Heydər Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi

Azərbaycan xalqının tərəqqisi, sosial-iqtisadi, elmi-mədəni inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, ölkə daxilində ictimai-siyasi sabitliyin yaradılması, demokratik təsisatların bərqərar edilməsi, gənc və müstəqil dövlətimizin beynəlxalq aləmdə layiqli yer tutması, onun regional mərkəzə çevrilməsi kimi digər yüzlərlə tarixi əhəmiyyətli proseslər  müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.

 Bundan başqa, ulu öndərimiz Azərbaycanda sənayeləşmənin regionlara yayılması, milli şüurun inkişafı, vətəndaşlara dövlətçilik ənənələrinin aşılanması, azərbaycançılığın ideoloji-siyasi konsepsiya halına gətirilməsi və milli birliyin başlıca təminatçısı qismində ictimai şüurda aparıcı mahiyyət kəsb edən əsas faktor səviyyəsinə qədər yüksəldilməsi və s. kimi yüzlərlə tarixi vəzifələri reallaşdırmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də həyata keçirilən tədbirlər bir tərəfdən ölkədə siyasi hərc-mərcliyin, anarxiyanın, vətəndaş qarşıdurmasının, sosial narazılıqların, mənəvi aşınmanın, ərazi işğalının qarşısını almaqla yanaşı, başqa bir tərəfdən dövlət institutlarının yaradılması, onların fəaliyyəti, mexanizmlərinin bərpa edilməsi, demokratik təsisatların formalaşdırılması, mədəni-humanitar dəyərlərin, mənəvi meyarların, milli özünüdərkin bərpası, eyni zamanda, maddi-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadi dirçəlişin təməlinin qoyulması ilə müşahidə edilmişdir. 

Dahi öndərin fəaliyyətində aqrar siyasət də özünəməxsus yer tutmuşdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında (1970-ci il)”, “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi haqqında (1975-ci il)”, “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında (1976-cı il)” kimi tarixi qərarlar qəbul olunmuş, respublika üçün mühüm əhəmiyyət kəsb edən Sərsəng, Madagiz, Araz, Arpaçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-Cibir magistral kanalları, Naxçıvan MR-də üç pilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyektlər tikilib istifadəyə verilmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş quruculuq işləri sayəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır.

Göründüyü kimi, ümummilli liderimizin aqrar sahəyə xüsusi diqqəti və köməyi nəticəsində ölkəmizdə kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. 1983-cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə yüksəlmişdir.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi inkişafının ən uğurlu nəticələri kənd təsərrüfatının ayrı-ayrı sahələrində, xüsusilə pambıqçılıqda öz əksini tapmışdır. Bu dövrdə kənd təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, bu sahədə istehsal 2,5 dəfə artmışdır. Bundan başqa, ittifaq miqyasında istehsal olunan pambıq ipliyinin 9,6 faizi, ipək xammalının 11,7 faizi məhz Azərbaycanın payına düşmüşdür.

Burada diqqəti bir məqama da yönəltmək istərdim. O illərdə aqrar sahədə uğurlar əldə edilməsinin bir səbəbi ulu öndərin tez-tez rayonlara getməsi, kəndlərdə görüşlər keçirməsi, insanların qayğıları ilə ciddi şəkildə maraqlanması, eyni zamanda, onların əməyinin yüksək şəkildə qiymətləndirilməsi idi. Bütün bunlar kənd adamlarının torpağa, zəhmətə bağlılığını daha da artırır, istehsal göstəricilərinin ildən-ilə yüksəlməsinə müsbət təsir göstərirdi. Faktlara diqqət yetirək. 1982-ci ildə 1969-cu ildəki 573,9 min tona qarşı 1211,3 min ton taxıl, 299,4 min tona qarşı 558,9 min ton pambıq 272 min tona qarşı 1815,6 min ton üzüm, 372 min tona qarşı 916,7 min ton tərəvəz, 24,5 min tona qarşı 57 min ton tütün, 52,2 min tona qarşı 345 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur.

1970-1982-ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsuldarlığından taxıl üzrə 1,9 dəfə, pambıq üzrə 1,8 dəfə, tütün üzrə 2 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvə üzrə 1,4 dəfə, üzüm üzrə 2 dəfə, çay yarpağı üzrə 2,3 dəfə çox olmuşdur.

Ulu öndərimiz ittifaq rəhbərliyində olan zamanlarda da aqrar sahəyə qayğısını əsirgəmirdi. Onun bilavasitə köməyi Baş Mil-Muğan kollektorunun, Vayxır su anbarının, Şəmkir maşın kanalının və onlarla digər obyektlərin tikintisi ilə bağlı məsələlərdə öz əksini tapmışdır.

1991-ci ildə sovet ittifaqı dağılandan və Azərbaycan müstəqillik əldə edəndən sonra ölkə qarşısında iqtisadiyyatın zamanın tələblərinə uyğun yenidən qurulması kimi həyati əhəmiyyətli problem dayanırdı. Sovet ittifaqında planlı təsərrüfat sisteminin dağılması digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana salmışdı. Respublikanı bu böhrandan çıxarmağın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını yeni iqtisadi əsaslarla bərpa etmək idi. Bunun da həyata keçirilməsi üçün, ilk növbədə, torpaq islahatları aparılmalıydı. Xatırladım ki, əsası məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində həyata keçirilməklə qoyulan torpaq islahatları o, respublika Prezidenti seçiləndən sonra bütün ölkəyə tətbiq edildi. Bu proses dünyada analoqu olmayan bir şəkildə, yəni torpaqların pulsuz olaraq əvəzsiz pay kimi vətandaşlara verilməsi ilə həyata keçirildi. 1995-ci ildən başlayaraq torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı mükəmməl hüquqi baza yaradıldı, 52-dən artıq fərman, sərəncam və digər hüquqi aktlar hazırlandı.

Onun təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza formalaşdırıldı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Torpaq Məcəlləsi” və digər hüquqi - normativ aktlar ölkədə torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanından sonra islahatların həyata keçirilməsi prosesi daha da sürətləndi.

Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daim marağına səbəb olmuş, bu sahədə Azərbaycanda yaradılan hüquqi baza dərindən öyrənilmiş, prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Həmin məqsədlə Ukrayna, Rusiya, Belarusiya, Qazaxıstan və digər dövlətlər Azərbaycan təcrübəsindən yararlanmaq qərarına gəlmişlər.

Aqrar islahat nəticəsində 2239 kolxoz, sovxoz və s. kənd təsərrüfatı müəssisəsi ləğv edilərək onların bazasında müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatlar yaradılmışdır. 2002-ci ilin sonuna ölkədə 1959 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 1022 kollektiv müəssisə, 363 kiçik müəssisə, 157 kənd təsərrüfatı istehsalı kooperativi və s. mövcud olmuşdur. Bunlardan başqa, kənd təsərrüfatına xidmət göstərən 25 aqroservis müəssisəsi fəaliyyət göstərmişdir.

Ümummilli liderimizin bilavasitə rəhbərliyi və iştirakı ilə torpağın özəlləşdirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi və nəhayət, torpaq islahatı haqqında qanunun qəbul olunması hadisəsinin özü bazar iqtisadiyyatına keçid istiqamətinə atılmış cəsarətli addım  və göstərdiyimiz kimi, MDB məkanında olan ölkələr üçün parlaq təcrübə nümunəsi idi. 

Torpağın özəlləşdirilməsi sayəsində 857,6 min ailə və yaxud onların 98,1 faizi öz torpaq paylarına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,6 hektar, cəmi isə 1375,5 min hektar torpaq sahəsi verilmişdir. Torpaq payı almış ailələrdən 2589-u kəndli (fermer) təsərrüfatı kimi rəsmi qeydiyyatdan keçmişdir.

Torpaq islahatlarının, habelə aqrar sektorda aparılmış digər köklü islahatların nəticəsidir ki, respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarında hər il dinamik artım müşahidə edilməkdədir. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalçısından ixracatçısına çevrilmişdir. 

Ölkəmizdə aqrar sahənin inkişafında daha böyük naliyyətlərin əldə edilməsi üçün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. Regionların inkişafının sürətləndirilməsi ilə bağlı ölkə başçısının imzaladığı mühüm fərmanlar aqrar sahənin inkişafına da böyük təkan vermiş, bu bölmədə çalışan insanlar üçün əlverişli şəraitin yaradılmasına səbəb olmuşdur.  Bu, Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində də özünü qabarıq büruzə verir. Xatırladım ki,  son illərdə qəbul edilmiş və uğurla həyata keçirilən iqtisadi proqramlar arasında ölkəmizin Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və Kənd Təsərrüfatı Nazirliyi   tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi yeri var. Bu layihənin reallaşdırılması böyük sayda kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşmasına səbəb olmuşdur. Başqa sözlə, bu, bölgələrdə  onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri, çəkilməsi və s. işlərin görülməsi deməkdir. Dəfələrlə Dünya Bankının Nəzarət Missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, nəticədə  Dünya Bankı və Azərbaycan hökuməti layihələrin yüksək keyfiyyətlə icra olunduğunu qeyd etmişlər.

Kənd İnvestisiya Layihəsinin hazırda ikinci mərhələsi həyata keçirilir. Bu mərhələ 2012-2018-ci illəri əhatə edir. Göstərilən müddət ərzində   650-yə qədər icma layihələri maliyyələşdiriləcəkdir ki, bunun da nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının artımı və məhsulun bazarlara çıxışı əhəmiyyətli dərəcədə artacaqdır. Bu layihədən təqribən 2 milyona yaxın kənd sakini faydalanacaqdır.

Əldə edilən uğurlar biavasitə Kənd Təsərrüfatı Nazirliyi  rəhbərliyinin layihələrin icrasına göstərdiyi diqqət və qayğının, eləcə də onlara keçirilən baxışların nəticəsində mümkün olmuşdur. Nazirliyin rəhbərliyinin təşəbbüsü və təkidi ilə həyata keçirilən  pilot layihələri  də  kəndlərin daha sürətli inkişafına və əhalinin maddi durumunun  yaxşılaşmasına səbəb olmuşdur.

Sadalanan faktlardan göründüyü kimi, hazırda respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni və ideoloji həyatının bütün istiqamətlərində olduğu kimi, aqrar sektorda da ulu öndərimiz Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilməkdədir. Bu ardıcıllıq və prinsipiallıq isə Azərbaycan Respublikasının dinamik inkişafının əsasıdır.

Sübhan ƏSGƏROV,
Azərbaycan Kənd İnvestisiya
Layihəsinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında