Xalqımızın əbədi ziyarətgahına aparan yollar

Azərbaycan xalqının böyük ehtiram və hörmətlə yanaşdığı, həmişə izdihamlı olan müqəddəs ziyarətgahlarından biri də ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu məkandır. İnsanlar böyük tarixi şəxsiyyətin ömür-gün yoldaşı Zərifə xanımla üzbəüz dayandığı bu məkanı görmək, ziyarət etmək üçün respublikanın hər yerindən axın-axın bura gəlirlər. Bakıya qədəm qoyan soydaşlarımız və əcnəbi qonaqlarımız ən əvvəl bura baş çəkir və sanki özlərinin mənəvi borclarını yerinə yetirirlər. Bəs bu ziyarətgahı bizə sevdirən, hər gün yüzlərlə, anım günlərində isə saysız-hesabsız insanları bura gətirən nədir? Niyə bu müqəddəs məkan bizə gündən-günə daha əziz və daha doğma olur?

Bunun səbəblərini, ilk növbədə, Azərbaycan xalqının bu müdrik oğlunun keçdiyi şanlı və şərəfli həyat yolunda, müstəqil dövlətimizin yaranıb möhkəmlənməsi, dünya dövlətləri sırasında öz layiqli yerini tutması, yer üzündə yaşayan soydaşlarımızın, həmvətənlərimizin vahid azərbaycançılıq ideyaları ətrafında birləşdirilməsi, hər bir vətəndaşımızın normal həyatını təmin edən möhkəm iqtisadi bünövrənin qoyulması, Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üçün gördüyü böyük işlərdə, millətimizə digər saysız-hesabsız xidmətlərində axtarmaq lazımdır.

Ulu öndər öz həyat yolundan, həyat prinsiplərindən danışarkən deyirdi: “Mən həyatım boyu, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam”. Böyük rəhbərin bu sözləri əsl həqiqəti əks etdirir və həyat yoluna nəzər salarkən onun hər bir addımında bunu əyani surətdə görürük.

Heydər Əliyev fenomeni bu gün onu yaxından tanıyanları da və onun ömür yolunu sonradan oxuyub öyrənənləri də daim heyrətə salır. Ona görə heyrətə salır ki, bu insanın enerjisinə, onun fədakarlığına, dözümlülüyünə, ən çətin anlarda qətiyyətli və düzgün qərarlar qəbul etməsinə ancaq qibtə edirsən. Ulu öndərin 1969-cu ildən sonra respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycanın dirçəlişi və inkişafı ilə bağlı verdiyi unikal qərarlar, bu qərarların həyata keçirilməsi üçün keçmiş SSRİ-nin ali rəhbərliyi səviyyəsində gördüyü işlər, o illərdə respublikada yaradılan yeni sənaye sahələri, formalaşdırılan böyük enerji mənbələri, tikilən mədəniyyət ocaqları bunu sübut edən dəyərli nümunələrdir.

Keçmiş sovetlər dönəmində dövlət idarəçiliyinin ən yüksək pillələrini keçmiş və SSRİ-nin rəhbərliyində aparıcı siyasi xadimlərindən biri olmuş Heydər Əliyev rəhbərlik etdiyi bütün sahələrdə ciddi nizam-intizam yaradılmasına  nail olmuşdur.  Öz məsuliyyətini yüksək səviyyədə dərk etdiyinə görə onu tanıyan bütün insanlar, o cümlədən vaxtilə onunla işləmiş partiya və dövlət xadimləri onun bu xüsusiyyətlərini dəfələrlə qeyd etmişlər.

Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosundan uzaqlaşdırıldıqdan sonra Heydər Əliyevin məruz qaldığı təzyiqlərə necə mərdliklə sinə gərməsi, keçmiş kommunist rejiminin siyasi repressiyalarından qorxmayaraq necə cəsarətli addımlar atması, Azərbaycanın adı və mənafeləri ortaya gəldikdə, heç nədən çəkinməməsi, öz fikirlərini ən yüksək tribunalardan söyləməsi, xüsusilə sovet qoşunlarının Bakıda törətdiyi qanlı qırğına qarşı öz kəskin mövqeyini bildirməsi, buna etiraz əlaməti olaraq o dövrdə ölkənin siyasi hakimiyyətini təşkil edən Kommunist Partiyasının sıralarından çıxmaq barədə çox sərt və bir çoxları üçün də gözlənilməz olan bəyanat verməsi hamını təəccübləndirsə də, bunun Heydər Əliyevdən başqa kimsənin edə bilməyəcəyi də danılmaz bir fakt idi.

Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra onun Azərbaycanın müstəqilliyinin, sözün həqiqi mənasında, bərpa edilməsi və qorunması üçün gördüyü işlər, ayrı-ayrı daxili və xarici qüvvələrin dövlətçiliyimiz üçün yaratdığı təhlükələri xalqı öz ətrafında birləşdirməklə dəf etməsi, müstəqilliyimizə göz dikən düşmən qüvvələrin arzularını gözündə qoyması Azərbaycan tarixinin ən şanlı səhifələridir. Onun “Müstəqilliyimiz əbədidir, dönməzdir”– deyərək xalqımızı və millətimizi vahid bir ideya ətrafında birləşdirməsi böyük tarixi əhəmiyyət daşıyır. Dahi rəhbərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”– sözlərini hər bir azərbaycanlının öz düşüncə tərzinə çevirməsi bu böyük şəxsiyyətin bizə miras qoyduğu zəngin bir irsdir, zəngin bir sərvətdir. Bu sərvətdən Azərbaycan xalqı, Azərbaycan gəncliyi tarix durduqca, Azərbaycan dövləti durduqca bəhrələnəcəkdir.

Azərbaycanın müstəqillik illərində keçdiyi çətin və mürəkkəb yollara nəzər saldıqda, bu dövrdə ən çətin məqamlarda xalqın məhz Heydər Əliyevə güvəndiyini, onun rəhbərliyi altında birləşdiyini və böyük əzab-əziyyətlə, qurbanlar hesabına əldə etdiyi müstəqilliyini onun rəhbərliyi ilə qoruyub saxladığını, Heydər Əliyev dühasının qüdrətindən bəhrələndiyini görürük.

1993-cü il iyunun 15-də Milli Məclisin iclasındakı çıxışında ulu öndər deyirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək, öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq  əlimdən gələni  edəcəyəm... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız  və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu sözlərin Heydər Əliyevin real işləri və fəaliyyəti ilə həqiqətə çevrildiyini hər birimiz görmüş və onun nəticələrindən bu gün də hamımız  bəhrələnirik.

Ümummilli liderimizin bir dövlət xadimi, bir siyasətçi, ən başlıcası, bir insan kimi yüksək şəxsi keyfiyyətləri hamını, onu sevənləri də, onu gözü götürməyənləri də, hətta rəqiblərini də heyrətə salmış və onlar bunu etiraf etməyə məcbur olmuşlar. Heydər Əliyevi tanıyan görkəmli şəxsiyyətlər dəfələrlə qeyd etmişlər ki, Azərbaycan xalqı belə bir tarixi şəxsiyyətlə ancaq fəxr etməli, ondan daim öyrənməli və onun ideyaları ilə yaşayıb yaratmalıdır. Məhz belə bir şəxsiyyəti yetirdiyinə görə Azərbaycan xalqının xoşbəxt xalq, xoşbəxt millət olduğunu çoxları qeyd etmişlər.

Tanınmış dövlət xadimlərindən biri, MDB-də böyük siyasətçilərdən sayılan Nursultan Nazarbayev çox düzgün qeyd edir ki, “Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir”. Belə fikirləri onunla ünsiyyətdə olmuş və çiyin-çiyinə çalışmış bir çox siyasi xadimlər, o cümlədən Gürcüstanın sabiq Prezidenti, böyük siyasətçi Eduard Şevardnadze, həmçinin dünyanın ən böyük dövlətlərinin liderləri dəfələrlə  qeyd etmişlər. Türkiyənin sabiq Baş naziri, Türkiyə tarixində öz izini qoymuş Bülənd Ecevitin qeyd etdiyi kimi, Heydər Əliyev min ildən bir yetişən dahilərdəndir.

Azərbaycanın Avropa ölkələri sırasında öz layiqli yerini tutmasını Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin gözəl bəhrəsi kimi qiymətləndirən Fransanın sabiq Prezidenti Jak Şirakla yanaşı, Böyük Britaniyanın, Belçikanın, Rusiyanın və bir çox dövlətlərin siyasi xadimlərinin ulu öndər haqqında dedikləri fikirlər onun şəxsiyyətinə bəslənilən böyük hörmətin ifadəsidir.

Heydər Əliyevi “siyasət nəhəngi” adlandıran Rusiya Prezidenti Vladimir Putin vaxtilə Azərbaycana səfəri zamanı Bakı Slavyan Universitetində çıxış edərkən ulu öndərin Leninqradda,  indiki Sankt-Peterburqda xüsusi məktəbdə oxuduğu zaman 1949-cu il mayın 16-da  aldığı şəhadətnamədəki qiymətləri tələbələrə nümunə göstərmişdir. Burada bütün qiymətlər yalnız “əla” idi. Heydər Əliyev bu ənənəsini sonralar Bakı Dövlət Universitetində oxuyarkən də davam etdirmiş və ən yüksək qiymətlər almışdır. Sonrakı ömür yolu sübut edir ki, Heydər Əliyev təkcə təhsildə yox, həyatda və siyasətdə də bütün imtahanları “əla” qiymətlərlə vermiş və onun hər bir işi millətimizin yaddaşına əbədi həkk olunmuşdur.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə dünyanın,  o cümlədən Avropanın ən böyük dövlət başçıları ilə keçirdiyi görüşlər, apardığı danışıqlar Azərbaycan diplomatiya tarixinin yadda qalan səhifələrinə çevrilmişdir. Onun BMT-nin və digər beynəlxalq təşkilatların tribunasından Azərbaycanın  haqq səsini deməsi və Azərbaycanın işğalının  tarixi ədalətsizlik olduğunu sübut etməsi həmişə böyük rəğbət doğurmuş və bu gün həmin mövqeni onun layiqli varisi, hörmətli Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.

Bu gün ulu öndərin növbəti anım günü xalqımız tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir. Yenə də  saysız-hesabsız insanlar onun uyuduğu Fəxri xiyabana gələcək və məzarının üzərinə güllər düzəcəklər. Heydər Əliyevin uyuduğu məkanın yollarını insanların həmişə ehtiramla qət edəcəklərini, bu yolu keçməklə fəxr edəcəklərini  cəsarətlə deyə bilərik. Çünki bütün mənalı həyatını xalqının xoşbəxtliyi və azadlığı yolunda sərf etmiş Heydər Əliyevin gördüyü misilsiz işlər kimi onun xatirəsi də əbədi olaraq anılacaqdır.

Səadət İSMAYILOVA,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Nərimanov rayon
qeydiyyat şöbəsinin rəisi,
hüquq  elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında