadə edərək respublikanın xalq təsərrüfatında qaynar həyatın formalaşması üçün imkan və vasitələri səfərbər etmişdir. Məhsuldar əməyə münasibət kökündən dəyişdirilmiş, xalq təsərrüfatının inkişafında mövcud olan nöqsanlar, mənfi meyllər aradan qaldırılmış, gələcək inkişafla bağlı məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. Bütün bunların nəticəsində sənaye, kənd təsərrüfatı məhsulları istehsalında, tikinti və quruculuq işlərində qısa müddətdə uğurlara imza atılmışdır. Cəmi bir neçə ildə respublikamızda yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verilmiş, on minlərlə yeni iş yerləri yaradılmış, sənayenin ixrac potensialı artmış, istehsalın maddi-texniki səviyyəsi yüksəlmişdir. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ötən əsrin 70-80-cı illərində respublikamızın həyatının bütün sahə və istiqamətlərində nəhəng işlər görülüb və möhtəşəm nailiyyətlər əldə olunmuşdur.

İnsanların yaşayış şəraitinin yaxşılaşdırılması ulu öndərimizin daim diqqət mərkəzində olmuşdur. Yeni yaşayış massivlərinin, kənd və qəsəbələrin salınması, mənzil tikintisinin geniş vüsət alması həmin illərin sürətli inkişaf dinamikasını şərtləndirən əsas amillərdəndir. Həmin dövrdə milli gəlirin artımı, yeni nəhəng yaşayış massivlərinin və mikrorayonların salınması, abadlıq-quruculuq və tikinti işlərinin maksimum sürətlə aparılması hesabına 18,5 milyon kvadratmetrlik mənzil sahəsi tikilmişdir ki, bu da 2 milyon 200 min insanın yeni mənzilə köçməsi və ya mənzil şəraitini yaxşılaşdırması demək idi. Başqa sözlə, qısa müddətdə Bakı şəhərinin əvvəlki yaşayış fonduna bərabər bir şəhər salınmışdı.

Burada bir məqama da xüsusi diqqət yetirmək istərdim. Ümummilli liderin hakimiyyəti illərində  həmişə elmə, təhsilə mühüm önəm verilmiş, elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısı alınmış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırılmışdır. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmiş, Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyası başlıca vəzifə kimi aktuallaşdırılmışdır.

Böyük rəhbərin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatı baxımından vətəndaşların təhsil hüququnun reallaşdırılmasına böyük önəm verdiyini çıxışlarında hər zaman xüsusi vurğulamışdır. Təhsil hüququ Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur. Dövlət vətəndaşların pulsuz icbari, ümumi və orta təhsil almaq hüququnu təmin etmişdir. Konstitusiyanın bu müddəası Azərbaycan Respublikasında təhsil fəaliyyətinin əsas prinsipi olmuşdur.

Ulu öndər özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirmişdir. Məhz Heydər Əliyevin rəhbərliyə başlaması ilə sovetlər dövrünün son onilliklərində Azərbaycan cəmiyyəti millli şüurun formalaşması baxımından daha aktiv, məhsuldar mərhələyə qədəm qoymuşdur. Ötən əsrin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən etibarən respublika bütün sahələr üzrə sürətlə inkişaf etmiş, ədəbiyyat, incəsənət, təhsil məsələləri milli özünüdərkin çevik komponentlərindən birinə çevrilmişdir.

Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən bütün fəaliyyətini bir həqiqətin istisnasız təsdiqinə yönəltdi ki, o qeyri-müstəqil bir respublikanın növbəti başçısı deyil, milli lideridir. Böyük strateq həmin illərdə bu reallığı tam sübuta yetirdi ki, sovet dövrünün ideoloji qadağalarına baxmayaraq, xalqın öz dilini, təhsilini, ədəbiyyatını, mədəniyyətini, elmini inkişaf etdirib yüksəklərə qaldırması üçün ona uzaqgörən, müdrik dövlət xadiminin rəhbərlik etməsi kifayətdir.

Həmin illərdə ümummili liderin xalq qarşısında ən böyük xidmətlərindən biri də milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması istiqamətində atdığı konkret addımlardan ibarət idi. Heydər Əliyevin respublika rəhbəri kimi ilk gündən qarşıya qoyduğu mühüm məqsədlərdən biri məhz kadrların milliləşdirilməsi idi. Milli kadr quruculuğuna göstərilən həssas münasibət bir sıra reallıqlarla şərtlənirdi. Həmin dövrdə dövlət idarəçiliyində başqa millətlərdən olan insanların önə keçməsi, ana dilinin sıxışdırılması, kosmopolit ideyaların təbliği fonunda milli ruhun, milli özünüdərkin zəifləməsi ulu öndər Heydər Əliyevi ciddiliklə narahat edirdi. Respublikanın gələcək taleyini uzaqgörənliklə düşünən Heydər Əliyev dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə milli kadrların yetişdirilməsini, azərbaycanlıların vəzifədə irəli çəkilməsini vacib məsələlərdən biri kimi nəzərdən keçirirdi. Bunun əsas səbəblərindən biri də respublikada bəzi yeni ixtisaslar üçün kadrların hazırlanmaması idi.

Yeri gəlmişkən, burada diqqəti bir fakta da yönəltmək istərdim. Belə ki, 1969-cu ildə SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Həmin illərdə Heydər Əliyevin qayğı və diqqəti ilə ümumilikdə 10 minədək azərbaycanlı gənc respublikadan kənarda təhsil almağa göndərilmişdi. Ulu öndər həmin illərdə müttəfiq respublikalarda, əsasən də Rusiyada təhsil almaq hüququ qazanan gənclərin yüksək səviyyədə yola salınması və qarşılanmasını da müsbət ənənə kimi formalaşdırmışdı. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.

Ulu öndər Heydər Əliyevin irəli sürdüyü ideyalar xalqımızın inkişaf və tərəqqisində lokomotiv rolunu oynamış, onun firavan gələcəyi üçün uğurlu təməl hazırlamışdır. Bu mənada müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Ölkənin elm və təhsil adamları ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanılacağına ürəkdən inanırlar.

Bəli, bu bir həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusilə də onun çətinlikləri arxada qoyaraq inkişaf mərhələsinə başladığı bir mərhələdə böyük nüfuza malik, qloballaşan dünyadakı proseslərə təsir etmək iqtidarında olan liderə böyük ehtiyac duyulur. Müstəqil dövlət kimi çox gənc olan Azərbaycanın bu sarıdan da bəxti gətirmişdir. Ulu öndərimiz Heydər Əliyevdən sonra onun ideyalarını yaşadan, siyasi kursunu yeni dövrün tələblərinə uyğun yeni keyfiyyətdə uğurla davam etdirən Prezident İlham Əliyevin simasında Azərbaycanın və regionun yeni lideri, müasir ruhlu, praqmatik düşüncəli rəhbəri yetişmişdir. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən başlanan dövr müasir tariximizə yeni hərtərəfli inkişaf illəri kimi daxil olmuşdur. Müstəqil Azərbaycan dünya ailəsinin ən önəmli və dəyərli üzvlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyev ötən 12 ildə respublikamızda qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. Hər bir dövlətdə ictimai münasibətlər sisteminin qanunamüvafiq surətdə tənzimlənməsinin ən fundamental şərti məhkəmələrin müstəqilliyinin təmin edilməsidir və dövlət başçısının həyata keçirdiyi islahatların əsasında da məhz bu amil dayanır.

Prezident İlham Əliyevin fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin, təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir.

Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırmış, xalqının məhəbbətini qazanmışdır.

Həzərxan ƏBİLOV,
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Xəzər Rayon Komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında