Heydər Əliyev və Azərbaycan tibb elmi

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri yaddaşlara əbədi həkk olunmuşdur. Böyük azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başladı. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Onun Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizə, çoxşaxəli fəaliyyət ölkəmizin bütün sahələrində olduğu kimi, bu konsepsiyanın tərkib hissələrindən olan Azərbaycan səhiyyəsi, o cümlədən Azərbaycan tibb elmi, tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişində də öz parlaq əksini tapdı.

1969- cu il iyul ayının 14 - də ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan SSR KP MK - nın birinci katibi seçildiyi dövrdə respublikamızda əhali arasında xoş əhval - ruhiyyəli canlanma, gələcəyə nikbinliklə baxmağa əsas verən sevincli anlar hökm sürməkdə idi. Azərbaycan xalqının bütün zümrələrindən olan insanların bu seçimə ürəkdən sevinməsinin əsas səbəbi onların Azərbaycana rəhbərliyə gəlmiş bu fövqəladə insana, sözün həqiqi mənasında, inanması, ona ümid çırağı kimi baxması idi. Çox keçmədi ki, milli lider zirvəsinə yüksələrək dünya siyasətçiləri sırasında öncül mövqeyə çıxan dahi Heydər Əliyev fenomeni ona bəslənən ümidləri doğruldaraq əsl xarüqələr yaratmağa başladı. Xalqın öz liderinə, onun möhtəşəm ideyalarına olan inamının geniş vüsət alması ulu öndər tərəfindən yerinə yetirilən əməli tədbirlərə, onun gərgin fəaliyyətinin əyani nəticələrinə əsaslanırdı.

Ümummilli lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni - yeni ideyaların eskizlərini hazırlayır və dərhal da onların zəruriliyini vacib hesab edib, həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi müasir islahatların tətbiqi və həyata keçirilməsi meydanına çevrilmişdi.

O vaxtlar Azərbaycan Respublikasının SSRİ - nin tərkibində olmasına baxmayaraq, ulu öndər çəkinmədən, heç nədən və heç kimdən ehtiyat etmədən müstəqil addımlar atıb, Azərbaycanın demokratik islahatlar texnologiyasının mühərrikini özünəməxsus bacarıqla işə salırdı. O, bütün bunları diplomatik məharətlə yerinə yetirərkən Moskvanın ona nəyi isə irad tuta biləcəyinə də heç bir əl yeri qoymurdu. Əksinə, Moskva da onun ideyalarının məhsulu olan yenilikləri, islahatları, Azərbaycanın inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı. O dövrdə Moskva qəzetlərində çap olunmuş “Qoy ədalət zəfər çalsın” məqaləsi nəinki keçmiş Sovetlər İttifaqı miqyasında, eləcə də bütün dünyada böyük rezonans doğurmuşdu. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan və Heydər Əliyev ifadələri birlikdə daha tez - tez səslənirdi. Moskvanın tibb təhsili müəssislərində mühazirə oxuyan professor Metelitsa kimi filosof - pedaqoqlar, alim - professorlar öz çıxışlarında Heydər Əliyevdən sitatlar gətirir, onun təcrübəsinin geniş yayılmasını tövsiyə edirdilər.

Ulu öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan Azərbaycan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bununla o, respublikamızın səhiyyə sahəsində mövcud olan özünə qapanıb qalma durğunluğunun aradan götürülməsinə səy göstərir və böyük müvəffəqiyyətlə buna nail olurdu. Keçən əsrin 60 - cı illərinin sonu, 70- ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi, bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.

XX əsrin 70 - ci illərinin əvvəllərindən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. O, gənclərin təhsilinə, işlə təmininə, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. O, “Gənclər bizim gələcəyimizdir” — dedikdə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. O, bilirdi ki, gənclər cəmiyyətin indikatoru, lakmus göstəricisidir. Belə ki, hər bir ölkədəki cəmiyyətin səviyyəsini müəyyənləşdirən əsas qüvvə gənclərdir.

Ümumilli lider Heydər Əliyev deyir: “Dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”. Hər bir ölkənin istər intellektual, istər mədəni, istər elmi, istər siyasi, istərsə də idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin səviyyəsi ilə ölçülür. Bütün bunları incəliklərinə qədər bilən, hətta onların görünməyən tərəflərini belə görə bilən ulu öndər gənclərin təhsilinə, tərbiyəsinə, ictimai - siyasi baxışlarının itiliyinə diqqət yetirərək, onların  bu istiqamətdə inkişafına geniş şərait yaradırdı. Bununla o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirir, milli - mənəvi dəyərlərimizin, vətənpərvərlik, azərbaycançılıq  duyğularımızın saflığına, ucalığına, səmimiliyinə çalışırdı. Bu yanaşma tərzi ilə Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələbatların bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, Vətəni, milləti göz - bəbəyi kimi qorumağa, ictimai - milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. İndi son dərəcə möhkəm və əzəmətli görünən bu təməl öz möhkəmliyini gələcəkdə daha da artıracaq, Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.

Heydər Əliyev dühasının uzaqgörən siyasətinin süzgəcindən süzülən ideyaların ən möhtəşəm uğurlarından biri də ondan ibarət oldu ki, o, Azərbaycana İlham Əliyev kimi gənc və hazırlıqlı Prezidenti bəxş etdi. Ulu öndərin xalqımız tərəfindən bəyənilən və dəstəklənən iqtisadi - siyasi kursu hazırda ölkə Prezidenti zati - aliləri möhtərəm cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.

Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında özünü daha qabarıq şəkildə büruzə verir. Bu ali təhsil ocağı yarandığı gündən sonrakı mərhələlərin müəyyən qismində milli kadr qıtlığından daim əziyyət çəkib. Lakin indi tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və onun əvəzsiz davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər. Tibb sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, onun tərkib hissəsinə aid edilən tibb elmi, tibb təhsili  sahələrində bu cür fundamental məktəblər yaranıbsa, deməli Heydər Əliyev ideyalarının çiçəklənməsi barəsində həm indi, həm də gələcəkdəki bütün dövrlərdə ağızdolusu danışmağa haqqımız var.

Hazırda Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Tibb mütəxəssislərimizin xaricə ixrac olunması həm də müxtəlif xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən Dünya Azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır.          

Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb. O, keçən əsrin 70 - 80 - ci illərində Azərbaycanın tibb təhsili sistemində ölçüyəgəlməz islahatlar aparmış və o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında yenidən tanınmağa, öz sözünü deməyə başlamışdır. XX əsrin 70-ci illərində tibbi fənlərin diplomdanəvvəlki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır.

Ulu öndər hər sahələrdə olduğu kimi, Azərbaycan səhiyyə sisteminin, o cümlədən Azərbaycan Dövlət Tibb İnstitutunun da maddi-texniki bazasının möhkəmləndirilməsini diqqət mərkəzində saxlayırdı. Bir-birinin ardınca yeni tədris binaları, xəstəxana və poliklinikalar tikilib istifadəyə verilirdi. 70 - ci illərin sonu və 80 - ci illərin əvvəllərində artıq Azərbaycanın tibb ixtisaslı alimlərinin beynəlxalq əlaqələri xeyli genişlənməyə başlamışdı. 1980 - ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun yaranmasının 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmişdir və o, bu münasibətlə institutun əməkdaşlarının bir qrupunu fəxri adlara layiq görmüşdür. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ - nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün olmuşdur. Belə alimlərin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elminin tanıdılması demək idi.

Milli liderimiz Heydər Əliyevin 1983 -cü ildə Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan qayğısını, diqqətini nəinki azaltmamış, əksinə, daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, səhiyyədə olan problemlərin müzakirəsini aparır, bu problemlərdən irəli gələn məsələlərin çıxış yollarını peşəkarcasına göstərirdi. Ulu öndər, eyni zamanda, SSRİ-nin nüfuzlu tibb alimlərinin diqqətini Azərbaycana cəlb etməklə, Azərbaycan səhiyyəsinin tərəqqisinə zəmin yaradırdı.  

O vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik

N.N. Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin direktoru idi və o, hər dəfə Heydər Əliyevin SSRİ miqyasında səhiyyə idarələri başçılarının iştirakı ilə keçirilən toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək, onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N. Bloxin, adətən, ünsiyyətdə olduğu adamlar haqqında xoş sözlər deməkdə bir qədər “xəsislik” edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən xoş sözləri söyləməkdən çəkinməzdi. Ulu öndərin çıxışları akademikdə, sözün həqiqi mənasında, böyük təəssürat oyatmışdı. Akademik N.N. Bloxin deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla

yanaşıram.

Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdikdən sonra bütün sahələrdə olduğu kimi, ölkəmizin səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül yaranmışdı. İllərlə ulu öndər tərəfindən çətinliklə yaradılanlar, baxımsızlıq üzündən asanlıqla dağıdılırdı. Xoşbəxtlikdən bu uzun sürmədi və ulu öndərin yenidən hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını aldı. Həmin dövr üçün Azərbaycan cəmiyyətindəki anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra ulu öndər siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar  proqramının həyata keçirilməsinə start verdi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının  yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət  kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Heydər Əliyevin böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin  təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər 1997-ci ildə xarici jurnalistlərlə görüşündə müxbirin dövlətçilik ənənələrinin yaranması və hansı göstəricilərlə şərtlənməsi sualını cavablandıraraq demişdi ki, bu ilk növbədə, əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir:’’Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs təkcə öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə, xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafelərə biganədirsə - deməli, burada dövlətçilik ənənələri yoxdur. Gərək hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün’’.

Ümummilli liderimizin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi - iqtisadi vəziyyəti yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə irəliləməyə başladı. Bu, dərhal özünü ölkəmizin bütün digər sahələrində olduğu kimi səhiyyənin, tibb elmi və tibb təhsili sistemi sahələrinin tərəqqisində də büruzə verdi. Tezliklə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri genişləndi və ölkəmizin bu ali tibb ocağı 1996 -cı ildə regionda ilk ali məktəb kimi Londonda çapdan çıxan dünya təhsil birliyinin beynəlxalq reyestrinə daxil edildi.

Onu da qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində Azərbaycan Tibb Universitetinin tədris bazalarının çatışmaması tibb təhsilinin tədrisinin gedişinə mənfi təsir göstərirdi. Bundan xəbər tutan ulu öndər bünövrəsi SSRİ dövründə onun tərəfindən qoyulmuş tədris binasının tikintisinin bərpa olunması üçün vəsait ayırdı və onu öz nəzarətində saxladı. 1998 - ci ilin sentyabr ayının 28 - də ATU -nun yeni tədris binasının açılışında şəxsən iştirak edən ulu öndər Azərbaycanın tibb işçilərinə, tibb alimlərinə, Tibb Universiteti tələbələrinə sanki qol-qanad verdi. Əksər nəzəri kafedralar, ATU - nun kitabxanası, informatika mərkəzi, hərbi kafedra, internet mərkəzi yeni tədris binasında yerləşdirildi. Bu, müəllimlərə, həkimlərə, tələbələrə verilən ən böyük hədiyyə idi. Ulu öndər 2000 - ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gəldi və burada 500 yerlik unikal akt zalının açılışında, eləcə də ATU-nun yaradılmasının 70 - illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etdi. Yenicə istifadəyə verilmiş akt zalının tribunasından birinci olaraq ulu öndər Heydər Əliyevin tarixi nitqi səsləndi. Milli liderin nitqi bizim üçün proqram sənədinə çevrildi və biz gələcək planlarımızı dahi Heydər Əliyev ideyalarının müddəaları əsasında qurduq. Azərbaycan Tibb Universitetinin professor - müəllim heyətinin nümayəndələri elmi və pedaqoji fəaliyyətlərində əldə etdikləri nailiyyətlərinə görə bir sıra beynəlxalq qurumlara üzv seçildilər.

Ulu öndərin göstərişi ilə 2000 - ci ildə ATU-nun nəzdində strateji əhəmiyyət kəsb edən hərbi - tibb fakültəsi yaradıldı. Onun ATU-ya göstərdiyi dövlət qayğısı sayəsində Azərbaycan Tibb Universiteti Qara dəniz Hövzəsi Ətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində 2002 - ci ildə Azərbaycan Tibb Universiteti nəzdində onun tarixində ilk klinika olan Stomatoloji Klinika təşkil edildi və bununla da ATU-nun öz klinikalarının yaradılmasının möhkəm bünövrəsi qoyuldu.

Dahi Heydər Əliyevin qurduğu bünövrəyə söykənərək ATU öz müzəffər yürüşünü hazırda da müvəffəqiyyətlə davam etdirir. Çünki Azərbaycana rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin yolunun uğurlu davamına yeni çalarlar gətirərək onu gündən - günə genişləndirir, bütün zamanların dayağına, istinad nöqtəsinə çevirir. Təkcə onu demək kifayətdir ki, 2006 - cı ildə  Prezidentimizin qayğısı sayəsində ATU - nun Onkoloji Klinikasının təşkilinə başlanıldı və bu proses 2007 - ci ilin iyun ayında başa çatdırıldı. 2007- ci ilin avqust ayında isə biz cənab İlham Əliyevə müraciət edərək terapevtik kafedraların qarşısında yaranan problemin həlli üçün kömək istədik. Ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalan cənab Prezident bizim xahişimizi bir an belə ləngitmədən ona adekvat cavab verdi. Qısa bir müddətdə o, həmin ilin sentyabr ayının 11- də ATU-nun Terapevtik Klinikasının yaradılması və tikintisinə başlanılması haqqında sərəncam imzaladı. 2007- ci ilin sentyabr ayının 18 - də tikintinin təməlqoyma mərasimində cənab İlham Əliyevlə birlikdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO - nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak edirdi. 2010-cu il oktyabrın 1-də isə cənab Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın iştirakı ilə Tədris-Terapevtik Klinikanın açılış mərasimi keçirildi. Hazırda ulu öndər Heydər Əliyevin tikdirdiyi 11 mərtəbəli tədris binası ilə cənab İlham Əliyevin təşəbbüsü və qayğısı sayəsində inşa edilən 14 mərtəbəli Tədris-Terapevtik Klinika yanaşı dayanır.

2008 - ci il mart ayının 13 - də cənab Prezident daha bir sərəncam imzalamışdır. Bu sərəncamla cərrahiyyə klinikasının yaradılması və tikintisinə başlanıldı. 2013-cü il sentyabrın 12-də cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iştirakı ilə ATU-nun Cərrahiyyə Klinikasının açılışı tədbiri keçirildi.

Fərəhli haldır ki, dahi Heydər Əliyev ideyalarından güc alan müasir Azərbaycan diplomatiyası cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticələri sayəsində misli görünməmiş uğur qazanmışdır. Belə ki, Azərbaycan Respublikası 2011-ci il oktyabrın 24-də 155 ölkənin dəstəyini qazanaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.  

Ölkəmizin digər sahələrində olduğu kimi, Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin də bütün ağırlıqlarını öz möhkəm çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəsti - xətti, Heydər Əliyev qüdrəti öz möhtəşəmliyi ilə kəskin surətdə seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ideyalarının dəyərli nəticələri Azərbaycan tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir, həmişəyaşardır, qaranlıqlara nur çiləyən sönməz mayakdır. Onun Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elmi və tibb təhsili sisteminin dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaq, var olacaqdır.

Əhliman ƏMİRASLANOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında