Nə qədər ki, Azərbaycan var...

Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər Heydər Əliyevin şəxsində qibtəediləcək kamilliklə əks olunmuşdu: dəmir iradə və fitri idarəetmə istedadı, yaradıcılıq və quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və güclü məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, ən nəhayət, dövlətçilik və azərbaycançılıq.

Zaman keçdikcə bir həqiqəti bütün varlığımızla dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini daha aydın görürük. Ulu öndər çağdaş və gələcək tariximizdə təkcə milli müstəqillik ideyasını gerçəkləşdirmiş lider olaraq deyil, eyni zamanda, həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanıb. Əminliklə deyərdim ki, Heydər Əliyev Yaradanın sevimlisi, yaranmışların şərəflisi olmuş və olaraq qalır.

“Mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm”-deyən ümummilli lider bütün həyatı boyu qəti və aydın şəkildə müəyyənləşdirilmiş yüksək prinsipləri və amalları, mənəvi dəyərləri rəhbər tutmuşdur. Bütövlük, tamlıq, ardıcıllıq, ədalətlilik, prinsipiallıq onun xarakterinin mühüm cəhətləri idi. Ulu öndər həyatının bütün mərhələlərində öz ali məqsədini - mənsub olduğu xalqa və cəmiyyətə sadiq, vicdanlı və əzmkar xidmət nümunələrini uca tutmuş və bu yoldan heç zaman dönməmişdir. Onun “Ağıl olan yerdə zora ehtiyac yoxdur” müdrik kəlamı cəmiyyətimizin gündəlik həyatında, daxili və xarici siyasətində əsas normaya çevrilmişdir.

“Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam” - söyləyən Heydər Əliyevin həyat və fəaliyyəti barədə çoxlu kitablar yazılmış, məqalələr dərc olunmuş, filmlər çəkilmişdir. Amma bütün bunlar Heydər Əliyev dühasını tam əhatə edə bilmir. Çünki yarım əsrə yaxın bir zaman kəsiyində dahi şəxsiyyətin iqtisadiyyat, elm, mədəniyyət, təhsil, səhiyyə, bütövlükdə həyatın bütün sahələrində qurub-yaratdıqları, dərin düşüncəli ideyaları yalnız dünənki və bugünkü nəsillərə deyil, həm də gələcəyə hesablanmışdır. Mübaliğəsiz deyə bilərəm: Nə qədər ki, Azərbaycan xalqı var, müstəqil Azərbaycan dövləti var onun ümummilli lideri Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.

Cəsarəti, prinsipial qərarları, ən çətin şəraitdə çıxış yolu tapmaq məharəti ilə seçilən ulu öndər xalqı və dövləti qarşısındakı müqayisəyəgəlməz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf yolunun müəllifidir. Bu mənada Azərbaycanın tarixində hər dövr özünə uyğun böyük tarixi şəxsiyyətlər yarada bilmişdir. XX əsr isə hətta totalitar sovet rejimində belə Azərbaycan Respublikasını və xalqını təkcə SSRİ məkanında deyil, bütün dünyada tanıtdıran, dünya xalqları içərisində onun özünə layiq yer tutmasına nail olan Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmişdir.

 “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən ulu öndər  bütün ömrünü xalqına həsr etmiş, onun dərin məhəbbətini qazanmışdır. Ümummilli liderin irsi elə böyük bir xəzinədir ki, onun ən layiqli, ədalətli qiymətini zaman özü vermişdir. Bu irsi öyrənmək həm bu gün, həm də gələcək üçün lazımdır. Müasir Azərbaycan dövlətinin təməl daşını qoymuş və möhkəm özülünü yaratmış dahi şəxsiyyətin nurlu ideyaları onun davamçılarının yoluna həmişə işıq salacaqdır.

Onu da deyim ki, xalqın sevimlisi olmaq, milli ideala çevrilmək insanın fiziki əməyi, mənəvi zəhməti, şəxsi nümunəsi ilə hasilə gələn bir bəxşişdir, Tanrı nişanəsidir. Bu sözləri müasir Azərbaycan dövlətinin banisi, qurucusu və xilaskarı ulu öndər Heydər Əliyev haqqında da demək olar.

Taleyin hökmü ilə iki dəfə hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, dayaq olmuş, onu zamanın ağır məngənəsindən xilas etmişdir. Dahi şəxsiyyət çıxışlarının birində ümumdünya miqyaslı tarixi hadisələr kontekstində Azərbaycanın ötən əsrin sonlarında düşdüyü acınacaqlı vəziyyətə nəzər salarkən demişdir: “O dövrdə ki Azərbaycan rəhbərliyi sadə bir həqiqəti nəzərə almırdı ki, dünyanın siyasi mənzərəsi böyük sürətlə dəyişməkdə idi. Yeni coğrafi-siyasi vəziyyət yeni strategiyaların formalaşmasını tələb edirdi və günün bu tələbinə Azərbaycan, təəssüf ki, cavab verə bilmirdi”.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyinə səs verərək hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşunda dönüş nöqtəsi oldu. Onun hakimiyyətə gəlişı ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyi itirmək təhlükəsindən qurtuldu.Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən keçirib gələcəyə apardı. Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoydu.

“Bizim ölkəmizin bu günü də, gələcəyi də müstəqil Azərbaycandır” - söyləyən ulu öndərin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də müasir Azərbaycan dövlətini yaratmışdır. Eyni zamanda, dahi rəhbərin şəxsiyyət olaraq böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçı yetişdirməsindədir.

Ulu öndər insanların qayğı və problemləri ilə yaşamağa, onların hiss və düşüncələrini dəyərləndirməyə qabil şəxsiyyət idi. O, insanların qəlbindən keçən fikir və duyğularını baxışlarından oxumağı, məsafədən duymağı bacarırdı.

Deyirlər ki, insanı yaşadan əməlləri, əsərləri və övladlarıdır. Bu fikir  ulu öndərin düşüncəsində daha dərin məzmun almış, “Azərbaycanın böyük keçmişi olduğu kimi, böyük gələcəyi də vardır” formasında səslənmişdir. Bu, eyni zamanda, Heydər Əliyevin Vətənimiz üçün tarixin çətin sınaq dönəmində ən mühüm işləri görməsinin, ideyaları gerçəkləşdirməsinin bariz ifadəsidir. Məsələn, 1969-1982-ci illərdə, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi zaman görülən tədbirlər Azərbaycanı gələcəkdə siyasi müstəqilliyə aparan yolda mühüm rol oynamışdır. Keçmiş Sovetlər Birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə doğma Azərbaycanının tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi və milli mənliyi ilə bağlı məsələlərdə sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik mövqeyi göstərmişdir.

Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu olaraq çağdaş tariximizə şanlı səhifə yazmışdır.

Xalqın istəyilə 1993-cü ilin 9 iyununda Bakıya qayıtması Heydər Əliyevin nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləmişdir. Yenidən siyasi hakimiyyətə qayıdan ulu öndərin qarşısında siyasi, iqtisadi, geosiyasi, etnosiyasi və s. kimi problemlər dururdu. Onları həll etmədən Azərbaycanın qazanmış olduğu kövrək müstəqilliyə dönməz və qəti xarakter vermək, dövlətçilik ənənələrini dirçəltmək, bütün cəmiyyət üçün qanunların prioritetini təmin etmək, düzgün və balanslaşdırılmış xarici siyasət xətti yeritmək qeyri-mümkün idi.

Hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ermənilər tərəfindən işğalın gündən-günə genişləndirildiyi, bir çox xarici dövlətlərin Azərbaycanı suveren dövlət kimi görmək istəmədiyi, beynəlxalq aləmdə təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zaman kəsiyində dəyişərək normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.Bu qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Azərbaycanı  Qafqazın iqtisadi cəhətdən ən böyük dövlətinə çevirdi.  Heydər Əliyev dühasının böyüklüyü Azərbaycanın keçdiyi inkişaf yolunun mahiyyətini anlamağa geniş əsas verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  “Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” deyimi mütləqləşərək milli qürurumuza çevrildi.

Müstəqilliyin ilk dönəmində yeni düşüncəli vətəndaş yetişdirmək,  “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir”, - vurğulayan  dahi öndərin mühüm önəm verdiyi vəzifələrdən idi. Ümummilli liderin zəkası və iradəsi, həmçinin şəxsi vətənpərvərlk nümunəsi sayəsində bu məsələ də öz həllini tapdı.

Dahi öndər deyirdi ki, təməlində dövlət, cəmiyyət, ölkənin keçmişi, bugünü və gələcəyi haqqında biliklər sistemi olan vətənpərvərlik artıq maarifçi vətənpərvərlikdir, yəni bu, yalnız hiss deyil, ölkəni inkişaf etdirmək, ölkədə münasibətləri yaxşılaşdırmaq imkanları aramaqdır. Burada həm siyasi, həm iqtisadi, həm də mədəni münasibətlər nəzərdə tutulur. Bütün bu münasibətlər biliyin, əxlaqın, insana hörmətin nəticəsində yüksələ bilir.

Heydər Əliyev, eyni zamanda, vurğulayırdı ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.

Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə xatırladırdı. Təhsil işçiləri ilə görüşlərinin birində böyük öndər demişdir: “Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.

“Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”- deyən  ulu öndər məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi dinamik inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etmişdir. Ulu öndər  “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”  tarixi çağırışını gələcək nəsillərə etmiş, cəmiyyəti vahid ideya, məslək ətrafında birləşdirmiş, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında cəmləşməsi, onların malik olduğu güclü potensialın ümummilli problemlərin həllinə yönəldilməsi ilə bağlı tədbirlər həyata keçirmişdir.

* * *

Nə qədər ki, Azərbaycan xalqı var, müstəqil Azərbaycan dövləti var, onun ulu öndəri, ümummilli lideri hər birimizin qəlbində daim yaşayacaqdır. Heydər Əliyev  bütöv bir millətin minnətdarlıq və güvənc duyğularını haqq etmiş böyük bir dahidir. Onun müasiri olmaq böyük xoşbəxtlikdir.

Uca dağlar uzaqdan daha əzəmətli görünür, - deyirlər. Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əmin-amanlığın, iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti də illər ötdükcə daha aydın görünür.

Ulu öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli təmsilçisi, möhtərəm Prezidentimiz  cənab İlham Əliyevdir. Ümummilli lider  Heydər Əliyevin xalqa son müraciətindəki müdrik mövqeyini, uzaqgörənliyini - “Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrini möhtərəm Prezidentimiz öz uğurlu fəaliyyəti ilə ötən müddətdə tam təsdiqləməklə, həm ulu öndərimizin, həm də bütün Azərbaycan xalqının ümidlərini doğrultdu.

Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün milli intibahının şərəfli mərhələsini yaşayır. Hazırda ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun uğurla davamıdır.  

Bizim qarşımızda duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti də hər birimiz üçün nümunədir. Bu gün Azərbaycanın yüksəlişində, çiçəklənməsində dahi öndərin adını daşıyan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun xidmətləri əvəzolunmazdır.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu öndər haqqında dediyi bu qiymətli sözləri bir daha vurğulamaq istəyirəm: “Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider olmuşdur”.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Suraxanı rayonunun hər bir sakininin qəlbində yaşayır. Suraxanılılar Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttini qəlbən müdafiə edir və bu siyasətin xalqımızı firavan gələcəyə aparacağına tam əminliklə inanırlar.

İlqar ABBASOV,
Suraxanı Rayon
İcra Hakimiyyətinin başçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında