“Siyasət dərsləri” verməyə can atan Avropa strukturlarına tutarlı cavab

Son illər qəribə bir mənzərənin şahidi oluruq: sözdə həqiqi demokratiya, insan haqları, azadlıq, ədalət, qanunun aliliyi və bu kimi cəlbedici dəyərləri guya uca tutan və bunlara “riayət edən” Avropa strukturları, əslində, həmin anlayışlarla öz  məkrli niyyətlərini  pərdələməyə çalışırlar. Ali dəyərlərdən dəm vuraraq, gerçəkdə çirkli məqsədlərini güdür və həyata keçirməyə can atırlar. Ölkəmizə, dövlətimizə münasibətdə bu cür yanaşmanın tez-tez şahidi oluruq. Belə ki, Azərbaycandakı istənilən mühüm hadisə zamanı Qərbdə bəlli dairələrin ölkəmiz əleyhinə qərəzli  mövqe sərgiləməsi, sərt, həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi tamamilə adi bir hala çevrilmişdir. Daha geniş yanaşanda görürük ki, bütövlükdə, dünya nizamının fizika elmində qəbul edilmiş “xaos nəzəriyyəsi”nə müvafiq transformasiya olunması, əslində, bu elmdən fərqli olaraq spontan deyil, düşünülmüş tərzdə həyata keçirilməsi və “planlaşdırılmış xaos” istiqamətində cərəyan etməsi dramatik bir vəziyyətin və bəşər övladı üçün taleyüklü bir problemin, özü də həlli yollarının mümkün qədər tez tapılması tələb olunan problemin yaranmasına gətirib çıxarıb.

Qeyd edilən bu problem görkəmli ziyalı, tanınmış dövlət xadimi, çoxsaylı və dərin məzmunlu əsərləri ilə geniş elmi və ictimai dairələrdə böyük filosof və politoloq kimi qəbul edilən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin diqqət mərkəzindədir. Həmişə olduğu kimi,  indi də akademik müasir dövrün ən aktual, ən ağrılı, ən mürəkkəb məsələlərinə, ilk növbədə, doğma Azərbaycan üçün mühüm siyasi əhəmiyyət kəsb edən məsələlərə biganə qala bilmir. Qərb ölkələri və müxtəlif siyasi strukturları tərəfindən Azərbaycana münasibətdə yürüdülən ikili standartlar siyasəti barədə öz dəyərli düşüncələrini oxucularla bölüşür.

Fundamental bir politoloji araşdırma olan və “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı həmin yazıda müəllif çox dərin təhlillər apararaq, elmi dəlillərlə sübuta yetirilən düzgün nəticələrə gəlir. O, həqiqi və inkaredilməz faktlara əsaslanaraq, bütün yazı boyu qırmızı xətlə keçən bir fikri vurğulayır: müasir Azərbaycan prinsipial mövqeyi ilə seçilən güclü dövlətdir. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan ölkədir. Çətin və mürəkkəb geosiyasi şəraitdə öz maraqları naminə müstəqil xarici və daxili siyasət aparır. Özünün geosiyasi, geoiqtisadi və hərbi-strateji münasibətlərində milli təhlükəsizliyi, davamlı inkişafı və sarsılmaz sabitliyi əsas meyarlar hesab edərək, heç kimin, o cümlədən, superdövlətin belə diqtəsi, təzyiqi altında hansısa addımları atmır və atmayacaq.

Çox önəmlidir ki, əsərdə yalnız  mövcud vəziyyət təsvir edilmir. Keçən əsrin sonlarından başlayaraq hazırki dövrə qədər uzanan yeni dünya nizamının formalaşması və transformasiyası  prosesi təfərruatı ilə öyrənilir, bu prosesə dair maraqlı fikirlər söyləyən, müxtəlif proqnozlar verən dünyaca ən məşhur təhlilçilərin, siyasi ekspertlərin yanaşmaları və  konsepsiyaları müəllif süzgəcindən keçirilərək elmi-praktiki analizin predmetinə çevrilir. Ön söz əvəzi, üç böyük fəsil və yekun hissəsindən ibarət olan bu genişmiqyaslı yazının strukturu çox düşünülmüş  məntiqi ardıcıllığı ilə seçilir.

Əvvəlcə ikiqütblü sistemin dağılmasından sonrakı keçid dövrü çərşivəsində böyük dövlətlərin uzağı görməyən mövqe tutması nəticəsində yeni böhranın yaranması, beynəlxalq hüquqa riayət edilməsi sahəsində böyük bir boşluğun əmələ gəlməsi, beynəlxalq münasibətlər kompleksində dağıdıcı meyillərin güclənməsi məsələlərinə toxunan müəllif, haqlı olaraq belə bir qənaətə gəlir ki, birqütblü dünya şəraitində tarazlığın olmaması dövlətlərin bir-birindən ciddi ayrılması, yeni sərhədlər müəyyən edilməsi, dünyanın müxtəlif regionların da eksperimental ssenarilərin köməyi ilə qanuni seçilmiş hökumətlərin zorla devrilməsi prosesində güc tətbiq edilməsi presedentləri yaratdı. ABŞ və onun müttəfiqləri təhlükəli özbaşınalıq presedentləri yaradaraq beynəlxalq hüququn tələblərinə nümayişkaranə şəkildə məhəl qoymamağa başladılar. Akademik “keys-study”, tarixi, komporativ və digər elmi-tətqiqat metodlarından  parlaq şəkildə istifadə edərək göstərir ki, məhz bu zora və gücə  əsaslanan siyasət, digər dövlətlərin və bütöv regionların inkişafının mədəni, dini, tarixi determinantlarına  məhəl qoyulmaması qlobal miqyasda  Qərb və Şərq arasında eskalasiyanın artmasına gətirib çıxarır.

Eyni zamanda, postsovet məkanında yeni müstəqil dövlətlərə də eyni yanaşma özünü büruzə verir. Akademik Ramiz Mehdiyev, Azərbaycan daxil olmaqla,  həmin dövlətlərə mənfi münasibət sərgiləyən Avropa təşkilatlatları, o cümlədən Avropa İttifaqı (Aİ), ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi kontinental təşkilatların rolundan və spesifik fəaliyyətindən söz açır və qeyd edir ki, bu strukturlar suveren dövlətə siyasi təzyiq metodu kimi insan hüquqları məsələsindən istifadə edərək, onun daxili işlərinə müdaxilə edir və bu zaman ikili standartlar tətbiq olunur.

Əsərdə bugünkü dünya nizamının böhranında  və onun kiçik dövlətlərə təsirinin xüsusiyyətlərində Qərbin böyük dövlətlərinin rolu açıqlanır. Xüsusən, Qərb ölkələrində geniş istifadə olunan qeyri-konvensional (qeyri-ənənəvi) müharibə taktikası, “hibrid müharibə”–kibermüharibə strategiyası haqqında dolğun məlumatlar verilir, onların vasitəsilə dost olmayan ölkələrdə müharibələrin, terrorizmin, inqilabların, separatçılığın, etnik və dini kataklizmlərin baş qaldırması, sürətli alovlanması spesifikası izlənilir. Əfqanıstan, İraq, Suriya, Liviya hadisələrini və Ukrayna böhranını misal gətirərək, müəllif inamla təsdiqləyir ki, ABŞ və Avropa İttifaqı tərəfindən başqa dövlətlərin mənafelərinin nəzərə alınmaması onlara qarşı etinasızlıq, beynəlxalq hüququn norma və prinsiplərinə nümayişkaranə  şəkildə riayət edilməməsi, ikili standartlar siyasətinin hər yerdə geniş yayılması yaxın gələcəkdə Ukrayna böhranına oxşar yeni kəskin böhranlar əmələ gəlməsi üçün təhlükəli presedent yaradır.

“Zamanın imtahanından kəsilmiş Birləşmiş Avropa” adlanan birinci fəsildə iki dünya müharibəsindən sonrakı dövrdə  dünya quruluşunun spesifik cəhətləri, BMT-nin timsalında bu quruluşu və beynəlxalq münasibətləri tənzimləyən çox qüdrətli təşkilatlar, o cümlədən, ümumi maraqları vahid səbətdə yerləşdirilmiş üzv ölkələrin əməkdaşlıq forması olan Aİ-nın 1992-ci ildən, yəni Maastrixt sazişi bağlanandan sonra (təşkilat rəsmən Avropa İttifaqı adlanmağa başlanandan) bu günə kimi statusu, rolu və fəaliyyət xüsusiyyətləri araşdırılır və inandırıcı çoxsaylı faktlar əsasında sübut edilir ki, Avropa Birləşmiş Ştatları “böyük dövlət” əhəmiyyətini itirərək fraqmentlərə bölünmək təhlükəsi daşıyan zəif regional oyunçuya çevrilməkdədir.

Xüsusi vurğulanır ki, artmaqda olan islamofobiya Avropada multikulturalizmin böhranı, rəsmi Brüsselin xarici siyasətində ikili standartların xarakterik təzahürləri tolerantlıq, dözümlülük, əməkdaşlıq, din-yanaşı yaşamaq kimi təməl prinsiplərini sarsıdır. Mahiyyət etibarilə ərəb ölkələrində, həm də Ukraynada sosial qiyamları dəstəkləməsi, İraq-Şam İslam Dövləti (İŞİD) adlanan beynəlxalq terrorçu qruplaşmanın yaranmasına göz yumması Aİ-ni hazırda güclü qaçqın, miqrasiya axınına qərq edir.

Mühüm əhəmiyyətli sosial-siyasi problemləri həll etmək istəyinin olmaması, eyni zamanda, bütün sistemdaxili problemlər, bürokratik kulbitlər və taleyüklü siyasi qərarlar qəbul edilərkən müzakirələrin süni şəkildə uzadılması, sosial-iqtisadi böhran, səmərəli və ən başlıcası vahid siyasətin olmaması Aİ-nın imkanlarını məhdudlaşdırır. Avropa Komissiyasının keçmiş sədri Jak Delorun təbirincə desək, “qeyri-müəyyən siyasi obyekt”ə qədər tənəzzül edən bu ittifaqın artıq yaxşı bacardığı yeganə işi boş “qətnamələr” və “dərin narahatçılıq” barədə bəyanatlar hazırlamaqdır.

“Aİ-nın postsovet məkanında ikili standartlar siyasəti” adlı ikinci fəsildə müəllif Avropa İttifaqının hazırkı vəziyyətini hərtərəfli təhlil edir. Zəngin faktoloji materiala əsaslanaraq belə nəticəyə gəlir ki, “Avropa İttifaqı bu qurumun təməlini qoyanların  ilkin ideya və hədəflərindən çox uzaqlaşıb. Bu isə Aİ üzvü olmayan ölkələrlə əməkdaşlıq proqramlarına mənfi təsir göstərir və bundan əlavə, tərəfdaşlarla əməkdaşlığı səmərəli inkişaf etdirməyə imkan vermir. Çox hörmətli Ramiz müəllim deyilənləri sübut etmək üçün oxuculara Aİ-nın “Şərq tərəfdaşlıq” layihəsinin kədərli aqibəti, Avropa Parlamentinin antiazərbaycan siyasəti, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları məsələsinə yanaşmada  Qərbin siyasi dairələrinin ikili standartları barədə ətraflı məlumat verir. Belə ki, “Şərq tərəfdaşlıq” layihəsinin vasitəsilə Aİ-nın postsovet məkanında 2008-ci ildən bu günə kimi altı ölkə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) ilə xarici siyasəti həyata keçirməsi prosesi, 2015-ci ildə sonuncu Riqa sammitində qəbul edilmiş bəyannamə daxil olmaqla, təhlil edilir. Həmin layihə çərçivəsində Aİ-nın praktikasında ayrı-ayrı ölkələrə qeyri-sağlam  münasibət, ilk növbədə, Azərbaycana və Ermənistana fərqli yanaşmalar siyasəti ifşa olunur.

Avropa İttifaqının əsas orqanlarından biri olan Avropa Parlamentinin də qüsurlu fəaliyyəti izlənilir. Empirik materiallar cəlb olunaraq göstərilir ki, Avropa Parlamentinin məcburi xarakterli qətnamələr qəbul etmək səlahiyyəti olmadığından bu qurum çox vaxt özünün səlahiyyətlərinə heç bir aidiyyatı olmayan alternativ fəaliyyət forması axtarır. Nəticədə bu qurumdan “yumşaq qüvvə” vasitəsi kimi istifadə edildiyini göstərən müəyyən meyillər üzə çıxır. Azərbaycan barəsində silsilə dinləmələr, lazımsız müzakirələrin aparılması və çoxsaylı qərəzli qətnamələrin qəbul edilməsi müstəqil dövlətin siyasətinə təsir göstərməyə yönəlib.

Akademik Ramiz Mehdiyev Avropa Parlamentində Cənubi Qafqaz ölkələrinin problemləri adlandırılan məsələlərlə əlaqədar iclasların və müzakirələrin statistikasına nəzər salır və sadə riyazi hesablamalardan istifadə edərək dəqiqliyi ilə göstərir ki, Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycan barəsində dəfələrlə çox qətnamə qəbul edilib, debat, dinləmə, müzakirə, parlament sorğuları keçirilib. Bu isə ikili standartların daha bir nümunəsi və ölkəmizə qarşı son dərəcə qərəzli münasibətin təzahürüdür.

Lakin 2015-ci il 10 sentyabr tarixli qətnaməni müəllif, haqlı olaraq Avropa Parlamentinin qərəzli mövqeyinin apogeyi hesab edir. Məlum qətnamənin ayrı-ayrı müddəalarını təhlil edərək, belə qənaətə gəlinir ki, Avropa Parlamentini ayrıca götürülmüş bir ölkəyə dair fantom  müzakirələr və dinləmələr təşkil edən idarə kimi səciyyələndirmək olar. Aİ-nin qanunverici  orqanının  fəaliyyəti ilə bağlı bir sıra digər faktlar və sübutlar göstərilərək, tam əsasla vurğulanır ki, Avropa İttifaqı və onun strukturları  özlərinin fəaliyyətini əvvəlcədən bəyan edilmiş prinsiplərə uyğunlaşdırmalıdırlar. Əks-halda, imici onsuz da ciddi şəkildə korlanmış Avropa İttifaqı məsxərələrin və səfeh personajları olan məzəli siyasi lətifələrin obyektinə çevriləcək.

Təbii ki, Avropa strukturlarının Azərbaycana münasibəti məsələsi çərçivəsində hörmətli akademik Ermənistan–Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi və onun həlli yolları probleminə xüsusi diqqət yetirir.Tutarlı dəlillərlə ATƏT-in, 20 ildən artıq müddətdə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və münaqişənin həlli üçün ciddi addımlar atmayan ATƏT-in Minsk qrupunun və Avropa Parlamentinin riyakarlıq çirkabına batdıqlarını, müxtəlif dairələrin lobbiçi maraqlarına xidmət etdiklərini üzə çıxarır. Avropa strukturlarının insan haqları məsələsini hədsiz şişirdərək ondan böyük ustalıqla sərbəst interpretasiya metodu əsasında Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməsinə də münasibət bildirilir. Akademik Ramiz Mehdiyev apardığı dərin analitik təhlillərə istinad edərək, Avropa strukturları tərəfindən antiazərbaycan siyasətinin və təbliğatının sistemli şəkildə əlaqələndirilməsi nəticəsinə gəlir.

“Azərbaycanın ağıllı qüvvəsi məxsusi inkişaf yolu kimi” başlıqlı üçüncü fəsil xüsusi əhəmiyyətə malikdir. Müəllif burada ilk olaraq “ağıllı güc” anlayışını izah edir və bildirir ki, “sərt” və “yumşaq” qüvvə vasitələrinin tarazlaşdırılmış toplusu olan “ağıllı qüvvə” bizim üçün rəqabətə davamlı iqtisadiyyatın, informasiya texnologiyalarının inkişafını, təhsilin və səhiyyənin keyfiyyətinin artırılmasını və sair məsələləri də əhatə edir. Sonra “ağıllı qüvvə”nin bəzi tərkib hissələri  və onların fəaliyyəti yolunda yaranan təhdidlər nəzərdən keçirilir. Belə ki, məşhur nəzəriyyəçi Cin Şarpın hələ 1990-cı illərin əvvələrində “Diktaturadan demokratiyaya doğru” kitabında hakim qüvvəni devirmək üçün qeyri-zorakı protestin və “rəngli inqilabların” təşkil edilməsi metodundan indinin özündə də istifadə edilməsi cəhdləriylə rastlaşdığımızdan bəhs edilir. Konkret faktlar, məsələn, 2012-ci ildə Bakıda populyar “Eurovision” müsabiqəsinin təşkili ərəfəsində Amerikanın Demokratiya Uğrunda  Milli Fondu tərəfindən maliyyələşdirilən “Demokratiya üçün oxu”(Sing for democracy) kampaniyası, onun davamı kimi. 2014-cü ildə Birinci Avropa Oyunlarının hazırlıq mərhələsində start verilmiş “Demokratiya üçün idman” (Sport for democracy) qarayaxması, 2015-ci ildə Qərbin onlayn nəşrlər məkanında antiazərbaycan isterik kampaniyası zamanı daha çox canfəşanlıq edən “fəallar”, “ hüquq müdafiəçilıəri”, “blogerlər”in fəaliyyəti elmi təhlil müstəvisinə çıxarılır və belə düzgün nəticə alınır ki, konkret siyasi məqsədlər güdən bütün  Azərbaycana yönələn çoxsaylı kampaniyaların,  habelə sanksiyalaşdırılmamış proseslərin təşkilatçılarının planları fiaskoya məhkumdur.

Bu dəyərli tədqiqatın  müəllifi  energetika sahəsində də Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətləri və daha geniş—tarixi keçmişdə, orta əsrlərdən dövrümüzə qədər Azərbaycan- Qərb qarşılıqlı münasibətlərinin səciyyəvi xüsusiyyətlərini dolğun şəkildə ifadə etmiş və maraqlı dəlil- sübutlarla göstərmişdir ki, Avropanın qeyri-konstruktivliyi, riyakarlığı və anlaşılmaz davranış xətti heç də yeni deyil.

Digər sahələrdə olduğu kimi, hazırda enerji sahəsində, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Buna rəğmən Qərb tərəfindən sərgilənən tamamilə başqa bir münasibətlə üzləşirik. Akademik yaranmış anormal vəziyyətlə bağlı apardığı dərin analitik təhlillər əsasında  belə bir mühüm elmi və siyasi nəticəyə gəlir: “Bütün pöroblemlərin kökü ölkəmizə qarşı qərəzli münasibətdə, regional təhdidləri, Azərbaycanın milli maraqlarını və onu əhatə edən geosiyasi qüvvə vektorlarını anlamamaqdan irəli gəlir. Tamamilə mümkündür ki, bu cür münasibət yaranmasının bir səbəbi də ölkə vətəndaşlarının böyük əksəriyyətinin müsəlman olmasıdır... Avropa İttifaqının fəaliyyətində yol verilən çoxsaylı qüsurlar ikili standartlar siyasətinə yenidən nəzər salmaq üçün hələ də ibrət dərsi olmayıb. Bir sıra başqa dövlətlər kimi biz də getdikcə açıq-aydın görürük ki, bu korafəhim siyasət həm ikitərəfli əlaqələrə, həm də Avropa İttifaqının özünə zərər vurur”.

Əsassız tənqidlər barədə danışarkən, müəllif xüsusi  olaraq vurğulayır ki, bunların başlıca səbəbini müstəqil fəaliyyətimizi zəiflətmək, bizi özlərinin maraqlarına tabe etmək arzusu təşkil edir. Lakin bütün istiqamətlərdə sürətlə inkişaf edən ölkəmizi yolundan döndərmək, Azərbaycan xalqının, onun rəhbərliyinin iradəsinə və dözümünə təsir göstərmək mümkün deyil.

Müstəqil Azərbaycanda fəlsəfə və siyasi elmin rükilərindən biri, bəlkə də birincisi olan akademik Ramiz Mehdiyevin Avropa strukturlarının deqradasiyası, onların Azərbaycana münasibətdə ikili standartları mövzusunu təfərrüatıyla açıqlayan sanballı əsəri nəinki siyasətçilər və alimlər üçün, həm də bu məsələləri kifayət qədər yaxşı bilməyən, lakin bilmək istəyən geniş oxucu auditoriyası üçün son dərəcə maraqlı, gözəl informasiya mənbəyi və istiqamətverici imkanlara malik ziyalı və böyük alim fikrinin cövhərini üzvi şəkildə birləşdirən fundamental analitik araşdırmadır. Araşdırmanın ruhu, mahiyyəti və məzmunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa siyasətçilərinin qərəzli münasibəti və yaranmış beynəlxalq siyasi situasiya ilə bağlı aşağıdakı fikirlərinə köklənmişdir: “Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq. kağız parçasıdır, heç bir dəyəri yoxdur. Kimin gücü var o, müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik... Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu, nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət...”. Beləliklə, Azərbaycanın məhz güclü olması və müstəqil siyasət həyata keçirməsi  səbəbindən biz, qüdrətli qələm sahibi akademik Ramiz Mehdiyevin təbirincə desək, “Qərblə qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir”.

Hesab edirəm ki, bu sözlərlə tamamlanan və müasir Azərbaycan-Qərb münasibətlərinin bütöv mənzərəsini və kiçicik detallara qədər ən incə nüanslarını, eynilə, gələcək perspektivlərini işıqlandıran  fundamental araşdırma siyasi etika, davranış və ədalətdən çox uzaq olan ikili standartlar, demaqogiya və boşboğazlığı üstün tutan və “siyasət dərsləri” verməyə can atan Avropa strukturlarına ən tutarlı cavabdır.

Nigar ƏLƏKBƏROVA,
fəlsəfə elmləri doktoru,
professor, Rusiya Pedaqoji və
Sosial Elmlər Akademiyasının həqiqi üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında