Bu fikir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirova məxsusdur.
“Bakının Nardaran qəsəbəsində baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edirəm. Bu terror hadisəsini xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilənlərin, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək, ölkəmizdə qarşıdurma, çaşqınlıq yaratmaq istəyənlərin xəbis niyyətidir, terror aktıdır”– Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov dedi ki, bu hadisənin törədilməsində aldadılmış bir qrup Nardaran sakini ilə yanaşı, yerli camaatın tanımadığı, özünü dindar adlandıran təxribatçıların da rolu böyükdür.
Taleh Bağırov və onun tərəfdarlarının yaratdıqları “Müsəlman birliyi” adlı qondarma təşkilat QMİ tərəfindən dini qurum kimi tanınmayıb və heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil. Azərbaycan ictimaiyyətini çaşdırmağa cəhd edən bu qurumun antimilli hərəkətləri ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olmuşdir.
Məlumdur ki, “Müsəlman birliyi” adlı qondarma qurumun təxribatları insan tələfatı ilə nəticələnmişdir. Xidməti vəzifələrini yerinə yetirərkən polis əməkdaşları qətlə yetirilmişdir.
Ölkəmizdə dini etiqad azadlığı mövcuddur. Bu da kimliyindən asılı olmayaraq hər bir kəsə istədiyi dinə etiqad etmək üçün azad şərait yaratmışdır. Azərbaycanda bütün dinlərin nümayəndələrinə bərabərhüquqlu şərait yaradılıb. Onlar da yaradılmış bu imkanın müqabilində dövlətçiliyimizə sadiqliyini nümayiş etdirir, dövlət başçımızın siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir və din pərdəsi altında törədilən təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini əsirgəmirlər. Əminik ki, belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində qurulmuş dövlətçiliyimizin və müstəqilliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz. Çünki Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün həmişə fəal rol oynayıb.
Azərbaycanın tolerant, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasına xüsusi önəm verən ölkə olması artıq beynəlxalq aləmdə də etiraf olunur. Rəsmi Bakının Beynəlxalq Humanitar forumların, Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Dini Liderlərinin Zirvə toplantısının keçirildiyi ünvana çevrilməsi də bunu təsdiqləyir. Bütün bunlardan sonra Nardaranda bir qrup terrorçunun din pərdəsi altında qarşıdurma yaratmaq cəhdi gülünc görünürdü. Artıq bu çirkin hadisənin xarici dairələr tərəfindən idarə olunduğu hər birimizə bəllidir. Terrorçu dəstə bütün imkanlardan istifadə edərək, dövlət tərəfindən həyata keçirilən sosial infrastuktur layihələrinə kölgə salmağa çalışsalar da, onların bütün cəhdləri iflasa uğradı. Çünki əhalisnin 95 faizdən çoxunu müsəlmanların təşkil etdiyi Azərbaycan dünyəvi və hüquqi bir dövlətdir. Bununla belə, ölkəmizdə İslam dininə verilən dəyər yüksəkdir. Belə bir məqamda Nardaranda kimlərinsə müxtəlif ölkələrin bayraqlarını dalğalandırmağa və qanunlarımıza zidd şüarlar səsləndirməyə haqqı yoxdur.
Nardaranın dövlət əleyhinə iğtişaş və təxribatların başladığı nöqtə kimi çıxış etməsini heç cür dini həssaslıq və ya sosial məsələlərlə əlaqələndirmək mümkün deyil. Hadisələrin gedişi də təsdiqləyir ki, bu qəsəbənin bir sıra sakinləri sanki hansısa xarici dairələrin sifarişini gözləyir və bu sifarişi canla-başla yerinə yetirirlər.
Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması hər bir soydaşımıza bəllidir. Biz uzun illərdir ki, işğal altında olan torpaqlarımızın azadlığı və ata-baba yurdlarından didərgin düşənlərin isti ocaqlarına qaytarılması uğrunda mübarizə aparırıq. Bu yolda şəhidlər veririk. Təəssüflər olsun ki, Nardaranda kimlərinsə yalan vədlərinə aldananlar qardaşın-qardaşla üz-üzə gəlməsindən, silahlı qarşıdurmadan və polis əməkdaşlarının qətlə yetirilməsindən belə çəkinməmişlər. Əslində, bu terror hadisəsidir və buna heç cür haqq qazandırmaq mümkün deyil.
Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazımi nəticə çıxararaq, öz məkrli niyyətlərinə son qoymalıdır. Nardaranda mövcud olan ab-hava, insanların davranışları, dövlət nümayəndələrinə münasibətləri və digər qanunazidd hərəkətləri milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə ziddir.
Mən hüquq-mühafizə əməkdaşlarının Nardaranda apardığı xüsusi əməliyyatı yüksək dəyərləndirirəm. Bu əməliyyat gec-tez olmalı idi. Nəhayət, Azərbaycan qanunvericiliyinə uyğun olaraq Nardaranda kök salmış terrorçulara və onların tərəfdarlarına qarşı ciddi tədbir görülməli idi. Bu kənd terror dəstəsinin hegemonluğundan, Azərbaycan xalqına, hüquqi dövlət prinsiplərinə xas olmayan, milli-mənəvi dəyərlərimizə zidd hallardan xilas olmalıdır.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.